SƏHNƏMİZ SONASIZ QALDI

 

AĞAKİŞİ KAZIMOV

xalq artisti, professor

 

O, yayda Şəkidə anadan olmuşdu. Dünyasını isə qışda Bakıda dəyişdi. 71 yaşında.

Sənətkar itkisi teatr üçün, onu sevən tamaşaçı üçün çox ağırdı. Xüsusilə həyata vida etmiş bu şəxs şəxsiyyət kimi sənə böyük hörmət bəsləyirdisə. Onun səhnədəki davranışını, səsini hələ indiyə qədər unuda bilmirəm, həmişə gözümün qarşısında canlanır. Söhbət Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan səhnəsinin ilk milli aktrisası Sona Hacıyevadan gedir. Onun məndən əvvəl Azərbaycan Dram teatrında oynadığı rolları mən teatrda aktyor işlədiyim illər onunla iştirak etdiyim tamaşaları həmişə titrək bir həyəcanla xatırlayıram. İstər-istəməz onunla işləmiş sənətkar dostlarının Sona haqqındakı fikirləri yadıma düşür. Sona xanım barəsində fikirləşəndə qüssə, qəm, kədər istər-istəməz məni çulğalıyır, əzab verir. Belə qəmli halları böyük sənətkarımız Ələsgər Ələkbərov mənə qardaş qədər yaxın olan görkəmli alimimiz Mahmud Allahverdiyev haqqında düşünəndə hiss edirəm.

Sona xanım anası əməkdar artist Əzizə Məmmədova ilə teatra birgə gəlmişdilər, sənətkarcasına xidmət göstərmişdilər. Əzizə xanıma hamı Əcənə deyirdi. 1907-ci ildə Sona dünyaya gəlib 1916-cı ildə onlar Şəkidən Tiflisə köçmüşlər. Bir-iki il sonra Aşxabada getmişlər, nəhayət 1921-ci ildə Bakıda məskunlaşmışlar. 1921-ci ildə Hacıağa Abbasov Sonanı anası ilə birlikdə Azad Tənqid Təbliq teatrına işə dəvət etmişdir. İki il sonra Sona Əzizə xanımla Milli Dram teatrında fəaliyyət göstərməyə başlamışlar.

1952-ci ildə mən Teatr institutunun aktyorluq şöbəsinin birinci kursuna qəbul olunmuşdum. İnstitutumuz Nizami döngəsi bir ünvanında yerləşirdi. Sona xanımın evi isə təhsil aldığımız yer ilə üzbəüz ikimərtəbəli binada yerləşirdi. O, öz ailəsi ilə burda yaşayırdı. O vaxtlar biz Azərbaycan Dövlət Dram teatrının tamaşalarında kütləvi səhnələrdə iştirak edirdik. Teatrda geyim otağımız ikinci mərtəbədə idi. Məlik Dadaşov, Əfrasiyab Məmmədov, Əmənulla Rəsulov, Mahmud Allahverdiyevlə teatr paltarlarımızı bu otaqda dəyişir qrimlənirdik, lap bufetin yanında. Sona Hacıyeva bufetə gedəndə hərdənbir bizim otağa gələrdi orda kim vardısa hamı ilə xoş danışıb, zarafatlaşardı. Xüsusilə Məlik Dadaşovla açıq zarafatlar edərdi, deyib-gülərdi.

Sona Hacıyeva ilə birgə iştirak etdiyimiz iki tamaşanı xüsusilə xatırlayıram. Ə.Məmmədxanlının "Şirvan gözəli", C.Məcnunbəyovun "İliç buxtası" əsərlərini.

"Şirvan gözəli" tamaşasında Sona Hacıyeva Nisəxanım obrazını oynayırdı. Bağçılıq institutunun professorunun arvadı kimi o, ərinin hər söhbətinə qarışardı, ona düzəlişlər verərdi heç kəsi onun sözünü kəsməyə qoymazdı.

