"ATALAR-OĞULLAR"
ƏDƏBİYYATDA HƏMİŞƏ
ÜZLƏŞİBLƏR
“MƏN
İKİ CÜR YAŞAYIRAM”
İki gün öncə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Afaq Məsud "Şöhrət" ordeni ilə mükafatlandırıldı. Təbii ki, Afaq xanımın ədəbiyyatımıza,
mədəniyyətimizə xidməti hər kəsə məlumdur.
Biz də Afaq xanımın oxucusu kimi onun
bütün uğurlarına sevinir və ünvanına gələn
təbriklərə qoşuluruq.
Təbii ki, bir mətbuat olaraq həmişə öz səhifələrimizdə
Afaq Məsuda məmnuniyyətlə yer
ayırmışıq. Lakin onun üçün əlamətdar
olan bu günlərdə öncə istədik ki, Afaq
xanımla həmsöhbət olaq. Arzularını,
fikirlərini dinləyək. Lakin sonra içimizdən
başqa bir istək keçdi:
- ONU KEÇMİŞƏ QAYTARMAQ
İSTƏYİ!
Elə bu
istəklə də düz 10 il bundan
öncə Afaq xanımla olan iki müsahibəmizi təkrar
çap etmək qərarını qəbul etdik.
Düşündük ki, Afaq xanım bu əlamətdar
günlərdə 10 il arxaya boylansa nələr
dəyişdiyini, nələrin olduğu kimi
qaldığını özü müəyyən edəcəkdir.
Təbii ki, biz də onunla birlikdə arxada qalan
10 ilə dönəcəyik və həmin söhbətlərə
mən, yəni Əbülfət Mədətoğlu Afaq Məsudla
elə ondakı kimi başlayacağıq.
Həmsöhbətim
Afaq Məsuddur.
- Azərbaycan ədəbiyyatının
bugünkü durumu sizi qane edirmi?
- Ədəbiyyat
deyəndə, nədənsə, biz belə öyrəşmişik,
gözümüzün qarşısına ilk növbədə
çoxlu əsər - üst-üstə qalanmış
cild-cild romanlar, poemalar gəlir... Ədəbiyyat
- bizlərin təsəvvüründə nədənsə kəmiyyətlə
canlanır. Biz düşünürük
ki, əgər yazıçı, şair dayanmadan yazırsa,
yaxud onun on-iyirmi cildlik əsərlər külliyyatı varsa,
demək, əsl yazıçı, yaxud ən böyük
şair həmin bu zəhmətkeş qələm sahibidi.
Bəzən həmin bu qələm sahiblərinin özləri
də belə düşünürlər və nəfəs dərmədən,
elə hey yazırlar, sanki hansısa sirli yarışda kimlərdənsə
geridə qalmamaqdan ötrü bir ucdan kitab nəşr etdirir,
qaranəfəs bu kitabların prezentasiyalarını
keçirir və görünür belə
düşünürlər ki, nə qədər çox
yazıb nəşr olunsalar, ədəbi fikir tarixində bir o
qədər çox qalacaqlar... Lakin dünya ədəbiyyatı
tarixinə nəzər salanda, biz görürük ki, ədəbiyyatda
kəmiyyət heç bir vaxt keyfiyyəti əvəz eləməyib.
Əsərləri bu gün də insan ruhuna toxunmağa, onu
oyatmağa qadir olan Füzulinin, yaxud Anton Pavloviç
Çexovun, yaxud Selencerin və Borxesin, Platonovun və
Kortasarın və bu kimi neçə-neçə dahinin bədii
söz dünyasına miras qoyub getdiyi həcmcə çox
az, bədii-ruhi təsir qüvvəsi ilə bütün zaman
və məkan ölçülərinin fövqündə
dayanan əsərlərini xatırladıqca, Ədəbiyyat
deyilənin - sözlər və süjetlər
yığımı ilə dolu qalaq-qalaq yazı yox, müəyyən
energetik sirayət diapazonuna malik Diri Söz - kiçicik bir
şeir, yaxud esse və hekayə, yaxud qalın romanı nəfəsə
gətirən bircə cümlə olduğunu anlamalı
oluruq... Bu gün Azərbaycanda bircə diri şeir, yaxud insan
hisslərində kiçicik də olsa, nəyisə dəyişə
bilən balaca bir esse yaranırsa, deyə bilərik ki, bu məmləkətdə
bu gün də Ədəbiyyat yaranır... Və
bu baxımdan tam səmimiyyətlə deyə bilərəm
ki, bu gün Azərbaycanda böyük ədəbiyyat
yaranır. İstər poeziyada, istərsə
də nəsrdə. Sadəcə bu ədəbiyyatı,
ondan həcmcə xeyli artıq dərəcədə yaranan
öldürücü ədəbi makulatura okeanından
seçmək oxucu üçün bir o qədər asan
iş deyil...
- Bu gün Azərbaycan ədəbiyyatı
qocalara və cavanlara bölünüb. Sizin bu parçalanmaya
münasibətiniz necədir?
-
Bilirsiniz ki, tarix boyu cavanlar heç vaxt özlərindən əvvəlkiləri
- yəni, belə deyək, "qocaları"
bəyənməyib və bu proses tək bir ədəbiyyatda
və tək Azərbaycanda getmir. Bu, İngiltərədə
də belədir, XV əsrdə də belə olub. Məlum "atalar və oğullar" konflikti bu
gün də öz aktuallığındadır. Bu da təbiidir. Axı zaman
keçdikcə hər şey dəyişir. Hətta
iqlimin özü də... Bu dəyişikliklər
mənə ayarlamanı andıran hansısa kimyəvi reaksiyanı
xatırladır. Düşünürəm
ki, bu, amansız və qəddar, bununla yanaşı,
taleyüklü və faydalı bir prosesdir. Həm bizim, özünütənqidi bir xeyli
kasadlaşan, yaxud heç yerli-dibli olmayan yaşlı nəsil
üçün, həm də iddiaları müqabilində
ortaya əsər qoymaq məcburiyyətində qalan
cavanlarımız üçün. O ki qaldı
parçalanmaya, düşünürəm ki, burda ilk növbədə
ağsaqqallar güzəştə getməlidirlər, ilk
addımı onlar atmalıdırlar. Ən
azı, xırda hisslərdən, insana qıcıq və
narahatlıq gətirən yersiz ədavətlərdən uzaq
olmaqdan ötrü. Babalarımız demişkən:
"öz böyüklüklərini göstərməkdən
ötrü"... Lakin mən heç də
bununla cavanlara haqq qazandırmaq fikrində deyiləm. Yaşı ötmüş, fikir və
duyğuları səngimiş, lakin vaxtı ilə ədəbiyyatımızın,
bədii fikir və dil tariximizin zənginləşməsi yolunda
əlindən gələni əsirgəməyən, bu yolda
ömürlərini çürüdən ədiblərimizin
lağa qoyulması, təhqir olunması, əlbəttə ki,
heç bir çərçivəyə sığmır.
