Mehman adlı ev sahibi və ya mətn
kontekstində gəzişmələr
Mehman Qaraxanoğlu - 60
Yazı
masamın üstündə nəfis hazırlanmış,
"Mən konteksti düşünürəm" (ədəbi-tənqidi
təhlillər və esselər) adlı kitab və
yaddaşımda 42 il öncə ilişib
qalan doğma bir ad - Mehman. Yanaqlarında
qızartı, baxışlarında səmimilik,
davranışlarında qətilik olan bir Astaralı yeniyetmə.
Şeirlərini ucadan deməyi xoşlamasa da, tənqidi
mülahizələrində, fikirlərində ötkəm,
özünəgüvəncli idi. O vaxt
İ.Şıxlı, Ə.Dəmirçizadə,
F.Qasımzadə və digər dəyərli müəllimlərimizi
dinləyəndə, Asif Ata "Ocağ"ına
toplaşanda, hərdən ədəbiyyatla bağlı tədbirlərdə
iştirak edəndə şair, tənqidçi, alim
olacağımızı düşünməsək də,
müəllim olacağımıza, əsasən, əmin idik.
Mehman da əmin olduğu yolla getdi və bu
gün də Cənub bölgəsinin nüfuzlu müəllimlərindəndir.
Digər istəklərinə isə
addım-addım, səbrlə nail olmaq istədi və bunu da
başardı. İndi o, neçə-neçə
şeir kitabının müəllifi və filologiya üzrə
fəlsəfə doktorudur. Lənkəran
Dövlət Universitetinin müəllimidir. Masamın üstündə olan kitabsa onun ədəbi
düşüncələrinin, sözə, mətnə
yanaşma tərzinin bitkin məhsuludur. Kitab haqqında
düşüncələrim və mətndaxili gəzişmələrsə
onun 60 illik yubileyinə bir dost baxışı, bir ziyalı
münasibətidir.
"Məsləhətlərə son" deyib
nağıllar dünyasındakı 40-cı qapını
açmaqdan, onun sirrini öyrənməkdən qorxmayan
M.Qaraxanoğlu 60-cı qapının astanasındadır. O, özü də
yaxşı bilir ki, 60-cı qapını bir az
təmkinlə, bir az müdrikcəsinə açmaq
lazımdır. 20-ci, 30-cu, 40-cı
qapıları açanda elədiyi "dəliqanlılıq","səbrsizlik"
burda yetərli deyil. 108-cilərin
tanıdığı Mehman söz və ədəbiyyat naminə
üzündə cəmlənmiş həya suyunu unudaraq ədəbi
aləmin 60-cı qapısından tələsik içəri
dürtülən deyil. O, 60-cı qapının
astanasında keçdiyi yolun hesabatını vermədən nə
qapını döyəndir, nə də içəri soxulan.
Bizim tanıdığımız Mehman belə də
etdi. Hesabat məzmunlu "Mən konteksti
düşünürəm" adlı tənqidi təhlil və
esselər toplusu ortada.
Mən deyə bilmərəm Mehman "Sizif" kəlməsini
ilk dəfə müəllimi İ.Şıxlıdan
eşidib, yoxsa sonra haradansa oxuyub, amma onu bilirəm ki, Mehman qələmini
yuxarı qaldırdıqdan sonra aşağılara endirib, eyni
şeyi təkrar etməyin tərəfdarı deyil. Sizif əbədi
əzabla daim məşğul olub Tanrıları
aldatdığını, əbədi
yaşadığını düşünə bilər, amma
o, ələnib gəldiyi zirvədən o yanda olan əsl əbədiyyətdən
heç vaxt xəbər tutmayacaq. Mehman
Qaraxanoğlu mətndə, sözdə əsl əbədiyyəti
axtaranlardandır. Sizif Kamyunun absurd qəhrəmanı ola bilər, amma M.Qaraxanoğlu absurd şair,
absurd tənqidçi, absurd müəllim olma haqqına sahib
deyil. O, mətndə nə axtardığını bilir və
mətnin ən dərin qatlarına baş vuranda belə
boğula biləcəyindən qorxmur. Öz
sözünü, öz fikrini deyir. Yəni,
o, standart tənqidşünaslıqdan uzaq təhlilçidir.
