O əsl qəhrəman idi

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 nömrəli tam orta məktəb 48 ildir ki, Həsən Qardaş oğlu Cəbrayılovun adını daşıyır. Bu zaman kəsiyində məktəbdə minlərlə şagird təlim-tərbiyə alıb, vətəndaş yetişib. Hər gün məktəbin qarşısından keçən yüzlərlə insan bu soy-adı oxuyur. "Bu müddətdə dünya tarixində, ölkələrin siyasi-sosial həyatında çox böyük dəyişikliklər baş verib. Bu məktəbə ad verən dövlət quruluşu artıq tarixi keçmişə qovuşub, lakin bu ad zaman dəyişikliyindən asılı olmayaraq dövlət rəhbərliyinin və xalqın iradəsiylə yaşayır. Məktəbin qarşısında asılmış, dalğalanan müstəqil Azərbaycan bayrağının altındakı lövhədə bu gəncin adı bəs hansı mənəvi dəyərlərinə, xalq və dövlət qarşısındakı xidmətlərinə görə yazılıb? Biz çox istərdik ki, onun qısa, lakin mənalı həyat yolu həm məktəb şagirdlərinə, həm qəsəbə sakinlərinə, həm də ümumən bütün vətəndaşlarımıza məlum olsun.

Hər bir millətin imzasını millətlər içərisində yazan və təsdiq edən onun öz varlığından doğan, milli mənəvi dəyərlərinin daşıyıcısı və bu şüur forması ilə dünyaya tanıdan övladlarıdır. Cəmiyyətdə yaşayıb ondan kənarda mövcud olmaq qeyri-mümkün olduğu kimi, bir dövlət kimi, digər ölkələrdən də təcrid olmaq imkansızdır. Dövlət dövlətlər içində dövlət olur. Bu dövlətçiliyi də ona qazandıran yenə də onun öz milli mənliyinin daşıyıcıları olan vətənpərvər övladlarıdır. Belə Vətən oğullarından birikeçmiş SSRİ dönəmində ordu sıralarında ləyaqətlə xidmət etmiş və Azərbaycanın adına ucalıq gətirmiş Həsən Qardaş oğlu CƏBRAYILOVDUR!

Bununla əlaqədar olaraq onun ailə üzvləri ilə görüşməyi qərara aldıq. Böyük qardaşı Məcid dayı İncəsənət İnstitutunu bitirmişdir, uzun müddət Bakı şəhərində mədəniyyət sahəsində işləmişdir. Hal-hazırda təqaüddədir. Onun dediklərindən:

- Həsənlə mənim həyatım Böyük Vətən müharibəsinin məşəqqətli günləri yaşamaq qismət olmuşdur. Getsin o günlər bir daha geri qayıtmasın. Atamız Qardaş da müharibəyə getmişdir, anam Urqiyyə bizə hayan olurdu. Kolxozda təsərrüfat işlərinə gedirdi, biziözü ilə aparırdı. Mən balaca olsam da anamla bərabər işləməli olurdum. Ağır günlər, bir qarnımız ac, bir qarnımız tox yaşayırdıq, göy pencəri qaynadıb yeyirdik, bəzən göyü bişirib qatıqsız da yemişik, acından ölən də olurdu, ancaq bizi Allah-təala saxlayırdı...

Mən məktəbə oxumağa da gedirdim. Bir dəfə isti yay günlərinin biri idi. Məktəbdə bizə dərs deyən Çiçək müəllimə yol gedən zaman ilan onun üstünə atılır. Onda Həsənin 6 yaşı var idi. Haraya, onun qışqırtısına köməyə gəlir daşla ilanı öldürür...

Müəllimə onun qoçaqlığı haqqında hamıya ağızdolusu danışır ki, bəs Həsən olmasa idi ilan məni çalacaqdı, qorxmaz, ürəkli uşaqdır, Allah qorusun - demişdir.

Həsən Cəbrayılovun qardaşı, "Respublika" qəzetinin əməkdaşı Ataş Cəbrayılovun dediklərindən:

-Azərbaycanı min illər boyu yaşadan da bu cür övladlarıdır. Ölkəmizi bu günədək yaşadan, var edən hər bir tarixi dönəmdə Cavanşir, Uzun Həsən, Şah İsmayıl Xətai nəhayət, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyev kimi dövrün qüdrətli siyasi-ictimai, dövlət xadimləri onların ideyalarından bəhrələnən, milli-mənəvi dəyərləri özündə əxz eləyən, millətinin vətəninin varlığı, şərəfi, şanı üçün canını qurban verməyə hazır olan vətənsevərləri Yaradanın bizə bəxş etməsidir. Biz tarixi proseslərə nəzər salsaq görərik ki, dövrün siyasi liderləri həmişə onların ideya daşıyıcılarına, vətənin, millətin yaşaması üçün canından keçənlərə, hansı ölkədə olursa-olsun millətlər içində millətinin imzasını təsdiq edənlərə tarixə yüksək qiymət vermiş, xalqının uzunömürlülüyünü təmin etmək üçün bu mənəvi xəzinəni nəsildən-nəsilə ötürməyə çalışmışlar. Ulu öndər Heydər Əliyevdə bu keyfiyyətlər vardı. O da Azərbaycanın tarixinin öyrənilməsinə, nəsildən-nəsilə ötürülməsinə son dərəcə ciddi yanaşırdı. Hətta ulu öndər müasir dövrdə digər ölkələrdə elm, mədəniyyət, incəsənət, biznes s. sahələrdə çalışan Azərbaycan xalqına başucalığı gətirmiş heç bir şəxsi diqqətdən kənarda qoymurdu. Həmin şəxsin fəaliyyəti həm inzibati, həm ictimai qaydada xalqa çatdırılır, ölkədə dünyada azərbaycanlıların arasında vətənpərvərliyin azərbaycançılığın təbliği, onların bir yumruq kimi birləşməsi üçün çox səmərəli aparırdı. Qeyd etmək lazımdır ki, o, bu işə indi yox, məhz 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn andan başlamışdı.

