Tanınmış heykəltəraşın "Qızıl medalı"

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Rusiya Rəssamlıq Akademiyası Rəyasət Heyətinin 25 aprel 2017-ci il tarixli qərarı ilə həmyerlimiz - Gəncə şəhər reklam və xidmət idarəsinin rəisi, şəhərin baş rəssamı Şərif Hacı oğlu Şərifov "Qızıl madalla" təltif olunmuşdur. O, bu yüksək mükafata ümummilli liderimiz Heydər Əliyevin və görkəmli dövlət və ictimai xadim Nəriman Nərimanovun heykəllərinin hazırlanmasına görə layiq görülmüşdür. Diplomu Rusiya Rəssamlar Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Zurab Sereteli və akademiyanın elmi katibi Aleksandr Koşkin imzalamışlar. Şərif Şərifov Moskvadan - təntənəli təqdimetmə mərasimindən yenicə qayıtmışdır. Aşağıda onunla müsahibəni dərc edirik.

Tanıtma: Şərif Hacı oğlu Şərifov 1945-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə M.Ə.Sabir adına 5 nömrəli orta məktəbi bitirmişdir. 1961-1966-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltərəşlıq fakültəsində təhsil almışdır. Elə həmin il Moskva Ali Rəssamlıq-sənaye məktəbinin (əvvəllər Stroqonov adına olmuşdur) memarlıq-dekorativ plastika fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirərək doğma vətənə qayıtmışdır.

İlk əmək fəaliyyətinə Respublika Rəssamlar İttifaqı Yaradıcılıq Kombinatının Gəncə filialında rəssam-heykəltəraş kimi başlamışdır. Bir ildən sonra SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1978-ci ildə SSRİ Rəssamlar Akademiyasının həvəsləndirici mükafatına və diplomuna layiq görülmüşdür. 1980-ci ildə SSRİ mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və ÜİLKGİ-nin ikinci dərəcəli mükafatı və diplomu ilə təltif olunmuşdur. Eyni zamanda Azərbaycan komsomolu mükafatı laureatı olmuşdur.

2006-cı ildən Azərbaycan Respublikasının əməkdar rəssamıdır. 2012-ci ildə Rusiya Rəssamlar Akademiyasının fəxri üzvü seçilmişdir.

Şərif Şərifovun Moskva şərq xalqları muzeyində, Rusiya Rəssamlıq Akademiyasında, Rusiya mədəniyyət nazirliyinin muzey və qalareyalarında, eləcə də Amerika, Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və müstəqil ölkəmizin muzey, qalareya və ayrı-ayrı bölgələrində 50-yə yaxın heykəltəraşlıq əsər nümayiş etdirilir.

- Şərif müəllim, Sizi, çoxsaylı oxucularımız və sənətsevərlər adından, Rusiya Rəssamlar Akademiyasının yüksək mükafatına layiq görülməniz münasibətilə təbrik edirik!.. Bir qədər mükafatın verilmə qaydaları barədə danışmağınız, bizcə yerinə düşərdi.

- Rəssamlıq akademiyası hər il dörd naminasiya üzrə - heykəltəraşlıq, rəngkarlıq, qrafika və tətbiqi sənət üzrə baxış keçirir və onları dəyələndirir. Qeyd edim ki, həmin baxış-müsabiqədə Rusiya və digər ölkələrin sənətkarlarının əsərləri dəyərləndirilir. Azərbaycanın peşə və rəngkarlıq ustaları arasında bu müsabiqənin müxtəlif naminasiyaları üzrə bürüncgümüş mükafatçıları var. Lakin ilk qızıl medalla mən təltif olunmuşam. Təsadüfi deyildir ki, təqdimetmə mərasimində rəssamlar akademiyası heykəltəraşlıq bölməsinin rəhbəri Aleksandr Kurqanov da bu barədə danışarkən demişdir ki, "Mənə çox xoşdur ki, belə yüksək mükafata mənim həmyerlim (o, Azərbaycanda doğulmuşdur) layiq görülüb. Mən fəxr edirəm ki, Şərif Şərifov həm də mənim tələbəm olub. O, hələ tələbəlik illərindən ən istedadlı gənc kimi özünü göstərirdi".

Bilirsiniz, Moskvada təhsil almaq, dünyada tanınmış sənət adamlarının təlimini görmək, onlarla yaxından təmasda olmaq, hər bir sənətkar üçün çox şey verir. Mən də təhsil illərimi hədər keçirməmişəm. Tələbkar müəllimlərimiz sənətin ən incəliklərinə bələd olmaqda əllərindən gələni əsirgəməmişlər. İndi 40 ildən artıq bir vaxt keçir, lakin müəllimlərimizin tələbkarlığından doğan vərdişlər sənət yollarında bizi daim izləyir.

