Cəlil Məmmədquluzadənin Ağcabədi
ilə bağlılığı
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Ağcabədinin
tarixi keçmişində əbədiyyətə qovuşan
parlaq səhifələrdən biri böyük
yazıçı dramaturq, mübariz jurnalist və ustad satirik
Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) bu məkanla
bağlılığıdır. Azərbaycanı cəhalətin
qəflət yuxusundan oyadan, islam Şərqini lərzəyə
salan mübariz "Molla Nəsrəddin" jurnalının
yaradıcısı kimi, tarixi bir şəxsiyyətin
Ağcabədi ilə əlaqəsi şübhəsiz ki,
şərəfli bir hadisə kimi tarixə həkk olunub
yaşamaqdadır.
Məlumdur
ki, C. Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsinin
səbəbkarı Kəhrizli Əhməd bəy Cavanşirin
qızı Həmidə xanım olmuşdur. Maraqlıdır,
Azərbaycanın ucqar bir kəndində yaşayan bir bəy
qızının bəylərin, din pərdəsinə
bürünüb min bir fırıldaq edən qatı
mövhümatçıların amansız
ittihamçısı C. Məmmədquluzadə ilə
yaxınlığı necə mümkün olmuşdur?! Bəs
Mirzə Cəlil kimi böyük bir şəxsiyyət nə
üçün öz məsləkinə sadiqliyini pozub Həmidə
xanım kimi bir bəy qızı ilə izdivaca girmişdir? Bəli,
o zamanlar Qarabağ bəylərini də hiddətləndirən,
onların "bəylik qüruruna toxunan" da məhz bu məchul
suallar idi.
Həmidə
xanımın xatirələrindən göründüyü
kimi, hətta bir dəfə Mirzə Cəlil Kəhrizlidən
Bakıya gedəndə faytonla Yevlağdan keçən zaman
bir para Qarabağ bəyləri yolda onu öldürmək istəmişdir.
Bundan tez xəbər tutan Həmidə xanım gəlib onu
müşayiət edərək qaçaq-quldur yuvası olan
keçilməz Sultanbud meşəsindən keçirib
Yevlağa yola salmışdır.
Məsələyə
elmi şəkildə yanaşdıqda görürük ki,
bütün bu göstərilən səbəblər ancaq
zahiri fərqlərdir. Onlar məkanca, mənşəcə nə
qədər uzaq olsalar da, məsləkcə bir-birilərinə
o qədər yaxın idilər. Hər ikisinin əqidəsi,
həyata, insanlara münasibəti eyni idi. Həmidə
xanım həmişə kəndlilərin tərəfini
saxlayır, onların qeydinə qalır, dar ayaqda dadlarına
çatırdı. Öz xərci ilə kəhrizlər
qazdırır, həmkəndlilərinin əkinlərinə
su verir, onlara geniş tibbi yardım göstərir, məktəb,
toxuculuq emalatxanası və dəyirman açaraq yoxsul kəndlilərin
ehtiyacını ödəyirdi. Məhz bu
canyananlığın, xeyriyyəçiliyin və kəndlilərə
belə həmdəm olmağın nəticəsidir ki, onun
adı da el-oba yanında həmişə əzizlənmiş,
doğmalaşmış, indi də qocaların dediyi kimi
"Həmdəm xanım" adı ilə bu günədək
yaşamışdır.
Mirzə
Cəlilin elə böyüklüyünün, həssaslığının
biri də onda olmuşdur ki, o özündən
çox-çox uzaqlarda yaşayan açıq fikirli bir
qadının qəlbində çırpınan yüksək
amalları elə ilk tanışlıqdan duyub onu sevmiş və
özünün gələcək 25 illik parlaq ömür
yolunu onunla bağlamışdır.
Mirzə
Cəlillə Həmidə xanımın
tanışlığı 1903-cü ildə Tiflisdə
olmuşdur. Belə ki, Həmidə xanım yenicə vəfat
etmiş atası Əhməd bəy Cavanşirin şeirlər
kitabını çap etdirmək üçün Tiflis şəhərinə
gedir. O, bu zaman Tiflisdə "Şərqi-rus" qəzetində
işləyən Cəlil Məmmədquluzadə ilə
tanış olur və onun köməkliyi ilə kitab
"Asari-Əhməd bəy" adı ilə həmin il
çap olunur.
Cəlil
Məmmədquluzadənin Həmidə xanımla ilk
tanışlığı, onun bəy qızı olmasına
baxmayaraq açıq fikirliliyi, həyata düzgün
baxışı C. Məmmədquluzadədə ona
qarşı böyük rəğbət hissi yaradır və
bu mehriban ünsiyyət dörd il sonra mehriban ailə həyatına
çevrilir.
