El sənəti:
Əcəmi seyrangahında
bir emalatxana var
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Qədim
rəqs və musiqi mədəniyyəti
ilə sıx bağlı olan, vaxtilə geniş yayılmış qədim
çalğı alətlərimizin
də bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə
tanıdılmasına ciddi
ehtiyac var. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban
kimi çalğı
alətlərimizin adlarına
musiqi tarixinə dair mənbələrdə,
Kitabi-Dədə Qorqud,
Koroğlu dastanlarında,
eləcə də klassik şairlərimizin əsərlərində rast
gəlinir. Qədim çalğı alətlərinin bir çoxu bərpa olunmuş və yenidən musiqi alətlərinin sırasına
daxil olmuşdur.
Vasif Talıbov
Naxçıvan MR Ali Məclisinin Sədri
Xalqın təxəyyülündən bulaq
suyu kimi süzülüb gələn
zəngin Azərbaycan
musiqisi öz dərin rişələri
üzərində qidalanaraq
həyatımızda özünəməxsus
yer tutmuşdur. O çətin
gündə bizim təsəllimiz, şad gündə arzu və istəklərimizin
boy atmasında köməkçimiz
olmuşdur. Musiqi insanda sözlə
izhar olunmayan elə bir emosiya
yaradır ki, onu izah etmək
çətindir. Qəlbimizin dərinliyinə
qədər işləyir,
pünhan xəyallarımızı
dilə gətirir.
Bəli,
musiqi gözlə görünməyən, sözlə
deyilməyən, rənglərlə
vəsf olunmayan sehrli bir aləmdir.
Bu aləmdə yaşayanlarsa xoşbəxt
insanlardır.
Belə xoşbəxt insanlardan biri də sazını
köksünə sıxıb
"Naxçıvani" havasının
qanadları üzərində
bizi yaxın-uzaq keçmişə aparan Naxçıvan musiqi kollecinin müəllimi, qədim musiqi alətləri emalatxanasında
çalışan İxtiyar
Seyidovdur. İxtiyar Seyidov uzun müddətdir ki, qədim musiqi alətlərinin istehsalı
və təmiri ilə məşğul olur, xalq sənətkarlığı
nümunələrinin yaşadılmasına
öz töhfəsini
verir.
Onunla çalışdığı
emalatxanada görüşdük. Radionun ətrafa
yaydığı həzin
bir melodiyanın sehrinə düşüb
alətlərə yeni
həyat verirdi. Bir əlində karandaş, o
biri əlində yenicə eskizini hazırladığı rud
alətinin maketi var idi. Gəlişimizin məqsədini biləndə
həmişəki kimi
gülümsünüb söhbətə
başladı. Milli musiqi
alətlərimizin hazırlanması
olduqca maraqlı və şərəflidir.
Azərbaycan Respublikası müstəqillik
qazanandan sonra milli mənəvi dəyərlərimizin yaşadılması,
qədim musiqi alətlərimizin qorunub saxlanılmasına ciddi fikir verilir. Mən də sənətin yaşadılması üçün
səylə çalışıram.
Bilirsinizmi, Azərbaycan təbiəti
rəngarəng olduğu
kimi onun incəsənəti də
dolğun və zəngindir. Bu sənətlə məşğul
olmağımda isə
atamın böyük
rolu olub. O, dünyaya göz açdığım Şahbuz
rayonunun Kükü kənd tam orta məktəbində müəllim
işləyirdi. "Elm və həyat" jurnalı alırdı.
Orada milli musiqi alətlərimiz
haqqında musiqişünas
alim Səadət Abdullayevanın elmi məqalələri dərc
olunurdu. Mən həmin
məqalələri gizlicə
kəsib özümdə
saxlayır, alətlərin
şəklini çəkirdim.
Düşünürdüm ki, Azərbaycan
xalqının zəngin
yaradıcılıq çeşməsində
ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı
ilə bağlı olan xalq sənətləri
tutur. Bu sənəti yaşatmaq üçün Zaqatala tənburunun şəklinə
baxıb həmin aləti düzəltdim.
