Ustad sənətkar Mirzə Mənsur haqqında xatirələr

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ən yaxın dostu və məsləkdaşı, ilk Əməkdar incəsənət xadimi adı alanlardan biri, 1920-ci ildə Üzeyir Hacıbəylinin sədrliyi ilə təşkil olunan muğam komissiyasının üzvü, 1926-46-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında muğam sənətini gənc bəstəkarlara tədris edən müəllim, ifasında "Rast", "Zabul Segah" və "Dügah" muğamlarının Tofiq Quliyev və Zakir Bağırov tərəfindən nota salınması və s. onun, musiqi mədəniyyətimizdəki xidmətlərinin qısa səlnaməsidir. O, yalnız mükəmməl ifaçı deyildi, həm də klassik muğamlarımızın nəzəri əsaslarını dərindən bilən iki müqtədir ustadın - Mirzə Fərəc və Mirzə Sadıq Əsəd oğlu məktəbini davam etdirən, bu məktəbin çox istedadlı və hünərli nümayəndəsi idi. İnsanlığa həmişə qiymət verən dahi bəstəkarımız Üzeyir Hacıbəyli Konservatoriyada rektor işləyərkən keçirilən müzakirələrdə və iclaslarda xatirini çox istədiyi Mirzə Mənsur müəllimi həmişə yanında əyləşdirərmiş. Həssas və incə qəlb sahibi olan Mirzə Mənsur müəllim həm də qəzəllər, qoşmalar və lirik şeirlər yazmışdır.

 

Mənsura, musiqini söyləmə biganələrə,

Çəkmə zəhmət, nə bilir rütbeyi-insan cəmaət.

 

1955-ci ildə Şuşa Musiqi Məktəbinin tar sinfini bitirərək Bakıya gəldim və Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. O vaxtlar musiqi texnikumu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aşağı mərtəbəsində yerləşirdi. Şöbə müdirimiz, görkəmli pedaqoq Adil Gəray Məmmədbəyli tələbə dostum Sabir Quliyevi (Sənətşünaslıq doktoru, professor, uzun illər Pedaqoji İnstitutun musiqi kafedrasının müdiri işləmişdir) və məni Mirzə Mənsur müəllimin sinfinə müəyyən etdi. Mirzə Mənsur müəllim uca boylu, pəhləvan cüssəli və çox ciddi görkəmi ilə diqqəti cəlb edirdi. Oturuşu, tarı sinədə tutması, xüsusilə çox ahəngdar çalğısı istər-istəməz qarşısındakı şagirdini də cuşa gətirirdi. Tar bu qüdrətli sənətkarın əlində sanki bir orkestr təntənəsi yaradırdı. Birinci kursu beləcə məşğul olduq. Yaşının ixtiyar çağını nəzərə alaraq (artıq 70 yaşına çatırdı) evində məşğul olmağını məsləhət görmüşdülər. İçərişəhərdəki iki otaqdan ibarət mənzilin böyük otağı muzeyi xatırladırdı. Otağın yuxarı başında masanın üzərində Üzeyir Hacıbəylinin şüşə çərçivə içərisində nisbətən böyük portreti, ətrafında isə bu dahi şəxsiyyətlə bağlı sənət adamlarının qrup halında və ya tək-tək şəkilləri nəzəri cəlb edirdi. Otağın bir hissəsi bir növ Üzeyir Hacıbəyli guşəsi təsiri bağışlayırdı. Mirzə Mənsur müəllim danışırdı ki, Üzeyir bəyin vəfatından sonra bir neçə il tarını futlyardan çıxarmayıb və işdən də çıxıb. 1942-ci ildə Böyük Vətən Müharibəsində Kurskda qəhrəmanlıqla həlak olan yeganə oğlu, 30-cu illərin çox istedadlı, virtuoz tarzəni Ənvər Mənsurovun dərdinin üzərinə Üzeyir bəy dərdi də gəlib. Yalnız mərhum bəstəkarımız Süleyman Ələsgərov Musiqi Texnikumuna direktor təyin olunduqdan sonra muğamlarımızın gələcəyi naminə Mirzə Mənsur müəllimi işə cəlb edə bilib. Etiraf edim ki, rəhmətlik Mirzə Mənsur müəllim mənə əsl ata qayğısı ilə münasibət göstərirdi. Yəqin bunun bir səbəbi də mənim də atamın 1942-ci ildə Kerç cəbhəsində həlak olması idisə, digər səbəbi dahi Üzeyir bəyin, Mirzə Sadığın və Cabbar Qaryağdı oğlunun həmyerlisi olmağımda idi. Nəql edərdi ki, Mirzə Sadıq Əsəd oğlu Hacı Hüsü ilə tez-tez atası Məşədi Məlik Mənsurovun qonağı olardılar. Qardaşı Məşədi Süleyman və o, özü də bu gəlişdən istifadə edərək ondan muğamları öyrənirdilər. Əlbəttə, müntəzəm məşğələlər Mirzə Fərəclə aparılırdı. Bir dəfə Mirzə Mənsur müəllim, Sabir və mən evin damına qalxdıq. Dəniz o qədər yaxın görsənirdi ki, mənə elə gəldi ki, əlimi uzatsam suya vura bilərəm. Yan tərəfində Qız qalası, qarşımızda sonu görünməyən mavi dəniz. Mirzə Mənsur müəllim nəql elədi ki, burada məclis qurulub, Mirzə Sadıq öz dəstəsi ilə çalıb, Hacı Hüsü oxuyub. Danışdı ki, ətrafda görünən mülklərin əksəriyyəti onlara məxsus idi. Onlara məxsus olan balıq vətəgələrindən və ticarətindən yüksək gəlir əldə edilirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bunların hamısı əllərindən alınıb. Mirzə Mənsur müəllim heç vaxt Sadıqcan sözünü işlətməzdi. Belə hesab edirdi ki, ermənilər onu belə adlandırıblar. O, yalnız Mirzə Sadıq Əsəd oğlu sözünü işlədərdi və bu mənada o, haqlı idi.

