SABAHIN XEYİR, MAESTRO ŞİRİN
RZAYEV
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli 28 aprel sayımızda)
Bir ildən sonra Şirin Rzayev Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinə direktor təyin edilmişdir. 1974-cü ilə qədər bu vəzifədə çalışan Ş.Rzayev istedadlı musiqiçilərin yetişməsində əlindən gələni əsirgəməmişdir.
1969-cu ildə o, Gəncədə ilk simfonik orkestri yaratmış, bədii rəhbəri və dirijoru olmuşdur. Dahi bəstəkar Fikrət Əmirov o zaman orkestri və Şirinin əməyini belə dəyərləndirmişdir! "Vaxtı ilə böyük Üzeyir bəy Gəncədə bir necə dəfə olmuş, hər dəfə də o, qədim Gəncəyə gələndə burada yeni-yeni bədii kollektivlər yaratmaq, təşkil etmək arzusu ilə yaşamışdır. İndi kaş Üzeyir bəy sağ olaydı, Gəncədə təşkil edilmiş bu istedadlı kollektivi öz gözləri ilə görəydi... Bax, bizim üçün bundan əziz, bundan qiymətli, bundan böyük hədiyyə nə ola bilər ki?! Heç təsəvvürümə gətirə bilmirəm..."
Bəli, Üzeyir bəyin arzusunu ilk dəfə Gəncədə Şirin Rzayev həyata keçirdi.
Tanınmış dirijor 1970-ci ildə ixtisasca musiqiçi olan Nurlana xanımla ailə qurmuş, üç övladları - Gülbəniz, Xanım və Vüqar dünyaya gəlmişdir.
Musiqi texnikumunun direktoru vəzifəsindən azad olunduqda sonra konservatoriyanın rektoru, SSRİ xalq artisti, bəstəkar Soltan Hacıbəyov onu konservatoriyada işləməyə dəvət edir, elmi fəaliyyət üçün mövzu müəyyənləşdirir və ailəsini Bakıya gətirmək üçün az vaxtda evlə təmin edəcəyinə söz verir. Di gəl ki, S.Hacıbəyovun qəfil vəfatı onun planlarını alt-üst edir.
Cəmi bir il işləyib, yenidən doğma şəhərə qayıdır.
Daim axtarışda olan istedadlı dirijor 1980-ci ildə Gəncə "Şərəfxanlı" el nəğmələri teatri-folklor xorunu yaradır. Əsasən xalq mahnılarını milli koloritdə xalqın ruhuna və zövqünə uyğun gələn surətdə repertuara daxil edən Ş.Rzayev yaratdığı bu yeni kollektivin rəhbəri kimi az müddətdə respublikanın sərhədlərini aşır, daha da məşhurlaşır. Cəmi bir il sonra "Şərəfxanlı" el nəğmələri folklor-xoru Moskvada "Səni tərənnüm edirəm, Vətən" devizi ilə keçirilən Ümumittifaq festivalında münsiflər heyətinin yüksək dəyərinə layiq görülür. Kollektivin bədii rəhbəri Şirin Rzayev qızıl, kollektiv üzvləri qızıl, gümüş və bürünc medallarla təltif olunur. Keçmiş SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına layiq görülən kollektiv 10 ildən artıq müddətdə indiki Heydər Əliyev Sarayında Dövlət səviyyəli bütün tədbirlərin bədii hissəsində iştirak etmişdir. Ölkəmizi təmsil etmək üçün kollektiv Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Moldova və Almaniyada keçirilən Ululararası konsertlərdə iştirak edirdi. Ş.Rzayevin iş təcrübəsinin respublikada tətbiq edilməsi üçün mədəniyyət nazirliyi metodik tövsiyələr hazırlayıb, rayon və şəhər mədəniyyət idarələrinə göndərirdi.
Ümummilli liderimiz Heydər Əliyev Gəncədə olarkən, Gəncə simfonik orkestrini (1974-cü il) və "Şərəfxanlı" el nəğmələri teatrı-folklor xorunun (1980-ci il) konsertlərində iştirak etmiş, kollektivin çıxışı barədə xoş təəssüratlarını söyləmişdir. Bundan ruhlanan Ş.Rzayev folklor xoru ilə simfonik orkestrin birgə iştirakında Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının açıq səma altında konsert ifasını yüksək səviyyədə təqdim edib. Maraqlısı bu idi ki, operada iki Leyli və iki Məcnun iştirak edirdi. Birinci səhnədə Leyli-Nəzakət Məmmədova, Məcnun-Baba Mirzəyev, ikinci səhnədə isə Leyli-Şahnaz Haşımova, Məcnun-Şəhadət Ömərov oynamışdılar.
