COCUQ MƏRCANLIDAN ŞUŞAYA
(Möhtəşəm tikintidən
reportaj)
... Bu yerlərə hələ 1994-cü ilin yanvarında gəlmişdik. Onda Azərbaycan ordusu Füzulinin 22 kəndini və bir qəsəbəsini işğaldan azad edəndə Cocuq Mərcanlı da ermənilərdən təmizlənmişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu əməliyyat sonradan daha böyük bir quruculuq işlərinə start verdi. Amma ermənilər Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpəni nəzarətdə saxladığına görə, o kənddə abadlıq işləri görülmədi. Kəndin bütün evləri yandırılıb külə döndərilmişdi. Ancaq orda bir ev qalmışdı və onun da sahibi gündüzlər evdə qalsa da, gecələr həmin yerdə gecələmirdi. Çünki ermənilər hər gün kəndi atəş altında saxlayırdı. Hətta tez-tez yenidən qurulmuş və əsaslı surətdə tikilmiş Horadiz şəhərini də atəşə tuturdular...
Ötən ilin aprelində ölkə prezidenti İlham Əliyevin uğurlu hərbi siyasəti nəticəsində bir çox strateji əhəmiyyətli yüksəkliklər, o cümlədən Lələtəpə Azərbaycan əsgərinin gücüylə geri qaytarıldı. Yəni bu yerlər ermənilərin işğalından azad edildi və həmin gündən Cocuq Mərcanlı da, Horadiz şəhəri də rahat nəfəs almağa başladı. Həmin gündən ölkə prezidenti İlham Əliyev xüsusi tapşırıq verdi ki, Cocuq Mərcanlıda çox böyük möhtəşəm tikinti və quruculuq işləri görülsün...
Horadizdə olanda nəvəm Tunar da mənə demişdi ki, dədə, o kəndə gedəndə məni də apararsan. Bir neçə gün bundan əvvəl yenidən yolum Horadizə düşdü və evə gedib nəvəmi götürdüm. Ancaq ona dedim ki, bax ha, orda ermənilər var, qorxub eləmirsən ki?! Nəvəm heç nəyə məhəl qoymadan dilləndi:
- Dədə, sən yanımdasan, nədən qorxacam? Heç ermənilər Horadizi atəşə tutanda qorxmurduq. Üstəlik də müəllimimiz deyir ki, Lələtəpədə əsgərlərimiz keşik çəkir və bizi qoruyur.
... Nəvəmin istəyini başa düşürəm. O, Horadiz şəhər 1 nömrəli tam orta məktəbin 3-cü sinifində oxuyur, dərs əlaçısıdır. Dostum, əslən Laçından olan Arif Ağayev deyir ki, lap yaxşı eləyirsən Tunarı özümüzlə aparırsan. Qoy uşaq bir qədər də vətənpərvərlik ruhunda böyüsün.
Oğlum Emin, nəvəm Tunar və dostum Ariflə maşında Horadiz şəhərinin içərisindən keçib Əhmədbəyli kəndindən ötməklə Qazaxları adlayıb Cocuq Mərcanlıya yaxınlaşırıq. Düzdür, yolun müəyyən hissəsi daşlı-kəsəklidir. Sürücümüz Arif buna heç bir məhəl qoymur. Deyir ki, müəllim, mən çoxdan bu kəndə getmək istəyirdim. Elə sevinirəm ki, sanki Laçına gedirəm...
Daşlı-kəsəkli yollardan sonra asfalt yol başlayır. Qazaxlar kəndinin içində isə bir qədər yollar narahatdır. Bu da elə-belə baş verməyib. Çünki ağır tonajlı maşınlarla yeni tikilməkdə olan kəndə tikinti materialları daşınır...
...Artıq Cocuq Mərcanlıya çatırıq. Horadiz şəhəri ilə oranın arası 4-5 km olar. İlk nəzərimizi də cəlb edən bir lövhə olur. O lövhədə yazılıb: "Cocuq Mərcanlıdan Şuşaya". Bəli, bu bizim indi həyat devizimizdi. Bu yol bir müddətdən sonra bizi Şuşaya, Laçına, Cəbrayıla, Qubadlıya, Zəngilana aparacaq. Bu yol Azərbaycan xalqını öz istəyinə qovuşduracaq. Hələ ki, bu yol Cocuq Mərcanlıya çatıb...
