MƏNİM  NAXÇIVANIM

 

Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır

Doğma Şahbuzum da, Naxçıvanım da.

 

Bir bağban əli var təbiətində-

Dağda çiçəyi bol, bağda barı bol.

O, yaxın dostudur təbiətin də

Yayda günəşi bol, qışda qarı bol.

 

Mən burdan baxıram bütün aləmə,

Bu yerin qışı da yazımdır mənim.

Axan çaylarına lal sudur demə,

Onlar min nəğməli sazımdır mənim.

 

Seyr elə Arazı bir yaz səhəri,

Bir tarix dil açır onun səsində.

Bu yerin min dərdi, min kədəri

Yazılmış Atabəy məqbərəsində.

 

Yaxşı bax, hər qara  qayanın, dağın,

Dibi Zərdüştlərin ocaq yeridir.

O gündən üstündə ana torpağın

Qalan min yağının ləpirləridir.

 

Biz nöqtə qoymuşuq acıya, dərdə

Ömrü ulduzlardan almışıq indi.

Babamız qəm əkib, qəm biçən yerdə

Çiçəkli bağ-bağat salmışıq indi.

 

Hanı Qəmküsarın qəm şəlaləsi,

Qəlbində apardı neçə dərdi o.

Çatsa qulağına bu günün səsi

Ayılıb adını dəyişərdi o.

 

Şəhərim çırağban, kəndim çırağban

Kəhkəşan sinəmdən nur alsın deyir,

Onun gecəsinin işıqlarından

O tayın gündüzü işıq istəyir.

 

1957.

                MƏMMƏD ARAZ

 

Ədalət 2017.- 8 iyun.- S.1.