Moskvada keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyündə nümayiş etdirilən "İliç buxtası" tamaşasında isə Sona xanım Mariya Lyuvovna rolunu oynayırdı. Son dərəcə qayğıkeş, ərinə ailəsinə mehriban olan bu qadını Sona xanım xüsusi bir məhəbbətlə ifa edirdi.

Son dərəcə insanlara inanan, sevən, hörmət eləyən, xüsusilə gənclərə analıq qayğısı göstərən Sona xanım tez-tez bizi evinə dəvət edərdi geniş süfrə açardı. 1950-ci illərin axırlarında o, mənim üçün hətta elçiliyə getmişdi.

Sona xanım vəfat edəndə mən Sumqayıt Dram teatrında işləyirdim. Bizim kollektivdə çalışan Rza Əfqanlı, Barat Şəkinskayanı bir neçə aktyoru götürüb onun dəfn mərasiminə gəldik. Sona xanımı son mənzilə yola salandan sonra, avtobusumuzla geri qayıdanda Əfqanlı yol boyu onun haqqında çox maraqlı söhbətə başladı. Dedi:

- Sona iki dəfə məni öz hərəkəti ilə, sözü ilə mat eləmişdi. Birincisi lap 30-cu illərdə idi. Tamaşaların birində, deyəsən "1905-ci ildə" idi. Sona mənə yaxınlaşıb dedi ki, Cənab General Qubernator, bizi özünə həsrət qoyursan. İkinci dəfə mən bura, Sumqayıt teatrına işə dəvət olunandan sonra mənə rast gəldi dedi ki, Rza, üzünə qrim vurmalı idinsə öz teatrından niyə çıxdın.

Teatrımızın gənc aktyorları Sona xanımın teatr fəaliyyəti ilə bağlı suallar verdilər. Rza Əfqanlı cöşqunluqla söhbətini davam etdi:

-Mən hələ teatr texnikumunda oxuyanda Sona artıq teatrda işləyirdi. Mən teatra işə götürüləndə artıq o, repertuarda çox rollar oynamışdı. İllər keçdikcə mən onu "Toy" komediyasında Zinət, "Vaqif"də Gülnar, "Xanlar"da Mehriban, "Şeyx Sənanda" Xumar, "Od gəlini"ndə Solmaz, "Sevil"də Sevil, "1905-ci ildə" Sona rollarında necə məharətlə çıxış etdiyinin şahidi olmuşam.

Əfqanlının maraqla danışdığı söhbətə mən qarışdım:

-M.Sənanının 50 illik yubileyində onun "Hacı Qara" əsərində Sona obrazını necə yumorla dolu bir tərzdə apardığının şahidiyəm. Sona - S.Hacıyeva köçəri tərəkəmə tayfalarında, köçəri çadrlarda böyüyüb boya-başa çatmış tərs inadkar bir qız idi. O, arıqlığı ilə arı kimi vızıldıyırdı sevgilisi Heydər bəyi onunla tez ailə qurmağa məcbur edirdi. Aktrisa Sonanın tək oturub Heydəri gözləməsi səhnəsində böyük bir monoloq söyləyir. Bu daxili iztirabları ifadə edən, narahatlıqlarını göstərən gənc bir qızın təbii etirafları idi. Gecənin qaranlığında çadırdan aralı, kolluqda sevgilisini gözləyən Sona intizar içində çırpınırdı. M.Sənanının yubiley gecəsində ən çox yadımda qalan məhz bu səhnə oldu.

