“Eldar Baxışın
son görüntülərini Mirşahin apardı”
Bu
gün - iyunun 22-si görkəmli Azərbaycan şairi Eldar
Baxışın doğum günüdür. Yaşasaydı 70 yaşı tamam
olacaqdı.
Adalet.az kulis.az-a
istinadən bu münasibətlə onun bacısı Ceyran
xanımla şair haqqında söhbəti təqdim edir.
- Eldar
Baxış sizdən böyük idi deyəsən…
- Biz
dörd övlad olmuşuq. Böyüyümüz
Eldar idi. Onda sonra Elmar, Şahmar... Üç qardaş,
bir bacı... Qardaşların hamısı rəhmətə
gedib.
- Eldardan əvvəl, ya sonra?
- Sonra...
- Niyə
belə bəs? Atanız da cavan ölüb.
Nəslinizdə kişilər
qısaömürlüdür?
- Atam
çox cavan yaşda dünyadan köçüb. 34
yaşında... Amma babam 50 yaşacan
yaşayıb. Bəy olub, sovet vaxtı
varidatını əlindən almışdılar. Varidatını verib üzə çıxıb, vəzifə
veriblər ona. Ölən günə qədər
sovet sədri işləyib.
- O tərəfin adamları adətən
sərt olur. Necə idi? Sizi
incitmirdi?
-
Eldarmı? Heç vaxt! Məni çox istəyirdi.
- Bəzi
qadağa qoymaq-filan...
- Mənə
deyirdi, orta məktəbi, universiteti bitirmədən ailə həyatı
qurmayacaqsan(gülür). Oxuyan
olduğumu bilirdi, deyirdi, sən mütləq universitetə girəcəksən.
Gözəl-göyçək qız idim, məni
tənbeh eləyirdi ki, birdən evlənərsən. Həm də o dövrdə qız oxutmaq çətin
idi. Mən Eldarın sözündən
tutdum. Məktəbi bitirəndən sonra
Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul
oldum. Eldar da tarixi bitirib, getmişdi əsgərliyə.
Batumiyə...
- Bir qardaş kimi necəydi Eldar?
- O, mənim
təkcə qardaşım deyildi. Həm
anamıydı, həm atamıydı. Baxmayaraq,
anam da var idi. Sirdaşım idi mənim.
O, bacım idi, qardaşım idi. Hərdən
anamla sözümüz üst-üstə düşməyəndə
deyirdi, Ceyranla işin olmasın, o, mənim arxamdır. Deyirdi, Ceyran məni dəfn eləyə bilər, mən
onu eləyə bilmərəm. Yəni hər şeyim idi,
hər şeyim... Hətta deyirəm, dörd övladım
var, onlar gedərdi, Eldar qalardı...
- Eldar Baxışın
çoxlu sevgi şeirləri var. Çox sevdiyi biri olub?
- Olubdu,
amma alınmayıb.
- Kim idi?
-
Universitetdə olanda istəyiblər bir-birilərini. Qızın atası bilmirəm, polkovnik idi, ya hərbi
kafedrada işləyirdi universitetdə. Eldarın
söhbəti yadımdadır, deyirdi, mənim iki
uşağım var, amma o hələ ailə qurmayıb.
- Eldara görə?
- Hə,
Eldara görə...
- Bəs niyə alınmayıb?
- Mamam
qoymadı.
- Eldar sevgi şeirlərini o qıza
yazmışdı?
- Bəlkə
də. Bu barədə mənə heç nə
demədi. Onu sevən bir qadın vardı, iki il əvvəl əvvəl rəhmətə
getdi. O qadın da yazardı, Yazıçılar Birliyinin
üzvüdü. Məleykə xanımdı
adı. İnfarktdan öldü. Dil-ədəbiyyat müəlliməsi idi. Razində yaşayırdı. Bir-iki il qabaq bir hüzur yerində o qadınla təsadüfən
rastlaşdıq. Məni görəndə
ağladı. Birinci kursda oxuyanda Eldar onu
istəyirmiş. Özü
danışdı mənə. Boyunbağısını
açdı göstərdi. Bir tərəfdə
Eldarın, o biri tərəfində özünün cavanlıq
şəkli. Artıq onun gəlini
vardı, nəvələri vardı. Boyunbağını
göstərəndə gözlərimə inana bilmədim.
Məleykə dedi ki, mən Eldara 40 gün yas saxladım. Dedi,
o boyunbağını ərim də, oğlanlarım da
görmüşdü. Gizlin-gizlin qəbrinə
gedibmiş. Qadın öləndə
yasına getdim. Eldarın xatirinə.
