Məhəbbət haqqında ən gözəl
əsərlər
Məhəbbət - hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirdir. Əslində dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair Məhəmməd Füzuli "Eşqsiz ey dünya nədir dəyərin?" söyləyərkən elə buna işarə etmişdir.
Dünya ədəbiyyatında bəşəriyyətin yaddaşında iz qoymuş, onlarca məhəbbət romanları var. Adalet.az seçmə məhəbbət romanlarını təqdim edir:
Viktor Hüqo
"Paris Notr-Dam
kilsəsi” -
Sevginin gözü kor olur
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının - Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdi.
Marqaret Mitçel "Küləklə sovrulanlar” - Sevmək üçün haqlı olmaq vacib deyil!
Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının həyat hekayəsi barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən qadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir qızdır.
O, Eşlini qarşılıqsız olaraq
sevdiyi halda, onu həqiqətən sevən Ret Batlerin sevgisini
görmür və ondan sadəcə olaraq istifadə edir. Skarlet nümunəvi
qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl
qadına laqeyd yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr
çılğın sevgi və nifrətin fonunda baş
verir.
Frensis
Skott Fitscerald. "Böyük Qetsbi” - Məhəbbət
dözümlüdür!
Amerikan yazıçısı Skot Fitsceraldın
"Böyük Qetsbi"si caz əsrinin ən məşhur əsərlərindən
biri hesab olunur.
Roman 1925ci ildə, yazıçı Parisdə
yaşayarkən işıq üzü görüb. Roman Böyük Qetsbinin böyük
xülyaları, sevgisi və tənhalığı
haqqındadır. "Böyük
Qetsbi" yüksəklərə qalxan, hakimiyyət və
var-dövlətin xoşbəxtlik gətirəcəyinə
ürəkdən inanan və ən böyük arzusunun
gerçəkləşməsinin bir
addımlığında olan güclü bir insanın həyat
hekayəsidir. Bütün bunlara nail olmaqda onu bir
qadına olan sevgisi ilhamlandırıb. Böyük Qetsbinin
aşiq olduğu qadın Deyzi onun sevgisinə layiq ola bilmir, amma o, faciəli finala qədər
öz məhəbbətinə sadiq qalır.
Rəşad
Nuri Güntəkin "Çalıquşu” - Məhəbbət
inkişaf edir
Romanda əsərin qəhrəmanı Fəridənin
simasında çətin və məşəqqətli həyat
tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət
hissini qoruyub saxlayan əsl türk qızının obrazı
bədii ustalıqla qələmə alınıb. Fəridə
dəlicəsinə aşiq olsa da, taleyin sınaqlarına
hazır olmadığı üçün uzun illər
çıxış yolunu Kamrandan qaçmaqda görür.
Lakin bu məhəbbət onunla birlikdə
böyüyür, nəticədə qız qüruru ilə
barışmağı öyrənir. Roman
hər kəsə sədaqət dərsi öyrədir. Orta fransız dini məktəbini yenicə
bitirmiş bir qızın dilindən, gündəliyi şəklində
verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən
biridir.
Şoderlo
De Laklo "Təhlükəli əlaqələr” - Sevgi ilə
zarafat etmirlər
Vikont de Valmon aşiq olduğu dindar xanım de Turvelin məhəbbətini
qazanmaq üçün qəddarlığa və hiyləgərliyə
əl atır.
Bu, ona məqsədinə nail olmağa imkan
verir, lakin o, sınaqlardan üzüağ çıxmır.
Ceyn Ostin
"Qürur və qərəz” - Məhəbbət
özümüzü kəşf etməyə imkan verir
"Qürur və qərəz" ingilis
yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir. Əsər
yoxsul, xaraktercə qürurlu qadının həyatından bəhs
edir. Kişi hisslərinin səmimiyyətinə
inanmayan qadın qərəzi əsərin əsas mövzusunu
təşkil edir. Kitabın qəhrəmanı
hissləri və əqidə məngənəsi arasında
qalıb. Üstəlik, cəmiyyət onu
sıxır. Belə təzyiqlərə
yalnız güclü insan qalib gələ bilər. Nəticədə, hər kəs qəhrəmanın
qələbəsi ilə razılaşmağa məcbur olur.
Yeri gəlmişkən, qeyd edək ki, bu əsər
Azərbaycanda ən çox satılan əsərlərdən
biridir.
Elizabet
Gilbert "Ye, dua et, sev” - Sevgi siz ona
hazır olanda gəlir
"Ye,
dua et, sev" kitabı Elizabet Gilberti məşhurlaşdıran
əsərdir. Bu kitab qəhrəmanın
çətin boşanma mərhələsindən sonra uzun bir
səyahətə çıxmasından bəhs edir. Elizabet Gilbert hər şeydən imtina edəndə
özünə yeni eşq tapır. Bunun
üçün xeyli cəsarət və səbir tələb
olunur. Əsər qısa zaman ərzində,
otuzdan artıq dilə tərcümə olunaraq beynəlxalq
bestellerə çevrilib. Kitab müəllifi
o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə
keçirilən ümumi sorğulara əsasən, o,
dünyanın ən nüfuzlu yüz adamından biri
seçilib. Bu kitabı adi oxuculardan
tutmuş, senatorlar, prezidentlər, yazıçı və məşhur
aktyorlar da oxuyub.