Və ən əsası, zahirən guya ədəbiyyat
zəminində gedən, təhqirlər və
söyüşlərlə müşayiət olunan bu
mübarizə - Böyük Ədəbiyyata aparan yol deyil.
Bəzən bu nifrət və qıcıq dolu
yazıları oxuyanda bu gənc insanların, həmin bu
kin-küdurətlə necə yaşadıqlarını, necə
yazdıqlarını düşünürsən. Mənim barəmdə də dəfələrlə
belə yazılara rast gəlmişəm,
açığı, xeyli məyus olmuşam. Cavanlarda yaratdığım bu izaholunmaz
qıcığın səbəbini dönə-dönə
özümdə də, yazılarımda da çox
axtarmışam və çalışmışam bu
qıcığı necəsə aradan qaldıram.
Əsasən az yazam, daha doğrusu, mətbuatda
az görünəm... Lakin bəzən elə əsassız
mülahizələrə - "irad" və "tənqidlərə"
rast gəlirsən ki, orda daha nə isə düşünməyə,
hansısa tədbir tökməyə ehtiyac qalmır. Bir neçə ay bundan əvvəl hansısa qəzetdə
gənc bir qız bizim "Xəzər" jurnalı barədə
yazır ki, "bu jurnalda dünya ədəbiyyatından
heç nə yoxdur". Burda gülməyəsən,
neyləyəsən?..
Düşünürsən ki, özünə dünya ədəbiyyatı
jurnalı haqqında fikir demək hüququ verən bu
qızın, sən demə, heç bu sahədən məlumatı
yoxdu... 2004-cü ildən jurnalda nəşr edilən az qala
yüzəcən ingilis, fransız, yapon, ispan, bolqar, italyan,
polyak, alman, ərəb və sair və ilaxır ədiblər
əgər dünya ədəbiyyatını təmsil etmirlərsə,
bəs hansı ədəbiyyatı təmsil edirlər?... Əlbəttə, bunu da mən cavanlıq
şıltaqlığı kimi qəbul edirəm və
düşünürəm ki, dediyiniz o parçalanmanı
aradan qaldırmağın, yaxud heç olmasa, səngitməyin
ən qısa yolu budur. Yəni bu
çılğınlıq dolu, çox vaxt əsassız,
ötəri sıçramaları, hansısa ciddi mətləbə
aparıb çıxara biləcək təhlükə kimi qəbul
etməmək... Və imkan daxilində bu
emosional və istedadlı adamlarla ümumi dil tapmağa
çalışmaq. Əlbəttə, əgər bu
mümkündürsə...
- Mən
sizin televiziyada çıxışınıza qulaq asdım.
İctimai Televiziyada "Yeni gün"
proqramının qonağı idiniz. Avstriyaya
səfərinizlə bağlı
danışırdınız. Mənə
çox ləzzət elədi ki, Azərbaycan
yazıçısını o cür qəbul edirlər, o
cür dəyərləndirirlər. Mən
istərdim ki, o barədə bir neçə kəlmə
oxucularımız üçün də deyəsiniz.
- Mən
bu barədə artıq dəfələrlə demişəm.
Və daha utanıram. Deyəcəklər,
bu mövzuda nə qədər danışmaq olar?.. Qısaca olaraq deyim ki, 2001-ci
ildə Vyanada mənim yaradıcılığımla
bağlı doktorluq işi müdafiə olundu. Azərbaycan ədəbiyyatı tarixində bu, Məshəti
Gəncəvinin rübailəri barədə alman alimi, doktor
Frits Meyerin 1963-cü ildə nəşr etdirdiyi "Gözəl
Məshəti" doktorluq işindən sonra ikinci hadisədir.
"Avropa şərqşünaslığında qadın
yazarlar" adlı bu elmi işin müəllifi - Sena
Doğan, 1997-ci ildə Xarici Dillər İnstitutunun dəvəti
ilə Azərbaycana gəlmişdi və bir neçə il
burda qalıb Azərbaycan ədəbiyyatı üzrə
material toplayırdı. Mənim əsərlərimlə də
həmin bu tədqiqat vaxtı tanış
oldu. Sonra mənimlə tanış oldu. Müdafiədən bir qədər sonra, 2003-cü
ildə Sena məni Vyanaya dəvət etdi. O həm də
mənim bir neçə əsərimi - "Azadlıq"
romanımı, bir neçə hekayəmi - "Dahi"ni,
"Sərçələr"i, "Duyğular
imperiyası"nı alman dilinə tərcümə
etmişdi. Vyananın bir neçə mədəniyyət mərkəzləri
"Amerlinqhauz", "Vuq", eləcə də Vyana
Universiteti o il bir neçə silsilə tədbirlər
təşkil etdi. Əsərlərimdən alman dilində
parçalar oxundu, "Sərçələr" və
"Dahi" hekayələri səhnələşdirilmişdi,
mətbuat konfransları və görüşlər təşkil
olunmuşdu... Və mən
düşünürdüm ki, elə bir ölkədə
yaşayıram ki, bu ölkənin akademiyası var, müxtəlif
elmi mərkəzləri, yaradıcı təşkilatları,
bir sözlə, müvafiq qurumları var ki, belə bir hadisəni
nəzarətdə saxlayırlar. Axı həqiqətən
bu, elə bir hadisədi ki, mən istədim-istəmədim,
fiksə olunmalıdı. Axı burda
söhbət tək bir Afaq Məsuddan getmir. Bu,
bütövlükdə Azərbaycan ədəbiyyatının
nailiyyətidir ki, Avropanın ən nüfuzlu elm və mədəniyyət
qurumları bu ədəbiyyata, yəni Azərbaycanın yazıçısına,
Azərbaycan düşüncəsinə bu boyda diqqət
yetirir, bu ədəbiyyatı tədqiq edir, öz ölkəsində
təbliğ edir, Azərbaycanı tanıdır. Sena da, bu tədbirlərin
bir sıra iştirakçıları da - Vyana Universitetinin,
adları çəkilən həmin o mədəniyyət mərkəzlərinin
əməkdaşları da hələ də
çaşqınlıq içindədirlər ki, Azərbaycanda
bu hadisəyə heç bir reaksiya verilmədi... Axı mədəni
ölkələrdə belə məsələlərlə
aidiyyəti qurumlar məşğul olur, bu işdə təşəbbüsdə
bulunan müəlliflər, tədqiqatçı-alimlər
ölkəyə dəvət olunur, elmi iş arxivə
salınır, elmi müzakirələrə verilir və sair və
ilaxır. Bizdə isə əfsuslar olsun ki, hələ
də belə bir mexanizm, yaxud ənənə yoxdur.
