Fikrət Əmirov

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Novator bəstəkar, simfonik muğam janrının - şərq simfonizminin yaradıcısı

 

Azərbaycan professional musiqisinin, milli operanın və milli bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları" elmi-tədqiqat əsərinin, "Tarixi məlumat" bölməsində qeyd etmişdir ki, Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün ən yüksək inkişafı səviyyəsinə çatmış, 12 sütunlu və 6 bürclü "bina" (dəsgah) şəklində iftixarla ucalmışdır. Bu musiqi mədəniyyəti sarayını Şərqin böyük alim-musiqişünasları ucaltmışlar.

XX əsrdə çox möhtəşəm bir musiqi sarayını dahi bəstəkarımız Üzeyir Hacıbəyli öz doğma vətənində ucaltmışdır. XX əsri mübaliğəsiz olaraq, Azərbaycan professional musiqisinin "Qızıl əsri" adlandıra bilərik. Bu fikir çox doğru söylənilmişdir ki, Avropa klassik musiqisinin üç əsrdə keçdiyi inkişaf yoluna Azərbaycan professional musiqisi bir əsrdə nail olmuşdur. Həmin əsrdə yetişən istedadlı bəstəkarlarımız hər biri dahi Üzeyir bəyin ucaltdığı o möhtəşəm musiqi sarayının parlaq sütunlarını təşkil edirlər.

Bu möhtəşəm musiqi sarayının sütunlarının biriÜzeyir Hacıbəyli məktəbinin ən layiqli davamçısı Fikrət Əmirova məxsusdur. Əbədiyaşar əsərlərin sayına görə Üzeyir Hacıbəylidən sonra, ön sırada Fikrət Əmirov dayanır. Onun elə bir əsəri yoxdur ki, unudulsunya ifa olunmasın. "Şur", "Kürd ovşarı", "Gülüstan-Bayatı-Şiraz", simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan simfonik süitası", "Azərbaycan kapriççiosu" fortepiano üçün konserti, "Sevil" operası, "Min bir gecə", "Nizami" baletləri və s. əsərləri həmin nümunələrdəndir. Onun bütün əsərləri milli folklorumuzdan qidalanır. Özünəməxsus melodik dili, orkestrovkası, hətta harmonik üslubu vardır. "Azərbaycan süitası"nı ilk dəfə radioda dinləyən dahi şairimiz Səməd Vurğun küçədə Fikrət Əmirovla qarşılaşarkən deyir: "Qağa, dünən radioda süitana qulaq asdım, çıxmışdım Kəpəzin lap təpəsinə". Məşhur Amerika drijoru Stakovski, Şarlz Myunşi "Şur", "Kürd ovşarı" simfonik muğamlarını və "Azərbaycan simfonik süitası"nı Hyuston, Texas, Boston, Nyu-YorkVaşinqtonun böyük konsert salonlarında səsləndirmişlər. Stakovski Fikrət Əmirova yazdığı məktubunda bu əsərlərin necə böyük maraq və alqışlarla qarşılandığını sevinclə xəbər verir. O dövrün Amerika mətbuatında musiqişünaslar yeni bir musiqi aləmini kəşf etdiklərindən yazırdılar. Bu həm də Azərbaycan musiqisinin böyük təntənəsi idi. Bunları Şərq musiqisində ilk dəfə olaraq dahi bəstəkarımız Fikrət Əmirov yaratmışdır.

2009-cu ildə Bakıda beynəlxalq muğam festivalı keçirilərkən festivalın bir günü simfonik muğamlara həsr olunmuşdu. Azərbaycan Dövlət Filarmoniyasında məşhur İtalyan drijorunun iştirakı ilə "Şur" və "Kürd ovşarı" simfonik muğamları ifa olundu. Amerikadakı triumf burada da yaşandı. Tamaşaçıların arasıkəsilməyən, sürəkli alqışlarına cavab olaraq, drijor partituranı öpərək iki dəfə müqəddəs kitab kimi alnına toxundurdu. Bu, dünya musiqisi tarixində bəlkə də görünməmiş bir hadisə idi.