Ulu öndərin qeyd etdiyimiz o mühüm mənəvi keyfiyyəti haqqında bir faktı da diqqətə çatdırmaq yerinə düşər. Heydər Əliyev Azərbaycanda rəhbər seçiləndə mən hərbi xidmətdə idim. Anam xəstəxanada müalicə olunurdu, lakin bir irəliləyiş yox idi. Anamı evə yazdılar. Bu dəfə onu görməyə gedəndə çox üzgün gördüm. Geri qayıtdım. Əsgərliyimin ikinci ilinə keçəndə artıq Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri idi. Dəqiq yadımda deyil, 1969-cu il idi, yoxsa 1970-ci ilin əvvəlləri idi, ona qədər bizim ailəni yada salan yox idi. Mətbuatdan bildik ki, Heydər Əliyev Krımda Qırmızı bayraqlı Qara dəniz Hərbi dəniz muzeyində olub. O, Bakıya qayıdan kimi, az keçməmiş rayonun rəsmiləri anamın səhhəti ilə maraqlandılar onu Mərdəkana sanatoriyaya göndərdilər. Dedilər ki, şəxsən Heydər Əliyev özü tapşırıb ki, müalicə üçün lazımsa edilsin. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində əməlli-başlı canlandı. Həsənin xidmət etdiyi hərbi hissədən, Sevastopoldakı orta məktəbdən bizə məktublar gəlməyə başladı. Hər il anım günündə, müəyyən tədbirlərdə hökmən ailəmizdən dəvət olunurdu. 1977-ci ildə mən qardaşımın qulluq etdiyi hərbi hissəyə həmin Hərbi-dəniz müzeyinə getdim. Hərbi hissənin "Lenin otağı"nda onun büstü var idi. Muzeyə daxil olarkən isə ilk eksponat Həsənə məxsus idi. Muzeyin baş elmi işçisi İ.M.İvançuka - " üçün Sovet İttifaqı Qəhrəmanından əvvəl?" sualını verdim. O, cavabında Heydər Əliyevdən qürur duyduğum bu hadisəni danışdı. Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev Sevastopola gələndə bizim muzeyə baş çəkdi. Çox diqqətli idi. Hər bir şeyin mahiyyətinə varan bir insan idi. O içəri girən kimi ilk olan Həsən Cəbrayılovun guşəsi diqqətini cəlb etdi. Dərhal hansı respublikadan, sonra isə hansı millətdən olduğunu, ailələri ilə əlaqə saxlamağımızla maraqlandı. bizə bu sualı verdi: " üçün Sovet İttifaqı Qəhrəmanından əvvəl?" Mən Heydər Əliyevə cavab verdim ki, Sovet İttifaqi Qəhrəmanı döyüş zamanı hər hansısa bir anın seçilmişidir. Məsələn, Dnepri ilk keçən başqası da ola bilərdi, amma Həsən Cəbrayılov şüurlu qəhrəmandır. O bir istehkamçı kimi özü 471 mina zərərsizləşdirib, dənizdə quruda on minlərlə köhnə hərbi sursatın zərərsizləşdirilməsində çox böyük zəhməti olub, sülh dövrüdür, müxtəlif bəhanələrlə növbədən yayınmaq mümkündür. O isə heç vaxt sui-istifadə etməyib, şüurlu surətdə ölümün üzərinə gedib. Buna görə də Həsən Cəbrayılov birincidir.

Heydər Əliyevin üzündəki ifadədən görürdük ki, cavabımız onu qane edib. Bundan sonra o eksponatın yanında bir qədər dayandı. İçəridə yerli mətbuat işçisi də vardı. Ona imkan verdi ki, məhz Həsən Cəbrayılovun guşəsinin yanında onun şəklini çəksin...

1966-cı il mart ayının 10-da Sevastopolda bir partlayış baş verdi. Ömrünün bahar çağında həyatdan bir gənc köcdü. Bu partlayış partlayış idi? Bu vaxtsız ölüm necə ölüm idi?

Qarşımızda xeyli sənəd, məktub qəzet var. Bunlara nəzər yetirdikdə 24 illik bir ömrün xronikası ilə tanış olursan. Hər sənəd, hər sətir yeni həyat quran, yaratmağa, vətənə xeyirli bir insan kimi yaramağa can atan bir gəncin yarımçıq qalmış arzularından dil açıb danışır. Bu sənədlər Həsən Cəbrayılova məxsusdur.

Qaracallı kəndi Cəbrayıl rayonunn səfalı guşələrindən birində yerləşir. Təbiət bu kəndə öz səxavətini əsirgəməyib. Dağlar kəndi hər tərəfdən üzük qaşı kimi ortaya alıb. Qol-budaqlı ağaclar zümrüd boyunbağı kimi evlərin boynuna dolanıb. Böyük kəhriz, Kolxoz, Söyüdlü, Şahverdi, Qara quzey bulaqları şaqqıltı ilə axır, elə bil kəndin sakinlərinə həzin nəğmə oxuyur.

(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR

AJB-nin üzvü

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət  2017.- 23 may.- S.4.