BDU-nun alimləri Böyük
Türk Dili
Qurultayında
Ünsiyyətə
buraxılan dil mənsub olduğu xalqın mənəvi sərvəti,
hər bir xalqın birliyinin, həmrəyliyinin sarsılmaz təməli,
dövlətin, dövlətçiliyin,
baxımsızlığının başlıca rəmzlərindən
biridir. Dil bütün
tarix boyu milli məfkurənin, milli şüurun, milli dəyərlərin yaşamasının və
inkişafının dəyərli
təminatçışıdır. Dil xalqın
keçmişi, bugünü
və gələcəyidir.
Daha dəqiq ifadə etsək, onun dəyişilməz yaşam
ünvanıdır. Mustafa
Kamal Atatürk yazır ki, "bir ulusun dili
bütün bilim kavramlarını oluşturacaq
şekildə gelişmemişse,
o ulusun bilim ve kültür alanında bir varlık göstermesi beklenemez. Milli bilinçin ayakta
kala bilmesi ve uyanık bulunması için dil ve tarih
uğrunda çalışmaya
mecburuz". Ulu öndər Heydər Əliyevin örnək olaraq dedikləri də bu fikrə
dayaqdır: "Dil böyük bir aləmdir. Ana dilini
bilməmək, ana dilini qiymətləndirməmək,
şübhəsiz ki,
xalq qarşısında
böyük qəbahətdir.
Hər bir xalq öz
dili ilə yaranır. Ancaq xalqın dilini
yaşatmaq, inkişaf
etdirmək və dünya mədəniyyəti
səviyyəsinə qaldırmaq
xalqın qabaqcıl adamlarının, elm, bilik
xadimlərinin fəaliyyəti
nəticəsində mümkün
olur". Böyük
Mustafa Kamal Atatürkün,
ulu öndərimiz Heydər Əliyevin dil haqqında söylədikləri bu fikirlər isbata ehtiyacı olmayan bir aksiomadır. Odur ki, müdam dilçi alimlərimiz bu işin öhdəsindən
bacarıqla gəlir və öz fəaliyyətləri ilə
elmin tarixi yaddaşına köçürlər.
Onlar dilimizin, elmimizin problemlərini çözür,
uğurlar qazanır və böyük bir cəsarətlə bu uğurları dunya evinə daşıyırlar. Türk dilinin
tarixi və müasir mənzərəsinin
öyrənilməsində və üzə çıxarılmasında misilsiz
xidmətləri olan, dilin keşiyində dayanan, onu müxtəlif
yöndən tədqiqata
cəlb edərək
elm aləmində yeni
söz deməyi bacaran dilçi alimlərin dilimizi dünya evindən təqdim etməyi isə ölçüyəgəlməz
qədər qürurvericidir.
Amma bu sahədə konfranslar, simpoziumlar, daha böyük mənada Dil Qurultaylarında iştirak
etmənin rolu da ölçüyəgəlməzdir.
Dilçi alimlərimizin belə
növbəti təmsilçiliyinin
biri də VIII Uluslararası Böyük
Türk Dili Qurultayında baş tutdu.
Qeyd edək ki, Türk Dil Qurumunun qurultayı dörd ildən bir keçirilir və həmişə də möhtəşəmliyi ilə tarixin səhifələrində daşlaşır. İlkin keçirilmə tarixi 1932-ci ildən başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi altında İstanbulda Dolmabağça sarayında reallaşan bu qurultay bu günə qədər 20 dəfə keçirilib. Müxtəlif adlar və keçirilmə tarixlərilə yaddaşlara köçən Türk Dil Qurumunun bu qurultayında ikinci dəfə idi ki, iştirak edirdim. İlk dəfə 2012-ci ildə VII Uluslararası Böyük Türk Dili Qurultayının iştirakçısı oldum. 2017-ci ildə sayca 21-ci olan VIII Uluslararası Böyük Türk Dili Qurultayında yenidən doğma Bakı Dövlət Univesitetimi, çalışdığım Filologiya fakültəsini, əməkdaşı olduğum Türkologiya kafedrasını təmsil etmək şərəfinə nail oldum. Bu dəfə təmsilçilərimizin say tərkibinin artması mənə bir ayrı qürur bəxş edirdi. Filologiya fakültəsi Tükologiya kafedrasının alımləri prof. Məhərrəm Məmmmədli və dos. Qızılgül Abdullayeva, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov təmsilçilər sırasında idilər.
