Məmməd Arazlı xatirələrim

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(əvvəli ötən sayımızda)

Şair:

Ey daşlaşan, torpaqlaşan

ulu babam,

Bu günümdən dünənimə uzaqlaşan

ulu babam,

Küləkləşən, dumanlaşan ruhunla sən

Ayağa dur, səninləyəm!

Səs getməyən, əl yetməyən

Qədim tarix dərəsindən

Səs ver mənim səsimə sən:

Sənə gələn, səndən ötən nəydi belə? -

Səndən ötüb qardaşına dəydi belə?!

 

Bu poetik müraciət şeirin bir növ fabulasıdır. Heç də həmişə şairdə belə alınmır, ona görə ki, içindən yaşamır, içərisi sızıldamır, ürəyi sancmır. Şair üzünü, bəli, XXI əsrə tutur, baxmayaraq qarşıdakı əsrə 35-40 il qalıb, əsl şair üçün illərin keçmişinin, indisinin fəlsəfəsində gələcək görünür. Məmməd Arazın bu şeir - təkcə bundan danışıram - qabağı, irəlini daha intellektualemosional görür, oraya sıçrayır, müəllifin özünü - şəxsiyyətini tanıdır, cəmiyyətdə yerini göstərir, harada, hansı kresloda oturduğunu anladır. Amma ünvansız müqayisə aparmalı olsaq, şair hansı poeziya nərdivanını müəyyənləşdirməyə borcludur. Bu prosesdə şeirin nə günahı ki, şair tələsik başqa bir şeirin yerini tutmuşdur. O şairə qızğın əl çalmışdılar, yerini itirmişdi: Məmməd Araz yerini dəqiqləşdirmişdi, halbuki o, şəxsiyyətini, istedadını Vətənin başına gətirilmişi min bir oyunlarda axtarmış, heyfsilənmiş, kədərlənmişdir: Nəydi belə:

 

Bununlamı neçə dəfə

Ata-oğul, qardaş hissi haçalandı,

Bir şəhərin

Beş qardaşın xanlığına parçalandı?!

O zamanmı bitdi bizim dilimizin

"sənin", "mənim" qabarı da?

O zamanmı bitdi bizim

dilimizin

"haralısan" damarı da?

 

Məmməd Araz min illərdən yol gələn, genimizə qanımızdan keçən "haralısan?" sualına cəsarətlə cavab verdi. Həqiqətdir, şair nədən necə yazdığını anlamalıdır, əsəri qələmə alanda ortaya necəsini qoyacağına əmin olmalıdır. Onun yaddaşında bir ifadə qalmalıdır: möhtəşəm poeziya mövcuddur, bünövrəsini Şərq epoxasının poeziyası qoymuşdur. Həmişəmi şairdə belə alınır? Yox! Məmməd Araz qüdrətinə yiyələnməlisən ki, eyni zamanda XXI əsrin zövqlü, ibrət götürməyə qabil, tələbkar insanlarına inanasan...

 

Şair daxili sualları gizlətmirsə əsəbiləşir, barmaqlarını düyünləyir (həmin zalı, tribunanı xatırladım), rəmzləşən qəhrəmanlarımızın yaxasından yapışır qəhərlənmiş səsilə soruşur:

 

Səninləyəm, ulu babam!

Bu məsəli kimdi yazan?

Hansı soysuz ata idi

Ataların imzasını

Çəkib, ona möhür basan?!

Adınızı dastanlardan oğrayaram,

Ruhunuzu qıyma-qıyma doğrayaram,

Qara Çoban,

Dəli Domrul,

Ey Xan Eyvaz,

Giziroğlu Mustafa bəy

Əgər ki, siz

Bu məsələ qol çəkdiniz!

 

Bu şeiri unudulmaz şairimiz Bəxtiyar Vahabzadəyə həsr etməsi təbiidir: "Gülüstan" məşhur müqaviləsinin əsl mahiyyətini poeziyamızda ilk dəfə B.Vahabzadə eyni adlı poeması ilə açmağı bacarmışdı!"

 

Məmməd Araz 1968-ci ildə dəyərli şeirini yazdı, özü poetik ehtirasla, azəri-türk "qardaşlarının" şəxsi-hakimiyyət mənafeyi uğrunda bir xalqın - bir dövlətin ikiyə bölünməsi faciəsinin baş qəhrəmanları olması həqiqətinin qara sifətinin şeirə qonaq gəlməsi.

 

Məndən ötdü!..

Məndən ötdü!..

