Müharibə mənim ailəmin tarixində

 

(Müharibəyə gedənlərin həyat yoldaşlarına həsr edirəm )

 

İkinci Dünya müharibəsində sovet xalqının Böyük qələbəsindən yazmağı hələ 2014-cü ilin iyulunda atamın saralmış cəbhə məktublarını, "qara kağızını" və müharibə iştirakçılarının şəkillərini gördükdə gərara gəlmişdim, ancaq 2015-ci ilin aprelində Qələbənin 70 illiyi ərəfəsində başa gəldi. Mənim hekayəmin sujeti yoxdur. Daha doğrusu bunlar keçmiş haqqında xatirələr və düşüncələr axınıdır, hansı ki, onlarsız indi iz olmazdıq.

 

Ölkə Böyük Vətən müharibəsindəki Qələbənin 70 illiyini qeyd etməyə hazırlaşırdı. Bu o qədər də çox olmayan bayramlardan biridir ki, postsovet məkanındakı xalqları birləşdirir. Həmin gün müxtəlif xalqlardan olan milyonlarla insanlar öz qanları bahasına bu qələbəni əldə etmiş qəhrəmanları yad edirdilər. Bir çox dövlətlərin rəhbərləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın paytaxtı Moskvada bayram tədbirlərində iştirak edəcəkdir.

 

Hər il bu Qələbə günlərində müharibə veteranlarını gördükdə o illərin mahnılarını eşitdikdə mən mütləq bizə Qələbəni vermiş öz valideynlərimi və digər həmin Böyük nəslin nümayəndələrini xatırlayıram. Ağrı və fəxrlə! Ağrı ilə ona görə ki, onlardan çoxları bu Qələbənin nəticələrini görmədilər. Onlar cəbhədə düşmənlə döyüşmüş, arxada işləmiş, ölkəyə hər şey vermişlər - öz əməklərinin bəhrəsini dadmamış, doyunca yaşamamış, xəstələnib, döyüşüb, öz həyatlarından keçərək ölüblər, ancaq qələbəni yaxınlaşdırıblar.

 

Fəxrlə xatırlayıram ona görə ki, sınmadılar, dözüb durdular. Baxmayaraq ki, onlara qarşı sivil, texniki cəhətdən inkişaf etmiş az qala bütün Avropa öz insanları və sənayesi ilə durmuşdu. Onlar dözdülər, durdular, cəbhədə də və arxada da qalib gəldilər. Müharibədən sonra öz zəhmətləri ilə viran ölkəni ayağa qaldırdıl. Onlarla ancaq fəxr etmək olarbu hissləri gələcək nəsllərə ötürmək üçün, o böyük nəslin layiqli ovladları olmağı öyrətmək üçün bu haqda yazmaq lazımdır. Əks təqdirdə biz onlara heç nə verə bilmərik. Yalnız bir şeyi bacararıq-XATIRLAMAQ.

 

Müharibə ölkənin bütün sakinlərinə toxundu, çox ailələrin xoşbəxtliyinə son qoydu. Böyük Vətən müharibəsi mənim də ailəmə, nəslimə toxunmuşdur. Mən Bakı şəhərində anadan olub böyümüşəm. Ancaq valideynlərim Qardaş Cəbrayıl oğlu və Ruqiyyə Qurban qızı əslən Azərbaycanın Cəbrayıl rayonundan idilər. 1950-ci ilə qədər onlar orada - Qaracallı kəndində yaşayıblar. Müharibə mənim ailəmin, valideynlərimin taleyini tam dəyişib. Atam müharibəyə qədər kommunist olub, rayonun qabaqcıl kolxozunun sədri idi. 41-in avqustunda ölkənin milyonlarla vətəndaşı kimi, anamı iki uşaqla qoyub cəbhəyə getmişdir. 1942-ci ilin fevralında isə qardaşim Həsən doğulmuşdur. Onun dünyaya gəlişi haqda atam Taqanroq altında gedən döyüşlər zamanı cəbhədə xəbər tutmuşdu.

