"Bu ömür
əriyən şamdı..."
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Şair Qəzənfər Bəxtiyarın yeni
çapdan
çıxmış "Bu ömür əriyən şamdı..." adlı
ilk kitabı
ilə
tanışlıq məndə bu qənaəti doğurdu ki, hər bir
şairin,
yazıçının xidməti cəmiyyətin inkişafına dəstək olmalıdır. Əsl yazarın missiyası yaratmaq, yaratdığını yaşatmaqla yaşamaq və bir əməl
ortaya qoymaqdır.
Bəri başdan deyim ki, kitabdakı şeirlərin böyük
bir qismi istedadın və zəhmətin bəhrəsidir. Müdriklərdən biri deyir ki,
istedad neftə hopdurulmuş quru taxta parçası kimidir. Neftə hopdurulmuş taxta parçasına od
vurmasan yanmadığı
kimi, istedad da zəhmət çəkməsən heç
bir bəhrə verə bilməz.
İnsanın gözəlliyi, daxili aləminin zənginliyi onu şeirlərində dolğunluğu ilə öz əksini tapmışdır. İnsanda yüksək əxlaqı-keyfiyyəti
təlqin edən və öz tərbiyəvi əhəmiyyətini
qoruyub-saxlayan bu şeirlər çağdaş
ədəbiyyatımızın ən gözəl nümunələri kimi diqqəti cəlb edir.
"Yaşadıqca nələr
çəkdim, İlahi!"
şerindən aydın
olur ki, şairin həyat yolu o qədər də hamar olmayıb. Onun şerlərini
oxuduqca bir daha əmin olduq ki, Q.Bəxtiyarın
həyatı gərginliklərdən,
çətinliklərdən, maneələrdən keçib.
Çiynimdə yük, tək olmuşam yedəkdə,
Əzablarım çat olubdu ürəkdə,
Nə qalmadı
daşımağa kürəkdə?
Yaşadıqca nələr çəkdim,
İlahi!
Bəzən onun haqlı çıxışlarına dodaq
büzənlər də
olub, obyektiv fikirlərinə laqeyd yanaşanlar da olub. Lakin heç bir
maneə onu öz yolundan sarpdıra, öz istəyindən döndərə,
arzularından çəkindirə
bilməyib.
Onun qəlbində insanlara, cəmiyyətə, xalqına
qarşı sonsuz sevgi var. Elə onun qələmindən bəşəriyyətə yön
alan könüloxşayan
misraları da bu sevgidən, bu istəkdən bəhrələnir. Ruhumuza sığal
çəkən bu misralar bu gün
vulkan kimi püskürən, dəniz
kimi qabaran dünyanı barışa,
dostluğa səsləyir.
Duyasan həyatın özəlliyini,
Nələri itirib, tapıb nəyini
Yaşamaq eşqinin gözəlliyini,
Duyanla oturub-durmağa
dəyər.
Kökünə, geninə, qan yaddaşına bağlı
olan, millətini, dövlətini varlığı
qədər sevən bir şairin geriyə baxanda qürur hissi keçirməyə haqqı
var. Bunu bizə söz-sənət adamının
bəşəriyyətin inkişafı
üçün köklənən
ürəyindən qopub
gələn hər bir sözü, insanların ruhuna sığal çəkən
misraları söyləməyə
əsas verir. Daim yeniliyə can atan, yaradıcılığında
heç kimə bənzəməməyə üstünlük
verən müəllif
yazır:
Mən köhnə söz danışmıram,
Nə desəm,
təzə deyirəm.
Arxa-filan
mənlik deyil,
Deyəndə üzə deyirəm.
Ürəyimə nələr damdı,
Bu ömür əriyən şamdı...
"Bu dünya dolu adamdı",
Sözümü saza deyirəm.
İndiki zamanda sözü üzə demək hünər işidi, vallah. Hər adam üzə söz deyə bilmir. O adam
sözü üzə
deyə bilir ki, o, cəmiyyət arasında şax gəzməyi, şux yeriməyi bacarır, yəni heç kimin yanında gözükölgəli deyil.
