Azərbaycanı sevən və sevdirən
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar mədəni irsimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması məsələlərinə xüsusi diqqət göstərir,
bu istiqamətdə müxtəlif layihələr, maraqlı tədbirlər keçirirlər. Təsadüfi deyil ki, diaspor
fəallarının Azərbaycan
mədəniyyətinin təbliği
istiqamətində gördüyü
işlərin nəticəsində
dünyanın əksər
dövlətlərində görkəmli
elm xadimlərimiz, mədəniyyət
nümayəndələrimiz barədə dolğun və ətraflı fikir formalaşmaqdadır. Tanınmış yazıçılarımızın əsərləri, qələmə
aldıqları kitablar
xaricdə geniş təbliğ edilir, məşhur rəssamlarımızın
sərgiləri böyük
maraqla qarşılanır.
Azərbaycan həqiqətlərinin dünyaya
tanıdılmasında, qədim
və zəngin mədəniyyətimizin təbliğində
xarici ölkələrdəki
səfirliklərimizin də
danılmaz əməyi
var. Ölkəmizin Amerika
Birləşmiş Ştatlarındakı
səfirliyi bu sahədə xüsusi fərqlənir.
Bilsin bütün ştatlar...
Bu il Azərbaycanla
Amerika Birləşmiş
Ştatları arasında
diplomatik münasibətlərin
yaradılmasının 25 ili
tamam olur. Ötən bu illər ərzində ölkəmizin uzaq Amerikada daha yaxından tanıdılması
üçün səfirlik
əməkdaşları mühüm
işlər görməyə
nail olublar. Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlarda
yayılması, zəngin
mədəniyyətimizin və
incəsənətimizin Amerika
ictimaiyyətinə çatdırılması
istiqamətində diplomatik
korpusun fəaliyyəti
təqdirəlayiqdir. Təcrübəli diplomat Elin Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında
fövqəladə və
səlahiyyətli səfiri
vəzifəsinə təyin
olunduqdan sonra bu sahədə daha böyük irəliləyiş müşahidə
olunmaqdadır. Təsadüfi deyil ki, ABŞ-ın 15-dən çox ştatı Xocalıda baş verən erməni vəhşiliyini
soyqırımı kimi
rəsmən tanıyıb.
Dövlət bayramlarımız, digər tarixi günlərlə bağlı
son illər səfirliyin
təşkil etdiyi müxtəlif tədbirlərdə
qonaqlara ölkəmizlə
bağlı dolğun
məlumat verilir, mədəniyyətimiz və
incəsənətimiz yüksək
səviyyədə təbliğ
edilir.
Amerikanın müxtəlif ştatlarındakı
Azərbaycan icmaları
mədəniyyət festivallarında
da fəal iştirak edir, xalqımızın zəngin
mədəni irsini tanıtmağa çalışırlar. Birləşmiş Ştatların Hyuston şəhərində türkdilli
xalqların festivalı
keçirilir. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının üzvləri
Azərbaycandan gətirilən
və milli ənənələrə uyğun
müxtəlif suvenirlər,
əl işləri ilə bəzədilən
guşə də yaradıblar. Tədbir iştirakçılarına
Azərbaycan haqqında
sənədli film nümayiş
etdirilib. Birləşmiş
Ştatların Kaliforniya
ştatının İrvin
şəhər rəhbərliyinin
təşəbbüsü və təşkilatçılığı
ilə keçirilən
"İrvine Global Village" festivalında ilk dəfə
olaraq soydaşlarımız
da iştirak ediblər. Amerika Azərbaycanlıları Şurasının nümayəndələri
festival çərçivəsində Azərbaycan guşəsi yaradıblar. Burada Azərbaycanın
qədim və zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti,
coğrafiyası, həmçinin
turizm imkanları barədə qonaqlara ətraflı məlumat verilib.