C. Məmmədquluzadə
ilə Həmidə xanımın birgə ailə həyatı
1907-ci il iyun ayının 15-dən başlamışdır. Həmin
dövrdən etibarən böyük ədib
ömrünün sonunadək müxtəlif fasilələrlə
Ağcabədidə - Kəhrizli kəndində
yaşamışdır.
C. Məmmədquluzadənin
Ağcabədiyə ilk gəlişi 1907-ci il iyun ayının
əvvəllərinə təsadüf edir. O zaman o, Həmidə
xanımla birlikdə Kəhrizliyə gəlmiş və bir
neçə gündən sonra kənd camaatının
iştirakı ilə ailə həyatı qurmuşlar. Kəndin
mehriban adamları gəlib Mirzə Cəlillə
görüşüb, onun maraqlı suallarının
müqabilində şirin söhbətə girişirdilər.
O, kənd camaatının vəziyyəti, həyat tərzi ilə
yaxından maraqlanaraq kənd həyatı ilə ətraflı
tanış olurdu.
Mirzə
Cəlil ilk gündən özünü kəndin doğma
adamı kimi aparır, kənd əhalisinə
qaynayıb-qarışırdı. Çox keçmədən
o, kənddə hamının hüsn- rəğbətini
qazanır. Sonralar kəndə hər gəlişində
özü ilə əhali arasındakı bu
mehribanlığı daha da artır, bu yerlərə qəlbən
bağlanırdı. Sevimli həyat və məslək
yoldaşı Həmidə xanım həmin unudulmaz illəri
xatırlayaraq yazır ki, bir dəfə Mirzə Cəlil mənə
dedi: "Kəhrizliyə gələrkən hələ uzaq məsafədən
yan-yana düzülmüş uca qovaq ağaclarını
görüb malikanəmizi tanıyır və bu zaman ürəyim
sevinclə döyünməyə başlayır. Doğma ailəmə,
mənim üçün əziz olan dost-aşnaya tez
qovuşmaq üçün faytonçunu tələsdirirəm.
Mən ancaq burada, təbiətin bu sakit guşəsində
özümü xoşbəxt hiss edirəm. Jurnalın
qarşısında öz borcumu yerinə yetirdikdən sonra
ömrümün son illərini bu sakit guşədə
keçirmək istərdim..."
C. Məmmədquluzadə
əsəblərinin sakitləşdirildiyi, mənəvi
zövq aldığı bu yerlərə təkcə istirahət
xatirinə gəlmirdi. O, hər dəfə kəndə gəlişində
əhalinin qeydinə qalır, camaatla çiyin-çiyinə
kəndin müəyyən bir işinə kömək edirdi.
Böyük ədib 1910-cu ildə Kəhrizli kəndinə
getməsi ilə əlaqədar "Molla Nəsrəddin"
jurnalına redaktorluğun müvəqqəti olaraq Məhəmmədəli
Sidqiyə verməyə icazə almaq haqqında Tiflis
qubernatorluğuna göndərdiyi ərizəsində
yazır:
"Ev-ailə
şəraitinin yaratdığı zərurətlə əlaqədar
olaraq dörd ay müddətinə Tiflisdən ayrılıb
Yelizavetpol quberniyasında Şuşa qəzasının Kəhrizli
kəndinə getməliyəm. Siz cənablarından xahiş
edirəm, mənim əməkdaşım Məhəmmədəli
Sidqiyə jurnala müvəqqəti redaktorluq etməyə icazə
verəsiniz".
Cəlil
Məmmədquluzadə
16
sentyabr, 1910-cu il
O, nəinki
kəndin mühüm işlərində, habelə xırda təsərrüfat
işlərində də, çalışaraq dəyirmana
gedir, taxıl səpir, əkinləri suvarır,
bağdakı ağaclara qulluq edirdi. Gəlin 1919-cu ilin
payızında onun sevimli həyat yoldaşına dediyi
aşağıdakı sözlərlə tanış olaq:
"Gözün aydın olsun Həmidə, bu il taxıl əkinlərimiz
yaxşı tutub, ona görə ki, sahələri vaxtında
şumladıq. Gələn il dəni tökməyə yer
tapmayacaqsan. Kəndlilərdə mənə baxıb
taxılı vaxtında səpdilər. Əgər cəyirtkə,
dolu və quraqlıq olmasa, bu il bol məhsul götürüləcək".