Frederik
Beqbeder "Məhəbbət üç il yaşayır” -
Sevgi düşünməyə məcbur edir
Alimlər hər zaman məhəbbətə müəyyən
ömür biçir. Bəziləri 2 il 68 gün, bəziləri
3 il, bəziləri isə sonsuz olduğunu deyir. Romanın
baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark
Marronye isə əmindir ki, məhəbbət üç il yaşayır. O, iddia edir ki, əvvəl
insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevir və
nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə
baxışların səbəbi həyat yoldaşının
ona qarşı laqeydliyidir. Evliliyinin
üçüncü ilində Anna az qala
onda ikrah hissi oyatmağa başlayır, o isə başqa bir
qadına - Alisaya dəlicəsinə vurulur. Alisa
da onu sevir, lakin başqası ilə yaşadığına
görə, Markla gizlincə görüşür. O isə
öz növbəsində, məhəbbətin üç ildən
sonra bitəcəyinə və ayrılacaqlarına tamamilə
əmindir. Romanın sonunda baş qəhrəman
yazır ki, Alisa ilə artıq üç ildir ki, birlikdədir
və o, birgə həyatlarının üçilliyini qorxu
içində gözləsə də, məhəbbəti əvvəlki
kimi güclüdür.
Şarlotta
Bronte "Ceyn Eyr” - Sevgi insanı mətinləşdirir...
Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim,
kasıb bir qız olmasına rəğmən, çox
qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə
ev sahibinin qızına müəllimlik etməyə
qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və
mister Roçesterin arasında məhəbbət yaranır.
Onlar evlənməyə hazırlaşır.
Lakin toy günü elə bir sirr
açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister
Roçesteri unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur.
Bir-birindən uzaq məsafədə yaşasalar
da, onlar bir-birilərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət haqqında yazılmış
ən gözəl romanlardan biridir.
Sesilya
Ahern -
"P.S.
Səni sevirəm”
Avropada məhəbbət romanlarının ulduzu kimi
tanınan irlandiyalı yazıçının debüt əsəri
bestsellerlər siyahısındadır. Romanın qəhrəmanları
Cerri və Hollini ölüm ayırır.
Əsərin əsas mövzusunu da əri Cerrini itirən
otuz yaşlı Hollinin yaşadığı ağır
günlərindən bəhs edir. Elə bu vaxt
poçtla sağlığında həyat
yoldaşının ona yazdığı məktubları
alır.
İndi bu məktublar onu Cerri ilə bağlayan yeganə
tellərdir.
Ancaq iki şərti gözləmək zəruridir: on iki məktubun
hərəsi bir ayda açılmalı və içindəki
tapşırıqlara mütləq əməl
olunmalıdır.
Erix Mariya
Remark "Üç yoldaş” - Sevgi yaşadır
"Üç yoldaşda" müharibədən
sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin
cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir.
Müharibədən qayıtmış əsərin əsas
qəhrəmanı Robert hər şeyə marağını
itirib, həyata laqeyd və qeyri-ciddi yanaşır. Robbi bir az
utancaq, çəkingən, insanlara dəyər verən
tipdir. Robbinin Patrisiya ilə olan sevgisi onu həyata
yenidən bağlayıb yaşadığı hər anı
qiymətləndirməyə, ən əsası, əbədi
sevginin varlığına inandıra bilir. Robbi ölümcül xəstə olan qızı
qorumaq, onu yaşatmaq üçün əlindən gələni
edir. Əsl kişinin edə biləcəyi
bütün fədakarlıqları edir. Bu
yolda vəfalı yoldaşları da ona yardımçı
olur.
Nikolas
Sparks "Yaddaş gündəliyi” - Sevgi ölmür
Nyu və
Elli iki müxtəlif sosial təbəqədən olduğu
üçün valideynləri onları ayırmağa
çalışır və buna nail olur. Lakin
onların heç biri birlikdə keçirdikləri xoşbəxt
anları unuda bilmir.
Artur
Qolden "Geyşanın memuarları” - Sevgi zərifdir
Əsər XX əsrin ən tanınmış
geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi əhatə
edir. Hətta
siz məhəbbət romanlarının pərəstişkarı
deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə
inanmırsınızsa belə, "Gündoğan ölkə"nin özünəməxsus mühitinə daxil
olmaqdan və kənar şəxslər üçün
qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan
inanılmaz həzz alacaqsınız. Roman
yalnız kişilərə məxsus olan tam başqa bir aləmə,
başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə
qadınlar heç vaxt düşündüklərini deyil,
yalnız onlardan gözlənilənləri və tələb
olunanları deyirlər.…
Fransuza Saqan "Salam, kədər” - Sevgi böyüməyə kömək edir
Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyün qızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət monastır pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonra heç bir qayda-qanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır. Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının rəfiqəsi olan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb atasının Anna ilə evlənmək fikrinə düşməsidir. O, belə hesab edir ki, atası Anna ilə evlənsə, daha onu əvvəl kimi sevməyəcək və diqqət ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesil planlar qurmağa başlayır. Əsər Annanın ölümü ilə sona çatır.
Jorj Sand "Konsuelo” - Sevgi azaddır
"Konsuelo" romanındakı hadisələr
XVIII əsrin ortalarına təsadüf edir. Bu əsər o
dövrün təhlükə və həqiqi ehtirasla bol olan
atmosferinə baş vurmaq üçün əla imkandır.
"Konsuelo" fransız yazıçısı Jorj
Sandın ən tanınmış və ən məşhur əsərlərindəndir.
Konsuelonun şəfqəti bütün maneələri aradan
qaldırır, çünki onun məhəbbəti təmənnasızdır.
Qınamaq və qəzəb onun tərzi deyil, insanı incitmək
ona xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun
hissi onun mənəvi dünyasını pozmur və
başqalarına ağrı vermir.
Oğuz Ayvaz
Ədalət $g
2017.- 25 may.- S.4.