GÖRÜNƏN
SƏSİN İŞIĞI
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Onu lap
çoxdan tanıyıram. Təqribən 47-48 il
olar. Ona görə təqribən deyirəm ki,
hələ orta məktəbin son siniflərində oxuyanda onun
adını eşitmişdim. Hətta
toyların birində adını eşitdiyim bu oğlanı mənə
göstərmişdilər də. Orta
boylu, çox tutumlu və rahat səsi olan bu oğlan özlərinə
yaxın olan bir ailənin toy məclisində qohumların
xahişi ilə necə deyərlər, bir ağız oxudu.
Hamı onu dinlədi və hamı da bir daxili
sevgi ilə onu alqışladı. Təbii
ki, mən də əl çaldım. Amma
düzünü deyim ki, içimdə qəribə bir hiss var
idi. Mənə elə gəlirdi ki, dinlədiyim
səs elə bu mağarda, bu ailənin içərisində
donub qalacaq. Çünki böyüklərdən
eşitmişdim ki, yaşın müəyyən
dövründə səs itə bilir. Bax,
bu mənada həmin cavan oğlanın mənim
düşüncəmə görə səsinin keçid
dövrü idi. Amma...
Bəli, illər keçdi, mən o səsi daha tez-tez
dinləməyə başladım. Özü də təkcə
toylarda yox, həm də mötəbər məclislərdə,
konsert salonlarında, efirdə, ekranda. Hər
dəfə də özüm öz içimdə onun barəsində
ilk dəfə ağlıma gələn fikrə görə
özümü qınamışam, yanıldığım
üçün üzülmüşəm, amma həm də
sevinmişəm. Çünki o səs
püxtələşə-püxtələşə,
köklənə-köklənə daha da təravətlənib
və hamımızın, bütün Azərbaycanın sərvətinə
çevirilibdi. Bu səsin sahibi bu gün
çox dəyərli bir xanəndədi. Özü
də adı ilə, səsi ilə tanınan bir xanəndə.
Bugünlərdə telefonuma bir zəng gəldi.
Dostlardan biri idi. Daha
doğrusu, musiqinin, özü də diri, oturuşmuş
musiqinin dəlisi olan Ənvər idi zəng vuran. Dedi ki,
sənə təzə disk tapmışam. Görüşək,
sən də bir dinlə. Təbii ki, bu,
Ənvərin ilk təşəbbüsü deyildi. O hər
dəfə mənə bir-birindən maraqlı səslər təqdim
edir, məni heyrətləndirir. Bu dəfə də
belə oldu. Görüşdük,
çay süfrəsi arxasında ordan-burdan
danışdıq. Sonra dedi ki, indi əyləş
maşına, sənə bağışlamaq istədiyim diskə
qulaq as, gör nələr var bu dünyada.
Bir uşaq sadəlöhvlüyü ilə maşına
əyləşdim və o, düyməni basdı. Həzin bir
musiqi maşının salonunu bürüdü. Musiqi yavaş-yavaş məni özünə
çəkirdi. Çalğı o qədər
bitkin, o qədər cilalı idi ki, elə bil doğulduğum
kənddə dağ çayının səsinə qulaq
asırdım və bu səs məni özümdən almaqla
yanaşı, həm də nəyə isə
hazırlayırdı. Amma etiraf edim ki,
kimin oxuyacağını və nə oxuyacağını,
necə oxuyacağını bilmirdim. Sadəcə
musiqiyə qulaq asırdım. Bəli, ilk
söz, ilk səs bir həzin meh kimi gəlib yanımdan
keçdi. Ardınca son dərəcə doğma və
son dərəcə də ruhu ayağa qaldıran, adamın
bütün diqqətini bir yerə toparlayan və həm də
"sən mənim auramdasan!" deyən bir səs... Mən bu səsi ilk dəfə dinlədiyim məqamı
yadıma saldım. Təsəvvürünüzə
gətirin ki, 48 illik məsafədə bu səs öz
şirinliyini, öz təravətini heç itirməmiş,
üstünə şeh də düşməsinə imkan verməmişdi.