1958-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun III kursunu bitirərkən not müəllimim, respublikanın Xalq artisti Əliağa Quliyev mənə, işləmək istəyirsənmi, təklifini etdikdə minnətdarlıqla razı oldum. Əliağa müəllim OperaBalet Teatrının simfonik orkestrində işləyirdi. Görkəmli tarzən Qurban Pirimovun pensiyaya çıxması ilə əlaqədar olaraq Əliağa müəllimi muğam operalarını müşayiət etmək üçün solist vəzifəsinə təyin etmişdilər. Bəhram Mənsurov da solist işləyirdi. Mən simfonik orkestrdə Əliağa müəllimi əvəz etməli oldum. Fikrət Əmirov operanın direktoru idi. Əliağa müəllimin təqdimatı ilə onun qəbuluna getdim. İş otağında məni çox səmimi qarşıladı. Ətraflı söhbətdən sonra razılığını bildirdi. Yay tətillərində qalıb, tamaşa əsərlərinin partiyalarını yaxşı-yaxşı hazırlamağımı tövsiyə etdi.

Fikrət Əmirovun bibim oğlu, tibb elmləri namizədi Əvəz Əzimovla yaxın dostluq əlaqələri vardı. Həmin ilin yayında Şuşada istirahət edərkən Fikrət Əmirov, həyat yoldaşı Aida xanım bibim oğlu ilə bizə qonaq gəlmişdilər. Tut yığıb gətirib, məcməyidə masanın üstünə qoyanda bibim oğlu dedi ki, bu da sizin işçinizdir. Fikrət müəllim dedi ki, hə, təzə işə götürmüşəm.

1967-ci ildə ailə qurarkən məlum oldu ki, Fikrət Əmirov qaynatamın dayısı oğludur. 1968-ci ildə toy mərasimində Fikrət Əmirov həyat yoldaşı Aida xanımla iştirak edirdilər. O vaxtlar şadlıq sarayları Bakıda yenicə istifadəyə verilirdi. 350 nəfərlik salon tamam dolmuşdu. Şuşadan, Ağdamdan və Gəncədən qohumlar, dostlaq dəvət olunmuşdu. O dövrün qaydasına görə muğam üçlüyüinstrumental rəqs qrupu iştirak edirdilər. Muğam üçlüyünə İslam Rzayev, Həbib Bayramovkamançaçalan Tələt Bakıxanov, rəqs qrupuna isə məşhur klarnetçalan Ələkbər Əsgərov, qarmonnağaraçalanlar daxil idilər. Emin Sabitoğlunun "Çay" mahnısının dəbdə olan vaxtları idi. İslam Rzayev oxuyarkən bütün salon xorla "Çay, çay,çay" nəqarətini tuturdu.

Toyun qızğın bir çağında Fikrət müəllim Ələkbərə "Şalaxo" rəqsini çalmağı sifariş etdi. Ə.Əsgərov "Şalaxo" rəqsinin ən mahir ifaçısı sayılırdı. Fikrət müəllim olduqca coşğun və gənclik ehtirası ilə çox gözəl rəqs etdi və bitirdikdən sonra səhnəyə qalxaraq Ələkbəri bağrına basdı.

Gəncədə yaşayarkən Fikrət müəllim bacısı Yaxşı xanımla rəqs dərnəyinə getmişdilər. Pionerlər sarayının ansamblında Fikrət müəllim tar çalar, Yaxşı xanım da oxuyarmış. Qardaşım Tariyel (fizika-riyaziyyat elmləri namizədi, Neft Akademiyasının dosentidir) Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan"romans-qəzəllərini və Fikrət müəllimin "Gülərəm-gülsən" mahnısını çox məharətlə ifa etdi və Fikrət müəllim onu yanına çağırıb, - belə gözəl səsin var, bəs niyə Konservatoriyaya getmirsən, dedi. "Bülbül yadıma düşdü" demişdi. Onu da qeyd edim ki, bu mahnının orta hissəsi çox çətindir və zil registrə düşür. Bu səbəbdəndir ki, müğənnilərimiz bu mahnını oxumağa cürət etmirlər. Öz tonlarında oxunan bu mahnını qardaşım çox gözəl ifa etdi.

