"Bircə addım imiş
"bahardan" qışa"
"Ruhuna beşiksə, tanı, Vətəndir"
kitabını oxuyarkən bir daha insan qəlbinin ancaq uca bir
Eşqlə yarada bildiyinə əmin olursan. Bu əminliyi
şairə xanım Mahirə Nağıqızı
yaradır.
Və görürsən ki, insanın
bütovlüyünü və böyüklüyünü
sübut edən üç duyğu - vətənə, anaya və
övlada olan məhəbbət duyğusunun tərənnümü
onun yaradıcılığı içərisindən
qırmızı xətlə keçir. Bu cür ifadə
forması Mahirə Nağıqızının son günlərdə
çap olunan "Ruhuna beşiksə, tanı, vətəndir"
şeirlər kitabında özünü daha qabarıq şəkildə
göstərir. Mahirə
Nağıqızını yazmağa, yaratmağa, ümumiyyətlə,
yaşamağa səsləyən sevgidir - Vətən sevgisi,
Ana sevgisi və övlada olan sevgi və məhəbbət.
"Azərbaycan"
adlı şeirində bu üçlüyün vəhdəti
elə gözəl ifadə olunur ki:
Azərbaycan
-
Göyərən ümidlərim.
Dərmanı,
davasısan
Min illik dərdlərimin.
Şairə yeddi bənddən ibarət olan bu şeirdə
Vətəni tərənnüm etmir, açıq-aşkar
qiymət verməyə çalışmır. O göyərən ümidlərinin,
min illik dərdlərinin, dərmanının Vətənini -
doğma Azərbaycanı öz oxucusuna o qədər qürur
və fəxarətlə təqdim edir ki... Onun
təqdimatındakı yurdu muqəddəsdir - Tanrıya bərabər
tutulur. Şeirdəki ifadələrdən
görünür ki, bu fikirlər şeir yaratmaq
üçün sıralanan misralar deyil, insanın - Vətənini
Tanrısı qədər sevən bir insanın ürək
çırpıntılarıdır. Bunlar
elə ürək çırpıntılarıdır ki,
onları sevmədən yaşamaq qeyri-mümkündür.
"Vətəndir" şeirində Vətənin
şirinliyi, müqəddəsliyi daha qabarıq şəkildə
ifadə edilir.
Vətən torpağını, dünyanı
var eləyən digər qitələrin torpaqları ilə
eyniləşdirmir, öz ayaq basıb gəzdiyi torpağı
ona görə müqəddəs sayır ki, bu sadəcə
torpaq deyil, bu babaların qoynunda əbədi məskən
saldığı torpaqdan ibarət Vətəndir. Elə
bunu nəzərdə tutan müəllif yazır:
Bu vətən
deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.
Başını
qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, Vətəndir.
Etiraf edək
ki, Mahirə xanımın təqdim etdiyi Vətən mücərrəd
deyil, canlı olduğu qədər doğmadır:
Qurduğun
dünyanın hər daşı vətən,
Ömrümün,
günümün, yoldaşı Vətən,
Mahirə
demədi qəm daşı Vətən,
Dərmanın hardadır, hanı - Vətəndir.
Müəllif şeirlərində vətən
torpağının hər qarışını həmin
torpaqda yaşayan vətəndaşların hər birinə,
canından əziz olduğunu yada salır, onun yolunda qurban
gedib şəhid olmağı belə insanın müqəddəs
borcu hesab edir.
Bu yolda qurban gedənlərin xatirəsinin əziz, dəfn
olunduqları məzarların müqəddəs ziyarətgah
olduğunu xatırladan müəllif şəhid Məzarını
elə böyük ehtiram və sevgi ilə təqdim edir ki...:
Burdan
yavaş gedin, astadan keçin,
Qəbirlər
titrəyər, daş dinə bilər,
Bir
güllə gücünə sükut olanlar,
Bir addım səsinə diksinə bilər.
Qarşısından
keçib də getdiyimiz şəhid məzarları yaradan
insanların missiyası o qədər orijinal ifadə edilir ki,
xoş bir heyrətdən yayına bilmirsən:
Yerə
qan tökdülər, ruh göyərtdilər
Tarixi yazdılar vətən daşında.
Minillik
xalqlara dərs öyrətdılər
Bu ərən oğullar cavan yaşında.