... Hər tərəfdə traktorların, buldozerlərin, iri tonajlı maşınların səsi eşidilir. Möhtəşəm bir səs gəlir. Bu səs Cocuq Mərcanlıda böyük işlər görən texnikanın və eləcə də maşınların səsidi. Və bu səsə həm də tikinti-abadlıq işləri görən insanların səsləri qarışıb. Bu səsin içində bir ümid, bir sevgi, bir qayıdış notları duyulur...
Yadıma böyük xalq şairi Səməd Vurğunun "Muğan" poeması düşür. Həmin poemada Sarvanla Manya Mingəçevirdə böyük quruculuq işləri görürlər. Bütün insanlar qolunu çırmayıb yeni bir şəhər tikir. Bax, indi də Cocuq Mərcanlıda belə bir mənzərə var. Hara baxırsan orda həyat qaynayır, bina inşa edilir, suvaq və boya işləri görülür...
Burda artıq
150 bina tikilir. Bir çox
binalarda son tamamla işləri görülür.
Bununla yanaşı, sosial obyektlər, məktəb,
xəstəxana, məscid
inşa edilir. Adam bu anları
görəndə daxilən
qürur hissi yaşayır və düşünür ki, qısa zaman kəsiyində çox möhtəşəm bir kənd tikilir. Onun artıq bütün infrastrukturları, kommunikasiya
- işıq, su, qaz xətləri yenidən çəkilir.
Bunu isə qısa zaman kəsiyində həll etmək o qədər də asan deyil. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
Cocuq Mərcanlının
yenidən tikintisi üçün milyonlarla
vəsait ayrılıb.
Və bu vəsait də sürətlə kəndin tikintisinə və abadlığına
xərclənir.
...Diqqətimizi inşa edilən məscidin tikintisi cəlb eləyir. Tikintinin iş icraçısı
İsmayıl müəllimlə
söhbət eləyirik.
O bildirir ki, artıq məsciddə çox böyük işlər görülüb.
Və bu məscid Şuşa
məscidinin oxşarı
olacaq. Məscidin layihəsini isə
Mənsur Hüseynov verib. Məscidin minbərinin hündürlüyü
24 metrə çatacaq.
Bununla yanaşı, tikintidə ən müasir texnologiyadan və tikinti materiallarından istifadə olunur. Allahın köməkliyi ilə iyun ayının əvvəllərində tikinti
işlərini başa
çatdıracağıq. Siz də görürsünüz
ki, burda işlər necə sürətlə davam eləyir.
...Nəvəm bir anlıq mənə yaxınlaşır. Deyir ki, dədə, mənim burda şəklimi çək!
Mən də onun dediyinə
əməl eləyirəm
və şəklin çəkirəm. Sonra tikintidə
işləyən iki gənc bizə yaxınlaşır. Söhbətimiz maraqlı alınır.
Hiss olunur ki, bu uşaqların ürəyi vətən sevgisiylə doludur. Deyirlər ki, müəllim, işləməkdən yorulmuruq.
Birincisi ona görə ki, ermənilər görürlər ki, burda necə böyük işlər görülür. İkincisi
də işimizi görüb əməkhaqqımızı
alırıq...
Yaxınlığımızda bir maşın dayanır. Ordan da iki nəfər
düşür, bizə
salam verir
və yeni tikiliyə baxırlar. Öyrənirik ki, onlar da Bakıdan gəliblər. Cocuq Mərcanlıda
görülən abadlıq,
qurculuq işlərinə
baxırlar. Tanış oluruq
və aramızda isti münasibət yaranır. Hər ikisi Cəbrayılın
Süleymani kəndindəndi.
Söhbət eləyəndə gözləri dolur. Deyirlər ki, bu kəndə gəlmişik ki, öz kəndimizin ətrini hiss eləyək...
Dostum Arif Ağayevin də gözləri dolur. O da Laçının havasını
bu yerlərdə hiss eləyir. Görürəm ki, dostum Arif lap kövrəlib.
Bir az
danışdırsan gözləri
yenidən dolacaq. Amma araya söz qatıram, deyirəm ki, görürsən şükür Allaha, kəndin hər tərəfi cənnətə
oxşayır. Sağda da,
solda da taxıl zəmiləri
var. Hələ biz onu
demirik ki, kənddə 50 hektar sahədə pambıq əkilib. Kiminlə görüşürüksə, çöhrəsində bir
sevinc, bir fərəh və bir məhəbbət hiss olunur...