C. Məmmədquluzadənin
kəndlilərə əvəzsiz xidmətləri ilk növbədə
kənddə məktəb və toxuculuq emalatxanası
açılmasında göstərdiyi yüksək
qayğıdır. O, bu sahədə Həmidə xanıma
yaxından kömək edərək həvəslə işə
girişir, usta çağırtdırıb 20 ədəd
skamya və sinif lövhəsi hazırladır. Həmidə
xanımla bərabər lazım olan müxtəlif dərs ləvazimatı
toplayır, həmçinin məktəbin ilk müəllimi
olaraq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul
olur.
(Əvvəli
layihənin 118-ci sayında)
Cəlil
Məmmədquluzadənin Ağcabədi ilə, xüsusilə
Kəhrizli kəndi ilə bağlılığını
araşdırarkən onun Həmidə xanımın həmin
kənddə açdığı məktəbdə
özünün təşkil etdiyi "Molla Nəsrəddin"
adına kitabxananın bərpası ilə əlaqədar
olaraq 02 iyul 1921-ci ildə Xalq Maarif Komissarı Dadaş
Bünyadzadəyə ərizəsi və bu ərizənin icrası
ilə əlaqədar olaraq Dadaş Bünyadzadənin
Şuşa qəza Xalq Maarif Şöbəsinə sərəncamı
diqqəti cəlb edir. Oxucu marağını nəzərə
alaraq rus dilində yazılmış hər iki sənədin
mətnini təqdim edirik:
"1907-ci
ildə mənim həyat yoldaşım Həmidə xanım
tərəfindən Şuşa qəzasının Kəhrizli
kəndində yaradılmış xalq məktəbinin nəzdində
mənim tərəfimdən "Molla Nəsrəddin"
adına kitabxana təşkil olunmuşdur. Həmin kitabxana illərlə
zənginləşdirilərək beş böyük
şkafda yerləşirdi. Keçən ilki inqilab zamanı
bizim iştirakımız olmadan kitabxananın bir hissəsi
talan edilmiş, bir hissəsi isə müsadirə olunmuş və
deyilənə görə, Şuşa şəhərində
yerləşir.
Xalq
Maarif Komissarlığından xahiş edirəm ki, həmin
kitabxana Həmidə xanımın iştirakı ilə bərpa
olunsun və Kəhrizli kəndində savadlı kəndlilərin
bu xalq sərvətindən istifadə etməsi
üçün Həmidə xanımın ixtiyarına
verilsin".
Cəlil
Məmmədquluzadə
02
iyul, 1921-ci il
Həmin
məktubla əlaqədar olaraq müvafiq tədbir
görülmək üçün Xalq Maarif Komissarı
Dadaş Bünyadzadənin Şuşa qəza maarif
şöbəsinə göndərdiyi məktubda
yazılır:
"Şuşa
qəzasının Kəhrizli kəndində 1907-ci ildə Həmidə
xanım tərəfindən yaradılmış xalq məktəbinin
nəzdində yerləşən, "Molla Nəsrəddin"
adına kitabxana keçən il müsadirə olunmuşdur.
Deyilənə görə, hal-hazırda Şuşa şəhərində
yerləşir.
Yuxarıda
yazılanları və adı çəkilən
kitabxananın yaradıcısı Həmidə xanımın
həyat yoldaşı Cəlil Məmmədquluzadənin
müraciətini nəzərə alaraq, xahiş olunur ki,
kitabxananın qorunub saxlanması və yerli Kəhrizli əhalisinə
xidmət məqsədi ilə Kəhrizli xalq məktəbinə
köçürülməsi üçün müvafiq tədbir
görəsiniz".
Dadaş
Bünyadzadə
16
iyul, 1921-ci il
Görkəmli
alim Azərbaycan Tarix Muzeyinin direktoru Ataxan Paşayevin
"Molla Nəsrəddin jurnalının nəşri tarixindən"
adlı, qiymətli tədqiqat əsərində Cəlil Məmmədquluzadənin
həyatının Kəhrizli ilə bağlı yuxarıda
qeyd olunan səhifələrini işıqlandırması
olduqca diqqətə layiqdir.
Yuxarıdakı
hər iki sənəddən aydın olur ki, 1907-ci ildə Kəhrizli
kəndində Həmidə xanımın
açdığı məktəb Ağcabədidə ilk məktəblərdən
biri idi. Həmin məktəbin nəzdində görkəmli
yazıçı, jurnalist Cəlil Məmmədquluzadənin
açdığı "Molla Nəsrəddin" adına
kitabxana isə Ağcabədinin ilk kitabxanası olmuşdur.
