Mənalı ömrün səhifələri
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
***
Xudu müəllimi sevindirən hadisələrdən biri şair Zəlimxan Yaqubla bağlıdır. Belə ki, şair Xudu müəllimin təklifi əsasında yazdığı "Saz" poemasını yazıb qurtarandan sonra onun oxunuşunu filosof Camal Mustafayevin evində təşkil edirlər. Zeynal Məmmədov kimi bir çox poeziya həvəskarlarının iştirakı ilə də tədbir yüksək səviyyədə gedir. Təbii ki, poema bəyənilir. Hamı təbriklər söyləyir. Bu zaman Xudu müəllim ayağa durur, şairin alnından öpərək deyir: "Mən səni yox, özümü təbrik edirəm ki, bu tarixi hadisədə mənim də payım var!"
***
Bir gün iş yerində - laboratoriyada məruzəçinin çıxışından narazı qaldığı və əhvalının xoş olmadığı məqamda iki nəfər nəmalum şəxs içəri girib Xudu müəllimə yaxınlaşır:
-Xudu müəllim, biz Az.TV-nin müxbirləriyik, sizin loboratoriya haqqında efirə oçerk vermək istəyirik.
Əhvalsız olsa da, Xudu müəllim gülümsəyib cavab verir:
-Bilirsiniz, bizim laboratoriyada oçerklik mövzu yoxdur. Amma faciə mövzusunda nə qədər istəsəniz,
mövzu var...
***
Ötən əsrin 60-70-ci illərində
olmuş bir hadisəni kənd ziyalılarından biri xatırlayaraq deyir ki, yay vaxtı
Xudu müəllim Dəlidağda dostlarından
birinin qonağı olur. Səmimi qonaqlıq məclisi
qurulur. Hər şey öz
yerində. Şirin söhbətlər,
demək-gülmək də
öz yerində.
Kefi yuxarı olan ev sahibi də kiçik oğlunu hərdən zarafatla "qoduq balası-qoduq!" - deyə əzizləyir.
Atası tərəfindən
uşağa olan bu müraciətdən xoşlanmayan Xudu müəllim bu sözü təkrar eşidəndə ev sahibinə deyir:
- Amma özünü yaman balacalaşdırırsan
ha...
***
Vətənsevərlikləri ilə, düşmənə
münasibətləri ilə
nümunə olan Xudu müəllim və Bəxtiyar Vahabzadə ermənilərin
Qarabağa olan iddialarından danışdıqları
vaxt şair əsəbi halda onların ünvanına sərt ifadələr işlədir. Bu zaman
Xudu müəllim deyir ki, Bəxtiyar,
onlara söymə, heç olmasa, onlar bizi öz
adımızla-"türk",
- deyə çağırırlar.
***
1988-ci ilin əvvəllərində
Xalq Hərəkatının
öncüllərindən Əbülfəz
Elçibəy və
Tofiq Qasımov tez-tez məsləhətlər
almaq üçün
Xudu müəllimin iş yerinə gələrmişlər. Belə vaxtların
birində Xudu müəllim onlara deyir ki, bax,
indi siz marksizim-leninizm ideyasını
aradan götürürsünüz,
bəs bunun yerinə qoymağa nə isə bir ideyanız var? Onlar "yox!" deməmiş Xudu müəllimin özü bildirir ki, tələsmək lazım deyil, olanın yerinə qoymağa bir şey yaradıb, sonra onu atmaq
lazımdır!
Qeyd: Sonralar sabiq prezident Ə.Elçibəy
60-cı illərdəki tələbə
hərəkatından tutmuş
son görüşlərinədək olanları xatırlayaraq Xudu müəllimi sevgi dolu fikirlərlə
xatırlayırdı. Onun
siyasi baxışlarını
örnək kimi qiymətləndirirdi...
***
Bir gün Xudu müəllim
"QAZ-69" markalı maşını
ilə gedərkən
yol müfəttişi
maşını saxlatdırır. Sənədləri soruşur. Şəxsiyyəti
təsdiq edən sənədin unudulub evdə qaldığını
bildirəndə müfəttiş
deyir ki, şəxsiyyəti təsdiq
edən sənəd olmadan yola çıxmaq
qorxuludur...
Müfəttiş sözünü bitirəndə
Xudu müəllim deyir:
-Vallah qəribədir. Şəxsiyyətin olmaması qorxulu
deyil, şəxsiyyəti
təsdiq edən sənədin olmaması qorxuludur.
***
Xudu müəllimin bulaq başında özünü
həddindən artıq
xoşhal hiss etdiyini bilən Kəlbəcərdən
olan tələbələrinin
biri onu çox çətinliklə
sıldırım qayanın
arasından axan bir bulağın üstünə aparıb
çıxarır. Yaxın
kəndlərin əhalisinin
"Daşdan çıxan
bulaq" adlandırdıqları
bulağı görəndə
fərəh hissi ilə Xudu müəllim
deyir:
-Bilirsənmi, bulaq təkcə su içmək üçün
deyil, həm də bulaqüstü bir ziyarətdir.