- Şərif müəllim, qeyd edildiyi kimi, Siz bu mükafata xalqımızın iki böyük şəxsiyyətinin abidəsinin hazırlanmasına görə layiq görülmüsünüz. Heydər Əliyev və Nəriman Nərimanov dünya şöhrətli liderlərimizdir. Hər ikisinin də şəhərimizdə ucaldılmış monumental abidələrinin müəllifi Sizsiniz. Bu mövzulara müraciət etmənizin səbəblərindən danışmağınız yerinə düşərdi.

- Heydər Əliyev dühasının fenomen xüsusiyyətləri məni hələ gənclik illərindən cəlb edirdi. Dəfələrlə görüşdüyüm, söhbətlərində iştirak etdiyim ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı və qurucusunun tarixi sima olduğuna hər bir görüşümüzdə daha çox inanırdım. Lakin bu mürəkkəb obrazı açmaq, onun hərəkətlərində olan kəskinliyi memarlığın, təsviri incəsənətin bilicisi olan Heydər Əliyevin obrazına müraciət etmək özü böyük cəsarət tələb edirdi... Deyim ki, mənim üçün heçasan olmadı. Məndən əvvəl yaranmış əsərlərlə tanış oldum. Müxtəlif eskizlər, etüdlər, modellər, layihələr etdim. Kiçik ölçüdə olan eskizlər, modellər yarandıqdan sonra portret formasına müraciət etdim. Çoxsaylı axtarışların nəticəsi müzakirə olundu. Sonra model, məkan variantları... Plastik monumental obraz, eksteryerdə - havada dayananöz gücünü itirməyən xırda detallardan böyük formaya meylonun üzərində bütün strukturanı qurmaq mənim üçün heçasan olmadı. Nəhayət mən insan pozası deyil, həm də heykəl obrazı tapıntısı, axtarışda onun ölçüsünə görə durumu, insanmeydan ölçülərinin vəhdəti, təmas tapıldı... Böyük öndərin libasının plastik həlli yaradıldı. Deyim ki, bu əsəri fəzada qurmaq hər tərəfdən vizual görünüşünü formalaşdırmaq, xalqa daha yaxın səviyyədə doğmalaşdırmaq həllini tapmaq mənim üçün heçasan olmadı. Gərgin əmək, çoxsaylı axtarışlar öz bəhrəsini verdi və nəhayət ucalan abidə mənə həm qürur bəxş etdi, həm də ulu öndərin doğum günü ərəfəsində mənə yüksək mükafat qazandırdı.

Nəriman Nərimanovun abidəsi də gərgin axtarışların nəticəsində uğur gətirdi.

- Şərif müəllim, maraqlıdır, təqdimetmə mərasimi necə keçdi?

- Hə...gÇox maraqlı, çox təntənəli...gAyrı-ayrı nominasiyalar üzrə görkəmli sənət adamları çıxış edərək hər bir qalib-tişə və fırça ustasının sənəti barədə ürək sözlərini söylədilər... Mənim üçün çox xoş bir təəssürata çevrildi ki, 40 ildən artıq ayrıldığım sevimli müəllimlərimin, tələbə və sənət dostlarımın səmimi ürək sözlərini, mənim yaradıcılığım barədə dəyərli fikirlərini eşitdim.

Bu hadisə unudulmaz xatirəyə çevrildi. Rusiya Rəssamlar İttifaqının birinci katibi, xalq rəssamı, akademik Nikolay Barovskoyun, akademiyanın üzvü Nataliya Vyatkinanın, sevimli müəllimim, dünya şöhrətli sənətkarımız Tahir Salahovun və başqalarının ürək sözləri mənim gələcək yaradıcılığıma öz təsirini göstərəcəyi şübhəsizdir. Onlar qeyd etdilər ki, bu gün mənim sənət uğurlarım dünya heykəltəraşlarının sırasında önəmli yer tutur. Doğrudur, bu sözləri eşitmək nə qədər xoş olsa da məndə məsuliyyət hissimi daha da artırır.

- Yaxşı olar ki, bir qədər də gələcək planlarınızdan danışasınız...

- Bilirsiniz ki, 20 ildən artıqdır şəhərin baş rəssamıyam. Şəhərimiz gündən-günə inkişaf edir, gözəlləşir. Şəhərimizin daha gözəl və daha cəlbedici olması üçün daim axtarışlar aparırıq. Yaradıcılığım çoxşaxəlidir. İstər fırça ustası, istərsə də tişə ustası kimi maraqlı planlarım var. Xeyli vaxtdır xalçaçılıq sənətində də öz sözümü deməyə çalışıram. Ümumiyyətlə, mən əvvəlcədən söz demək istəmirəm. Yaşayarıq, işləyərik, qurub, yaradarıq görərsiniz. Ömrün o vaxtıdır ki, boş dayanmağa ixtiyarımız yoxdur. yaradıcılıq axtarışları davam edir.

- Şərif müəllim, bir daha Sizi təbrik edir və gələcək işlərinizdə uğurlar diləyirik!.. Müsahibəyə görə çox sağ olun.

- Minnətdaram... Sizsağ olun!

 

Müsahibəni apardı:

Füzuli RÜZİGAR

 

Ədalət.-2017.-16 may.-S.3.