"İctimai rəyin sağ tərəfində"
dayananda belə sol tərəfi də yaxşı
görür M.Qaraxanoğlu. Sol istiqamətdə
olan aktları da icra etməyi xoşlayır, gözləmə
salonu ilə hərəkət trayektoriyasının fərqini
bilir. İctimai nəqliyyata hansı
dayanacaqdan və necə (müəllim, şair, tənqidçi
kimi) minməyi bacarır. İzlədikcə
gürünür ki, bu "sərnişin" nə yolda
yarımcıq düşür, nə də yol boyu
sürücüyə, digər sərnişinlərə hirslənir.
Götürdüyü bileti (mövzunu) yolda
cırıb atmır. "Başqalarının
rəyi mənim üçün önəmli deyil" deyərək,
asfalt yolu, palçıqlı ayaqqabıları, yola nur
saçan Günəşi öz düşüncəsinin
gözləri ilə görür. Kimi təqdim etməsindən
asılı olmayaraq, "Ev tapşırığı"nı başqa xətlə yazanlar"dan olmur.
M.Qaraxanoğlu "Geriyə baxma, qoca" səslənəndə
də "öz yükünü tutmuş qoca"ya bənzəyir,
soykökünü, milli kimliyini soyuqqanlılıqla
araşdırır, balaca bir mətnin dili ilə Azərbaycançılığı
ifrat millətçiliyin fövqünə qaldırır. O, dünyanı gözəlliyin
xilas edəcəyinə inanır. Aristotelin, Dostoyevskinin, həmyerlisi
Aqil Yaqubun yaradıcılığnda gözəlliyin şəfəqini,
işartısını, istiliyini görür. "Aramızda
ola-ola aramızdan çıxıb gedən adamlar"ı
yaxşı tanımaqla, real dünya ilə irreal
dünyanın səmtlərini, suyu, torpağı poetik
düşüncənin süzgəcindən keçirərək
saflaşdırır, bütövləşdirir. A. Yaquba
qoşulub üzü sevgiyə sarı bir yol gedir.
"Qarla
dialoq"da ola-ola "Tənhalıq üçün növbə"
yə duran tənqidçi Həvvanın ilk günahında,
nağıllardakı almaların "beşdaş" kimi
atılıb-tutulmasında onları Yer üzünə
bağlayan sevgini tapır, onlarla birlikdə həyatın
gözəlliyini şükranlıqla anır. "Şeirlərində
dışa atılan şairlər"i Adəmin müasirlərinə
çevirir.
Dənizlə
qonşuluqda yaşayan Mehman Qaraxanoğlu, sadəcə, "dəniz
havası udum" deyə, dəniz sahilində vaxt
öldürməklə məşğul deyil, o, özü
üçün "balaca qara balığın
simvolokası"nı cızır, nağıl
konsepsiyalarını alt-üst edən, azadlığa təşnə
"Tək"i tapır. Bilir ki, arxdan, gölməçələrdən
boylanıb Ayla danışmaq olmaz. Ona
görə də kütlənin - sırasının
azalmağından qorxanların yanından qaçmağın
yollarını arayır. Sanki Mehman
özü də sözün, qələmin, sintezin
gücü ilə o balaca Qızıl balığa qoşulub
gölməçədən, əyalətdən Dənizə
çıxmağın yolların axtarır. Gölməçədən sıçrayan balaca
balığın ilk uçuşu kimi Mehmanın da
böyük ədəbiyyata ilk uçuşunu
xatırlamıram, bəlkə də o da elə ilk
uçuşunu edəndə bu balaca balığın
yaşadığı həyəcanı, sevgini
yaşayıb. Bax bu nöqtədə
Mehman Qaraxanoğlu ilə Cəməd Behrəngi
doğmalaşır, qardaşlaşır. Amma şükürlər olsun ki, Mehman Arazın yox,
Xəzərin sahilində yaşayır. Dənizi
tanıyanı dənizdə boğmaq asan deyildir.