Özünü tanıyan, şərəfini,
ləyaqətini qoruyub-saxlayan,
kişiyana hərəkətlərdən,
mərdanəlikdən söz
düşəndə kəkələməyən
insanlar sözü üzə deyə bilər. Bu mənada Qəzənfər Bəxtiyarın
urvatlı sözləri,
bişmiş boğazdan
çıxan kəlmələri
onun daxili aləminin necəliyindən
xəbər verir.
Müasir oxucunu adi sözlə
ovutmaq, əgər belə demək mümkünsə, birtəhər
yola vermək mümkün deyil. Bunun üçün gərək
Yana-yana yaşayasan.
Sinən üstə köz qoyasan.
Dalaşanda bir kimsəylə,
Barışmağa üz qoyasan.
Sözə məsuliyyətlə yanaşan
şair, sözü sanki sözdən qoruyur. Elə buna görə də ürəkdən gələn
söz ürəklərə
hopur, ürəklə
görülən iş
hamının xoşuna
gəlir.
Onu da deyək ki, Q.Bəxtiyar şeir yazmağın, şair olmağın nə demək olduğunu yaxşı bilir. Bu peşənin
ağır, çətin,
həm də məsuliyyətli olduğunu
dərk edərək
"Mən şeir yazıram indi" şeirində şair həyatını, şair
ömrünü belə
xarakterizə edir:
İndən belə nə yuxu yat,
Od qucaqla, ocağı çat.
Əcəb yaşayırdım rahat,
Mən şeir
yazıram indi.
Sözünün məsuliyyətini hiss edən və bu məsuliyyətli sözlərin arxasında
duraran insanlar cəmiyyətə məxsusdur.
Söz-sənət adamının
bəşəriyyətin inkişafı
üçün köklənən
ürəyindən qopub
gələn hər bir söz, səs
ətrafdakıların ruhuna
sığal çəkirsə,
deməli, yaşamağa
dəyər:
Nə qaldı ki, "döz"dən başqa,
Nə qaldı
ki, "az"dan başqa.
Nəyim
var ki, sözdən
başqa,
Məni SÖZdən xəbər alın.
Qəzənfər Bəxtiyar bütün canıyla, qanıyla doğma yurduna, elinə-obasına, ana vətəninə, bütövlükdə
sevimli xalqına bağlı bir şairdir. Ürəyində Azərbaycanımızın kiçik bir portretini gəzdirən şair ömrünü xalqına, yurduna, vətəninə xidmət
etməklə keçirib.
Qəzənfər Bəxtiyar üçün
Vətən yalnız
sərhəd dirəkləri
ilə əhatələnən
adi torpaq parçası deyil.
Vətən onun üçün
əcdadımızın, ulularımızın
bizə əmanət qoyub getdiyi müqəddəs
bir məkandır.
Biz bu məkanı
canımızla-qanımızla qoruyub saxlamalıyıq.
Şairin fikrincə "biz ona görə Vətənə Ana deyirik
ki, Anamızın da anası Vətəndir".
Bəs şair kimlərə Vətəni ana hesab eləmir?
Qəzənfər alışıb yana bilməyib,
Ürək var, borcunu ana bilməyib,
Kim ki, Vətənini Ana bilməyib,
Vətəni o kəsə Ana bilmirəm.
Qəzənfər müəllimin yüksək
məna ifadə edən "Sındırmayın
ata, ana qəlbini" şeri məna tutumu, məzmun dərinliyi və lakonikliyi ilə fərqlənir.
Qəzənfərin bu sözünü haqq sanın,
Bu ömürdən nə gəlirsə bəxt sanın,
Ata, ana olan yeri taxt sanın.
Sındırmayın ata, ana qəlbini.
Tərbiyəvi əhəmiyyəti ilə
seçilən bu cür misralar şairin şerlərinin yayılma əhatəsini genişləndirməyə imkan
verir.