 

Valideynlərim ömürlərinin sonuna kimi bu müharibəni xatırlayıb və onun haqqında danışırdılar. O, insanlardan ki, onlar sağ qala bilmədilər, qaldılar orada... Daha doğrusu ona görə danışırdılar ki, bütün olanları insanların yaddaşına, tarixə həkk etsinlər.

 

Başımızın üzərindəki bu sakit səmaya SSRİ-nin 27 milyon vətəndaşı öz həyatlarını müxtəlif qiymətlərlə qurban vermişlər. Əhalisinin sayı (41-ci ilə nisbət) 3,4 milyon olan Azərbaycan SSR-dən cəbhəyə 700 min nəfər çağırış almışdır. Demək olar ki, Respublikanın hər 5 nəfərindən biri döyüşlərdə iştirak etmişdir. Onlardan 400 mini, hər 8 nəfər sakindən biri döyüş yerlərində həlak olmuşdur. 128 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını almış - şərəflə tarixə qovuşmuş, məğlubedilməz ölkənin ali mükafatına layiq görülmüşdür. Cəbhəyə gedənlər arasında mənim əmim Zeynalov Hüseyxan Cəbrayıl oğlu və dayım Xələfov Cəlil Qurban oğlu da var idilər ki, indiyə qədər itkin düşmüş hesab edilir.

 

Böyük Vətən müharibəsi tarixi haqqında mən çox şeyi öz atamın danışdıqlarından öyrəndim. O, müharibədən çox az danışardı. Belə ki, ömrü boyu onunla yanaşı Stalinqrad uğrundakı döyüşlərdə vuruşmuş insanların surətlərini xatırlayardı. Müharibə milyonlarla sıravi əsgərlərin qanı və təridir, ancaq atam həmişə son tikəsini əsgərlərlə bölən sadə rus qadınlarını həmişə xatırlayardı. Onlar qəmli gözləriylə bizi yola salaraq tezliklə sağ-salamat öz evlərimizə qayıtmağı arzulayırdılar: "Sizi analarınız, arvadlarınız və uşaqlarınız gözləyir" deyirdilər.

 

Mən o illərdə həlak olmuş, yaralanmış və sağ galmış bütün döyüşçülərin önündə baş əyirəm. Ancaq bu hekayəmi təkcə o müharibə əsgərlərinə deyil, həm də əsasən öz anam Zeynalova Ruqiyyə Qurban qızına və onun timsalında milyonlarla müxtəlif xalqların qadınlarına həsr edirəm. Hansı ki, kişilərlə çiyin-çiyinə döyüşmüş, arxada işləmiş, öz ərlərinin, oğullarının, qardaşlarınin, cəbhədən qayıtmaqlarını səbrlə gözləmişlər. Onların arasında tibb bacıları, sürücülər, rabitəçilər, təyyarəçilər və arxada yüz minlərlə kişi peşələrini yerinə yetirənlər var idi. Müharibə illərinin bütün çətinliklərinə baxmayaraq, bu qadınlar hətta müharibə illərində belə sədaqətli qadın olaraq qaldılar. Onlar öz ərlərinin cəsarət və gücünə inanaraq gözlədilər və ömürlərinin son günlərinə qədər onlara sədaqətli oldular və əllərindən gələni etdilər ki, qələbəni yaxınlaşdırsınlar.

 

Mənim anam cəbhədə olmayıb. Ancaq arxada işləmiş, həmişə ərini gözləmişdır və inanmışdır. Hətta 1943-cü ilin əvvəlində ailə Stalinqrad altından ölüm haqqında "qara kağız": "Sıravi əsgər Zeynalov Qardaş Cəbrayıl oğlu döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur"u aldıqdan sonra belə atamı gözləmişdir. Atamın ölümünə hamı inandı, tək o inanmadı. Atamın bacıları deyirdilər: "Sən ağla ki, ürəyin sakitləşsin". O isə ağlamadı, qara paltar geyinmədi, yas saxlamadı. Sadəcə inandı və gözlədi: "Mənim ərim belə sadəcə ölə bilməz. O qayıdacaq" dedi.