O ki bu sevgini daşıyıbmış içində...
- Həyat yoldaşı ilə
evliliyi necə olub? Qohumluqla?
- Qohumluq
xətti ilə evlənib. Yoldaşı anamgil tərəfdəndi.
Düzdü, Edar istəmirdi. Anam da deyirdi, evlənməlisən, çünki mənə
baxan gəlin lazımdır. Eldar da dedi, mən Bakıda
yaşayacam, sən də Bakıda yaşamaq istəmirsən.
Anaları da bilirsiniz, bir az əsdi-coşdu,
Eldar da razılıq verdi. Mən getdim
qızı istədim. Getdim, Eldarın
elçiliyini elədim.
- Onda
neçə yaşınız vardı?
-
İyirmi beş. Sonra qız
tibb texnikumuna girdi.
- İşləməyə qoymadı amma.
- Hə,
qoymadı. Götürdü qaçdı Eldar
onu.
- "Hə”sini alandan sonra?
- Hə. Heç qızı görməmişdi Eldar.
- Kimin
köməyi ilə qaçırdıb? Tək olmur bu işlər...
- Bilmirəm.
-
Maraqlıdır, niyə qaçırdıb bəs?
- Eldar hər
gün mənə zəng eləyirdi. Hər
gün. Radioda işləyəndə
İbrahim Göyçaylı ilə bir kabinetdə otururdular.
Mənə zəng elədi ki, İbrahim səninlə
danışmaq istəyir. Dedim, ver
danışaq. İbrahim dedi, sənə xoş xəbərim
var; Eldar qız qaçırdıb. Mən əvvəl-əvvəl
başqa cür düşündüm. Fikirləşdim
ki, yəqin ayrı bir qızı qaçırıb. İstəmirdi axı onu. Soruşdum,
kimi qaçırdıb. Dedi, "hə”sini
aldığını...
- Eldar Baxış çox
içən idi. Heç demirdiniz ki,
içmə?
-
Eşitmirdi. Deyirdi, dərdimdən içirəm.
Dərdin nədir bəs? Millət
dərdi.
- Ceyran xanım, siz nə vaxt bildiniz
ki, Eldar şairdir?
- Mən
dördüncü sinifdə oxuyurdum onda. Eldar Qubadlıda,
şəhərin özündə oxuyurdu. Çardağımız
vardı, yayda orda yatırdıq. Eldar bir
gün gəldi. Mənim adımı deməzdi
heç vaxt, "Dumduru” deyərdi mənə.
- Dumduru?
- Hə...
(gülür) Mən də
ağlayırdım ki, bu nə sözdü belə. Eldar da mənnən çimdik götürərdi.
Mən də qışqırardım. Ay
mama, ay mama! İstəyirdim, mamam gəlsin
hayıma. Sonra böyüyəndə
bilmişdim ki, bu ayaması mənə sevgisindən
yaranıb.
-
Maraqlıdır...
- Hə,
biz çardaqda Eldarla bir yerdə yatırdıq. Mən atamı heç görməmişdim, öləndə
3 yaşım vardı. Eldar onda 10
yaşındaydı. Atamı
xatırlayırdı. Dedi, mən şeir yazıram,
rayon qəzetinin baş redaktorunun yanına getmişdim.
Gülməyim gəldi, dedim, nə şeir e... O qədər
dəcəl idi ki... Anam deyirdi, səhər
açılanda görən hardan eşidəcəm ki, Eldar
yumurtaları sındırıb, ya da kiminsə bağına
oğurluğa girib.
- Uşaqları da döyürdü?
- Dəhşət!
Onun qədər dəcəli yox idi. Şeir
yazıram deyəndə, mənə qəribə gəldi.
Dedim, sən hara, şeir hara? Sən cüvəllağı
adamsan, səndən şair olar? Mən
şairləri həmişə ağır təbiətli
görmüşəm. Dedi, istəyirsən qağamla
bağlı - biz atamıza qağa deyirdik - şeir
yazmışam, onu deyim sənə? Heç yerdə
çap olunmayıb. Mən yuxu kimi
xatırlayıram o şeirin bir hissəsini.
- Deyin də
mümkünsə.
- Atam
ölən zamandan,
Məzara
qoyulandan,
Saatlar,
günlər keçib
Aylar, fəsillər keçib.
Amma ki
ürəyimə
atam
öldüyü gündən
Düşən
o xal qalacaq
Yalnız,
yalnız öləndə
Soyuq məzarda
o xal
çürüyüb yox olacaq.
- O
yaş üçün qeyri-adidir.
- Hə. Onda bildim ki, Eldar şeir yazır. Amma dedi, anama deməzsən.