Sevincə bax, qeyrətə bax!

Bunu yazan xilqətə bax!

Məndən ötdü!

Qulağımdan getmir bu səs,

Zərbələri qardaşına,

Sirdaşına ötürən kəs

Elə bil ki, bax bu gecə

Qulağımın dibindəcə

Xətainin süqutuna

qəh-qəh çəkdi...…

 

idi bu? Düşünmüşdümü beş qardaş nəyə rəvac vermişlər, "Azərbaycan torpağında Araz boyda şırım açdıqları"nın tarixi mənəvi fəlakəti başlandı.

 

Azca haşiyə çıxım ki - şeirdən aldığım təəssüratı nəzərdə tuturam - poeziyanın tamlığını o vaxt dərk edirik, əsərlə birbaşa ünsiyyətə giririk, gözlənilməz məqamlarla, sətiraltı nüanslarla qarşılaşırıq. O zaman bir incə mətləbi duyuruq: şair həmin mövzunu yazmağa başlarkən ona əvvəlcədən heç bəlli olmur, əks təqdirdə necə? Cənub mövzusu, tariximizə böyük ləkə gətirmiş Gülüstan müqaviləsi Məmməd Arazı hisslərilə üzbəüz qoymaya bilməzdi, təkbətək buraxıb uzaqlaşmazdı ümidə qoymazdı: ya mövzu, ya da ilham. Şairin xoşbəxtliyi, ilahi bəxşişi onda meydana çıxdı, daha dözmək olmur:

 

...Sən olmadın, Azərbaycan!

Səni səndə ələdilər

Səni səndə üyütdülər.

Dibək oldun öz duzunla,

öz daşınla.

Ögey oldun, doğma ekiz qardaşına.

 

Şair sözünü dedikcə yorulmur, qəzəblənir, lakin özünə xas təmkinlik, müdriklik bir milləti bir anda ayağa qaldırmaq möcüzəsinə inandırır. Oxucuların yaddaşında təzələyəcəyim aşağıdakı misralar himn-simfoniya kimi səslənir. Bəli, mən əlli ilə yaxındır tarixi aforizm siqlətində qiymətləndirmək ümidindəyəm.

 

Dəfn etdiyim məsələnin

Başdaşına

Bir təəssüf xatirəsi yazıb, yondur:

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

Vətən, vətən, sənə dəydi...

 

Tarixi hadisənin poetik nəqaratı! Məmməd Arazda üstündən qırmızı xətt çəkilən bir misra da yoxdur, fikrimi əsaslandırmaq üçün sitat gətirməyə ehtiyac duymuram.

 

Mən yuxarıda "genetik kod" sözünü işlətdim. Şairin ikiyə bölünmüş məmləkətinin canlı şahidi Arazdır. "Mən Araz şairiyəm", "Araz üstə çinar gördüm", "Araz yadıma düşüb", "Arazın işıqları" şeirlərində bir həsrət, nisgil, ayrılıq həqiqəti təsvir olunmuşdur. Bəlkə İlahinin diktəsidir ki, şair özünə "Araz" təxəllüsünü götürmüşdür, israrla "Mən Araz şairiyəm" - demişdir.

 

Mən - ondan su içmişəm,

Anamdan süd əməntək.

Sudan çıxan balıq tək

Ölərəm mən Arazsız.

O Mənim mürəkkəbim,

Mən onun qələmiyəm.

O mənim telli sazım,

Mən onun dilqəmiyəm...

 

Məmməd Arazın Zaman anlayışına müqabil yaradıcılığını seçmədən hansı şeirini oxusan ilahi Məkandan qopduğunu kəsdirirsən. "Ana yurdum, hər daşına üz qoyum", "Vəsiyyət", "Yazı masam", "Salamat qal", "Səni axtarıram", "Ağarma, saçım, ağarma", "Özümdən şikayət məktubu", "Bacım Gülsümə məktub" daha bir şeir; tələsməyək, şairi sevənlər!

 

Adını çəkdiyim belə fikiryüklü şeirləri hansı poetik xüsusiyyətlər yaşadır. Sadalanan nümunələrin tematikasını müəyyənləşdirmək çətinlik yaratmaz, çünki şair poeziyanın gücünə bələddir, şeirsə insan ruhundan, bu ruha dayaq tutan hisslərin vəcdindən, coşğunluğundan yaranan səsdir, sonra maddiləşir.

 

 

(ardı gələn sayımızda)

 

Ədalət 2017.- 2 iyun.- S.3.