Otaqda divardan asılan çox gözəl sədəfli bir tar sanki öz sahibinin qüssəsini çəkir və yolunu gözləyirdi. Bu tar Ənvərin tarı idi. Onu Mirzə Mənsur müəllim özü düzəltmişdi. Hətta yaxın qohumlarından biri gəlib, "Daha Ənvər gəlmədi, o tarı ver aparım" deyəndə, Mirzə Mənsur müəllim sarsılmış və çox əsəbiləşmişdi.

Divardakı şəkillərdən biri də sevimli müəllimi, Bakı Muğam Məktəbinin yaradıcılarından biri olan, tarzən Mirzə Fərəcin (bəstəkar Ağabacı Rzayevanın babası) şəkli idi. Mirzə Mənsur müəllim fasilə anlarında şəklin qarşısında dayanaraq ustadının ruhuna dualar edər və salavat çevirərdi. Məlumdur ki, Mirzə Fərəc bütün bildiklərini yalnız sevimli şagirdi Mirzə Mənsur müəllimə öyrətmişdi. Gəncliyində saz çalmağı da xoşlayırmış. Mirzə Mənsur müəllim nəinki muğamlarımıza, həmçinin tarın özünə belə çox konservativ münasibəti var idi. Məsələn, tarın sədəflə bəzədilməsini, qoluna kapron pərdə bağlanmasını (yalnız bağırsaqdan olmalı idi) sevmirdi. Belə hesab edirdi ki, bunlar tarın təbii səslənmə tembrinə mənfi təsir göstərir. Tarın çanağı ilə qol, kəllə və aşıqların çəki etibarilə tənasüb olmasına üstünlük verərdi. Yəni, çanağın içərisi o qədər yonulmalı idi ki, bu tənasüblük təmin olunsun. Mizrabın keçi buynuzundan olmasını vacib sayırdı. Onun öz tarı bütün bu keyfiyyətlərə malik idi, çox şəffaf rezonansı və ahəngi ilə seçilirdi. Həm də özünün düzəltdiyi sədəfli tar Parisdə və İstanbulda keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. Muğamların təmkinlə çalınmasına və vəzninə xüsusi diqqət yetirərdi. Belə hesab edirdi ki, indi muğam çalmırlar, etüd çalırlar. Biz dərsimizi bitirib otaqdan çıxarkən görkəmli tarzənlərimizdən ya Qurban Pirimov, ya da Əhsən Dadaşovla qarşılaşardıq. Hər ikisi tarları ilə gələrdilər. Əhsən Dadaşovun özünəməxsus ifa tərzi yəqin ki, həmin ünsiyyətin nəticəsi idi. Görkəmli bəstəkarlarımızdan Səid Rüstəmov, Arif Məlikov, unudulmaz tarzənimiz Əhsən Dadaşov və musiqişünas Nadir Əhmədov da muğam sənətini onun sinfində öyrənmişlər.

