NİYAZİ - DAHİ MAESTRO, BƏSTƏKAR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Onun haqqında bəstəkarlarımız və musiqişünaslarımızın, mətbuatda məqalələri dərc olunub, kitablar yazılıb, görkəmli sənət adamları onun fitri istedadına çox yüksək qiymətlər vermişlər. Keçmiş SSRİ-nin dəmir pərdəsi arxasından Azərbaycanı və bəstəkarlarımızın əsərlərini xarici ölkə dinləyicilərinə ilk tanıdanlardan bəlkə də, elə birincisi dahi maestro Niyazi olmuşdur. Hacıbəyovlar nəslinin çox görkəmli nümayəndələrindən biridir.

Mən isə bu görkəmli sənətkar haqqında 1958-60-cı illərdə OperaBalet teatrının simfonik orkestrində fəaliyyət göstərdiyim dövrlərdə apardığım müşahidələr əsasında, öz xatirələrimi oxucularla bölüşmək istəyirəm. 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyü ilə əlaqədar, OperaBalet teatrında böyük hazırlıq işləri aparılırdı. Rəhbərlik yeni təyinatlar hesabına gücləndirilmişdi. Direktoru dahi bəstəkarımız Fikrət Əmirov, baş dirijoru Niyazi, baş rejissoru isə Mehdi Məmmədov təyin olunmuşdular.

"Koroğlu", "Sevil" operaları, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri Niyaziyə, "Qız qalası" baleti Əfrasiyab Bədəlbəyliyə, "Gülşən" baleti isə Kamal Abdullayevə həvalə olunmuşdu. Niyazi həm də "Koroğlu" operasının yeni redaksiyasını işləmiş, orkestrovkasını təkmilləşdirmişdi. Operanın qəhrəmanlıq pafosu yüksəlmiş, dinamikası sürətlənmiş, nüansların müsbət mənada təsiri artırılmışdı. Uvertüradan başlayaraq bütün bu keyfiyyətlər diqqəti cəlb edirdi. "Moderato" əvəzinə "Allegro", uvertüranın qalibiyyət ruhunu birə-beş artırırdı. O vaxtdan 50 ildən artıq vaxt keçib, lakin mən heç bir dirijor tərəfindən uvertüranın bu tempdə ifa olunmasını müşahidə etməmişəm. Qız Qalası qarşısında təxminən keçən əsrin 80-ci illərində Ramiz Məlikaslanovun idarəsiylə Azərbaycan televiziyası və radiosunun simfonik orkestrinin uvertüranın ifası çəkilişində Ümumittifaq səsyazma studiyasının 1959-cu ildə yazılan valından istifadə olunmuşdur.

Məhz Niyazinin tələbkarlığı sayəsində həmin illərdə OperaBalet Teatrının simfonik orkestrinin səviyyəsi qat-qat yüksəlmişdi.

