ƏJDƏR ƏMİ

 

Hekayə

 

Masabəyi mikrofonu əlinə alıb salona göz gəzdirdi. Çalğının və oynayanların səsindən ağız deyəni qulaq eşitmirdi. Belə bir vur-çatlasında masabəyi pusquda dayanmış canavar kimi ov gəzirdi. Birdən salonun yuxarısında, bir az kənarda, diqqət cəlb etməyən yerdə əyləşmiş Əjdər əmini görən kimi masabəyinin mədəsi şirə ifraz etməyə başladı.

Oynayanlar öz yerlərinə keçdi. Musiqiçilər dərindən nəfəs alıb, soyumuş çaydan bir-iki qurtum alıb pıçıldaşmağa başladılar.

Masabəyi mikrofon əlində bir az ortaya çıxdı:

- Yoldaşlar, səhərdən məclisə fikir verirəm. Hər şey öz qaydasındadır. Yemək-içmək, çalmaq-oynamaq, hətta qulluq etmək yüksək səviyyədədir. Bir məsələ mənim diqqətimdən yayınmadı. Yəqin ki, mənim günahımdan keçərlər.

Məclisdəkilər bir anlığa əllərini yeməkdən çəkdilər və masabəyinin nə deyəcəyini gözlədilər. Salona çökmüş lal sükutu görən masabəyi sözünə davam etdi.

- Təklif edirəm bu badələri hamımızın, o cümlədən şəhərimizin böyük hörmət və ehtiramla yanaşdığı Əjdər əminin sağlığına qaldıraq.

Məclisin ucqar yerində qoyulmuş stuldan kimsə ayağa qalxmaq istədi. Masabəyi tez elan etdi ki, Əjdər əmi, siz əziyyət çəkməyin mən özüm sizin yanınıza gəlirəm.

Məclis əhlinin təəccüb qarışıq diqqətini masabəyi özü ilə birlikdə Əjdər əminin əyləşdiyi stola apardı. Masabəyi mikrofonu Əjdər əminin ağzına tutdudedi:

- Əjdər əmi, siz də bəylə-gəlinə öz xeyir-duanızı verin. Sizin duanız daha müstəcab olar. Çox adamlara xeyir-dua vermisiniz. Hamısı da xoşbəxt olub. Buyurun, eşidirik.

Əjdər əmi əlini cibinə salıb bir 50-lik çıxardıb masabəyinin döş cibinə qoydu. Mikrofonu masabəyinin əlindən alıb salona göz gəzdirdi boğazını arıtlayıb sözə başladı.

- Cavanlara, bu məclisin səbəbkarlarına "Xoşbəxt olun! Qoşa qarıyın! Oğullu-qızlı olun! Həmişə özünüzdən böyüklərə hörmət edin! Ata-ananızın gözü aydın olsun" deyə müraciət edən Əjdər əmi mikrofonu masabəyiyə uzatdı bir 50-lik çıxardıb dedi:

- Bunu da verərsən xanəndəyə. Pulu cibinə qoyan masabəyi Əjdər əminin hər iki üzündən öpərək: "Allah sizin kimi ağsaqqalları bizim başımızın üstündən əskik etməsin" dedi öz yerinə qayıtdı. Masabəyi ağzını xanəndə qızın qulağına yaxınlaşdıraraq "Yaxşı tərpən, tora hər vaxt qızıl balıq düşmür", deyib üzünü çalğıçılara çevirdi. "Əjdər əmi". Elə musiqiçilər yenicə başlamışdır ki, masabəyinin səsi gur-gur guruldamağa başladı.

