SƏMİMİDİR,
TƏBİDİR...
ETİBARLI ŞEİRLƏRDİR
Etibar Vəliyevin şeirləri məndə ilk baxışda belə bir təəssürat doğurdu ki, bu şeirlər bir insanın ömür boyu keçdiyi yolun, yaşadığı ağlı-qaralı, sevincli-kədərli həyatın gündəlikləridir. Həyat çox mürəkkəb, sevinci, ağrısı bir-birinə qarışan, bəzən biri digərini üstələyən bir ömür bəxş edir insana. Etibarla şəxsən elə bir dostluğum, ünsiyyətim, münasibətim yoxdu. Amma şairi tanımaq üçün onun şeirləri-könül dünyasından gələn səslər də yetər.
Etibarın şeirlərini oxudum və bunların arasında müxtəlif səviyyə fərqlərini də gördüm. Etibarın elə şeirləri var ki, onu bir şair kimi tanıtmağa, bir şair kimi sevdirməyə yetər. Və bu şeirlər ilk misrasından son misrasına kimi səmimidir, təbiidir. Şair səmimiyyəti və təbiiliyi başlıca şərtdir. O mənada ki, onun yazdığı şeir səni də düşündürür, sənin də ürəyini ələ alır və səmimi, təbii şeirin ifadə tərzi, dili də sadəliyi ilə seçilir. Bu gün həddindən artıq çox şeir yazılır, nəşriyyatlar hər gün, bəlkə hər saat şeir kitabları çap edir və bu kitabların bir çoxunun sonralar unudulduğu, adi kağız materialına çevrildiyi də məlum.
Etibarın şeirlərində fikirlə hiss vəhdətdədir, yəni şeir üçün ən vacib olan bir şərtə əməl olunur. Əgər şeirində hansı fikrisə söyləmək istəyirsənsə, o fikri poeziya libasına bürüməlisən. Budur, onun "Qocalır" şeiri. Qocalıq haqqında yüzlərlə, minlərlə şeir yazılıb və bundan sonra da yazılacaq. Nədir qocalıq və Etibar bu mövzuda təzə söz deyə bilirmi?
Yaş üstünə yaş gəlir,
Dünya bizdən bac alır.
Tək biz qocalmırıq ki,
Bu dünya da qocalır.
Qocalır ayı, ili,
Dağ, daşı da qocalır.
Kamil olan insanın,
Yaddaşı da qocalır.
İnsan
doğulan gündən,
Qocalmağa başlayır.
Dünya
qəmlə, kədərlə,
Ömrümüzü daşlayır.
Günəş qocalır deyə,
Buludlar da ağlayır.
Gündüzlər darıxan ay,
Gözlərini bağlayır.
Daha nə qocalmır ki,
Bax, torpaq da daşlaşır.
Bu qocalan dünyada
Tək ölüm
cavanlaşır.
Bu şeiri bütöv
misal gətirdim. Bir misrası
belə atılası
olmayan bu şeirdə Etibar Vəliyevin sözə necə dirilik bəxş etdiyi göz qabağındadır.
Bəli, dünyada hər şey qocalır və biz insanlar yaşa dolduqca həm özümüzün qocaldığını,
həm də torpağın, dağın-daşın,
günəşin, buludların,
bir sözlə, bütün əşya və predmetlərin qocaldığını hiss edirik.
Amma bircə ölüm qocalmır və bizləri tək-tək o dünyaya yola salır. Bu fikir
tapıntıdır, - desəm,
səhv etmərəm.
Etibarın "Qocalır" şeirindəki
fikri və bu fikrin şeir
dililə ifadəsini təqdir edirəm. Amma bu dünyada qocalmayan, həmişə
cavan qalan, öz təravətini itirməyən hisslər,
duyğular, gözəlliklər
var. Və Etibar Vəliyev o hissləri, o duyğuları, o gözəllikləri
vəsf edən şeirlərin də müəllifidir. Vətən hissi,
Azərbaycana məhəbbət,
ana yurda sevgilər qocalarmı?
Vətən sərhəddən başlayır,
Sərhəddə daşına dönüm.
Öləndə torpağa dönnəm,
Qoy indi başına dönüm.
Canımdan can ayrı düşüb,
Yarım Qarabağda qalıb.
İndi
quru bəy kimiyəm,
Yarım Qarabağda qalıb.
Bu dünyada məhəbbət
var, məhəbbət
əsiri olan aşiqlər var və onlardan biri də elə
Etibarın özüdür. Şair gərək
gözəl və gözəlliklər əsiri
olsun. Çünki:
Gözələ baxmaq savabdı,
Baxıb savab qazanıram.