...Geri qayıtmaq vaxtıdı. Bu dəfə gəldiyimiz
yolla yox, Cocuq Mərcanlıdan Bakı-Naxçıvan yoluna
birləşən yeni
salınmış asfalt
yolla getmək istəyirik. Arif maşının
sükan arxasında əyləşir və onu işə salır. Kənddən çıxırıq. Yeni salınmış yol o qədər rahat və səliqəlidir
ki, adam
baxmaqdan doymaq istəmir. Bununla yanaşı, gəlib-gedənlərin
təhlükəsizliyini təmin
etmək üçün
yolun sol hissəsində
3-4 metr hündürlüyündə
torpaqdan möhkəm istehkam düzəldilib.
Yəni ermənilər
uzaqdakı mövqelərindən
iriçaplı silahlardan
atəş açsalar
belə, o yolu gedən hər hansı maşına və onun sürücüsünə,
sərnişininə xətər
toxunmaz...
...Yolun sağındakı taxıl sahələri boy
verib. Yamyaşıl taxıl sahəsi
sanki dənizə bənzəyir. Külək əsdikcə
həmin taxıl sahələri dəniz kimi dalğalanır və kəndə xüsusi bir gözəllik verir. Bu həm də
bu kəndin bir neçə aydan sonra ruzisi,
bərəkəti, çörəyi
deməkdir. Cocuq
Mərcanlı yenidən
tikildiyi kimi, onun bol çörəyi
də olacaq...
...Rahat yolla gəlib
çatırıq Bakı-Naxçıvan
avtomobil yoluna. Burdan Horadiz şəhərinə
2-3 kilometrdir. O yolla
Horadizin girəcəyinə
çatırıq. Şəhərin girəcəyində isə
çox möhtəşəm
bir abidə açılıb. Bu abidə kompleksi ötən ilin aprelində qəhrəmancasına
döyüşüb həlak
olmuş Azərbaycan oğullarının xatirəsinə
ucaldılıb. Həmin
kompleksdə həlak olmuş 22 Azərbaycan əsgərinin abidəsi
var. Biz - nəvəm Tunar,
dostum Arif, oğlum Emin və mən abidənin önündə
şəkil çəkdiririk.
Özü də bu abidə o qədər səliqəli,
o qədər gözəl
inşa edilib ki, onu ziyarət
edən hər hansı adam
qəhrəmanlara baxıb
sevinc hissi keçirir. O sevinc hissi ki, onlar
bizim müstəqilliyimiz,
azadlığımız yolunda
şəhid olublar. Onlar Lələtəpəni işğaldan
azad edərkən ölümdən qorxmayıblar.
Və kompleksin ətrafında
10-a yaxın mənzil
kommunal təsərrüfatının
əməkdaşları təmizlik
işləri görürlər.
Aşağıda isə bir lövhə
var. O lövhədə Cəbaryıla,
Qubadlıya, Zəngilana,
Laçına gedən
yolun məsafəsi göstərilib. Dostum Arif həmin
lövhəyə baxıb
yenidən kövrəlir
və əlini lövhədə yazılmış
"Laçın" sözünün
üstünə qoyur.
Bu an onun hansı
hisslər keçirdiyini
yaxşı duyuram.
Ona görə də özünün də xəbəri olmadan həmin anı lentə alıram...
Yeni tikilən möhtəşəm
kənd Cocuq Mərcanlı! Bu Böyük Qayıdışın
başlanğıcı olacaq.
Bir vaxtlar Cocuq Mərcanlını
ancaq biz tanıyırdıq.
İndi Cocuq Mərcanlını bütün dünya tanıyır. Çünki ölkə prezidenti cənab İlham Əliyev bu kəndi bütün dünyaya tanıtdırdı
və sevdirdi. Biz də sevdiyimiz
Cocuq Mərcanlıdan
çox böyük məhəbbətlə, sevinclə
Bakıya qayıdırq.
Bakıya qayıdırıq
ki, birlikdə hamımız yenidən Cocuq Mərcanlıya qayıdaq, ordan Şuşaya, Laçına,
Zəngilana, Qubadlıya,
Cəbrayıla, Ağdama
gedək...
Faiq QİSMƏTOĞLU
"Ədalət"in
xüsusi müxbiri,
Bakı-Cocuq Mərcanlı-Horadiz-Bakı.
Ədalət.-2017.-2 may.-S.3.