Səs o qədər canlı idi, o qədər
tembr baxımından şəffaf idi ki, onu hətta
görürdüm. Elə bil gözümün
qabağında dayanmışdı və o səs
özü-özünü təqdim edirdi....
Burda bir etiraf edim. Mən adətən uzaq yola
çıxanda özümlə xalq musiqisindən ibarət,
xüsusilə muğamlarımızdan ibarət olan disklər
götürürəm. O disklərin arasında Dədə
Süleyman da var, İslam Rzayev də, Arif Babayev də, Yaqub Məmmədov
da, Mənsum İbrahimov da, bal səsin sahibi Cabir Abdullayev də...
Və bir də onun diski var. Yenə bir etiraf edim
ki, o diski də mənə Ənvər
bağışlayıb. Özü də 10 il bundan öncə mənə 50 yaşıma
hədiyyə edibdi. Hər dəfə mən
onu dinləyəndə kəndimə qayıdıram,
uşaqlığıma dönürəm, gəncliyimi yenidən
yaşayıram. Bu səsin sahibi Təşkilat Nəsirovdu!
Füzulidə
doğulub... Füzulidə boya-başa çatıb...
Füzulidə musiqinin sehrli dünyasına qədəm
qoyub... Yəni elə böyük dünyaya da məhz
doğulduğu torpağın təqdimatıyla addım
atıb, gəzib, oxuyub. Təkcə
Füzulini yox, həm də Azərbaycanı təqdim edib.
Dünyanın bir çox ölkəsinin
salonlarında Azərbaycan bayrağı altında ifa etdiyi
segah və təsniflər bu səsin sahibini hamıya sevdirib.
Üstəlik bu səs sahibinin sadəliyi, təvazökarlığı
və bir də musiqiyə məsuliyyətlə yanaşması
heç kimin diqqətindən yayınmayıb. Hamı görüb ki, böyük sənətkarlardan
öyrənməyi özünə şərəf sayan və
öyrəndiyini də özünün, səsinin
işığında cilalayan Təşkilat Nəsirov
papağı günə yandırmır. Sözün
bütün mənalarında əlindəki qavalın da,
mikrafonun da məsuliyyətini çox gözəl bilir. Deməli, o, musiqiçilərin dediyi kimi, xaltura
etmir. Əksinə, o "xaltura" edənlərə
musiqi dərsi keçir. Onlara bildirir ki,
laylası musiqi olan bu xalqa nəyisə sırımaq
mümkün deyil. Bu xalq hamını dinləyir,
amma özünün ruhuna, canına, qanına doğma
olanları sevir. Həmin o sevilənlərdən
biri də məhz Təşkilat Nəsirovdu. Elə bu yerdəcə ötən ayın
sonlarında 60 yaşını arxada qoyan Təşkilat Nəsirovun
şərəfinə keçirilən tədbirdə Dədə
Süleymanın dediyi bir fikri xatırlatmaq istəyirəm.
Çünki Azərbaycanın canlı klassik sənətkarı
olan Dədə Süleyman qısaca, iki-üç cümlədən
ibarət bir nitq söylədi və dedi:
- Sağ
ol, Təşkilat! Səsinə görə sağ ol! O səsi
qoruduğuna görə sağ ol! Sən
Allahın verdiyi, hamımızın da bəh-bəhlə dinlədiyimiz
səsi qorumağı bacardın, bu gün də qoruyursan.
Allah özünü də qorusun, səsini də!