Şəxsən mənə qalanda, bu iş artıq
yazılıb və artıq dünya ədəbi fikir tarixinə
köçürülüb. Və bu yaxınlarda mən Vyanaya
növbəti dəvət almışam...
Təxminən
həmin mövzuda elmi işlər üzərində işləyən
iki gənc alim - o Sevil və Raminə xanım Məmmədəliyevaların
uzun müddətli inadkar təkidləri olmasaydı, olsun ki, mənə
2001-ci ildə Vyanada ikən təqdim olunan bu iş hələ
də Mərdəkandakı evimizdə, tozlu arxiv
materiallarının arasında yatıb qalacaqdı. Bu, gənc, lakin sözün əsl mənasında fədakar
alimlər alman dilində yazılmış bu 300 səhifəlik
ağır elmi materialı öz vəsaitləri hesabına
dilimizə tərcümə elətdirdilər, onun
kiçicik bir hissəsini mətbuatda dərc etdilər.
Heç şübhə etmirəm ki, belə bir hadisə
Gürcüstanda, yaxud ayrı bir qonşu ölkənin ədəbiyyatında
baş versəydi, o ölkənin əlaqədar qurumları
bu hadisəylə bağlı tamamilə ayrı bir rezonans
yaradacaqdı.
Bizdə isə bu sahə digər bir çox mədəniyyət
sahələri kimi, hələ də dərin sular
altındadı. Sonra da məyus oluruq ki, musiqimizi
oğurlayırlar, bəstəkarlarımıza şərik
çıxırlar...
- Siz Tərcümə Mərkəzinə
rəhbərlik edirsiniz. Bu
gün Azərbaycanda tərcümə işinin vəziyyəti
nə yerdədir?
-
Mübaliğəsiz deyim ki, bərbad vəziyyətdədir.
O səbəbdən ki, əvvəla bizdə tərcümə
sahəsi uzun illər, yəni sovet dönəmindən, ədəbiyyatı
və bədii tərcüməni sözün əsl mənasında
idarə edən böyük ideoloji qurumun - "Dövlətnəşrkom"
deyilən siyasi aparatın nəzarəti altında olub və
bu səbəbdən tərcüməsinə icazə verilən
dünya ədiblərinin və onların əsərlərinin
seçimində ilk növbədə ideoloji yönüm əsas
götürülüb. Bədii tərcümə
tariximizin ikinci bəlalı tərəfi - seçilmiş əsərlərin
ikinci dildən, yəni rus dilindən çevrilməsi,
üçüncü və ən faciəvi dərd - tərcümələrin,
bədii istedadı, ədəbi ifadə qabiliyyəti olmayan
naşı tərcüməçilər tərəfindən
edilməsidir. Bu barədə mən dəfələrlə
demişəm və yenə deyirəm: bədii tərcümə
- təkcə hansısa dili bilmək, bir mətni bir dildən,
o biri dilə çevirmək demək deyil. Bəlkə də
məhz bu səbəbdən, hələ 80-ci illərdə mərhum
prezidentimiz Heydər Əliyev dünya ədəbiyyatının
dilimizə, Azərbaycan ədəbiyyatının dünya
xalqları dillərinə çevrilməsi və beynəlxalq
aləmdə təbliği məqsədi ilə Azərbaycanda
bədii tərcümə ədəbiyyatını yüksək
peşəkar səviyyədə həyata keçirəcək,
koordinə edəcək bir Mərkəzin yaradılması barədə
məsələ qaldırmışdı. Lakin
həmin illər Heydər Əliyevin vətəndən getməsi
bu məsələni açıq saxladı və bu məsələni
bir müddətdən sonra, başda mərhum türkoloq-alim
Aydın Məmmədov olmaqla, bir qrup ziyalı qaldırdı.