Qaynatamla birlikdə onun Hüsü Hacıyev küçəsindəki və yenicə aldığı dəniz kənarındakı evində də qonaq olmuşuq. Sumqayıtda musiqi texnikumunun açılmasının əsas səbəbkarı Fikrət Əmirov olmuşdur.

Onun həyat yolu heçhamar olmamış və sarsıntılara məruz qalmışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündən sonra bir çox görkəmli sənətkarlarımıza SSRİ Xalq artisti fəxri adı verilsə də, ona qarşı haqsızlıq edilmişdi. "Sevil" operasına görə Rəşid Behbudov və Firəngiz Əhmədova bu fəxri adı alsalar da əsərin müəllifi unudulmuşdu. Hansı ki, dekada "Sevil" operası ilə başlayaraq çox böyük triumfla qarşılanmışdı. Yalnız 1965-ci ildə bu ədalətsizlik aradan qaldırılaraq, F.Əmirova SSRİ Xalq artisti fəxri adı verildi.

XX əsrdə Azərbaycan musiqisində üç əbədiyaşar opera əsəri meydana gəlmişdir ki, bunlardan birincisi "Leyli və Məcnun", ikincisi "Koroğlu", üçüncüsü isə "Sevil" operalarıdır.

Onun müasir üslubda geyinməsi də diqqəti cəlb edirdi. Atası Məşədi Cəmilin şəkillərində onun nə qədər yüksək geyim mədəniyyətinə malik olduğu aydın nəzərə çarpır. Məşədi Cəmil məşhur tarzən, xanəndə və bəstəkar olmazdan əvvəl, doğma şəhəri Şuşada çox tanınmış bir dərzi kimiad çıxarmışdı. Məşədi Cəmil öz geyimlərini və həyat yoldaşı Dürdanə xanımın paltarlarını da özü tikərmiş. Məşədi Cəmil həm də tar, kamança, skripka, piano, kanon, uds. musiqi alətlərində çalarmış. Onun tarda ən çox solo çaldığı "Şur" muğamı olmuşdur. F.Əmirovun ilk simfonik muğamı "Şur"la başlaması da təsadüfi olmamışdır. O, özü də "Şur"u tarda çalmağı çox sevərdi. İngiltərə səfərində tarı da özü ilə apararaq London televiziyasında çıxış etmişdir. Fikrət Əmirov canı və qanı ilə öz xalqının adət və ənənələrinə, milli köklərinə, muğamlarına, folkloruna, aşıq sənətinə olduqca bağlı bir sənətkar idi. Evdə əlində həmişə təsbeh olardı. Dünyanın müxtəlif ölkələrindən gətirdiyi suvenirlər və hədiyyələr qonaq otağına xüsusi yaraşıq verirdi. Məşhur türk bəstəkarı Adnan Sayqın, İran bəstəkarı Heşmet Səncəri və məşhur sovet drijoru Yevgeni Rojdestvenski ilə sıx dostluq əlaqələri saxlayırdı. XX əsrin dahi bəstəkarı Dimitri Şostakoviç Fikrət Əmirovun istedadına və sənətkarlığına çox yüksək qiymət vermişdir.

Geniş musiqi ictimaiyyətimiz bəlkə də bilmir ki, Fikrət Əmirov "Şeyx Sənan" operasını da bitirmişdi, lakin tamaşaya təqdim etmirdi. Belə hesab edirdi ki, Opera Teatrının indiki səviyyəsi buna imkan vermir. Son əsəri olan "Nizami" baletinin orkestrovkasını başa çatdırmadan vəfat etdi. Bəstəkar Musa Mirzəyev bu əsərin orkestrovkasını başa çatdırdı.

F.Əmirov Azərbaycan musiqi mədəniyyəti tarixinə Üzeyir Hacıbəyov ənənələrinin ən layiqli davamçısı, simfonik muğam janrının - Şərq simfonizminin yaradıcısı kimi daxil olmuşdur.

 

Tahir Hacı Əzimli,

Musiqişünas

 

Ədalət  2017.- 23 iyun.- S.3.