***
Valeh Baxşəli (texnika elmləri doktoru, professor) deyir ki, 70-ci illərdə bir dəfə kəndimizdən
yetişən müxtəlif
sənət-peşə mütəxəssislərindən
söhbət getdiyi zaman Xudu müəllim
dedi ki, Mərzilidə milisdən
(polisdən) başqa bütün ixtisaslar üzrə mütəxəssislər
vardır. Burada milisə ehtiyac
yoxdur, çünki tərəkəmə camaatına
bir ağsaqqalın sözü və rəhbərliyi kifayətdir.
***
1988-ci ilin isti günlərinin birində
Xudu Məmmədov, şair Xəlil Rza Ulutürk və türkoloq Firudin Cəlilov "Bulvar"da çay içə-içə o zamankı
hadisələrdən söhbət
edirmişlər. Birdən Xudu müəllim üzünü şairə
tutaraq deyir:
-Xəlil, gün gələcək bu erməniləri qovacaqsınız.
Onda onlardan 3-4 nəfərini Bakıda saxlayın!
Xudu müəllimin sözünə
təəccüblənən şair soruşur:
-Niyə, ustad? Bu nə deməkdir?
Niyə onlardan damazlıq saxlamalıyıq ki?
-Yox, e, onlar bizim
adımızı düz
deyirlər. Onlar bizə türk deyəndə ürəyimə
yağ kimi
yayılır...
Qeyd: Xudu müəllim erməni xislətinə dərindən bələd
idi. Ermənilər Xudu müəllimin
adını "Erməni
xalqının düşmənləri"
siyahısına salmışdılar.
Bu barədə 2013-cü ildə
"Təzadlar" qəzetində
çap olunmuş bir məqalədə oxuyuruq:
...Rusiya EA-nın həqiqi üzvü, görkəmli kimyaçı
alim, akademik Yuri Timofeyeviç Struçkova
həsr olunmuş və 2005-ci ildə Moskvada nəşr edilmiş "Çelovek,
kotorıy ne umel bitğ ravnoduşnım"
("Biganə qala bilməyi bacarmayan insan") kitabında görkəmli Azərbaycan
alimi Xudu Məmmədovun haqqında
indiyədək bilmədiyimiz
sensasiyalı faktlar
var. Kitab Rusiya EA-nın sifarişi əsasında çap olunub... Budur, Y.Struçkovun həyat yoldaşı, xanım İ.S.Axrem ərinin yazıb çap etdirə bilmədiyi, indi özünün redaktorluğu ilə nəşr olunmuş kitabın 464-cü səhifəsində
həyat yoldaşından
bəhs edən xatirəsində yazır:
"Yuranın Azərbaycanda
çoxlu dostları və alim yoldaşları
var idi. O, Xudu Surxay oğlu
Məmmədova xüsusi
rəğbət bəsləyirdi.
Bu bəstəboy insan
öz xalqını və ölkəsini dəlicəsinə sevirdi...
Onun yanına hər cür insanlar gələrdilər, kömək almağa, məsləhətləşməyə. Yeri gəlmişkən, Xudunun adı da rus dilinə tərcümədə "əl tutan, xeyirxah" mənasını ifadə edir". Nəhayət, kitabın 466-cı səhifəsində oxuyuruq: "...SSRİ məkanında və Qafqaz ölkələrində faciələr yaranırdı... Dəhşətli hadisələr bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı "Erməni xalqının düşmənləri" siyahısına salınmışdı. Lakin ermənilər heç cürə onu öldürməyə macal tapa bilmədilər. Çünki Xudu Məmmədov 1988-ci ildə qəflətən infarktdan dünyasını dəyişdi..."
***
Yay aylarında Dəlidağda olan hər kəs Xudu müəllimin yolunu həsrətlə gözləyərdi. Bilirdilər ki, Xudu müəllim yaylaqların daimi qonaqlarındandır. Gəlişinin birində çəmənlikdə oturub söhbət etdikləri vaxt çobanlardan biri Xudu müəllimin gəlişinə sevincini ifadə etmək üçün deyir ki, Xudu müəllim lap yaxşı vaxtında gəlmisiniz. Quzeylərin də qarı çəkilməkdədir. Görün, hər tərəfi bürüyən rəngarəng çiçəklər adamın gözünə necə gözəl görünür...
Xudu müəllim ürəkdən gələn bu müraciətə cavabında deyir:
-Bilirsiniz, içimizdə məhəbbət, sevgi olanda gözlərimiz gözəllik görə bilir.
***
İclaslardan, iclaslardakı elmə dəxli olmayan ideoloji xarakter daşıyan çıxışlardan Xudu müəllimin xoşu gəlməzdi. Bir dəfə Akademiyada belə yığıncaqların biri keçirilirmiş. Rəyasət heyətinin üzvləri səhnənin arxasında əyləşib, zalın dolmasını gözləyir. Rəyasət heyətinin üzvü olan Xudu müəllim zalın içərisindən keçərək həmin otağa daxil olur. Bu zaman alimlərdən biri soruşur ki, Xudu müəllim, zalda adam çoxdursa, gedək başlayaq.
Xudu müəllim də adəti üzrə sakit və aramla cavab verir:
-Vallah, baş hesabı ilə soruşursunuzsa, zal demək olar ki, dolub. Adam hesabı soruşursunuzsa, on-on beş nəfər olar.
Yusif Millətoğlu
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 26 iyul.-
S.3.