"Şeirdə kədərin
dozasını artıq edirəm"
Gənc yazarlardan bir çox tanınmış,
istedadlı imzalar var. Onlardan biri də Şəhanə
Müşfiqdir. Şəhanə xanım ədəbiyyatı
uşaqlıdan sevib, kitabların içində
böyüyüb. Onunla
yaradıcılığından, poeziyadan, bir az
da futboldan söhbət etdik.
Adalet.az gənc
yazar Şəhanə Müşfiqlə müsahibəni təqdim
edir:
-Şahanə Müşfiq. Maraqlı adınız var.
Müşfiq təxəllüsü gözəl şairimiz
Mikayıl Müşfiqləmi bağlıdır?
-
Dolayı yolla onunla bağlıdır. Əslində
isə Müşfiq atamın adıdır. Babam ədəbiyyat müəllimi olduğundan, bir
oğluna Mikayıl Müşfiqin şərəfinə
Müşfiq adı, digər oğluna isə Abdulla Şaiqin
şərəfinə Şaiq adını qoyub.
-Ziyalı ailədə
doğulmusunuz. Uşaqlığınız
kitabların içində keçib?
-Uşaqlığıma
səyahət etsək elə məni kitabların içində
tapmaq olar. Ziyalı ailədə
doğulmuşam. Anam müəllimə,
atam isə neftçidir. Gözümü
açandan evimizdə kitab görmüşəm. Hətta bir dəfə zarafatyana sosial şəbəkədə
belə bir status yazmışdım ki, körpə
uşaqların boğazında çöp qalar. Hansısa meyvənin tumu, oyuncaq nəsə bir
şey. Mənim boğazımda cəmi bir
dəfə çöp qalıb. O da ki kitab vərəqi
olub. Ağlağan, çox nadinc uşaq
olmuşam. Məni sakitləşdirmək
o qədər də çətin olmayıb. Deyilənə görə, bir tək kitablarla sakitləşirmişəm.
Düzdü, uşaq kitab nədi hardan bilir?!
Yəqin ki, vərəqlərin sehri elə o
vaxtdan özünə cəlb edirmiş.
Uşaqlığım əslində maraqlı
keçib. Tək fərq ondan ibarət olub ki, məsələn,
bütün uşaqlar gözləyərdilər ki, yayda dərslər
bitsin və oyuna başlasınlar. Ancaq mənim
yayım da, qışım da kitabların arasında
keçib. Beşinci sinfi bitirəndə mən
artıq altıncı sinfin proqramından xəbərdar
olurdum, yəni oxuyurdum.
-Bildiyimə
görə iki univertsitet bitirmisiniz. Təhsilə
niyə bu qədər çox önəm verirsiniz?
-Təhsilə
önəm deyəndə ki, əslində bu şüurlu
alınmış qərar deyil. Ədəbiyyat
mənim üçün sənət olmaqdan
çıxıb, həyat tərzinə dönüb.
Böyüyəndə kim olacaqsan
sualına filoloq, jurnalist, ədəbiyyatçı bu cür
cavablarım hazır idi. Ədəbiyyatı sadəcə
diplom aldım atdım evə və getdim işimin dalınca
kimi düşünməmişəm. Mən
ədəbiyyatı sırf ədəbiyyatşünaslıqda
hər hansı bir səviyyəyə gəlib çıxmaq
üçün seçmişəm. Ona
görə də bakalavr təhsilimi Bakı Dövlət
Universitetinin filologiya fakültəsində bitirdikdən sonra
Qafqaz Universitetində magisturatura təhsilini aldım.
İndi təhsilə ara verməyim sadəcə
işlə bağlıdır. Bir-iki ildən sonra
özümü hazır hiss edəndə yenidən təhsilə
qayıdacam. Doktoranturanı oxumaq və sonra elmi
ad üçün müdafiə etmək fikrim var. Ətraf aləmi
heç vaxt düşünməmişəm. Məni maraqlandıran ancaq kitablar olub.
-Şeir yazmağa nə
vaxtdan başladınız?