Sonra yeni alətlərin düzəldilmısi bir növ hobbimə çevrildi. Elə təhsilimi
də musiqi ixtisası üzrə aldım. Sonra Naxçıvan musiqi
kollecində dərs dediyim müddətdə bir sinif otağını
emalatxana elədim.
Həmin
emalatxanada tələbələrimlə
birlikdə kollecdə
istifadə olunan musiqi alətlərini yenidən bərpa etdik. 1998-ci ildə
Bakı şəhərində
"xalq yaradıcılığı
milli sərvətimizdir"
devizi altında keçirilmiş xalq sənətkarlarının əl
işlərinə birinci
Respublika baxış musabiqəsinin qalibi olmuşam. Milli-mənəvi sərvətin yaşadılmasına
olan sonsuz məhəbbətim məni
2005-ci ildə Naxçıvan
Musiqi Kollecində qədim xalq çalğı alətləri
ansamblını yaratmağa
sövq etmişdir.
Tərkibi qopuz, rübab, tənbur, dilruba, cağanə, ud, ney, balaban,
tütək, qanun,
tar, kamança, cürə
saz, qaval və digər Azərbaycan qədim musiqi alətləri xalqımızın zəngin
folklor inciləridir. Həmin alətlərin əksəriyyətini
özüm hazırlamışam.
Milli musiqi alətlərinin hazırlanması
işində təşəbbüskarlıq
göstərmişəm. Burda elə bir usta
olmayıb ki, bu sənətin sirlərini ondan öyrənim. Özüm marağında olduğuma
görə məlumatları
kitablardan, vaxtilə sənətkar yanına gedib-gələn insanlardan
soruşmuşam.
Elə musiqi alətləri var ki, onları düzəltmək lazım
olur. Bu cür musiqi alətlərini düzəltməksə sənətkardan
böyük ustalıq
tələb edir.
Müasir musiqi alətlərinə
yeniliklər, dəyişikliklər
edirik. Ansambl şəklində düzgün ifa etmək mümkün olsun deyə. Alətlərin tellərində əvvəllər
ipək saplardan, heyvan bağırsaqlarından
istifadə etmişlər.
Ancaq onda səs az
olur. İndi süni kəndirlər
var ki, onlardan
bağırsaq əvəzi
istifadə edirik.
Çalışırıq ki, alətlər
qədimliyini itirməsin.
Alətlərin hazırlanmasında istifadə olunan materiallar düzgün seçilməlidir. Məsələn,
saz alətini tut ağacından gərək
düzəldəsən, ud
alətinin sinəsi şam ağacından olmalıdır və yaxud tut və qoz ağacı da ola bilər. Ancaq qolu qoz, aşıqları isə armud ağacından olmalıdır. İfa vaxtı
alətlərdə yeyilmə
olur. Bərk material olanda isə
onun qarşısını
alır. Alətlərə boya vurmaq olmaz.
Əvvəllər boyadan istifadə
olunmayıb. Ancaq müasir
dövrdə hədiyəlik
suvenirlərə boya vurulur ki, yaxşı
görünsün. Boya nəmişlik
yaradır və aləti tez sıradan çıxardır.
Alətlərin üzərinə çəkilən dəri
də bir müddətdən sonra öz keyfiyyətini itirir. Məcbur olursan ki, onu dəyişəsən.
Tarın
üzərinə mal ürəyinin
pərdəsi çəkilir,
kamançaya balıq
dərisi, tulumda isə keçi dərisindən istifadə
olunur. Rübab alətinə keçi
dərisi çəkilir.
Hazırda rud aləti
üzərində işləyirəm.
Onun yarıya qədərinə
keçi dərisindən
üz çəkilməlidir.
(ardı
gələn sayımızda)
Adilə Səfərova
Əməkdar mədəniyyət
işçisi
Ədalət 2017.- 9 iyun.- S.3.