Beləliklə, bu cür genişəhatəli, ölkəəhəmiyyətli
bir işi həyata keçirəcək bir qurumun yaranma tarixi
xoşagəlməz bir dövrə - 1988 -1989-cu illərə
- SSRİ-nin dağılması, Azərbaycanda siyasi hakimiyyətin
hər iki ildən bir dəyişdiyi, müharibələr və
inflyasiyalar dövrünə düşdü və 1989-cu ildə
anormal bir nizamnamə ilə bu təşkilat
yaradıldı... Nizamnaməyə görə,
beynəlxalq əhəmiyyətli belə bir ciddi, ensiklopedik
işi həyata keçirməli olan Mərkəz təsərrüfathesablı,
yəni öz istehsalatı hesabına yaşamalı müəssisə
kimi fəaliyyət göstərməli idi. Siz bir
özünüz təsəvvür edin, maddi bazası,
kağızı, hətta kitab nəşr etməsi
üçün qrifi belə olmayan bir təşkilat öz nəşrləri
ilə, yəni dediyim həmin müharibə vəziyyətində
- camaatın yeməyə çörək
tapmadığı ağır dövrlərdə öz nəşrləri
hesabına yaşamalı idi... Bu illər ərzində
başımız çox bəlalar çəkdi. Nə
zülmlə saxladıq bu təşkilatı... Yalnız
2004-cü ilin may ayında hörmətli prezidentimiz İlham
Əliyevin göstərişi ilə Mərkəzə dotasiya
ayrıldı. Bu dotasiya ilə biz maddi imkansızlıq
ucbatından nəşrinə ara verdiyimiz
"Xəzər" dünya ədəbiyyatı
jurnalının fəaliyyətini bərpa etdik. Neçə illərdən bəri dünya dillərindən
tərcümə etdiyimiz əsərləri kitab halında nəşr
etməyə isə, hələ ki, maddi imkanımız yoxdur.
Bu yaxınlarda, mədəniyyətə, ədəbiyyata
xüsusi qayğı ilə yanaşan prezidentimizin dünya ədəbiyyatının
Azərbaycan dilində nəşrinə dair
imzaladığı sərəncam düşünürəm
ki, bədii tərcümə sahəsinin inkişafına,
dünya ədəbiyyatının Azərbaycanda layiqli şəkildə
təmsil olunmasına əsaslı təkan olacaq. Dünyaya az qala hər sahədə inteqrasiya edən
ölkəmizin ən zəruri ünsiyyət sahəsi
sözsüz ki, onun mədəniyyəti və ilk növbədə
ədəbiyyatıdır. Bu gün biz "Xəzər"in
hər sayında Nobel mükafatı laureatlarının
mühazirələrinin, müsahibələrinin, onların
seçilmiş əsərlərinin orijinaldan tərcümələrini
veririk. Mükafatın təqdimolunma mərasimində
səslənən bu unikal çıxışların hər
biri fikrimcə, oxucuya dünya, insanlıq, ilahiyyat barədə
bəlkə də bir institutun verə biləcəyi
informasiyanı verir. Dünyanın müxtəlif qitələrində,
müxtəlif zaman kəsiklərində yazıb-yaradan bu
seçilmiş qələm sahiblərinin fikir və
duyğuları, əsərləri və gündəlikləri
bu gün bizlər üçün - xırda məişət
və sosial qayğılar bataqlığında
çabalamadan özünü, ruhunu, mənəviyyatını
itirib, az qala şərti instinktlərlə yaşamağa
alışmış insanlar üçün əvəzsiz,
şəfqətli qidadır...
- Afaq
xanım, siz inkişafdan danışanda mənəviyyata da
toxundunuz. Amma mənəviyyatımız bu gün
çürümədədir...
- Səbəbi
bizim özümüzdədir. Bunu hələ ötən əsrdən
- Sabirin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, digər
ədiblərimizin, Allah onlara rəhmət eləsin, bizlər
barədə yazdığı acı həqiqətlər dolu
əsərlərindən də görürük... İllər
ötsə də, başımız çox bəlalar çəksə
də, bizlər yenə rahatlığa, maddiyyata meylli, məsləkimizi,
əqidəmizi asanlıqla kiçicik xeyrimizə dəyişən
həmin insanlarıq... Son illər ölkədə
baş vermiş ağır faciələr - müharibə,
insan və torpaq itkilərimiz də bizlərin bu xislətini dəyişə
bilmədi. Hər bir millətin yaddaşında göynərtili
damğa kimi yaşayacaq bu qorxunc həyat dərsləri belə
bizlərdə heç nəyi dəyişmədi... Çətinliklərin
səngiməyi ilə, sevinib çırtma
çalmağımız, daxıllarımızın tozunu
alıb "güzəranımızı düzəltməyə"
girişməyimiz bir oldu... Tarixə nəzər salsaq, görərik
ki, dünyanın əksər xalqları müharibələrə,
açıq epidemiyalara, ağır keçid dövrlərinə,
mürəkkəb formasiya dəyişikliyinə
uğrayıb və bu hadisələrdən onların da sənət
və ədəbiyyatları, tarixi abidələri, mənəvi
özünüdərki hardasa, necəsə zədələnib,
ləngiyib, hansısa deformasiyalara uğrayıb. Bu baxımdan hələ bəlkə də daha rahat
və əziyyətsiz tale bizim qismətimizə
düşüb.
- Bizlərə
isə heç bir müharibə, epidemiya-filan lazım deyil.
Biz elə durduğumuz yerdə öz-özümüzə
çürüyürük...
-İlk növbədə "yaşamaq" adlanan həyat
yolunun, yaxşı yeyib-içmək, "qazanıb qabaq
düşmək" olduğunu biz hamıdan yaxşı
bilirik və bütün canımızla, qanımızla bu
yolda ən çətin mübarizələrə
girişirik.
Dünya xalqları hər cəhətdən inkişaf etdikcə
və bu inkişafın köməyi ilə dünyanın
qaçılmaz dəyərlərinə - Bədii Sözə,
Sənətə tapındıqca, bizlər yenə mal-dövlət
yarışlarına girişirik, başlarımızı
yüngül əyləncələrlə, bizləri ən əsası,
əziyyətə salmayacaq nələrləsə
qatırıq. Təki bircə dərinə getməyək,
dərindən düşünməyək, beynimizə,
özümüzə əziyyət verib, bəlkə həmin
o dərinliklərdə nə isə yeni olan bir şey
anlamayaq. Əsas odu ki, gözəl yaşayaq...
- Lakin gözəl yaşamaq - gözəl
şəhərlərdə, abad evlərdə yaşamaq, dəbli
geyimlər geyinib bahalı maşınlarda gəzmək deməkdimi?..
Bu gün "bizləri gözəlləşdirməkdən
ötrü" dövlətimiz çox işlər
görür.
Kəndlər salınır, yollar, körpülər çəkilir...