Doğrudan da hər adamın, xüsusilə
musiqiçilərin böyük qisminin Allahın verdiyi
istedadı qorumağa çox vaxt gücləri, dözümləri
çatmır. O səsi, o istedadı yerli-yersiz "xərcləyib"
müxtəlif təsirlərlə şikəst edib, sonra
sıradan biri olurlar. Amma mən şəxsən
yetkinlik çağlarımın diri səsi olan Təşkilat
Nəsirovun səsinin indiki şaqraqlığını,
indiki zənguləsini, indiki təravətini onun
dözümünün, səsə sədaqətinin bəhrəsi,
nümunəsi sayıram. Və bir də...
Xalq
artisti, böyük sənətkarımız mərhum
İslam Rzayevin yəqin ki, səsini dinləməyən, o səsə
köklənməyən az adam tapılar. Mən İslam Rzayevin "Segah" təsnifinə
qulaq asanda nədənsə kövrəlirəm. O səs
mənim yaddaşımda daha çox itirdiklərimi, həsrətini
çəkdiklərimi, xatirələrimi salır. Və mən onun səsinin işığında
"Dost gedib özümə gələ bilmirəm"
misrasını dinləyəndə doğurdan da özümə
gələ bilmirəm. Bu sözləri, bu
cümləni elə-belə yazmıram. Təşkilat Nəsirovun
da "Dilkeş" təsnifini, "Zabul"u, "Mirzə
Hüseyn" segahını, "Çahargah"ı dinləyəndə
Bakıdan çıxıb gedirəm. Çünki
onun səsindəki yanğı qarışıq bir ittiham
"neyçün bəs burdasan?" deyir mənə. Nə ölümün var burda? Niyə
çıxıb getmirsən kəndinə-kəsəyinə?
Suallar çoxdu. O sualların içərisində
biri xüsusilə cavab tələb edir. O da yurdundan perik
düşən səsin yurda dönüşü ilə
bağlıdı. Mən bilirəm ki, Təşkilat
Azərbaycanın hansı bölgəsində səsini dinləyicilərə
ərməğan etsə də, o səs daha çox
Qarabağda, Füzulidə dinlənilir. Mənə
gün kimi aydındır ki, efirdə, ekranda az-az
görünsə də o səs, onun sahibi ruhən hər
gün Füzuliyə baş çəkir, Füzulini gəzib
dolaşır, Quru çayı qoyub Köndələnin
yamacında "Qarabağ" şikəstəsini
üzü Tanrıya səsləndirir. Ardınca
da bir dərin "ah" çəkir. O "ah" əslində
kar qulaqlara, kor gözlərə tuşlanır. Yatanları oyatmaq üçün, eşitməyənləri
dinləməyə məcbur etmək üçün.
Görməyənləri gözünün qara suyunu, qara pərdəsini
götürməyə məcbur etmək üçün...
Bəli,
Seyid Şuşinskinin, Ağabala Abdullayevin, Zöhrab
Abdullayevin, İslam Rzayevin, Süleyman Abdullayevin, Qəndab
Quliyevanın və onlardan sonra gələn neçə-neçə
gözəl səslərin biri də Təşkilat Nəsirova
Allahın payıdı. Mən bu yazını
birnəfəsə, heç bir kağıza, dəftərə
baxmadan, heç bir kitab vərəqləmədən, sadəcə
içimdə Təşkilatın səsinə qulaq asa-asa
diktə elədim. İstədim ki, onun
yubileyinə gecikmiş bir təbrik kimi səslənsin. Düşünürəm və əminəm ki, Təşkilat
Nəsirov daha gözəl yazıya və daha gözəl təbrikə
layiqdi. Amma mən elə bu yazını da
ürəyimin səsi olduğuna görə hədiyyə
kimi qəbul ediləcəyinə şübhə etmirəm.
Üstəlik onu da bilirəm ki, dostum Ənvərin, yeri gəlmişkən,
o həm də Təşkilatın vurğunu və yaxın
dostudu, mənə bağışladığı diski təkrar-təkrar
dinləyib, o ifaya köklənəndən sonra mütləq
bir yazı doğulacaq, bir yazı kağıza köçəcək.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2017.- 28 iyul.- S.3.