"Şəhid nəğməsi" adlı şeirdən
nümunə gətirdiyimiz bu misraları həyəcansız
oxumaq qeyri - mümkündür. Müəllif Vətən yolunda
şəhid gedən övladlarımızın - şəhidlərimizin
basdırıldıqları yeri sadəcə bir müqəddəs
ocaq, ziyarətgah hesab etmir, o, əbədi bir dərs vəsaitidir:
Şəhidlər!
Şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə
diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.
Müəllif
Vətən, torpaq, yurdun bütövlüyü yolunda qurban
gedənlərin müqəddəs ünvana çevrildiklərini
qeyd edərək bu yolun yolçusu olmaqdan qorxmamağa
çağırır, bu yolda qurban gedənlərin müqəddəsliyə,
əbədi ziyarətgah olan bir ünvana çevrildiklərini
fəxarət hissi ilə qeyd edir. Mahirə
Nağıqızının "Xocalı üçün
elegiya", "Son döyüşə hazır ol",
"Al bayrağım" və s. kimi şeirlərində də
vətənin dərdini, başının üstünü alan qara buludlardan qurtulmağın
yollarını, alçaq ermənilərin işğal etdikləri
torpaqları işğaldan azad etməyin zamanının
yetişdiyini vacib məsələ kimi önə çəkir.
Müəllif Azərbaycan əsgəri adının niyə
müqəddəs olduğunu belə ifadə edir:
Sən Vətənin
gücüsən, Vətənin əsgər oğlu,
Vətən haya çağırmaz, haraylamaz hər
oğlu.
Qızlar
gül-çiçəyinnən süslər müzəffər
oğlu,
Ər gəlişin
naminə son döyüşə hazır ol!
Xanım
Mahirə Nağıqızı o əsgər oğulların
qoruduğu Vətəni elə canlı təqdim edir ki... Əgər Səttar Bəhlulzadə bu
canlılığı rənglərlə ifadə edirsə,
Mahirə xanım o tablonu sözlə yaradır. Onun
"Batabat", "Xınalıq", "Xızıda
qış", "İlusuda yaz" və onlarla digər
şeirlərində Azərbaycanın əsrarəngiz təbiətinin
tabloları var:
Xızıda
qış gerçək, yoxdu nağıllar,
Soyuq nəfəsi
də, buzu da gerçək...
İnana
bilmirsən sanılı gün var,
Bir azdan buraya bahar gələcək.
Evlər
yüz yaşamış qocalar kimi
Hüdudsuz
çöllərə atmır səsini,
Çəkilib
yaşayır xəyallarıyla,
Hərə tüsdülədir öz demisini.
Şairənin yaradıcılığında anaya olan məhəbbət
Vətənə olan məhəbbətin digər bir
formasıdır. Müəllifin şeirlərində
çox zaman anaya olan məhəbbətlə Vətənə
olan məhəbbət eyni nöqtədə birləşir,
yaxud biri - digərini üstələyir. Bu
əvəzlənmə müxtəlif şeirlərin məzmununda
olduğu kimi, bəzən bir şeirin daxilində də
özünü göstərir. Biz
şairin "Qocaldı" şeirində bu mənzərənin
şahidi oluruq. Şeirdə deyilir:
Göz
açanda səni belə görmədim,
Doğrudanmı məndə güman qocaldı?!
Dünya,
sənin hikmətini bilmədim,
O şux
anam, laçın anam qocaldı.
Vətənin isə öz şəhid övladına
qayğısı, məhəbbəti əbədidir, sönməzdir
və tükənməzdir. Vətən nə qədər
var, Vətənin öz şəhid övladına göstərdiyi
qayğı da var, əbədi məhəbbət də var.
Şairə həmin şeirin digər bəndində
torpaq itkisi ilə övlad itkisini paralelləşdirir. Bu bəndə
ananın dərdi təkcə itirdiyi övlad dərdi deyil.
Onu şəhid olan övladının dərdindən
çox düşmən əlində girov qalan doğma vətən
torpaqlarının dərdi göynədir. Ona görə
də şairə bu iki hissi bir bəndə
sığışdıraraq yazır:
Bulaq idi
qayım - qayım qaynayan,
Sısqalaşdı
oldu ürək dağlayan,
Həsən
kimi qardaş verib ağlayan,
Vətən deyib nə zamandan qocaldı.