"Dilimiz kimliyimizdir" qurultayın aparıcı şüarı idi. Qurultayın keçirilməsinin 2017-ci ilin "türk dili ili" elan edilməsi ilə eyni vaxta düşməsi də bir tarixi hadisə idi. Ankarada Başkənt Öyrətmən evində keçirilən qurultaya 34 ölkədən 266 nümayəndə heyəti qatılmışdı. İtaliya, Macarıstan, Çin, Xorvatiya, Albaniya, Ukrayna, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan... bu ölkələr sırasında idi. Qurultay Türkiyənin dövlət himni ilə açıldı. Türk Dil Qurumunun sədri professor Mustafa Kaçalin, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs çıxış edərək bir vaxtlar yalnız türk coğrafiyasını əhatə edən, hal-hazırda isə artıq çoxdan türk coğrafi arealını aşan, türk dilini dünya evinə daşıyan bu tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzuladılar.
Açılışdan sonra qurultay bölmələr üzrə işinə başladı. Bizim nümayəndə heyətinin müxtəlif yönlü məruzələrinin təqdimi qurultayın ilk günündə, yəni may ayının 22-də başladı. Bu tarixdə Məhərrəm Məmmədov "Güney Azərbaycan dialektlərində feilin zaman şəkilləri", Rəhilə Quliyeva "Bir daha Azərbaycan dilində feilin qrammatik məna növləri haqqında", Pərvin Eyvazov "Akademik Tofiq Hacıyevin ortaq türk dili layihəsində Türkiyə türkcəsi" adlı məruzələrlə çıxış etdilər. May ayının 25-də isə saat 1100 iclasında Qızılgül Abdullayevanın "Oğuz-qıpçaq və qıpçaq-oğuz paralelliyi XVII əsr Azərbaycan türkcəsinin dil mənzərəsində", 1610 iclasında isə Məhəmməd Məmmədovun "Türk etnik-mədəni ənənəsində Tanrını rəmzləndirən anlayışlar" adlı məruzələri bölmə iştirakçılarının xüsusi marağına səbəb oldu. Həm məruzəmizin reallaşdığı öz bölmə iclasımızda, həm də digər bölmə iclaslarında bizim aktiv iştirakımız, elmi mübahisələrə fəal şəkildə müdaxiləmiz, real elmi nəticələrə söykənən çıxışlarımız dünyanın dörd bir yanından qurultaya qatılan iştirakçıların diqqətindən yayınmadı.
Qurultayın işini üst qata qaldıran əsas məsələlərdən biri isə prezident Rəcəb Tayyib Ərdoğanın külliyyəsində keçirilən görüş oldu. Külliyyədəki təntənəli mərasimdə ilk öncə Türk Dil Qurumunun sədri professor Mustafa Koçalinə, daha sonra isə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örsə, baş nazirin müavini İldırım Toğrula söz verildi. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı möhtəşəmliyi ilə yadda qaldı. Ölkə başçısının türk dilinə axıb gələn yad ünsürlərin işlənməsinə qarşı etiraz səsini yüksəltməsi gurultulu alqışlarla qarşılandı. Elm adamlarına uğurlar arzulayan Rəcəb Tayyib Ərdoğan ziyalıların qarşısında duran çətin vəzifələrdən, yerinə yetiriləsi vacib məsələlərdən söz açdı, türkologiyanın aktual problemlərinə diqqət yönəltdi. Rəcəb Tayyib Ərdoğanın qurultay iştirakçıları ilə görüşməsi, "Türk dünyasına xidmət ödülü"nün sahiblərinə mükafatlar təqdim etməsi bir daha dövlətin nəinki VIII Uluslararası Böyük Türk Dili Qurultayının, ümumən bütün qurultayların keçirilməsinə ciddi yanaşmasını, ümumən dil məsələlərinə necə önəm verdiyini bir daha dünyaya bəyan etdi.