Bir gözələ gül göndərdim,
Yazım, güldən gözəlsiniz.
Hələ yaza bilmədiyim
Şeirsiniz, qəzəlsiniz.
Etibar Vəliyevin
sadə tərzdə,
amma səmimi və təbii ahəng üstündə
qurulan şeirlərinin
əksəriyyəti qoşma
formasındadır. Təbii ki,
o, ustadlardan çox şey öyrənib, aşıq poeziyasını,
klassik və müasir şairlərimizin
qoşma və gəraylılarını oxuyub,
faydalanıb, hətta
təsirlənib. Onun yazdığı
qoşmalarda həyati
hisslər, içindən
və reallıqdan gələn duyğularla qarşılaşırıq. Elə bil, bu qoşmalarda
Etibar ürəyini açır, onun lirik qəhrəmanı sevdiyi qadına ən kövrək və ən səmimi hisslərindən
söz açır.
Yalvarış yoxdu, sadəcə, gözəlliyə
heyranlıq var. Və
bu heyranlıqda belə bir fikir
təsdiq olunur ki, sevgi ən
ali hissdir,
məhəbbət insanı
mənən saf və təmiz saxlayır.
Qara gözlüm,
yenə nədir diləyin?
İstəyirsən ürəyimi al, apar.
Mən şəklini alıb sıxdım sinəmə,
İstəyirsən çək əlini, al apar.
Gəl gözəlim, gəlişinə
baxım mən,
Naz-qəmzəli yerişinə baxım mən.
Gül üzünə, gülüşünə
baxım mən,
İstəyirsən şəkər
gətir, bal apar.
Sən gələndə gülüm
açır elə bil,
Bu gözlərim işıq
saçır elə bil,
Səni
görcək nitqim qaçır elə bil,
İstəyirsən danışdırma, lal apar.
Apar məni, apar sənə yar olum,
Bağçanızda bəhər olum, bar olum,
İstəyirsən kaman olum, tar olum,
Bir məhəbbət
nəğməsini çal,
apar.
Hər bir şair öz zəmanəsinin övladıdır. Onu yaşadığı
mühit, içərisində
olduğu insanlar, cəmiyyətsiz təsəvvür
etmək olmaz. O,
bir insan kimi həyatın müxtəlif hadisə və olayları ilə qarşılaşır.
Hər gözəl hadisədən
sevindiyi kimi, rastlaşdığı kədərli,
ağrılı hadisələrdən
də qəm dəryasına batır.
Bu cür hisslər,
təzadlar Etibarın
şeirlərində də
öz əksini tapır. O, Novruzda, çərşənbədə sevinməyə bilməz, çünki bu bayram onun da
bir müsəlman kimi ən əziz
bayramıdır. Bir şəhid anasının
ağlaması onun da qəlbini kövrəldir: "Tökmə
yanağına göz
yaşlarını, Qəlbimi
dağlama, şəhid
anası. Üçrəngli bayrağı başına
bağla, Sən qara bağlama, şəhid anası".
Tənha qadınların
dərdinə şərik
olur: "Hamı dərdini danışır,
Susurlar tənha qadınlar". Mən onun "Dərdi
var" şeirini daha çox bəyənirəm. Dərd
anlayışına yeni
məna verməyə
çalışıb:
Bir yaşıl ağacın qurumaq dərdi,
Bağbanın bir ağac əkmək
dərdi var.
Varlının varını qorumaq
dərdi,
Kasıbın bir qarın əkmək dərdi var.
Bu dərdin əlindən gülmək də olmur,
Bu dərdin əlindən
ölmək də olmur.
Elə dərd də var ki, bölmək
də olmur,
Hamının dünyadan köçmək
dərdi var.
Və nəhayət, sözümü Etibarın "Mənim təbim gələndə" şeirindəki bu misralarla bitirmək istəyirəm: "Yerdə çaylar, bulaqlar, Durub axmaya bilər, Göydə ildırım çaxıb Yağış yağmaya bilər. Hər kim mənim halımı Görsə, ağlaya bilər. Sözüm dil-dil ötəni Qəfil bağlaya bilər Mənim təbim gələndə". Qoy çaylar, bulaqlar axsın, şırıl-şırıl nəğməsini söyləsin, göydə ildırım çaxsın, yağışlar yağsın... Etibar Vəliyev də ilhamından, təbindən qalmasın... Ona uğurlar arzulayıram!
Ədalət.-2017.-18 may.-s.4.