Mahirə Nağıqızının bu kitaba daxil olan
şeirlərinin hamısında insana, insanlığa,
övlada, övladlığa olan məhəbbət sönməz,
dönməz və güclüdür. O öz övladlarına - nəvələrinə
söz deyəndə hər bir kəsin aqil sandığı
insanları nümunə göstərir, o cür adlı -
sanlı, ağıllı - kamallı insan olmalarını
arzulayır. Bərkdə möhkəm, çətində,
dözümlü, döyüşdə güclü
olmağı tövsiyə edir. Şairənin gəlin
köçən qıza xeyir - dua şəklində
misralanmış "Gedirsən" şeirini oxuyanda ata evindən
köçən qızlara ağbirçək nənə, ərə
qardaş analarımızın verdiyi öyüd - nəsihət,
xeyir - dua qulaqlarımızda səslənir:
Bu bir
yoldur döngələri, yoxuşu,
Bir taleyə bir vurasız naxışı.
Qəlbimizdə
rahatlıq var yaxşı ki,
Bəxt yolunu ər oğlannan gedirsən.
Altı bənddən ibarət olan şeirdən gətirdiyimiz
bu nümunə sanki rəssamın kətana
köçürdüyü bir tablodur. O, bizim
gözümüzün qarşısında canlı bir
varlıq kimi dayanıb. Bu üç bənd müqəddəs
Abu - zəmzəm suyundan tutmuş, bir elin, bir ailənin, bir nəslin
müqəddəs ağsaqqalına qədər hər
şey, hər kəs xatırlanır və bu
xatırlanmaların arxasında isə oğlan evinə gəlin
köçən qızın əbədi xoşbəxt olmaq
arzusu dayanır.
Şairənin şeirlərini oxuyanda duyursan ki, o,
dünyanı hamıdan fərqli, şairanə, duyğulu
başa düşür. Əmindir ki, biz olmasaq da, bu dünya elə belə
güllü - çiçəkli, dağlı - dərəli,
ölümlü - itimli və ağrılı - acılı
həmişə var olacaqdır. Bundan
qorxmağa, çəkinməyə belə lüzum yoxdur.
Elə, bəlkə də, bu düşüncələrin təsiri
altında müəllif "Qocalmaz" şeirində belə
bir qənaətə gəlir ki:
Kim nə
deyə, elə budu bu dünya,
Yarı
oddu, yarı sudu bu dünya,
O
dünyanın qorxusudu bu dünya,
Verər səni, məni qurban qocalmaz.
Xanım Mahirə Nağıqızının "Ruhuna
beşiksə, tanı, Vətəndir" kitabını ona
görə oxumağınızı məsləhət bilərdim
ki, zamanınızda yaranan bayatıların möcüzəsi
ilə üzbəüz qalasınız. Bu bayaılar, məşhur
Qumilyovun dediyi kimi, yalnız "çöl mədəniyyətinin
inciləri" kimi deyil, həm də insanın ifadə
imkanlarının genişliik göstəricisi kimi
maraqlıdır:
Bilmədi,
naşıdı, qaldı,
Dərdimi daşıdı, qaldı.
Bu dərdə
kimsə qalmazdı,
Gözümün yaşıdı, qaldı.
Və
yaxud:
Ay dərdim,
lələ dərdim,
Hey tutdun
şələ, dərdim.
Yer dindi,
göy ağladı,
Bezmədin hələ, dərdim.
Bu
bayatılar bir möcüzədir və inanmaq olmur ki, həmin
möcüzə bir-iki gün əvvəl yaranıb...
Mahirə xanım Hüseynova çox ciddi bir alimdir. 3 dərs vəsaiti, 1 metodik vəsait, 8 monoqrafiya müəllifi olan, ADPU Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru Mahirə xanım ABŞ, Çexiya, Rusiya, Türkiyə, Qazaxstan, Ukrayna və digər xarici ölkələrdə elmi məqalələri ilə çap edilir.
"Ruhuna beşiksə,tanı, Vətəndir" kitabı ilə Mahirə xanım təsdiq etdi ki, bunlarla bərabər o, şair, həm də bənzərsiz şairdir.
Sərdar Zeynal,
şair, filologiya
elmləri doktoru
Ədalət 2017.- 23 iyun.- S.4.