Mehman Qaraxanoğlu günün gündüzündə əlində
fənər kimisə axtaran filosofa da bənzəyir. "Hüseyn Cavidin
"Kor"ları" na üz tutub
"Mən koram" deyə, hayqırır. Ətrafına
yığmağa bacardığı "korların" alt
dünyasını arayır, nurla zülməti, eşqlə
həsrəti ziddiyyət və barışıq müstəvisində
araşdırır. Anadangəlmə korla,
sevgilisi üçün ağlayıb kor olanı birləşdirən
nədir görəsən? Bu suala Cavid
Əfəndi ilə, Şeyx Sənanla birgə cavab arayır.
Korlarla danışa-danışa, dilləşə-dilləşə
"Azər"in Şərqli gözlərindən
boylanıb bu günkü Qərbi bir də görür,
zamanı təzələyir:
İştə
Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən.
M.Qaraxanoğlu Cavid əfəndi dühasına söykənir
və Kor Ərəbin, Kor Neyzənin şərqiləri ilə
sanki bü günkü Qərbin Misirdəki, Suriyadakı,
Livandakı mahiyyətini yenidən açır. Kor Ərəbin
timsalında siyasi səhnədə baş verən
olayları, ərəb dünyasının ziqzaqlı
çöküşünü görür və bir daha Cavid
Əfəndinin oncəgörənliyi qarşısında
baş əyir.
Mənim
tanıdığım Mehman həyatda, şəxsi münasibətlərdə
"İlıq" görünməyin tərəfdarı,
barışdırıcı adam olsa da, ədəbiyyata,
sözə münasibətində sərtdir. Ya
kimisə isti qəbul edib, ona layiq söz - mətn hədiyyə
edir, ya da çox soyuq yanaşıb ümumiyyətlə o, ədibi,
o, yazarı tanımır. Mübariz Örənin hekayələrinə
" İlıq" münasibət də
burdan qaynaqlanır. Onu cəlb edən ədibin balaca bir kənddə
onlarla insanı bir ipin, bir hadisənin ucuna düzüb əlinə
"süpürgə" götürməsi, yazarın mətnaltı
görünən boyartımı, ədəbi-bədii-psixoloji
nərdivanla ustalıqla qalxmasıdır. "Bir
cümləlik kənd"də min cümləlik hadisəni
ipə-sapa düzmək bacarığıdır.
"Mətnin
illüziyası"nda da, "Cümlə üzvləri
üzərində variasiya"larda da Mehmanın şairliyi,
alimliyi və müəllimliyi vəhdətdədir, sanki
müxtəlif peşə sahibləri cəmlənib bir sənət
abidəsini, bir sonucu ortaya qoymaq marağındadır. O, bu
missiyanı bilir və ədəbiyyatda da cümlə üzvlərinin
paytaxtını - mübtədasını axtarır və nəhayətdə
"Nəhəng ötürücü-İsa Muğanna"
üzərində dayanır. "Saz", "Tütək səsi",
"Teleqram", "Yanar ürək" kimi əsərləri
ilə yazıçı missiyasını yerinə yetirib
Ötürücü-Kontakt Adama çevrilən
"GurÜn"ü dinləyir. İsa
Muğannaya "İşin obrazı olan Söz"ü
Göydən alıb yerə ötürən planetar
düşüncəli Ötürücü kimi yanaşır.
Tənqidçi "İşıqdan doymayan
yollar"la "Bitməkdən qorxmayanlar"ın yanına
tələsir.
