Ölümdən sonra başlar şair ömrü
Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi
qəbir
tüfəng
lüləsitək dar,
Elə bilirdiniz hamının Allahı var?
Diz çökün, cənab Martınov, diz çökün!
Fələyin zülmü çox, Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü
-
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.
Gözlər hədəqədə,
ölüm sinədə,
Alın
yazısına, qara günə
də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə
gərək, bir bayıs gərək
Güllələyin şairləri!
Sonra diz çökün!
Kimin günahı var, kimin ahı var,
Dünyanın nə
qədər pis sabahı var.
Hamsına, hamsına şairlər bayıs!
Güllələyin şairləri!
Sonra diz çökün!
Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək əsridi,
Güllələyib güllələnin!
Qəbristanlıqlar ölüyə
həsrət!
Dəlixanalar
dəliyə həsrət!
Güllələyin şairləri!
Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi
ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar
güləcək harda?
Güllələyin şairləri!
Onsuz da
Şairlər ölürlər
yaz yağışından,
Arvad qarğışından, qız
baxışından,
Dünyanın tələsik yır-yığışından,
Günahlı, günahsız şairlər ölür.
Güllələyin şairləri!
Ancaq tövbə
gecəsi
əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə yüyürsün
Dantes,
bir kilsə qapısında
səhərəcən
böyürsün Dantes;
Bir də
yol verin, yol verin cənab Martınova
yıxılan
Lermontovu qucaqlamağa...
Vaqif Bayatlı Odər
Ədalət.-2017.-1 mart.-S.2.