- Niyə?
- Anamdan
qorxurdu. Dəcəliydi, anam da onu
döyürdü. Bir dəfə Eldar
bağa girib. Payız təzəcə gəlib.
Eldar Bahadır adlı kişinin bağına
üzüm oğurluğuna gedib. Çıxıb
üzüm yeyəndə görüb, Bahadır kişi deyinə-deyinə gəlir. Eldar dənələri atırmış yerə, bu
da elə bilirmiş ki, quşlar gəlib dimdikləyir. Adam olduğunu bilmirmiş. Bahadır kişi də laltəhər kişiymiş. Deyirdi, üzümün dənəsini atırdım
başına. Bizdə
"qürre-qürre” deyirlər ki, üzümü yeyən
quşlar uçub getsin. Bahadır kişi
də Eldarı quş sanıb "qürre-qürre” eləyirmiş.
Sonra da deyib ki, uşaqlara gərək deyim,
ağacda qalan üzümləri yığsınlar. Eldar deyir, belə deyəndə əsəbiləşdim,
özümü saxlaya bilmədim, üstündə
beş-altı dənə olan salxımı atdım bunun
başına. Onda Bahadır kişi
adam olduğunu bilib, tüfəngi sazlayanda Eldar o biri tərəfdən
özünü arxa atıb. Suyla üzə-üzə
gəlib çıxıb evə. Mamam
görüb ki, maykası qapqara olub. Elə
bilib, Eldarı bıçaqlayıblar, ya da döyüblər.
Əlində ağac budağı salıb bunu otağa, deyib, kim səni bu kökə salıb. Eldarın bir
sözü vardı: "Mama, tövbə!”. Deyib,
tövbə, bir də kiminsə bağına girməyəcəm.
- Ən vacib sualımız budur. Sizcə, Eldar
Baxışı doğrudan da zəhərlədilər, yoxsa
bu bir təsadüf idi?
- Zəhərlədilər.
Amma kimin elədiyini bilmirəm.
- Həkim
ona deyibmiş ki, içsən öləcəksən...
- Onu
bilirsiniz nə vaxt dedi? Zəhərlənmədən
ayılandan sonra dedi. Dedi, sən bundan sonra içsən
öləcəksən. Amma zəhərlənmədən
sonra Eldar nə vəziyyətdəydi ki, içsin. Ayağa qalxa bilirdi ki.
- O məclisdə
kimlər olub, bilirsiniz?
- Hadisə
"Tural” kafesində olub. Şüuru
özünə gələndən sonra özüm Eldardan
soruşmuşdum, intervü eləmişdim ondan və söhbətimiz
lentə yazdırmışdım. Öləndən
sonra Mirşahin gəldi bizə, məndən müsahibə
aldı, Eldarla söhbət olan kaseti götürüb
apardı. Kaset o gedən getdi, bir də
üzünü görmədim. Dəfələrlə
müraciət eləsəm də, nəticəsi olmadı.
-
Orijinalı niyə verirdiniz ki?
- Eldar
ölmüşdü, dünyamız uçmuşdu,
başımız üstümüzdə idi ki?!
- Nə
danışmışdı orda?
- İşdən sonra, dostu zəng eləyib onu
qonaqlığa çağırır. Heyf, indi o
adamın adı yadımdan çıxıb, Zəngilandan
idi. Eldarla 18 ilin dostuydular. Nə olmuşdusa o məclisdə olmuşdu. Kafedə başqa adamlar da olub, bunlara qoşulublar.
Eldar tanımırdı o adamları. Araq kənarda rumkalara süzülüb süfrəyə
gətirilirmiş. Dedim, Eldar, dədənin evi onda
yıxılıb!
- Həkim
dedi ki, zəhərlənib?
- Hə.
Həkim yoxladı, dedi, yatmalıdır, zəhərlənib.
Eldar həmişə axşam gələrdi mənim
yanıma, yeməyini yeyib qalxırdı öz ailəsinin
yanına. Səhər də gəlib bir stəkan
süd içib getməliydi. Həmin
günü gəlmədi. Bir binada
qalırdıq. Günortadan sonra qızı
ağlaya-ağlaya gəlib dedi ki, mama, atam yaxşı deyil.
Dedim, işə getməyib? Yox, dedi. Ayaqyalın
qaçdım yanına. Gördüm
qonşular yığılıb Eldarın başına.
Eldar çarpayıda uzanıb, ağzından
köpük gəlir. Dizimi qoydum yerə.
Üç dəfə çarpayının
başına fırlandım ki, nəyi varsa gəlsin mənə.