- Hörmətli qonaqlar, bu çalınan hava Əjdər əmi üçündür. Bəh, bəh!.. Görün gözəl mahnıdır, "Əjdər əmi" mahnısı Əjdər əmi üçün yazılıbdır. Qurban olum onu yazana, bəstələyənə, oxuyana oynayana. Məclisdən bir gülüş dalğası keçdi. Gödək boylu, qarnı xeyli özündən irəli, eni ilə boyu bir olan, başında qara kepka, boynu yoğun bir nəfər yavaş-yavaş çalğıçılara yaxınlaşdı. Çalğıçılar hamısı ayağa durdu "Xoş gəlmisiniz, Əjdər əmi" dedilər.

Əjdər əmi cibindən bir paçka yüzlük çıxartdı başladı hər çalğıçının döş cibinə bir yüzlük qoymağa. Xanəndələrin hərəsinə bir yüzlük verəndən sonra başladı yavaş-yavaş oynamağa.

Elə ki, Əjdər əmi xanəndə qızın səhv-düz oxuduğu:

 

Samovarı alışdırın,

Maşa verim qarışdırın.

Yarım məndən inciyibdi,

Onu mənlə barışdırın.

Çal oynasın, çal oynasın

Əjdər əmi! - - - - - -

 

Mahnının ritminə uyğun əl-qolunu yenicə atmağa başlamışdı ki, məclisin müxtəlif yerlərindən qalxan adamlar ortaya gəlib əvvəlcə Əjdər əmini qucaqlayıb üzündən öpür, başına pul səpir başladılar onunla oynamağa.

Getdikcə Əjdər əmi ilə oynamaq istəyənlərin sayı artmağa başladı. Bir azdan oynayanlar Əjdər əmi ilə xanəndə qızı ortaya salıb özləri isə əl-ələ tutuşaraq yavaş-yavaş fırlanmağa başladılar.

paltar, ayaqqabı geyinən xanəndə qız arabir üzünü örtən saçlarını arxaya darayıb Əjdər əmi ilə qol-boyun oynadıqca Əjdər əminin tez-tez əli xanəndə qızın sinəsinə doğru uzanır. Xanəndə qız Əjdər əminin hər dəfə sinəsinə tərəf uzadılan əlində bir yüzlük gördükcə oxuduğu mahnılarda

 

... Əjdər əmi məndən inciyibdi,

onu mənlə barışdırın.

 

kimi apardığı "düzəliş"lər Əjdər əminin cibini yavaş-yavaş boşaldırdı.

Əjdər əmi masabəyinin stoluna yaxınlaşıb gödəkcəsini çıxartdı stulda əyləşdi. Dəsmalını çıxardıb boyun-boğazının tərini sildi. Dərindən bir nəfəs alıb ətrafına göz gəzdirməyə başladı. Xanəndə qız oxuya-oxuya arxadan sinəsini Əjdər əminin kürəyinə söykəyərək "Çal-oyna, çal-oyna Əjdər əmi!" dedikcə Əjdər əminin içində anlaşılmaz duyğular baş qaldırırdı. Xanəndə qızın kürəyinə sıxılmış yumru döşləri Əjdər əminin getdikcə ürək döyüntülərini artırırdı. Əjdər əmi yaranmış imkanı əldən qaçırmayaraq tez ağzını xanəndə qızın qulağına tutaraq "Toy qurtaran kimi səni çöldə, qapının ağzında gözləyirəm", dedi qızın rənglənmiş üzündən öpdü. Əjdər əminin öpüşündən xoşhal olduğunu təbəssümü baxışları ilə bildirən xanəndə qız yavaş-yavaş çalğıçılara tərəf getdi.

 

***

Toy qurtarmağa az qalıbdır. Qapıda bir maşın dayanır. İki nəfər mülkü geyimli şəxs maşından düşür şadlıq evinin qapısına yaxınlaşır. Mülkü geyimli şəxslər qapıda dayanmış cavan oğlana yaxınlaşırlar:

- Cavan oğlan, Nadirin oğlunun toyudur?

- Bəli.

- Zəhmət olmasa Əjdər əmini çağırın. Tanıyırsınızmı?