Ş.Rzayevin yaratdığı, dirijorluq və rəhbərlik etdiyi simfonik orkestr, "Şərəfxanlı" el nəğmələri folklor teatrı Gəncə incəsənətinin tərcümeyi-halında önəmli yer tutmuş, tarixi izlərini qoymuşdur. Gəncənin 20 min nəfərlik stadionunda hər il keçirilən mahnı bayramında gərgin əmək və yaradıcılıq axtarışı hesabına Şirin Rzayev tamaşaçıları ifaçı rolunda çıxış etdirmiş, kütləvi xora doğru ilk dəfə olaraq cəsarətli addım atmışdır. Adi bir dirijor çubuğu ilə stadionda 10 min tamaşaçını ifaçı kimi oxudaraq, sənət sınaqlarından çıxartmışdır.
1985-ci ildə, zəhmətkeşlərin estetik tərbiyəsində göstərdiyi xidmətlərə görə, Şirin Rzayevə Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir.
Maestro 1990-cı ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filormoniyasına direktor təyin olunur. Yenidən onun rəhbərlik etdiyi kollektivlər sərhədlər aşır, ölkələr gəzir, alqışlar qazanır...g
1995-2011-ci illərdə Gəncə Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olan Ş.Rzayev, şəhərin baş xormeystri olmuşdur. Sonra Samux rayon Sərkar kənd musiqi məktəbinin uşaq xorunu yüksək səviyyədə hazırladığına görə 2009, 2011 və 2013-cü ildə mədəniyyət nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
Ş.Rzayevin yaradıcılığına mötəbər insanlar, musiqi biliciləri dəyərli fikirlər söyləmiş, tanınmış yazıçı Qərib Mehdi "Hamını oxumağa çağıran adam" ədəbi-fəlsəfi kitabını onun həyat və yaradıcılığına həsr etmişdir. Keçmiş SSRİ-nin və xarici ölkələrin, eləcə də respublikanın dövrü mətbuatında Şirin Rzayevin uğurları barədə onlarla yazılar dərc olunmuş, dünya şöhrətli musiqiçilər və bəstəkarlar xoş sözlər söyləmişlər.
Şirin Rzayev 1991-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filormoniyasının direktoru işləyən zaman Almaniyanın Berlin şəhərində keçirilən "Qafqaz günləri" tədbirində onun rəhbərlik etdiyi "Şərəfxanlı" el nəğmələri folklore xorunun kiçik bir qrupu ölkəmizi layiqincə təmsil etmişdir. 1993-cü ilin may ayında Ş.Rzayevin rəhbərliyi ilə "Göygöl" Dövlət mahnı və rəqs ansamblı Naxçıvanda Heydər Əliyev 70 illiyi münasibətilə konsertlər vermişdir. Həmin günlərdə ulu öndər Heydər Əliyev Şirin Rzayevi və kollektivin bir neçə üzvünü qəbul edərək səmimi ürək sözlərini bildirmişdirg
Belə xatirələr dil açır, ötən illər yada düşür!..
Ömrünün səkkizinci onluğundan "xərcləməyə" başlayan tanınmış musiqiçi, maestro Gəncədə musiqinin tədrisi və təbliği sahəsində gördükləri, yaratdığı musiqi kollektivləri və onların fəaliyyəti, şəxsən Şirin Rzayevin xidmətləri nəzərə alınıb hörmətli Prezidentimizin tərəfindən Prezident təqaüdünə layiq görülsəydi, bu, bütün musiqisevərlərin ürəyindən olardı.
"Şirin Rzayevin sənətsevərləri onu tez-tez nəvələri ilə birgə görür, qürur və iftixarla salamlayıb deyirlər:
-Sabahın xeyir, Maestro!.. Biz də səsimizi onların səsinə qatıb: Qarşıdan gələn 75 illik yubileyin mübarək, Şirin müəllim!... - söyləyirik.
Füzuli Rüzigar
Ədalət.-2017.-2 may.-S.3.