- Desəm
ki, uşaqlıqdan şeir yazıram, bəlkə də
şablon səslənəcək. Ancaq həqiqət
budur, təəssüf ki. Nə vaxtdan
yazdığımı konkret deyə bilmərəm,
çünki özüm də ciddi yanaşmırdım, həmişə
gizlədirdim. İlk dəfə şeirim
və məqaləm 8-ci sinifdə oxuyanda "Qönçə”
adlı məktəb qəzetində çıxıb. "Qarabağ” adlı şeir idi. Ondan sonra 10-cu sinifdə oxuyanda iki şeir dəftərimi
cırıb atdım və "mən bir daha yazmayacam”-deyə
özümə söz verdim.
- Bəs bunun səbəbi nə idi?
- Konkret səbəb
deyə bilmərəm. Bunu niyə etdim heç
özüm də bilmirəm. Bəlkə
də illər keçdikcə, daha çox ədəbiyyat
oxuduqca öz yazdıqlarım özümə xoş gəlməməyə
başlamışdı.
- Yenidən necə oldu yazmağa
başladınız?
- Bəli,
söz vermişdim və bu sözümü dörd il tuta bildim. BDU-nun II kursunda
oxuyanda yenidən yazmağa başladım, ancaq bu dəfə
nəsr yazırdım, şeir yox. Bunun nəticəsində
III kursda oxuyanda, yəni 2013-cü ildə Xalq
yazıçısı İsa Hüseynovun (Muğanna)
qızı Sevinc Muğannanın və ailəsinin dəstəyi
ilə ilk kitabım "Qaranlıqlar günəşi”
işıq üzü gördü.
-Şeirlənizin
qırmızı xətti ayrılıq, əlvida, kədərdir. Yaradıcı insan bir az
işıqlı olar. Niyə bu qədər
sentimentalsınız?
- Deməzdim
ki, sentimentalam. Ayrılıq, əlvida dediyimiz həyatın
gerçəyidir. Bu həyatın
özü də sonda ayrılıq deyilmi ki? Mən sadəcə realistəm. Doğrudur,
bəzən hisslərin təsiri ilə kədərin
"dozasını artıq edirəm”. Bunu
da yəqin oxucular bağışlayar. Həmişə
gülmürük ki, arada ağladığımız da olur
(gülür). Amma bunu da deyim ki, əgər
hekayələrimlə tanışsınızsa,
görmüsünüz, hekayələrimin çoxu nikbin əhval-ruhiyyədədir.
-Həm hekayə, həm şeir, həm
də jurnalistika. Hansı sahədə
özünüz olursunuz?
- Hisslərimin
ifadəsində bəzən şeir daha çox köməyimə
çatır. Amma fikirlərimi və demək
istədiklərimi hekayədə, essedə daha rahat deyirəm,
qəlib yox, sərhəd yox, nəsr geniş
üfüqdür. O ki qaldı jurnalistika, onda da yenə
də mənəm. Çünki jurnalist fəaliyyətim
də bilavasitə ədəbiyyatla, mədəniyyətlə
bağlıdır.
-Filologiyanı bitirmisiniz.
Özünüz də deyirsiniz ki, ədəbiyyatşünas
olmaq istəyirsiniz. Bəs jurnalistikaya gəlişiniz
necə oldu?
- Bayaq da
qeyd etdiyim ki, jurnalistika da filologiya kimi uşaqlıq
arzularımdan biri idi. Həmişə ona can atmışam. İndi isə "525-ci qəzet”də mədəniyyət
müxbiriyəm. İşimi sevirəm.
Mənən, ruhən dinclik, rahatlıq
tapıram sanki. Bunun üçün qəzetin
baş redaktoru, şair Rəşad Məcidə minnətdaram.
Rəşad müəllim hər zaman
istedadlı gəncləri qiymətləndirməyi bacaran bir
şəxs olub. Onu tanıdığım 4-5 il ərzində hər zaman dəstəyini hiss
etmişəm. Həm də Rəşad müəllimin
mənə inamını, güvənini hiss edirəm. Buna görə də var qüvvəmlə bu
inamı doğrultmağa çalışıram. Bundan sonra da həmişə belə olacaq.