Xalqımızın ən qədim və əziz bayramlarından sayılan Novruz bayramı Azərbaycanın ABŞ-dakı
səfirliyində xüsusi
təntənə ilə
qeyd olunur. Builki bayramda
da coşqu yaşanıb. Vaşinqtondakı
tədbirin iştirakçısı,
tanınmış qarmon
ifaçısı Əlihüseyn
Cəfərov təəssüratlarını
belə bölüşür:
"Novruz hər bir azərbaycanlının
həyatında önəmli
yeri olan bir bayramdır. Ölkəmizin ABŞ-dakı səfirliyi
bu bayramı təntənə ilə qeyd edir. Azərbaycanın Amerika Birləşmiş
Ştatlarındakı fövqəladə
və səlahiyyətli
səfiri Elin Süleymanov belə əlamətdar günlərin
yüksək səviyyədə
keçirilməsinə böyük
önəm verir.
Çünki o, Azərbaycanı sevən və sevdirməyi bacaran insandır. Məhz Elin müəllimin
təşəbbüsü və təşkilatçılığı
ilə təkcə Vaşinqtonda deyil, ayrı-ayrı ştatlarda
yaşayan soydaşlarımız
bir araya gəlir, xalqımızın
qədim adət-ənənələrini,
mədəniyyətini nümayiş
etdirmək üçün
növbəti imkan qazanırlar. Bu dəfə də maraqlı tədbir keçirildi. Dəvət olunan
nüfuzlu qonaqlar - diplomatlar, alimlər, Amerika ictimaiyyətinin nümayəndələri Azərbaycanın
tarixi, bugünkü nailiyyətləri, zəngin
musiqisi və mətbəxi haqqında dolğun məlumat aldılar. Qonaqların ölkəmiz, xalqımız
haqqında səsləndirdikləri
xoş sözləri dinləmək, musiqimizə
heyranlıqla qulaq asmalarını görmək
qürurvericidir. Belə mərasimlərdən
sonra hər bir əcnəbi qonağın qəlbində
Azərbaycana sevgi oyanır".
Azərbaycana səyahətə
çağıran kitab
Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində
Vaşinqtonun ən tanınmış məkanlarından
sayılan Konqresin
Tomas Cefferson adına
kitabxanasında ABŞ-dakı
səfirliyimizin və
kitabxananın regional bölməsinin
dəstəyi ilə həmvətənimiz Fəridə
Buyuranın "Nar və
zəfəran: Azərbaycana
kulinariya səyahəti"
kitabının rəsmi
təqdimat mərasimi
də keçirilib. Tədbirdə xarici ölkələri
təmsil edən diplomatlar, kitabxananın ziyarətçiləri, həmçinin
Amerikada yaşayan həmvətənlərimiz iştirak
ediblər.
Beş böyük
beynəlxalq mükafata
layiq görülmüş
317 səhifədən ibarət
kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri
şəraitində hazırlanması
üçün uyğunlaşdırılmış
reseptləri təklif
olunur. Bundan başqa, nəşrdə
Azərbaycan mədəniyyəti
haqqında hekayələr,
ölkəmizin mətbəxinin
tarixi, milli bayramlar barədə məlumatlar da yer alıb. Azərbaycanın ABŞ-dakı səfiri
Elin Süleymanov tədbirdə çıxış
edərək Fəridə
Buyuranın müəllifi
olduğu kitabın ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və
ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim
ənənə olduğunu
bildirib.
Daha sonra kitab müəllifi tərəfindən qonaqlara
Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı
məlumat verilib.
Ölkəmizin ayrı-ayrı bölgələrinin
özünəməxsus mətbəxlərinin
xüsusiyyətləri barədə
danışan F.Buyuran
Azərbaycanın müxtəlif
ənənələri bir
araya gətirən zəngin mədəniyyətə
sahib olduğunu qeyd edib.
Sonda qonaqlara
Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından
ibarət müxtəlif
təamlar təqdim olunub.
Turan İSMAYILZADƏ
Ədalət.-2017.-5 may.-S.3.