1957-ci ilin Novruz bayramı günləri idi. Sabirlə mən dərsimizi bitirdikdən sonra Mirzə Mənsur müəllim bizi süfrə arxasına dəvət etdi. Doğrusu, çox sıxılırdıq. Lakin Mirzə Mənsur müəllim təkid etdikdən sonra masa arxasında əyləşdik. Həyat yoldaşı süfrəyə plov gətirdi. Bundan sonra şirniyyat süfrəsi açıldı. Mirzə Mənsur müəllim təkid etdi ki, bayramdır, mütləq gərək çayınızı şirin edəsiniz. Onun həyat yoldaşı (Allah ona rəhmət eləsin) o qədər həyalı qadın idi ki, çox nadir hallarda ötəri gözə dəyərdi. Başında həmişə qara çarşabı olardı. Bu çarşab həm də yeganə oğlunun dərdini iç dünyasında yaşadan ananın iztirablarını sanki ətrafdakılardan gizlədirdi.

Biz qapıdan çıxarkən əlindəki bağlamanı mənə uzadaraq: Oğlum, rayondan gəlmisən, apar evdə yeyərsən, dedi. Mən minnətdarlıq edərək qəbul etdim.

Mirzə Mənsur müəllimin ifası çox ifadəli, ahəngdar, qətiyyətli və bitkin idi. Mənə elə gəlirdi ki, o tar çalarkən sanki şirə, pələngə çevrilirdi (hətta yaşının ahıl çağlarına baxmayaraq). Onun ifa üsulu bir tərəfdən ilk müəllimi Mirzə Fərəci ifadə edirdisə, digər tərəfdən Mirzə Sadıq Əsəd oğlunun ifa tərzini bütünlüklə mənimsəyən şuşalı tarzən Lazarın vasitəsilə Mirzə Sadıq məktəbinə yiyələnmişdi. Onların evindəki məclisdə Lazar öz dəstəsilə çıxış edərkən Mirzə Fərəc ona irad tutur ki, sən tamamilə Mirzə Sadığı yamsılayırsan. Hər kəsin öz yolu olmalıdır. Və araya mübahisə düşür. Məşədi Məlik aranı sakitləşdirərək deyir: "Məgər Mirzə Sadığı yamsılamaq asan işdirmi?". Hamı sakitləşir.

1905-ci ildə Bakıda baş verən hadisələr zamanı ermənilər daşnak partiyasına ianə vermədiyinə görə Lazarı ölümlə hədələyirlər və o, Kiyevə köçməyə məcbur olur.

Mirzə Mənsur müəllim həm də cəfakeş baba idi. Ənvərin yeganə oğul yadigarı olan nəvəsi Arifin tərbiyəsi ilə özü məşğul olur, onun layiqli bir insan kimi yetişməsinə daim diqqət və qayğı göstərərdi. Arif Mənsurov uzun illər respublikamızın Ekologiya və Təbii Sərvətlər Komitəsinin sədri işləmişdir.

"El" jurnalının 40-cı nömrəsində Arif Mənsurovun həyat yoldaşı Cəmilə xanımın xatirələri əsasında N.Bədəlovun "Böyük İnsan diplomu" məqaləsi dərc olunmuşdu. Bu yazı məni çox təsirləndirdi.

Arif Mənsurov Politexnik İnstitutunu bitirdikdən sonra babasının yanına gəlir və ali təhsil diplomunu ona göstərir. Mirzə Mənsur müəllim diplomu əlinə alır, o tərəf-bu tərəfə baxdıqdan sonra ona qaytarıb deyir: "Çox gözəl, ali təhsil aldın, mühəndis oldun. O gün olsun ki, bir insanlıq diplomu da alasan. Sağ olsam, bu mənzilimə, ölsəm də o mənzilimin üstünə gətirib göstərərsən. Arxayın ol, hər iki halda görüb, sevinəcəyəm!..".

Ruhun şad olsun, Mirzə Mənsur müəllim. Sən sağlığında dosta sədaqətinlə, təmizliyinlə, musiqimizə xidmətinlə Böyük insan diplomunu qazanmısan! Allah sənə rəhmət eləsin!..

 

Tahir Hacı ƏZİMLİ

Musiqişünas

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət 2017.- 13 iyun.- S.3.