Məşqlər çox gərgin keçirdi. 90 nəfərlik simfonik orkestr, xor, solistlər dahi maestrinun barmağının bir işarəsinə bənd idilər. Mənə elə gəlirdi ki, onun barmaqlarının hamısı sanki dirijor çubuğu vəzifəsini yerinə yetirirdi. Məşqlərdə dirijor çubuğundan istifadə etməzdi, yalnız tamaşa vaxtı əlində dirijor çubuğu olardı. Ciddi və fəhmli görkəmi vardı. Pult arxasına keçdikdə qoşuna hücum əmri verməyə hazırlaşan sərkərdəni xatırladırdı. Xüsusilə "Koroğlu" operasına dirijorluq etdikdə bu əzəmət birə-beş artırdı. Kamil eşitmə qabiliyyəti olduğuna görə heç bir səs qulağından yayınmazdı. Məşq zamanı çox vaxt orkestri saxlayaraq, hansısa skripkanın üçüncü siminin bəm olduğunuya tarlardan hansınınsa sarı siminin xaric olduğunu irad tutardı. "Sevil" operasının məşqi zamanı yaşlı kontrabas çalanı, geniş bir qlissandonu dəfələrlə xaric tutmasını maestro kəskin bir şəkildə tənbeh elədi. Sözün əsl mənasında pult arxasında Niyazi qəddar bir hökmdara çevrilirdi. Lakin pultdan aşağı düşəndən sonra çox sadə, incə qəlbli, deyən-gülən, xüsusiləgəncləri ətrafına toplayıb, məzəli əhvalatlar danışaraq, çox həyatsevər bir insan təsiri bağışlayırdı. Həmin bu xüsusiyyətlər onun dahiliyini səciyyələndirən keyfiyyətlərindən idi. Hamı ona Maestro deyə müraciət edərdi. Hətta məşqlərin birində çox gülməli bir əhvalat baş verdi. Onun düz qarşısında əyləşən, solist klarnetçalan, mənşəcə erməni olan Edik tük çıxmayan başına parik otağından parik alıb qoyaraq çox ciddi görkəmdə onun qarşısında əyləşmişdi. Üzündə həyası olmayan ermənidən başqa heç kim onunla belə zarafat etməyə cəsarət etməzdi. Məşq başladı. Niyazi orkestrə daxil olaraq pult arxasına keçdi. Bütün orkestr gülməkdən özünü saxlaya bilmirdi. O, ətrafa göz gəzdirdi, lakin bu gülüşün səbəbini aydınlaşdıra bilmirdi. Oturacağına əyləşərək bir-bir bütün orkestri gözdən keçirməyə başladı. Nəhayət, düz qarşısında əyləşən, başında parik olan klarnetçalanı gördükdə özünü saxlaya bilməyib, əlləri ilə bədənini qucaqlayaraq xeyli güldü. Onun balaca boyunda, çəlimsiz bədənində nə qədər böyük enerjitemperament var idı. Gəncliyində ağır atletkaboksla məşğul olmuş, bərk soyuqdəyməsindən sonra idmandan aralanmışdır. Danışırdılar ki, həyat yoldaşı Həcər xanım körpə uşağa baxan kimi, onun qayğısını çəkərdi. Mənə elə gəlir ki, gəncliyində idman vasitəsiylə əldə etdiyi bünövrə çox çətin və məşəqqətli bir sənət olan dirijorluq sənətinin yükünü çəkməklə ömrünün axırına qədər ona yardımçı olmuşdur. 1959-cu ilin aprel ayı idi. Dekadaya təxminən bir ay qalırdı. Ümumittifaq səsyazma studiyası Yaxın Şərq ölkələrinin sifarişi ilə Bakıya gələrək "Koroğlu" operasını Niyazinin rəhbərliyi ilə keçmiş Dzerjinski adına klubda, orkestr, xor solistlərlə birlikdə Lütfiyar İmanov Firəngiz Əhmədovanın iştirakı ilə vala yazdılar. Niyazinin çox yüksək tələbkarlığını nəzərə alsaq, hər bir iştirakçı üçün bu, çox çətin məsuliyyətli bir idi. Gecə saat 2-yə, 3-ə qədər yazılış davam edirdi.

1959-cu il mayın 22-də Moskvada SSRİ Böyük Teatrında təntənəli şəraitdə Azərbaycan ədəbiyyatı və incəsənəti ikinci dekadasının açılışı oldu. Birinci dekada 1938-ci ildə keçirilmişdi. Dekada dahi bəstəkarımız Fikrət Əmirovun "Sevil" operası ilə açıldı. Rəşid Behbudovun (Balaş) və Firəngiz Əhmədovanın (Sevil) iştirakı ilə keçən tamaşa çox böyük alqışlarla qarşılandı. Başımızın üstündəki lojada SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov əyləşmişdi. Niyazinin drijorluq etdiyi "Koroğlu" operası, "Yaddi gözəl" və "İldırımlı yollarla" baletləri də böyük əzəmətlə keçdi. Niyazi bütün bu tamaşaların ən yadda qalan iştirakçılarından biri, əvvəldən axıra qədər tamaşaçı diqqəti mərkəzində olan aparıcılardan idi. Bu müvəffəqiyyətli çıxışlarına görə ona SSRİ Xalq artisti fəxri adı verildi.

Niyazi bir bəstəkar olaraq musiqi incəsənətimizə də layiqli töhfələr vermişdir. Nizaminin 800 illiyi münasibətilə yazdığı "XosrovŞirin" operası, "Rast" simfonik muğamı, simfonik orkestr üçün qaytağı, "Arzu" romansı, "Vətən nəğməsi" mahnısı və s. əsərləri həmin töhfələrdəndir.

O, Sumqayıtın fəxri vətəndaşı idi. Baş dirijoru olduğu Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə hər il şəhərimizdə silsilə konsertlər təşkil edərdi. Onun təşəbbüsü ilə məşhur Sovet bəstəkarlarından Tixon XrennikovDmitri Kabalevskinin müəllif konsertləri təşkil olunmuşdu.

Təxminən 1982-ci il olardı. Operadakı fəaliyyətimdən 24-25 il keçirdi. S.Vurğun adına sarayda keçirilən bu konsertə mən də gəlmişdim. Giriş qapısına yaxınlaşarkən maestronun bir neçə musiqiçilərlə astanada dayandığını gördüm. Məni gördükdə gülümsədi. Yaxınlaşıb, "Maestro, xoş gəlmisiniz", - dedim. "Səndəmi burada işləyirsən?" - deyə soruşdu. "Bəli",- dedim, "musiqi texnikumunda işləyirəm". artıq konserti başlayırdı, içəri keçdilər.

Bu, mənim dahi sənətkarla son görüşüm oldu.

 

Tahir Hacı Əzimli

Musiqişünas

Ədalət  2017.- 14 iyun.- S.4.