 

1945-ci il gəldi. Coxları gayıtdı, atam isə hələ də yox idi. Anam inanaraq gözləməyinə davam edirdi... və O qayitdı! Hər çətinliyə dözərək sağ qaldı ki, onu sevindirsin, ümidlərini doğrultsun. Biz sonralar bildik ki, Stalinqrad altında son nəfəsinə qədər döyüşən diviziyanı diri-diri yandırmışlar. Bu hərbi hissə taxıl zəmisinin içində mövqe tutmuşdu... Q, burada əsir düşmüşdür. Əsrlikdə yalnız bunu düşünürdü:" Sağ qalmalı və onun yanına qayıtmalıdır, yeganə onu gözləyən və iki övladıni böyüdən qadının yanına". O, bütün filtirli düşərgələrdən keçərək 47-ci ildə qayıtdı. Anam isə bütün bu illər onu gözləmişdi.

 

Minotavr haqqında olan yunan mifində məhz Ariadna Teseyə labirintdən çıxış üçün ip ucu vermişdir. Bu ümid sapı idi. Mənim anam atamın ümüdi idi. Həyatın ən çətin anlarında O, xilas olmaq üçün həyatla ölüm arasındakı nicat nöqtəsi olurdu. Axı müharıbədən fiziki olaraq sağ qayıdıb, əqli cəhətdən orada, döyüşlərdə qalmaq olar. Daha doğrusu, labirintə bu ümid sapı olmadan gedənlərlə belə də oldu. Atam həmişə yadına salırdı: "Onu qorumalı, müdafiə etməlidir".

 

Mənim anam gözəl ana idi. Öz yeddi övladının - bizim əziyyətimizi çox çəkirdi. Analıq - onun üçün xoşbəxtlik, borc və məsuliyyət idi. Müharibə illərində onun evindən cəbhə ehtiyacları üçün bütün yararlı nə varsa, hər şeyi, yun, hətta son döşəyi alıb apardıqda. O, övladlarını da yanına alıb üstlərini yeganə kürkü ilə örtərək adi taxtanın üzərində yatıb. Uşaqlar isə onun qucağında yuxuya gedərdilər. Özü xəstələnsə də, uşaqları qoruyardı. Bütün ərzaqları cəbhə ehtiyacları üçün aldıqda o, bacardığı kimi uşaqların qayğısını çəkərdi. Özü ac qalıb uşaqlara ərzaq tapıb gətirərdi: yeməli pencər, yemək mümkün olanvarsa. Biz bilmişikbilirik ki, o həmişə bizi -uşaqlarını düşünüb. Biz ağlayanda "Can, ürəyim mənim" - deyərdi.

 

Bizim bağda əncir ağacı var. Yay səhərlərində şehli-şehli bizə əncir, günortalar isə pomidor dərib gətirərdi. İndiyə qədər də o pomidorların ətrini, şehli əncirlərin dadını xatırlayıram. Onun işləməkdən cadar-cadar olmuş qabarlı əlləri yadımdan çıxmır. Ancaq onlar həmişə incə qaldılar. Bir toxunuşu ana məhrəmliyi ilə xəstə uşaqlarda ağrı və narahatçılığı götürərdi. Ona görə də gənc analar öz uşaqlarnı xəstələndikdə onun yanına gətirərdilər. Anam onları milliyyətindən asılı olmadan müalicə edər, yedizdirərdi. Sadəcə şəfqətli ana idi. Uşaqlar onu sevib, hörmət edər "xala" deyərdilər. O, bütün ətraf insanların "xala"sı idi.

 

Məhəmməd (ə.s) peyğəmbər deyib: "Cənnət anaların ayaqları altındadır". Mən başımı anamın dizləri üstünə qoymağı xoşlayırdım. Beləcə sığınaraq yatardım. Orta məktəbin yuxarı siniflərində idim, bir dəfə anamdan xahiş etdim ki, məni körpə uşaq kimi dizlərinin üstündə yatırtsın. O, razılaşdı. Mən yuxuya getdim, o isə oturub mənim oyanmağımı gözlədi.

 

(ardı gələn sayımızda)

Ədalət  2017.- 2 iyun.- S.4.