-Şeirləriniz
kədərli olsa belə özünüz şən, pozitiv,
sosial, aktiv görünürsünüz...
- Bunu deyən
birinci adam deyilsiniz, inanıram ki, sonuncu da
olmayacaqsınız. Bəli, çox şən,
aktiv insanam. Bu, ta uşaqlığımdan
belə olub. Bir yerdə oturmaq mənlik
deyil. Mütləq hərəkətdə,
fəaliyyətdə olmalıyam. Gülməyi
sevirəm. Gülmək üçün
mütləq səbəb tapıram, əgər yoxdursa,
özüm üçün səbəb yaradıram. O
ki qaldı şeirlərimə... Hər
insanın bizə görünməyən, hər kəsdən
xəbərsiz gizli bir dünyası olur. Hansı
ki, insan yalnız zamanlarda o dünya ilə,
özü-özü ilə baş-başa qalır. O
dünyada nələr olduğunu kimsə bilə-bilməz. Bəzən həmin zamanların övladı-
şeirlər doğulur. Amma bütün
hallarda gülməyə davam (gülür).
-Bizim şairlərdən kimləri
sevirsiz?
- Nə bizim, nə də ümumiyyətlə dünya ədəbiyyatında konkret ad çəkib, bəyənirəm və ya bəyənmirəm dediyim şair, yazıçı yoxdur. Bəyəndiyim əsərlər, şeirlər var sadəcə. Məsələn, Eldar Baxışın "Sərçə balası” şeiri hər eşitdiyimdə heyrətə düşdüyüm bir şeirdir. Əli Kərimin "Daş”, Ramiz Rövşənin "Darıxır”, Salam Sarvanın "Bağışla otağım tör-töküntüdür”, Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz”, "Özünə öyrətmə məni”, Ramiz Qusarçaylının "Qurudub göndərmə bənövşələri”, "Azərbaycan bayrağı”, Rəşad Məcidin "Bir də gəlməyəcək”, "Qəfil yağış”, Qəşəm Nəcəfzadənin "Sənə qış paltarı alıram indi”, "Vətən” və başqaları... Siyahını beləcə uzatmaq da olar. Şeirdə heç zaman dərin fəlsəfi, psixoloji, dramatik qatlar axtarmıram, ən çox da səmimi şeirləri sevirəm.
-Səhv eləmirəmsə futbola da marağınız var. Deyəsən, "Qalatasaray” azarkeşisiniz...
- Doğru bilirsiniz. Futbol fanatıyam, davamlı izləyirəm desəm mübaliğə etmiş olaram. Amma ta uşaqlığımdan "Qalatasaray”ın azarkeşiyəm. Bütün oyunlarını izləmək imkanım olmasa da, futbol fanatı qardaşımın hesabına məlumatım olur. Bu sevginin yaranması haqda "Qalatasaray və sevgi” adlı hekayəm də var. Hər şey sadəcə uşaq marağından yaranmışdı. Uşaq olanda dayım və atam gecələr futbola baxırdılar. Bizi isə yaşımız az olduğundan yatmağa göndərirdilər. Qadağalar da şirin olar axı. Gecə futbol oyunlarına baxmaq bizə qadağan olunmuşdu deyə maraqlı gəlirdi. Ailəliklə "Qalatasaray”lıyıq.
-Sonda, yeni
kitabınız nə vaxt çap oluncaq?
- İlk kitabımın çapından
dörd il keçib. Düşünürəm ki, artıq
zamanıdır. Həm də şeir kitabım yoxdur. Şeirlərimi
bir yerə yığmışam, redaktəsi və dizaynı
da hazırdır. Sadəcə müəyyən səbəblərdən
nəşr işini dayandırmalı oldum. Allah Kərimdir,
ümid edirəm ki, yaxın zamanlarda çap olunar.
Ədalət 2017.- 2 iyun.- S.4.