- Bəli, tanıyıram. Onu tanımayan adam varmı? Bütün şəhər onu tanıyır.

- Sağ ol. Onda Əjdər əmini çağır.

- Baş üstə. Oğlan içəri - salona keçib məclisə bir anlıq göz gəzdirdi. Əjdər əminin oturduğu stulu görcək tez özünü həmin stola çatdırıb dedi:

- Əjdər əmi, sizi iki nəfər qapıda çağırır.

Əlində dolu rumkanı stolun üstünə qoyan Əjdər əmi:

- Dəvət edərdin içəri, gəlib yeyib-içərdilər.

- Dəvət etdim Əjdər əmi, gəlmədilər.

Kimsə söz atdı.

- Əjdər əmi, yəqin ciblərində pulları yox imiş. Nəmər yazdırmaqdan qorxublar.

- Nəmərdən qorxmağa dəyməz. Əjdər əmi ölməyib ki, onun stolunda əyləşənlər nəmər yazdıra. Elə xırda şeylər Əjdər əminin boynuna. Yaxşı, siz rahat yeməyinizi yeyin, mən gedim görüm kimdi.

Əjdər əmi güclə ayağa qalxdı yıxılmamaq üçün oğlanın əlindən tutub qapının ağzına doğru getdi. Qapının ağzında dayanmış adamlara yaxınlaşaraq.

- Salam. Məni çağırdan sizsiniz?

Əjdər əmi adamlara diqqət etməyə çalışsa da içkinin təsirindən diqqətini toplaya bilmirdi.

- Əjdər əmi sizsiniz? - mülkü adamlardan biri soruşdu.

- Bəli, mənəm. Bu boyda şəhərdə bir Əjdər əmi var. O da mənəm. Sizə lazımdı, onu söyləyin? Əjdər əmi ötkəm-ötkəm qarşısında dayananlara baxdı.

Mülkü geyimli adamlardan biri əlini cibinə salaraq qırmızı üzlü vəsiqəni çıxartdı Əjdər əminin gözünün qabağına tutaraq dedi:

- Çox yaxşı. Bizimlə gedəcəksiniz.

- Ha...r...a...ya? - deyən Əjdər əmi birdən-birə bürüşdü sözünün dalını gətirə bilmədi.

- Lazımi yerə. Mülkü adamlar Əjdər əminin qolundan tutaraq maşına doğru getdilər.

- Cənab rəis, gətirdik.

- Gətirin içəri, - rəis dedi.

Otağa daxil olan Əjdər əmi Kəlbətin Ramizi, Dəmirdiş Ənvəri, Qaraböcək Böyükkişini üst-üstə yığılmış qutuları görəndə hər şeyi başa düşdü.

- Demək Əjdər əmi sizsiniz? Ələ keçməyən məşhur narkobiznes. Çətinliklə də olsa ələ keçdiniz. Bu adamları tanıyırsınız? - rəis ayaq üstə dayanmış və əlləri qandallı adamları göstərdi.

- Yox, tanımıram. Mən pis işlərlə məşğul olmuram. Sizə yanlış məlumat veriblər. Əjdər əmi ayaq üstdə dayananları gözünün altı ilə süzdü.

- Aparın. Səhvini-düzünü istintaq aydınlaşdırar. Rəis göstəriş verdi.

Toy qurtarmışdı. Şadlıq evinin qarşısında bir nəfər yan-yörəsinə boylanırdı. Hiss olunurdu ki, kimisə gözləyir. Bu paltarlı xanəndə qız idi. Əjdər əmi ilə axşam keçirəcəyi xoş anları və başına səpiləcək yüzlükləri xəyalında canlandırdıqca öz-özünə oxuduğu "Çal oyna, çal oyna, Əjdər əmi" mahnısı eşidilirdi. Lakin mahnının səsini qızın özündən başqa heç kim eşitmirdi.

23.01.2016

 

Ədalət.-2017.-2 may.-S.4.