Həkim diaqnozunu zəhərlənmə qoydu.
Sonra mənə dedilər, Maqalov adında bir yəhudi
həkim var, onu gətirin. Mən zəng
elədim yazıçı Anara. Dedim, sənin də iki
bacın var, mən də onun bacısıyam, Eldar əldən
gedir, bizə kömək elə. Anar dedi, mən sizə
kömək edəcəm. Elədi də. Maqalov gəldi. Analiz
götürüldü Eldardan. Bir-bir
analizlərinə baxdı. Mənə dedi, deyirsən,
onun hər şeyiyəm, ona görə diqqətlə qulaq
as. Buna zəhər veriblər. Ağır zəhərlənib. Özü
də bədənini nəzərə alıb veriblər.
Yəni zəhər uzun müddətə təsir
edəcək ki, heç kimdən şübhələnməyəsiniz.
Tədricən öləcək. Elə də oldu. 8 ay çəkdi.
Eldar o müddətə yaman arıqladı.
Maqalov dedi ki, İsrailə aparsan, Almaniyaya aparsan bəlkə
sağala bilər. Ancaq Maqolov onu da dedi ki, bir gün bu zəhər
ya beyninə vuracaq, ya bir yerini şikəst edəcək. Sonu da elə oldu. Ayaqlar da tutuldu,
beyin də pozuldu. Qulu Ağsəs çəkmişdi
son görüntülərini. Ondan
üç gün sonra keçindi.
- O vəziyyətdə
çəkilməyinə niyə razılıq verdiniz?
- Qulu gəldi
bizə. Onda Eldar heç onu tanıya da bilmədi.
Qulu ağladı, dedi, bəs mənim elçiliyimi sən eləyəcəkdin,
Eldar Baxış. Dedim, Qulu, mətbuata getməsin bu video. Çək özündə saxla, arxivdi. O da
söz verdi. Sonradan mənə
zəng elədilər ki, artıq o çəkiliş televiziyada
getdi. "Yol” verilişi idi deyəsən.
- O
gün Eldar Baxışı işdən aparan o zəngilanlı
dostuyla əlaqəniz oldumu sonralar?
- O
özünü elə aparırdı ki, ürəyi
yanmış kimi... Eldarın huşu
özündə olmayanda gəlib ayaqlarından
öpürdü.
- Sizə son olaraq nəsə dedimi? Vəsiyyət kimi...
- Eldar ölümdən danışanda
ağzını yumurdum. Deyirdim, sən mənim atamsan, anamsan. Bir dəfə
Bəxtiyar Vahabzadə gəlib demişdi ki, bəxtəvərsən,
sənin belə bacın var, səni çiyninə alıb
ordan-ora daşıyır. Durdu ayağa, Bəxtiyarın
qolundan tutdu, dedi, bircə bacımdır, elə deməyin, ona
bir şey olar. Ölümü nəzərə
almırdı Eldar. Bircə dəfə
demişdi ki, məni Xırdalanda basdırarsınız, biz tərəflərə
oxşayır. Bir də demişdi ki,
Qubadlı alınsa sümüklərimi ora aparıb,
atamın yanına basdırarsınız. Belə
şeylər danışanda ağzını yumurdum ki, sən
məni çiynində aparmalısan, mən səni yox.
Öləcəyinə inanmırdım. O
özü də inanmırdı.
- Son
anını necə xatırlayırsınız?
- Son
anıyla bağlı şəklimiz də var.
Başını qucaqlamışam. Dişləri
tökülmüşdü. Bir dişi də
qalmamışdı. Dilini, dişlərini,
bədənini zəhər yemişdi. 140 kiloluq adam nə günə
düşmüşdü. Ərimişdi.
Üç gün özündə olmadı.
-
Neçə yaşı var idi öləndə?
- 48. 49 yaşına bir ay qalmışdı. Mayın 22-i keçindi, iyunun 22-si ad günü idi.
- 70
yaşı olur. Yubileyi ilə bağlı nə
düşünürsünüz?
- Mən Yazıçılar Birliyinə müraciət
etmişdim ki, yubiley keçirsinlər. Ayın 7-dən
bu söhbət var. Onlar da deyir, bəs gündəliyə
salmışıq, gözləyirik bacısı gəlsin,
gün təyin eləsin. Sən
özün gün təyin elə, vaxtını de, mən də
gəlim, gəlməsəm məni günahkar bil.
- Yəni
yubatdılar və yubileyi keçirmədilər.
- Hə, yubatdılar.
Söhbətləşdi:
Ayxan Ayvaz
Ədalət 2017.- 23 iyun.- S.4.