Şirkət sahibi Beyrək
"Kitabi
Dədə Qorqud” min illərin süzgəcindən
keçib, bu günmüzün reallığına da
işıq saçır. Əslində, mənə elə gəlir,
"Kitabi Dədə Qorqud” dastanı insanlıq tarixinin yol xəritəsidir.
Biz bu yol xəritəsindən istifadə edərək öz təfəkkürümüzü,
milli özünüdərki, mədəniyyətimizi, var
oluşumuzu, tapındığımız qutsal dəyərləri
və bütün bunlarla bərabər sufilərin məşhur
üç sualını İnsan kimdir? Hardan gəlir? Hara gedəcək?
cavablarını tapa bilərik.
Məqsədim dastanı danışmaq deyil. Orada daha çox Beyrək obrazı diqqətimi çəkir. Çağdaş zamanımızda görəsən, Beyrək hansı statusda olardı? Dastandakı Beyrək igiddir, namusludur, sözündən dönməyəndir, aşiqdir, Oğuz elinin ən romantik obrazıdır. O, Banuçiçəyi sevir. Qız da ona bir könüldən min könülə vurulub. Biz Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud” filmində Rasim Balayevin ifa etdiyi Beyrək rolunda da görürük ki, bu igid, qorxmaz obraz öz sevgisinə sadiqdir. Gəlin Beyrəyin kimliyini açıqlayaq:
Bamsı Beyrək - Bayböyrənin oğlu, gənc Oğuz qəhrəmanlarından biri. "Kitabi Dədə Qorqud” dastanında əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Dədə Qorqud ona ad qoymamışdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərdikdən sonra Beyrək ismi verilir. Bamısı ilə Banu beşik kərtməsidir. Tanrı Beyrəklə Banuçiçəyə sevginin müqəddəsliyini əmanət verib. Amam onlar bir-birlərini tanımadan böyüyürlər. Banuçiçək də igid qızdır. Bamsı Beyrəyin əsir düşməsindən sonra onlar uzun müddət ayrı qalırlar. Bu müddət ərzində Banuçiçək ərə getmək məcburiyyətində qalır. Beyrək əsir qaldığı sarayın bəyinin qızı tərəfindən xilas olunur.
Bir dəfə"Kitabi Dədə Qorqud” haqqında keçirilən iclasa dəvət edilmişdim. Tələbələr Beyrək obrazını indiki zamanla müqayisə edirdilər. Orada saslənən fikirləri olduğu kimi paylaşmaq istəyində deyiləm.
Gəlin özümüzə belə
bir sual verək. Bu gün Dədə Qorqud dastanındakı kimi saf, təmiz ölçüyə gəlməz
sevgilər yaşanır?
Beyrək və Banuçiçək
müasir zamanda gözümüzün qabağında
tamamilə fərqli görünür. Təsəvvür edin ki, Beyrək
hansısa şirkətin
rəhbəridir və
digər şirkət
sahibləri ilə rəqabət aparır.
Özü də Beyrək
hər şeyi qol gücünə və despotizmlə həll edir. Banuçiçək isə varlı
bir tacirin yeganə qızıdır.
Bütün günü sosial
şəbəkələrdə öz şəkillərini
paylaşan, müxtəlif
təfəkkürdə olan
insanlarla oturub-duran və həyatın yalnız əyləncədən
ibarət olduğunu düşünən bir qızdır.
Mənim yaradıcılıq fantazıyam
buraya qədərdir. Xahiş edirəm
ki, Raskolnikovun baltasını götürüb
üstümə gəlməyin.
Mən günahkar deyiləm! Bu gün
Beyrəyi və Banuçiçəyi o cür
olmağa itələyən
cəmiyyətdirmi, yoxsa
Tanrıdırmı, bilmirəm.
Ancaq düşünürəm ki,
Dədə Qorqudun təbliğ etdiyi saf, təmiz dünyada çirkaba batmış obrazlar qarşıma çıxır.
Dədə Qorquddakı son boyu
yada salın. İç Oğuz və Dış Oğuz bir-birinə düşmən
kəsilir. Səbəb çox
sadədir. İnsan heç
vaxt barış içində yaşaya bilmir.
Ədalət 2017.- 15 iyun.- S.4.