"Ə. Haqverdiyevin atdığı "Bomba"-nın
dağıntıları, işığı altda simvolizmi,
simvolik ədəbiyyatı, onun görkəmli nümayəndələrini
duymağa çalışır, ustad bildiyi Kamal Abdullanın
Ə.Haqverdiyevə magik realizimin banisi kimi verdiyi qiymətlə
razılaşır, ədibi həm də primitivizmin banisi kimi
görür. Bu primitivizmi isə sadəliyin, təbiiliyin,
orjinallığın, özünəxaslığın məcmuu
kimi qəbul edir. "Diş ağrısı",
"Mirzə Səfər", "Çeşmək" və
"Bomba"dakı primitivizmi Azərbaycan bədii-fəlsəfi,
sosial-siyasi fikir tarixinin altına qoyulan ideya bombası kimi
görür və inanır ki, onları partlatmaqla yolu təmizləmık
mümkün deyildir. Yəni, Ə.Haqverdiyev
ideyalar dahisidir.
Mehman
Qaraxanoğlunun böyüklüyü ondadır ki, o, Anar Həbiboğluna
("Cənubun Yesenini oldü"), Zəlimxan Yaquba ("
Qalanı təslim etdik"), Zakir Məmmədə
("Çıxaq gedək işimizə") münasibətində,
sevgisində, araşdırmasında eyni adamdır,
çünki onun ədəbiyyata baxışı, sözə
münasibəti ağayanadır.
Kamal Abdulla yaradıcılığına özəl
münasibəti də onun sözə, sözün qədimliyinə
və böyüklüyünə olan özəl münasibətdən
qidalanır. Təsadüfi deyil ki, Mehman ədibi Antik insan kimi
qavrayır, dərk edir. M.Qaraxanoğlu
üçün Kamal Abdulla Sirr Hərisçisidir, itirilməyənin
içərisində itiyi axtarandır. Mehman
yaxşı duyur ki, Kamal Abdulla "Var"la "Yox"
arasında bağlanmış Əbədi Sazişdir.
O,"Qar"dakı bədii tutumu, "istiliyi" duyur,
"Mağarada"n başlanan hərəkətdən geri
qaldığını hiss edir və bilir ki, zamana kosmoqonik yanaşma
və onun həlli yeni üslubda - Kamal Abdulla
üslubundadır. Tənqidçi təşbehsiz--filansız
Kamal Abdullanı Dünya yazarı adlandırır, onu Eko,
Koelyo, Borxeslə bir cərgədə təhlil edir.
"Mən konteksdə düşünürəm" kitabındakı ədəbi-tənqidi yazıların, esselərin demək olar ki, yarısı Kamal Abdulla yaradıcılığına həsr edilmişdir. Mehman "Səhvlər üzərində iş"ləyəndə də, "Oxucunun öldürə bilmədiyi Kornelius"u qar altından çıxardanda da, özünə "Roman, yoxsa görükməz təpə?!" sualı verəndə də Kamal Abdulla yaradıcığının alt qatına yenir, "görünənlərin görünməyən qatlarını görməyə", "ölmüş yuxuların diri gəzintiləri"ni seyr etməyə nail olur. "Sehrbazlar dərəsi"ndə azıb qalmır, zərrəbinlə, zərrəbinsiz baxmaqla dərədəki bənzərlilikləri və fərqlilikləri görə bilir. "Yarımçıq əlyazmalar"nın pozulmuş səhifələrini bərpa edə bilir və bütün yazılarında oxucunu inandırır ki, Kamal Abdulla böyük yazardır və onu oxumaq özünü oxumaq, özünü tanımaqdır.
Ümumilikdə Mehman Qaraxanoğlu öz yeni
yanaşma tərzi, düşüncəsinin alt
qatındakı sirləri zahirə daşımaq
bacarığı və mətni tam dərk etmək
istedadı ilə "Mən konteksti düşünürəm"i
"Unuda bilməyənlərin kitabı"na çevirə
bilib.
Adil Balıyev,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin müəllimi
Ədalət.-2017.-3 may.-S.4.