Göyçayda bayram ovqatlı yubiley tədbiri

 

May ayının 18-də Rəsul Rza adına Göyçay şəhər Mədəniyyət mərkəzində böyük Azərbaycan şairi Rəsul Rzanın anadan olmasının 107-ci ildönümünə həsr edilmiş yubiley tədbiri keçirilmişdir. Tədbir iştirakçıları hörmətli qonaqları - Xalq yazıçısı Anarı, xalq şairi Fikrət Qocanı, akademik Nizami Cəfərovu, şair Musa Yaqubu, ədliyyə generalı Akif Rəfiyevi və yazıçı Səyyad Aranı alqışlarla qarşılamışlar.

Tədbiri giriş sözü ilə Respublikanın əməkdar müəllimi A.Məmmədov açmışdır: "XX əsrdə milli poeziyamız böyük, mürəkkəb, çoxcəhətli bir təşəkkül və inkişaf dövrü keçirmişdir. Poeziya yalnız, öz milli dəyərləri və təcrübəsi əsasında yox, əsrin poeziyasının mühüm yaradıcılıq istiqamət və məktəblərinin də ən yaxşı ənənələri və meylləri ilə əlaqədə, üzvi təmasda yaranmış, yeni axtarışlar yolu ilə irəliləmişdir.

Bu yeni poeziyanın ən görkəmli nümayəndələrindən olan Rəsul Rza milli şeirimizi məzmun və forma, biçim, dil baxımından təzə obrazlar, ifadələr, deyim tərzi, heç kəsin ona qədər işlətmədiyi qafiyələr və neologizmlərlə zənginləşdirmiş novator şairdir.

 

"Aydındır" şerin dili

İstəyirsən sevincdən,

İstəyirsən qəmdən yaz.

Elə aydındır bu dil

Nadan yüz yol oxusun

Yenə bir şey anlamaz" - deyən Rəsul Rza aydın, canlı xalq dilində mayası dərin fəlsəfə ilə yoğrulmuş, deyim tərzi, ifadə tərzi yalnız onun özünə məxsus əbədiyaşar sənət nümunələri yaratdı və onun qələminin məhsulu olan ölümsüz sənət nümunələri isə bu gün şairi yaşadır və sabah da yaşadacaqdır.

Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə çıxışında qeyd etmişdir ki, Rəsul Rza poeziyası dərin düşüncə ilə, orijinal bədii ifadə vasitələri ilə sadə, dupduru, canlı xalq dilinin qovuşmasından yaranan, klassik Azərbaycan poeziyasının ən mütərəqqi ənənələrinə söykənən, lakin yeni şəkildə meydana çıxan əvəzsiz sənət nümunələridir. Bu poeziya zamanın keçmişi, dünəni ilə sabahı, gələcəyi haqqında müdrik sənətkar düşüncələri, xalqın səadətə, xoşbəxtliyə uzanan əllərinə qəsd edənlərin amansızlığı, insanların arzusu, istəyi, sevinci, nisgili tamamiklə yeni obrazlarla oxucuya təqdim edilir.

Xalq şairi Fikrət Qoca çıxışında Rəsul Rza poeziyasının təkrarsızlığından danışmış, sonra isə Beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülən şair Musa Yaquba, ədliyyə generalı Akif Rəfiyevə, akademik Nizami Cəfərova və Səyyad Arana diplomlar təqdim etmişdir.

Xalq yazıçısı Anar çıxışında atasının xatirəsini əziz tutduqlarına görə tədbir iştirakçılarına və rayon rəhbərliyinə minnətdalığını bildirmişdir.

Tədbirdə şagirdlər şairin şeirlərindən nümunələr söyləmiş, rayon musiqiçiləri Rəsul Rzanın və Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər. Yubiley tədbirində şairin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdir. Tədbirdən sonra qonaqlarbir qrup rayon ziyalısı Rəsul Rzanın ev - muzeyini ziyarət etmiş, yeni eksponatlarla tanış olmuşlar.

 

Adil Məmməd

Ədalət.-2017.-23 may.-S.4.