Kəhrizli
kəndində toxuculuq emalatxanası açılması
işində də, Mirzə Cəlilin xidməti az
olmamışdır. O, bu işdə də Həmidə
xanımın ən yaxın silahdaşı olmuş, əlaqədar
təşkilatlara müraciət edərək bu işə
icazə alınmasına və lazımi şəraitin
yaradılmasına nail olmuşdur. Bununla əlaqədar olaraq
C. Məmmədquluzadənin 1922-ci ilin payızında Xalq Təsərrüfatı
Şurasının yazdığı ərizənin surəti ədibin
arxivində saxlanılır (C.Məmmədquluzadənin arxivi,
nömrə 6- 421, inv.18666). Həmin ərizədə ədib
nəinki Kəhrizli, habelə Hüsülü kəndində
toxuculuq emalatxanası açılmasına icazə verilməsini
xahiş edir.
Ağcabədi
mühiti ilə bağlılıq şübhəsiz ki, C. Məmmədquluzadə
kimi həssas bir yazıçının
yaradıcılığına da, öz təsirini göstərməyə
bilməzdi. Həmidə xanım qeyd etdiyi kimi ədib
"Anamın kitabı" pyesinin müəyyən hissəsini
və "Molla Nəsrəddin" jurnalı
üçün baş məqalələrin bir çoxunu, eləcə
də, 1907-ci ildə "Molla Nəsrəddin"
jurnalının 24-cü nömrəsində çap olunan
"Hanı 45 min manat" adlı fleytonunu Kəhrizlidə
yazmışdır. Yazıçı "Oğru inək"
hekayəsinin mövzusunu da, Kəhrizli mühitindən
götürmüşdür. "Ölülər"
pyesinin qəhrəmanı Kefli İskəndər, eləcə
də əsərin bir neçə prototipləri Ağcabədinin
Hüsülü kəndindən
götürülmüşdür. Kefli İskəndər
tarixi şəxs olub. Hüsülü kəndində
yaşayan Hacı Həsən ağanın oğlu idi. Bu
obrazın prototipi olan İsgəndər adətən öz
üzüm bağından şampanskiyə oxşayan gözəl
şərab çəkir, camaatın və mollaların tənələrinə
baxmayaraq həmişə içib kefli olurdu. Buna görə
də kənddə hamı onu "Kefli İsgəndər"
deyə çağırırdı. Həmidə xanım
qeyd edir ki, hər gün gecə kənd yuxuya gedir, tam
sükut yarandıqdan sonra Mirzə Cəlil yazı
masasının arxasında oturur, jurnal üçün
baş məqalələr və felyetonlar yazır, qalın
bir dəftərə nə isə
köçürürdü.
C. Məmmədquluzadənin
kənd həyatı ilə yaxından əlqəsi və
bağlılığı Kəhrizli camaatının gündəlik
həyatına və dünyagörüşünə
mühüm təsir göstərirdi. O, açıq fikirləri
ilə camaatın gözünü açır, güclü
məntiqi, nəzakətli davranışı, habelə Həmidə
xanıma və kəndlilərə qarşı olan mehriban
davranışı ilə ailə-məişət münasibətlərinə
də müəyyən təsir göstərdi.
Mirzə Cəlil Həmidə xanımın xeyriyyəçi fəaliyyətini məhdud bir çərçivədən çıxarıb ictimai aləmə qovuşdurdu. O, maddi imkanlarını artıq "Molla Nəsrəddin" jurnalının nəşrinə, ədəbiyaşar sənətkarımız M.Ə.Sabirin müalicəsinə də maddi və mənəvi dəstəyə, öz vəsaiti ilə Tiflisdə Qızlar Məktəbinə müəllim təyin olunmasına, həmçinin müxtəlif ictimai müsamirələrin keçirilməsinə sərf edərək mədəni aləmdə böyük nüfuz qazandı. 1913-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Həmidə xanımın Qarabağda pambıqçılığın vəziyyəti barədə rus dilində çıxış edərək qurultay iştirakçılarının rəğbətini qazanmasında da şübhəsiz ki, Mirzə Cəlilin öz əməyi olmuşdur.
C. Məmmədquluzadənin Ağcabədi ilə
əlaqəsi bu məkanın mədəni
inkişafındakı xidmətləri sevimli
yazıçıdan ən əziz xatirə kimi
qəlbimizdə həmişə yaşayacaqdır.
(Ardı var)
Şirxan Aranlı
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Ədalət 2017.- 30 iyun.- S.3-4.