İnsan yaşayışı üçün
dünyada yaxşı olan nə varsa, bu gün ölkəyə
şamil edilir. Bütün bu işlər
bizlərin həyat səviyyəmizin yüksəldilməsi,
sosial rifahımızın
yaxşılaşdırılması üçün
görülür. Lakin bu görülənlər - bizlərin
özümüzü - bizim mahiyyətimizi, xislətimizi dəyişə
biləcəkmi?..
- Bəs çıxış yolu nədədir,
xilas yolu hardadı?..
-
Çıxış yolunu biz daim dövlətdən gözləməyə
adətkərdəyik. Sözsüz ki, bir
çox qayğılarımıza dayaq olan dövlətimiz
bizi, addım-addım sürükləndiyimiz bu qorxunc mənəvi
iflasdan qurtarmaq üçün də nə isə edə bilər
və əslində edir də. Elm və sənət
adamlarına, ümumilikdə, mədəniyyətə,
yaradıcı birliklərə olan qayğı buna əyani
sübutdur. Burda mən mütləq H.Əliyev Fondunun
elm, təhsil və mədəniyyət sahəsində
gördüyü fantastik işləri də qeyd etmək istəyirəm...
Bütün bu işlər əlbəttə ki,
gedir. Lakin dediyiniz o çürümənin
qarşısının tək bir dövlət
qayğısıyla, yaxud dediyim vahid ideoloji mexanizmin
yaradılmasıyla alınacağına inansaq, düşünürəm
ki, yanılmış olarıq. Baxın, bu il tədris mövsümünün
açılışına uşaqlarımıza nə qədər
yeni tikilmiş, yaxud təmir olunmuş gözəl məktəblər,
dərs ləvazimatları və sair verildi. Yəni
zahirən uşaqlarımızın təhsil alması
üçün dövlət əlindən gələni etdi.
Lakin həmin bu yaraşıqlı məktəblərdə
uşaqlara bilik verəcək müəllimlər?.. Onları ki təmir eləmək
mümkün deyil. Yaxud dərs vəsaitlərimizin
keyfiyyəti?!. Bu barədə, yəni orta
məktəblərdə istifadə olunan dərs vəsaitlərinin
bərbad vəziyyəti ilə bağlı dəfələrlə
yazmışam, əvəzində söyüş və təhqirlər
qazansam da yenə deyirəm: əgər övladlarımız,
sözün əsl mənasında, bu qorxunc
"Əlifba"larla təhsil alacaqlarsa, IX siniflərdə
keçilən rus dilində "Ədəbiyyat müntəxabatı"
(Xrestomatiya) kitabında C.Məmmədquluzadənin məşhur
"Danabaş kəndinin əhvalatları"nı
"İstoriya sela telyaçaya başqa" kimi oxuyub öyrənəcəklərsə,
vay bizim halımıza...
Görünür ki, biz bir xalq kimi mahiyyətcə dəyişməliyik. Özümüzü
tanımalı, bizləri tarixin bütün mərhələlərində
xar edən zəifliklərimizi, eyib və
nöqsanlarımızı dərk etməliyik. Xislətimizdəki cahilliyi, mənəvi-ruhi təkamülə
şüurlü, ya şüursuz müqavimətimizi, tənbəlliyimizi,
dünya malına aşiqliyimizi, gördüyümüz
işlərdə başdansovduluğumuzu, hər bir şeydə,
hətta ən müqəddəs toxunulmaz dəyərlərimizdə
belə, mənafe axtarmaq adətimizi, kiçicik xeyrimiz naminə
mümkün alçaqlığa qədər alçala bilmək
istedadımızı axır ki, tərgitməliyik. Bu, əlbəttə
ki, bir ilin, beş ilin işi deyil və bu
işdə, yeri gəlmişkən, ciddi ədəbiyyatın
və bu ədəbiyyatın təbliğinin rolu əvəzsizdir...
"Maneələri,
faciələri təbii qəbul etmişəm”
Əbülfət Mədətoğlunun budəfəki
qonağı Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri,
öz yaradıcılığı ilə Azərbaycan sərhədlərini
aşıb böyük dünya ədəbiyyatına
doğru yol gedən Afaq xanım Məsuddur.
- Afaq xanım, xoş gördük. Necəsiniz?
- Sağ
olun. Yaxşıyam.
- Afaq xanım,
belə götürəndə Azərbaycan balaca bir məmləkətdi,
amma çox varlıdı. Bu varlı olan, əslində
heç nəyi olmayan Azərbaycan adlı dünyayla
danışmağa dil tapırsınız, yoxsa
ayrı-ayrı dillərdə danışırsınız?
- Mən
çalışıram danışım və elə bilirəm
müəyyən əlaqə yarada bilmişəm. Amma Azərbaycanla bütövlüklə ünsiyyətə
girdiyimi deyə bilmərəm.
- Bəs dünyayla necə dil
tapmısınız?
- Mənə
elə gəlir dünyayla daha asan dil tapıram. Bir çox Avropa ölkələri ilə artıq
münasibətlərim var. Bu yaxınlarda yenidən Vyanadan dəvət
almışam. Vyananın Mədəni
Əlaqələr Komitəsinin dəvətidi. Bu, təxminən onların Mədəniyyət
Nazirliyidi.
Orda mənim Vyana radiosu ilə
çıxışım, vyanalılarla canlı
bağlantım nəzərdə tutulub. Əsərlərim
alman dilində oxunacaq.
- Bəs adamlarla necə, onlarla dil
tapa bilirsinizmi?
- Azərbaycanda?
-
Ümumiyyətlə.
- Mənim
öz ətrafım var, yaxın dostlarım var. Onlar tək ədəbiyyatçılar
deyil. Teatr, musiqi aləmindən dostlarım var, sadə insanlar
da var. Amma bu adamlar çox azdır və vaxt
azlığından, onlarla da həmişə ünsiyyətdə
ola bilmirəm.
- Bir məşhur misra var. Deyir:
"Ümid sənin çörəyin, ye Mehmet, ye". Həyatda
ümidiniz çox olub, yoxsa çörəyiniz?
- Ümid
deyə bilmərəm, amma böyük bir sevgim olub həmişə.