İştirakçılar üçün Ankara şəhərində təşkil olunan gəzinti turları da qurultayın işinə bir rəng qatdı. Anadolu mədəniyyətləri muzeyi, Qurtuluş savaşı muzeyi (Birinci və İkinci Türkiyə Böyük Millət Məclisinin tarixi binaları), Hacı Bayram Vəli türbəsi, Ankara qalası və digər memarlıq abidələri və tarixi yerlərlə yaxından tanışlıq bu turlara daxil idi. Ankara Dövlət Opera və Balet teatrında "Türkçe Aşkı Vatan Aşkı" tamaşının seyri də məmnunluqla qarşılandı.
Nümayəndə heyətimizin Azərbaycan Demokratik Respublikasının qurucusu, görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməsi, ruhuna dualar oxuması bir tərəfdən qürurverici, digər tərəfdən kövrəldici məqamlarla yaddaşımıza həkk olundu. Amma ziyarətə gedəndə gördüyümüz mənzərə sevincimizə sevinc qatdı. Çünki Məmməd Əmin Rəsulzadənin qəbrinin təbii güllərə və çiçəklərə büründüyünün şahidi olduq. Bir daha inandıq ki, Məmməd Əmin Rəsulzadə qardaş Türkiyəmizdə tək deyidir.
Başlanan hər bir işin sonu olduğu kimi, VIII Uluslararası Böyük Türk Dili Qurultayının bağlanış mərasimi də uğurlu bir sonluqla başa çatdı. Türk Dil Qurumunun sədri, professor Mustafa Kaçalin, professor Şükrü Haluk Akalın, professor Həmzə Zülfüqar qurultayın nəticələrini müzakirə edib, yekun fikirlərini bölüşdülər. Sonda Bakı Dövlət Universitetinin adından Türk Dili Qurumuna xatirə hədiyyəsi təqdim olundu.
Həm Türk Dili Qurumuna, həm də qurultayin yerli və xaricdən qatılan iştirakçılarına Bakı Dövlət Univesiteti haqqında kitab, buklet, nişan, eləcə də "Bakı Universiteti" qəzetinin son nömrəsi paylandı. Təşkilat komitəsi adından da bütün iştirakçılara hədiyyələr təqdim olundu.
Bizə görə, bu qurultay Uluslararası Böyük Türk dili Qurultayı olmaqla yanaşı, həm də birlik, həmrəylik qurultayı idi. Türkiyənin paytaxtı Ankara şəhərində öz ətrafına müxtəlif dini ayrılıqlara mənsub olan millətlərin nümayəndələrini toplayan bu qurultay sözün əsil mənasında bir sülh, barış, əminamanlıq qurultayı idi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin alimləri də belə bir qurultayda - VIII Uluslararası Böyük Türk Dili Qurultayında Azərbaycanımızı, doğma elm ocağımız olan Bakı Dövlət Universitetini uğurla təmsil etdilər. İnanırıq ki, bu bizim axırıncı deyil, axarıncı səfərimiz olacaq. Çünki elm meydanında sözümüzü demək üçün qarşıda bizi hələ nə qədər xarici səfərlər - beynəlxalq qurultaylar, sempoziumlar, konfranslar gözləyir. Belə mötəbər elmi məclislərdə iştirakımızı təmin edən, ona lazımi şərait yaradan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova, tədrisin təşkili və təlim texnologiyaları işləri üzrə prorektor İradə xanım Əliyevaya, eləcə də filologiya fakültəsinin dekanı dos. Elçin Məmmədova öz təşəkkür borcumuzu verməyi də lazım bilir və deyirik: "Bizə bu imkanı yaratdığınıza görə çox sağ olun!"
QIZILGÜL ABDULLAYEVA
Bakı Dövlət Universiteti,
Türkologiya kafedrasının dosenti
Ədalət.-2017.-14 iyun.-S.4.