- İnstitutda bizim aktyor sənəti müəllimimiz Rza Təhmasibdən bir dəfə Sona xanımın Almaz rolunu necə ifa etdiyini soruşdum. Rza müəllim o tamaşada Hacı Əhməd rolunu oynamışdı. Müəllimimiz bir an fikrə getdi mənə əks sual verdi. Dedi:

- Siz indi dram teatrında "Almaz" əsərini tamaşaya qoymusuz. 57 59-cu illərdə bu tamaşa ilə Moskvada qostrolda olmusuz. Almaz rolunu "Arşın mal alan" filimində Gülcöhrə rolunu ifa edən Leyla Bədirbəyli oynayır. Mən o tamaşaya baxmışam. Ancaq şəxsi fikrimi deyirəm. Sona Leyladan üstün idi. Soruşa bilərsən nədə? Kiçik, çəlimsiz bir qızda nəhəng bir iradə qüvvət var idi. O, Hacı Əhmədlə apardığı dialoqda öz qətiyyəti ilə həmişə məni heyrətə salırdı. Onun nişanlısı Fuad ilə sonuncu mübahisəsi isə ən yüksək sənətkarlıq nümunəsi idi. Almaz Fuadın nişan üzüyünü ona görə qətiyyətlə qaytarırdı ki, Fuad ona inanmırdı. Onu öz qısqanc şübhələri ilə təhqir edirdi.

Rza Əfqanlı Sona xanım haqqında xatirələrini davam etdi:

- Sonanın Opera səhnəsindəki fəaliyyətindən danışım. Onun yaxşı səsi var idi. Leylini, Əslini, "Aşıq Qərib"də Şahsənəmi "Arşın mal alan"da Asyanı böyük məharətlə oxuyub, oynayırdı.

1955-ci ildə "Bəxtiyar" bədii filmi çəkilməyə başladı. Bu filmi bizim rəhmətlik müəllimimiz Lətif Səfərov çəkirdi. Sona xanım teatrda sevinclə bu filimə çəkilmək üçün dəvət aldığından danışardı. Film ekranlara çıxandan sonra gördük ki, orda hansısa kulubların birində işləyən iki qadın obrazı da var. Heç bir fəaliyyət göstərməyən bu kulubun direktorunun qohumları idi bu qadınlar. Kulubun özfəaliyyət dərnəklərini yoxlamağa gələn komissiya qarşısında Sona Münəvvər xanımla "Babam evlənir" adı ilə bir duet oxuyub oynayırdılar. Bu iki məşhur sənətkar özfəaliyyət qorxusu ilə tamaşaçılardan çəkinən və eyni zamanda nəsə eləməyə çalışan bu obrazları böyük məharət və yumorla nümayiş etdirirdilər. Münəvvər xanım kök, Sona xanım isə arıq idi. Onlar bir-birini tamamlayırdılar və çox gülməli bir səhnə alınmışdı.

Qeyd etdiyim kimi. Sona xanım və anası Əzizə xanım çox qayğıkeş insanlar idilər. Hər ikisi özlərini sərbəst və azad düşünən qadınlar kimi aparırdılar. Sona xanım ürəyinə düşən hər şeyi heç nəyə baxmadan, heç bir qadağalara məhəl qoymadan həyata keçirirdi. Lakin Azərbaycan səhnəsinin bu ilk qaranquşu şəxsi həyatda çox da xoşbəxt deyildi. Ərləri ondan tez ayrılırdılar. Kök bir qızı var idi. O da küçəni keçərkən maşın vurub öldürmüşdü. 60-cı illərin sonundan demək olar ki, teatrda ona yeni rollar tapşırmırdılar. Buna baxmayaraq o, hər gün teatra gəlirdi, üç-dörd saat sənət dostları ilə söhbət edərdi gedərdi.

Sona xanım həmişə deyib-gülən, həyata nikbin baxan, ömründən, günündən, sənətindən çox razı bir sənətkar idi. Onun haqqında tearın aktyorları həmişə sevərək danışırdılar. Sona Hacıyeva teatr tariximizdə istedadli, sevimli bir aktyor kimi qalmışdır. Bu ay onun anadan olmasının 110 illiyi tamam olur. Teatrı sevən, indi artıq yaşa dolan tamaşaçılarımızın əksəriyyətinin gözü indi səhnədə Sona Hacıyevanı axtarır.

 

Ədalət.-2017.-21 iyun.-S.4.