Bu, nəhəng bir sevgidi. İlahi
sevgi. Hər birimizin həyatında çətin
anlar, faciələr, maneələr olur. Həmin
bu ilahi sevgiyə görə mən o maneələri
asanlıqla adlamışam. Yəni
heç vaxt heç nəyə ümidlə baxmamışam.
Sadəcə, maneələri, faciələri təbii
qəbul eləmişəm. Ən çətin məqamlarda
belə özümü xoşbəxt və güclü hiss
etmişəm. Ona görə yox ki, hansısa əsərlər
yazmışam, hansısa nəsildənəm, kiminsə
qızıyam. Sadəcə o hiss mənə verilib ki,
xoşbəxt və azadam. Bu, elə bilirəm
İlahinin mənə olan sevgisidi. Burda
heç bir ümidə yer qalmır məncə. Ümid - konkret nəticə, yaxud hər hansı
obyekt tələb edən hissdir. Yəni
insan konkret olaraq nəyəsə ümid edir. Məndə isə dediyim həmin o nəhəng
sevginin konkret obyekti yoxdur.
- Rəhmətlik Məmməd
Araz deyib ki, bir ümidin ətəyindən tutub da fırlan. Bəs sizin ətəyindən
tutduğunuz o inam nədir?
- O inam, məncə,
İlahinin özüdür. Bu, o qədər
ağlasığmaz, o qədər ölçüsüz, səmtsiz
bir hissdir ki, indi mən onu sizə dəqiq təsvir edə
bilmərəm. Bu, İlahinin ətəyi də deyil...
Bu, ola bilsin ki, elə mən özüməm.
Bu, o qədər ələgəlməz, real
anlama, şüur məhsuluna çevrilə biləcək bir
şey deyil ki, deyim onun ətəyindən tutmuşam.
- Siz nədənsə qorxursunuz?
- Qorxu
hissi məndə olur. Ancaq böyük mənada
yox. Övladlarım üçün,
yaxın dostlarım üçün qorxuram. Bəzən görürsən ki, mənasız
qorxular da keçir məndən. Amma
bütün bu qorxular ötəri qorxulardır.
- Bəs hesabat anında gecə kimə
hesabat verirsiniz?
-
Özümə.
- Nə ilə bağlı?
- Mən
hər gecə yaşadığım günü - hərəkətlərimi,
yəni nə demişəm, nə yazmışam, mütləq
süzgəcdən keçirirəm. Düşünürəm,
nə düz idi, nə səhv idi. Əslində bu proses
məndə gün ərzində də gedir. Gecələr isə
hər şeyi sadəcə daha diqqətlə götür-qoy
edirəm...…
- Rəfiqələriniz sizi dəmdən
axtarır, yoxsa qəmdən?
- Mənim
rəfiqələrim yoxdur, bir neçə dostum var. Mən
onları, onlar da məni həmişə ən yaxın məsafələrdə
hiss edirlər. Elə də tez-tez
görüşmürük. Bu
görüşlərin bir ölçüsü, forması,
dəqiq vaxtı da yoxdu. Görüşməyəndə
də, heç nə dəyişmir.
- Bəs qonaq getmək, qonaq
qarşılamaq necə?
- Qonaq
getməyi sevmirəm. Qonaq
qarşılamağı sevərdim, amma buna da vaxtım,
halım yoxdur. Evə o qədər
yorğun gedib çıxıram ki, kiminləsə
danışmağa taqətim olmur. Bir bazar
günləri qalır, onu da ancaq dincəlirəm.
- Ad günü keçirməyi
xoşlayırsınız?
- Yox, qətiyyən.
Ad günüm yaxınlaşanda əhvalım
korlanır. O gün mənim üçün bəlkə
də ən ağır bir gündü. Yəni
bilirəm ki, həmin gün mütləq kimlərsə gələcək,
mütləq sağlıqlar, xoş sözlər deyiləcək,
məni tərifləyəcəklər. O insanlar, yəni
gələnlər əslində məni sevən insanlardı,
onlar beləcə öz borclarını yerinə yetirmək
istəyəcəklər. Hər il mən
çalışıram ötüşəm bu tədbirlərdən.
Bu il nə isə alınmadı.
- Ad gününüz nə
vaxtdır?
- İyunun 3-ü.
- Ən böyük hədiyyəniz
nə olub ad gününüzdə?
- Nə
barədə, maddi?
- Dəxli
yoxdur. Bu yaşa qədər ən böyük
hədiyyəniz nə olub?
- Ən böyük hədiyyəm, əvvəllər də,
indi də yaxın dostlarımın həmin gün məni
xatırlamalarıdı.
- Şərəfinizə xoş sözlər deyəndə
özünüzü necə hiss edirsiniz?
-
Çox pis.
- Niyə?
-
İnsan var, gəlir, səni təbrik edir və daha heç
nə demir. Söhbət dostlardan getmir, əlbəttə.
Ancaq bizim adətlərimiz var axı... süfrə
açılır, burda mütləq sağlıqlar deyilməlidir.
Bəzən o sağlıqlar ürəkdən gəlir, olur
da ki, insan özünü, nə isə deməyə borclu
hiss edir, nə isə deyir, sənsə hiss edirsən ki, o,
borcunu yerinə yetirir, bu isə onun üçün elə də
asan bir iş deyil. O bundan gərilir, özünü məcbur
edir, bu da məni üzür.
- Onda belə bir şeyi də
soruşum. Siz özünüz hədiyyə
verməyi xoşlayırsınızmı?
-
Xoşlayıram, ancaq mən o hədiyyələri əsasən
göndərməyi xoşlayıram. Ad
günü şərti bir şeydi.
- Ümumiyyətlə, istirahət
etməyi xoşlayırsınız?
- Passiv
istirahəti yox. Mən daim nə iləsə məşğul
olmağa öyrəşmişəm. Bir iş tapmayanda
da ən azı düşünürəm. Hətta
yuxuda da. Yesentukidə isə təbiət o qədər
gözəl, o qədər mülayimdi ki, həmin o
mülayimlik insanın ruhunu o qədər ovudur ki, orda fikirləşirdim
ki, niyə bu qədər ili özümə əziyyət
verib o qədər əsər yazmışam?..
