"YADA DÜŞDÜ"

 

Ölkəmizdə nəşr olunan dərgilər içərisində özünməxsus yeri olan "Yada düşdü" özünün son sayı ilə yenə görüşümüzə gəlibdi. Artıq kifayət qədər oxucu auditoriyası toplaya bilmiş bu dərginin yolu da, qayəsi də birbaşa sözə, aydınlara, işıqlı insanlara və nəhayət, yaşamaq haqqı olanlara xidmətdir. Yəni bu dərgi adından da göründüyü kimi, yada salmağı, xatırlatmağı və bununla da yaşatmağı əsas prinsip kimi hər sayında gerçəkləşdirir.

Digər saylarında olduğu kimi, dərginin bu il üçün nəzərdə tutulmuş növbəti sayı yenə təsisçi, şairə xanım Nəzakət Məmmədlinin misraları ilə oxucu üzünə açılır. Təsisçi yazır ki:

 

Çiçək-çiçək şəhid qanı

Üzündə xaldımı, Vətən?

Sevib-sevib ölənlərin

Yadında qaldımı, Vətən?

 

Göynər gözümün yuxusu,

Yaşıl-yaşıl, yosun-yosun.

Ömrümdən-günümdən uzun,

Harayın baldımı, Vətən?

 

Çırp üstündən qəm tozunu,

Varaqla alın yazını.

Gedənlərin qisasını

Gələnlər aldımı, Vətən?!

 

Bax, bu kövrək, həm də düşündürücü fikirlərin təsiri altında dərgini gözdən keçirirəm. Və köhnə tanışım, qələm dostum Şəmistan Nəzirli ilə qarşılaşıram. Daha çox hərb tariximizi araşdıran, Azərbaycanın çox dəyərli sərkərdələrini, zabitlərini bizə tanıdan, sevdirən Şəmistan Nəzirli bu dəfə "Badi-səba ananın Şəki ünvanı" adlı məqaləsi ilə bu dəfə Firudin bəy Köçərli barəsində çox maraqlı bir xatirə-oçerk ortaya qoyubdu. Bu oçerkdə daha çox Firudin bəyin ailə həyatı, onun Badisəba xanımın hissləri, duyğuları qələmə alınıbdı.

Dərgidə Əsgər Zeynalovun "Köklü nəslin şaxələri" adlı məqaləsi işıq üzü görüb. Bu məqalə Əziz Əliyevə həsr olunub. Təbii ki, təkcə Azərbaycanda deyil, eləcə də keçmiş sovetlər məkanında yaxşı tanınan dövlət xadimi Əziz Əliyevin həyat fəaliyyəti, onun övladları barəisndə fikirlər də daxil olmaqla qələmə alınıb.

Həmişə özünün müstəsna fikirləri ilə seçilən, müraciət etdiyi mövzuya, xüsusilə qəhrəmanına sevgi ilə yanaşan professor Qəzənfər Paşayev jurnalın bu sayında Azərbaycanın çox istedadlı, dadlı, duzlu yazıçısı İsi Məlikzadə barəsində düşüncələrini bizimlə bölüşübdü. Bu kiçik xatirə İsi Məlikzadənin oxucularının qapısını döyən çox önəmli bir hədiyyədir.

Dərgidə həmçinin baş redaktorun müavini Zülfüqar Şahsevənlinin şeyxüslamlar barəsində yazdığı geniş məqalə, eləcə də onun təqdim etdiyi "Xəlil Rza Ulutürkün gündəlikləri" yazısı da şəxsən mənim üçün çox maraqlı oldu. Bu həm də bir növü əlavə bilgi idi. Elşad Qocanın "Gizli xidmətimizin ilk general-leytenantı" məqaləsi də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri olmuş Ziya Yusifzadəyə həsr olunmuşdur. Məqalənin birinci hissəsi Ziya müəllimin bu sahəyə gedən yolun müəyyən hissəsini əhatə edir.

Sizə təqdim olunan "Yada düşdü"də Nazəkət Məmmədovanın gözəl yazıçımız "İtkin gəlin", "Təyyarə kölgəsi, "Əfsanəsiz illər" kimi əl-əl gəzən əsərlərin müəllifi Əlibala Əlizadə haqqındadır. Nəzakət xanım yazıçı barəsində öz kiçik xatirəsi ilə həm onun ruhunu şad edib, həm də bizi bir daha onunla görüşdürdü.

Mən bir oxucu kimi jurnalın bu sayında yazıçı-publisist Şəfəq Nasirin aprel döyüşləri zamanı Gəncədən Tərtərə döyüşçülərin harayına tələsən kiçik yaşlı qızını öpüb özünü oda atan Fərman Elçin oğlu barəsindədir. Ümumiyyətlə, Fərmanın qəhrəmanlığı barəsində "Ədalət"in oxucuları da kifayət qədər bilgiyə malikdilər. Bu sayda həmçinin şair Qəşəm İsabəylinin İlyas Tapdıqla bağlı xatirələri, Flora Xəlilzadənin "Zamanın fövqündə dayananlar" məqaləsi, Vaqif Yusiflinin xalq şairi Süleyman Rüstəmlə bağlı düşüncələri də oxucuların ixtiyarına verilib. Dərgini oxuculara təqdim edənlər poeziyasevənləri də unutmayıblar. Belə ki, dərginin bu sayında Salatın Əhmədlinin bayatıları, Seyran Səxavətin və Şöhlət Əfşarın şeirləri də işıq üzü görübdü. Düşünürəm ki, jurnalda təqdim edilən bütün yazılar, eləcə də körpələr üçün ayrılmış səhifələr və yeni nəşrlərlə əlaqəli təqdimatlar da oxucuların ürəyincə olacaqdır. Hər halda mənim fikirlərimin reallığın şahid olmaq istəyirsinizsə, "Yada düşdü" arayıb, axtarıb oxuyun.

 

Mədətoğlu, Əbülfət.

Ədalət  2017.- 21 iyun.- S.3.