De ki, zarafatdı, Mövlud

 

əzab çəkirəm, aşkım

deyərdin anana,

kimin günahkar olduğunu soruşardın

gecənin bir yarısı

əli qoynunda səni gözləyən anana...

hər şey toxunardı sənə

hər şey...

filmlər, kitablar, insanlar

bir atın sınmış ayağı üçün

ağlayardın günlərlə

taleyin ümidinə atılmış

arabanı qucaqlayıb hönkürərdin

mövcud olduğum üçün

üzr istəyirəm

deyib araq şüşələrinin

arxasında gizlənərdin

kəkələyərdin hərdən

hərdən qəfil gülərdin

dərddən güldüyünü anlamazdı heç kim

sən hamının əvəzinə böyüdün

geridə qalan adamlar balaca qaldı

həm qoca idin sən, həm uşaq

böyük adamlarla

böyük söhbətlər edərdin

uşaqlara qoşulub çərpələng uçurardın hərdən

Tanrını panoramalı

kişiyə bənzədərdin

hamı ilə dost olardın birdən,

bir anda da küsərdin hamıdan

uşaqlara baxıb kövrələrdin

uşaq olardın onlarla

gözünün qabağında canlanardı

atanın ananın başını dəmir darvazaya döyməyi

susardın o an, çox susardın

bu haqda çox susardın...

sən gedəndən insanlar

çox ağlayır, Mövlud

17 mərtəbəli binalara baxıb ağlayır

nifrət edirlər hündür mərtəbələrə

söyürlər, qışqırırlar, Mövlud...

sən gedəndən yurdsuz qalıb qucaqlar

bütün qucaqların ünvanı sən...

sən gedəndən anam da yuxularıma gəlib biləsən

qaranlıqda səsi gəlir bircə

səni soruşur deyəsən.

sən hər gözümü bağlayanda,

uçan Mövlud

arada anamın yanına get

sənə yemək versin, çay versin

bir az danlasın səni

niyə belə etdin deyə

sən onun əllərindən öp,

de ki, zarafatdı,

bir azdan qayıdacam...

 

Oğuz Ayvaz

Ədalət.-2017.-29 mart.-S.4.