- Bir söz işlətdiniz ki, bu qədər
niyə yazmışam. Sizin
yazılarınız sizi Azərbaycan cəmiyyətinə,
oxucusuna və dünyaya tanıdıb. Azərbaycanda
məşhur olmaq sizin üçün nə deməkdi?
O məşhurluq sizi dolandırırmı?
- Azərbaycanda
məşhurluq hələ heç kimi dolandırmayıb. Yəni bizdə oxucu səviyyəsi hələ o yerə
gəlib çatmayıb ki, ciddi yazıçı öz
kitablarının hesabına dolansın. Məşhur
olmağı isə düzünü deyim, mən heç vaxt
istəməmişəm. Məşhurluq
insanın azadlığını əlindən alır.
Piyada gəzməyi, saatlarla küçələrlə
yeriməyi çox sevirəm. Yəni
azadlığı sevirəm. Tanınanda, insanı
küçədə saxlayırlar, sorğu-suala tuturlar, sən
də küçənin ortasında dayanıb az
qala müsahibə verməyə məcbur olursan. Məşhur olmaq - həm də hansısa mənada
oxucunun malına çevrilmək deməkdi. Əsərini ki, oxudu, yəni hisslərini, fikirlərini
özününküləşdirdi, oxucuya elə gəlir ki,
artıq sən də onunsan, onun mülkiyyətisən. Son illər efirdən də, mətbuatdan da
yayınmağımın əsas səbəbi əslində
elə budu. Bu müsahibə ilə
bağlı özünüz də bunu gördünüz.
- Onda belə çıxır ki, siz
dükan-bazara heç getmirsiniz də?
- Ərzaq üçün getmirəm, amma özüm
üçün, yaxud kiməsə hədiyyə almaq
üçün məcbur olub gedirəm. Orda da məni
tanıyırlar, müxtəlif qanqaraçılıqlar olur.
Avropada bir qədər tanınan
yazıçıların köməkçiləri olur ki, bu
dükan-bazar işini ona həvalə edirlər. Mənim hələ ki, belə bir imkanım yoxdur.
Odur ki, özümə bir şey almaq mənim
üçün, sözün əsil mənasında faciədir.
- Sizə toy dəvətnaməsi gələndə
özünüzü necə hiss edirsiniz?
-
Açığını deyim, toya getməyi sevmirəm. Ancaq yaxın dostlarımın övladlarının
və qohumlarımın toylarına gedirəm. Bu səbəbdən
qızımın toyunda yüzəcən kişi
xanımsız gəlmişdi. Bu, mənə
qarşı üsyan idi. Mən də
çox təbii qəbul etdim.
- Sizin Tanrıya münasibətiniz? İnanırsınızmı Allaha?
- Mən
elə Ona inanıram, Onunla da yaşayıram.
- Allaha inanan Afaq xanım başı
ağrıyanda birinci Allaha üz tutur, yoxsa həkimə?
- Bizim hər
birimizdə Allahın zərrəsi var. Birinci
özüm-özümə üz tuturam, özümü dinləyirəm,
özüm-özümü müalicə edirəm. Ümumiyyətlə, dərman atmıram, həkimlərə
də inanmıram. 10-15 il bundan əvvəl
elə oldu ki, həkimlər məni ölüm vəziyyətinə
gətirib çıxardılar. Ondan sonra həkimə
getmirəm.
- Tək qalanda
darıxırsınız?
- O
baxır hansı ovqatda oluram. Mən iki cür
yaşayıram. Bir öz ərazimdə, yəni
yazıda, bir də real qatda. Öz ərazimdə
olanda ailə, idarə işləri arxa plana keçir. Orda mən qətiyyən darıxmıram. Orda
aylarla, olur ki, bütün ili oluram və
saatları, günləri hiss etmirəm. Demək
olar, ayrı bir zaman ərazisinə düşürəm.
O ki, real həyata qayıdıram, əlbəttə, onda gərək
mən nə iləsə məşğul olam. Yoxsa
çox darıxıram. Ölümcül
sıxıntılar keçirirəm.
- Bağınız var?
- Bəli.
- Orda özünüzü nə ilə
ovudursunuz?
- Bizim
bağ Mərdəkandadır. Çox gözəl
də bir yerdədir. Dənizin
yaxınlığında ikimərtəbəli villadır.
Qışda sakitlikdi. Amma təbiət
etibarı ilə oranı qəbul edə bilmirəm. Mənim atamın da, anamın da kökü dağ
yerlərindəndi. Bəlkə bu səbəbdən
öz genetik yaddaşımla dəniz səviyyəsini qəbul
eləmirəm?.. Baxmayaraq ki,
orda bütün şərait var, rahatlıq tapmıram.
- Sizin üçün qarderobu kim seçir?
-
Özüm. Sizə deyim ki, mən çox geyim
almıram. 17 il bundan əvvəl həyat
yoldaşım mənə çox bahalı bir şuba
almışdı, onu hələ də səliqə ilə
geyinirəm. Ümumiyyətlə, tez-tez geyim
almağı sevmirəm. Həm də
çalışıram elə bir şey alım ki, məni
bezdirməsin və dükana getmək ehtiyacımı uzun
müddətə öldürsün.
-Afaq Məsud Azərbaycan
adlı məmləkətdə nəyin olmamasını istərdi?