Qəzənfər müəllimin şerlərində
elə misralar var ki, bu
nümunələrdə həyat,
insan, dünya və s. haqqında yüksək düşüncələr
sənətkarlıqla ifadə
olunur. Onun "Tanrı yazıb
bu baxtı..." şerində insan və cəmiyyət münasibətləri, insan
ləyaqətinin ucalığı,
mənəvi saflığı
ön plana çəkilir. Şairin fikrincə
insan yuxarıya baxıb fikir edənlərlə deyil, aşağıya baxıb
şükür edənlərlə
həmrəy olmalıdır.
O, bəxtdən-taledən gileylənməyi,
"İlin-günü bu
vaxtında" bəxtdən
küsməyi mənasız
hesab edir. "Mən bəxtdən
niyə küsüm, Tanrı verənə şükür"-deyir.
Müəllifin şerlərində elə
misralar var ki, onlardan nəsihət
kimi də istifadə etmək mümkündür:
...Sirrin verər yaxın sənə,
Bir daş altdan, bir daş
üstən.
Yaxud:
...Keçdi xəyalımdan ötən illərim,
Daha çatmaz o çağlara bir əvəz.
Təqdirəlayiq haldır ki, Qəzənfər Bəxtiyar həm də bayatı yazır. Bayatının əzəməti onun boyunun kiçikliyi ilə, misralarının azlığı ilə ölçülmür, onu dəyərləndirən məna yükü, məzmun siqlətidir
Bu bir danılmaz həqiqətdir ki, təbiət də, onun qoynunda xaniman quran cəmiyyət də, eləcə də cəmiyyətdə insanların fəaliyyət növlərindən olan ədəbiyyat da, incəsənət də yalnız qanunların sayəsində yaşayır. Bu bir qanun kimi qəbul olunub ki, Azərbaycan şifahi xalq ədəbiyyatının əsas qollarından biri olan bayatı növü 7 hecalı, 4 misralı bitkin bir şerdir. Ədəbiyyat nə qədər inkişaf edir etsin, nə qədər yüksəkdə dayanır dayansın, fərq etməz, bu qanun- bayatının 7 hecalı və 4 misralı olması qanunu ədəbiyyatdan da yüksəkdə dayanır. Bu qanunu innən belə dəyişdirmək, ona ştirixlər əlavə etmək mümkün deyil.
Bayatı sadəliyinə, səlisliyinə, axıcılığına və rəvanlığına görə xalq ruhuna ən yaxın yaradıcılıq formasıdır. Bayatı qılınc qınından sıyrılıb çıxan kimi xalqın içindən pərvazlanır. Bu üslubda şer qoşmaq böyük ustalıq tələb edir. Çünki hər şair duyğularını dörd misralı, yeddi hecalı "dar bir qəlibə" sığıdıra bilmir. Bəlkə də şairlərimizin bu janrdan gen qaçmasının da səbəbi budur.
Sevindirici haldır ki, bu gün də xalq ədəbiyyatının ən qədim növlərindən olan bayatı yaradıcılığı öz aktuallığını qoruyub saxlayır. Arzu və istəklərini bayatı üstə kökləyən Qəzənfər Bəxtiyarın dördlükləri təbiidir və təbii olduğu qədər də oxunaqlıdır, həyatidir.
Müəllifin aşiqanə bayatılarının birində sevən qəlbin ürək döyüntülərini belə ifadə edir:
Əzizim yarı canım,
Ömrümün varı canım.
Sən çıxıb gedən gündən,
Qalıbdı yarı canım.
Bir qəzet yazısında bu cür kitabların məziyyətlərindən əhatəli şəkildə danışmaq imkan xaricindədir. Bunu həssas oxucularımızın ixtiyarına buraxırıq. Müəllifə isə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Faiq ŞÜKÜRBƏYLİ,
AYB və AJB-nin üzvü,
"Qızıl
qələm" media
mükafatçısı
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 27 iyul.-
S.3.