-
Yesentukidə olanda Azərbaycanı bir daha kənarda
gördüm. Axı uzaqdan hər şey daha
aydın görünür. Elə bil
yuxarıdan baxdım ölkəyə. Bu
gün Azərbaycanın sözün əsl mənasında
yenidən doğulmasını anlamaq üçün bəlkə
də ölkədən bir qədər kənarlaşmaq, məmləkətdə
baş verənlərə uzaqdan baxmaq lazımdır. Burda biz yol gedərkən gözümüzün
yanıyla hardasa böyrümüzdə, ya arxamızda nəyinsə
söküldüyünü, haranınsa
qazıldığını görüb küçələrin
bu bitib-tükənməz toz-torpağına, gedişi çətinləşən
qapalı yollara görə deyinirik. Kənardan
baxanda isə bütün bu söküntülərin,
toz-torpağın, yenidən doğulan ölkənin çətinli-əzablı
doğulma halı olduğunu anlayırıq. Vətəndən
çıxanda və geri qayıdanda ilk növbədə onu
anlayırıq ki, tək bir Binə hava limanı ilə əzəmətli
Rusiyanın Mineral sularının hava limanını müqayisə
etmək kifayətdir ki, hər bir azərbaycanlı bu ölkənin
vətəndaşı olduğu üçün gizlicə də
olsa qürur duysun. Niyə "gizlicə"
deyirəm, çünki müstəqilliyə qədəm
qoyandan bizlərdə dövləti, dövlət
başçısını tərifləmək, görülən
yaxşı işlərə "yaxşı" demək nədənsə
ayıb sayılmağa başlayıb. Bizlərə
görə dövlət də, onun başçısı da
bizim üçün, övladlarımızın gələcəyi
üçün gecə-gündüz
çalışmalıdı. Gördüyü
işlər barədə vaxtaşırı bizlərə
hesabat verməlidi, çatışmayan tərəflərini
düzəltməlidi. Dövlətinə
belə tələbkarlıqla yanaşan bizlər bu tələblərin
müqabilində bunun yarısı qədərində
özümüzə də yanaşsaydıq, pis olmazdı.
Bu gün Azərbaycanın çiçəklənməsi
üçün bütün imkanlardan istifadə edilir.
Şəhərlərimiz, kəndlərimiz, yollarımız,
güzəranımız getdikcə abadlaşır...
"MƏN İKİ CÜR
YAŞAYIRAM”
- Bəs biz özümüz
abadlaşırıq?
-
İnanın ki, dincəldiyim Yesentukinin Kalinin sanatoriyasında
bir neçə azərbaycanlı ailəsi dincəlsə də,
qaldığım iyirmi dörd gün ərzində mən
Sibirdən gəlmiş 74 yaşlı qarıyla həmsöhbət
ola bildim. Onunla biz qədim
şamanlıqdan tutmuş bu gün dünyada baş verən
ictimai-siyasi proseslərdən hər tərəfə gedib
çıxdıq. Bizimkilərə isə
açığını deyim, yaxın getməyə belə
çəkinirdim. Ən azı o səbəbdən
ki, bizimkilərlə söhbətə girişməkdən
ötrü ilk əvvəl gərək Yesentukinin, Kislovodskinin
dükanlarından, ölkənin varlı adamlarının ailə
sirlərindən və daha nələrdən məlumatın
olsun və sair və ilaxır. Bu
baş-gözlə biz hələ nələrəsə
iddialıyıq. Gözəl həyata,
abad yaşayışa. Biz ümumiyyətlə,
hər şeydən narazı qalmağa bir növ adət
etmişik. Bu narazılıq bizim təbii
halımıza çevrilib. "Qızıl
balığın nağılı"ndakı qarı kimi.
Elə hey ağzımızı əyib elə
hey nəysə istəyirik. Bir balaca nəfəs
dərib düşünək ki, biz bu iddialara layiqikmi? Gün gələcək Azərbaycanın
sosial-siyasi problemləri bitəcək, hər bir azərbaycanlı
olsun ki, dünyanın ən varlı ölkələrinin vətəndaşlarının
həyatını yaşayacaq. Lakin
bütün bu abadlıq bizləri mahiyyətcə dəyişə
biləcəkmi? Çox istərdim ki,
intellektimiz, mənəviyyatımız tələblərimizlə
uyğunlaşa bilsin. Deyəsən mətləbdən
uzaqlaşdım...
- Eybi
yoxdu, buyurun.
- Təsəvvür
edin ki, orada - sanatoriyada keçmiş MDB ölkələrindən,
Dağıstandan, Gürcüstandan, Rusiyadan və digər
yerlərdən gələnlər vardı. Onların
bir çoxu ilə ötəri tanışlıqdan, qısa
söhbətlərimizdən, bu ölkələrin Azərbaycanın
uzaq, geridə qalmış Sovet illərini
yaşadığının şahidi oldum. Ayaqları hansısa xəstəlikdən
şişmiş bir həmyerlim - orta yaşlı kök bir
qadın isə nəfəsini güclə çəkə-çəkə
hardasa yaxındakı mağazadan aldığı mirvari
haqqında elə danışırdı, elə bil dərmanından
danışırdı. Bu böyük faciədi, milli
faciə! Niyə hər şeyin mahiyyətinə,
incəliyinə kimi varan bizlər özümüzü kənardan
görmürük? Niyə axı bu
gündəyik? Sabirin, Cəlil Məmmədquluzadənin
obrazlarından nə vaxt çıxacağıq?
- Kiməsə borcunuz var?
- Mənəvi?
- Hər
iki mənada.
- Maddi deyəndə
ki, bəzi dostlarıma borcum var. Ancaq buna maddi də demək
olmaz. Bu, daha çox mənəvi borcdur. Bir təşkilat rəhbəri kimi onların sosial vəziyyətinin
necə olduğunu bilirəm, amma heç nə edə bilmirəm.
Onlara zəhmətlərinin və
istedadlarının müqabilində layiq olduqlarını verə
bilmirəm. Bu mənada özümü həm
maddi, həm də mənəvi cəhətdən onlara borclu
sayıram.
-
Tanınmış yazıçı, böyük bir təşkilatın
rəhbəri, sözün həqiqi mənasında Azərbaycan
ədəbiyyatını böyük dünyaya
çıxaran Afaq Məsud öz məşhurluğunun dəyərini
Azərbaycanda ala bilir, yoxsa yox?
- Əvvəla mən özümü məşhur hesab etmirəm. Əgər bir qədər tanınıramsa, bunun da bir müsbət məqamı var ki, Azərbaycanda tanınan adamın sözünü eşidirlər, ona inanırlar. Yeganə təsəllim budur ki, az-çox tanınmağım sözümü aidiyyətli ünvanlara çatdıra bilir.
("Ədalət”,
2007)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2017.-3
iyun.- S.8-9.