O əsl qəhrəman idi

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

 

Həsənin xidmət etdiyi hissənin komandanlığı isə onun həlakı ilə əlaqədar yazırdı: "Hörmətli Həsənin valideynləri, icazə verin oğlunuzun, qardaşımız və bizim ümumi dostumuzun faciəli həlakı ilə əlaqədar sizə bir daha dərdinizə şərik olduğumuzu bildirək və sizi əmin edək ki, bütün şəxsi heyət çalışır ki, sizin oğlunuz kimi olsun".

Müharibə illərdir ki, qurtarıb. Yeni nəsil meydana gəlib, o illər isə artıq xatirəyə və anım tarixlərinə dönüb. Lakin müharibə ayaq açdığı yerə ölüm toxumu səpib. Dənizlərin dibi, çimərliklər, çöllər, tarlalar, dağlar, evlərin zirzəmiləri, hətta ağla gəlməyən yerlərdən bu günqumbara, mərmi, minalar tapılır. Həmin hərbi sursatlarla istehkamçıların apardıqları müharibə davam edir. Bu müharibədə qorxaqlara yer yoxdur. Paslanmış mexanizmi ilə bu ölüm yükləri hər an qurban tələb edir. Burda hər bir şəxs ölümə getdiyini yaxşı bilir. Həsən də bilirdi ki, ölümə gedir. Bəlkə də qayıtmayacaq. Ancaq qorxmurdu, könüllü gedirdi. Çünki bilirdi ki, hər bir zərərsizləşdirilməmiş sursat neçə-neçə insanın həyatına son qoyulması deməkdir. Ona görə də bu ölüm yüklərinin üzərinə başqalarını yaşatmaq üçün şüurlu olaraq gedirdi, Azərbaycan qəhrəmanlıq dastanlarında deyildiyi kimi, bir qaşıq qanından qorxmadan, Odlar yurdunun mərd, qorxmaz oğlu kimi, öz xalqının ləyaqətini, adını, şərəfini uca tutan, onu inamla təmsil edən bir əsgər təki gedirdi. Həsən nümunəvi əsgəri xidmətinə görə, 1965-ci il dekabrın 31-də Böyük Vətən müharibəsində qələbənin 20 illiyi yubiley medalı təltif olunur.

1966-cı il yanvar ayında Həsən evə məzuniyyətə gəldi. Tarı əlinə götürdü, sinəsinə basdı, cəngini çalmağa başladı. Onun gözlərində mərdanəlik, dönməzlik ifadəsi vardı. Çalıb qurtarandan sonra gözləri yol çəkdi, dodaqlarından bu kəlmələr qopdu: "Bəlkə də bu, axırıncı mizrablardı simə dəyir".

İnsan Allahın yaratdığı sirdir. Hər bir şəxsin qəlbi isə sonu olmayan mənəvi sərvət və zənginliklərlə, hiss, duyğu, məslək, əqidə, qayə, inam, niyyət və iradə ilə dolu bir kainatdır. Bəzən insan hansısa fövqəlbəşər bir duyğu ilə onu nə gözlədiyini əvvəlcədən hiss edir. Bəli, son akkrodlar idi bu. Lakin bu akkordlar qorxaqlıq yox, qəhrəmanlıq akkordları, ölümün gözünə dik baxan bir gəncin hücum akkordları idi.

470 dəfə onunla üzbəüz qalmış və bu qarşıdurmadan qazı kimi çıxmışdı. Lakin 471-ci görüş onu bu həyatdan qoparıb ölümsüzlük zirvəsi olan şəhidliyə qovuşdurdu. Həsən öz həyatını insanların uğrunda qurban verdi. O, ölümündən sonra "Qırmızı Ulduzordeni ilə təltif olundu.

M.Ə.Rəsulzadə qəsəbəsindəki Həsən Cəbrayılov adına 99 nömrəli orta məktəbin (məktəb direktoru Ofelya Məmmədova) pedaqoji kollektivi öz şəhidinin adını yüksək tutmalı, əsl azərbaycanlı övladına xas mənəvi keyfiyyətlərini qəhrəmanlığını yüzlərlə şagirdə aşılamağa çalışmalıdır. Ancaq bir məsələni oxucuların diqqətinə çatdırmaq çox vacibdir. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk illərdə onun adını məktəb rəhbərliyi birtərəfli qaydada, subyektiv qənaətə əsasən ləğv etmişdi. Bu zaman kollektivin vətənsevər, öz tarixini yaşadan nümayəndələri buna etiraz etdilər. Kollektivin iclasında Həsən Cəbrayılovun adının bərpası məsələsi dövlət qarşısında qaldırıldı. Beləliklə, ad yenidən öz şərəfli yerini tutdu.

Təbii ki, bu bərpa ulu öndərimiz Heydər Əliyevin tariximizi qorumaq, nəsildən-nəsilə ötürmək sahəsindəki göstərişlərinin və xidmətinin bəhrəsi nəticəsində baş verdi.

Bu gün 20 faiz ərazimiz işğal olunub, bir milyon qaçqınımız var. Minlərlə məntəqələrimizdə soydaşlarımız zaman-zaman ermənilər tərəfindən Xocalıdakı kimi soyqırıma məruz qalıb.

Buna görə də müəllimlər çalışmalıdırlar ki, hər bir şagird vətənə layiq, yüksək mənəviyyatlı gənc kimi yetişsin, onların qəlblərinə məğlubedilməz şəhidlərin vətənsevərlik ruhu hakim olsun. Kollektivin bir arzusu da Həsən Cəbrayılovun büstünün məktəbin qarşısında qoyulmasıdır. 2016-cı ildə Həsən Cəbrayılovun şəhidliyinin 50-ci ili tamam olmuşdur.

Onlar inanırlar ki, bu qəhrəmanlıq tarixinin ildönümü ərəfəsində şəhidin abidəsini düzəltdirəcək imkanlı səxs tapılacaqdır.

Mərasimə şəhidin əzizləri və qohumları dəvət olunmamışdır. Bu tam müntəzəm olaraq, hər il keçirilməsi ənənə şəklini almamışdır. Məktəb rəhbərliyi Təhsil Nazirliyi qarşısında 99 saylı məktəbin adını daşıyan şəhid Həsən Cəbrayılovun büstünün qoyulması barədə heç bir təşəbbüs göstərməmişdi, onun anadan olduğu gün 22 fevral 1942-ci il və həlak olduğu 10 mart 1966-cı il anım günü, yaxın qohumları, qardaşları və bacıları heç bir gün məktəbə dəvət olunmamışdılar. Məktəbdə oxuyan şagirdlərin şəhid Həsən Cəbrayılov haqqında heç bir məlumatları yoxdur.

Xatırlatmaq lazımdır ki, məktəb rəhbərliyi də Təhsil Nazirliyi qarşısında 99 saylı məktəbə adı verilmiş şəhid Həsən Cəbrayılovun büstünün qoyulması barədə məsələ qaldırmamışdı. Düşünürük ki, bu işdə Cəbrayıl rayonunun rəhbərliyi, eləcə də rayonun adamları, imkanlı şəxsləri də öz sözlərini deyə bilərlər.

Övladı şəhidliyə hazır olan millət məğlubedilməzdir. Şəhid, sən Vətənində yaşayan hər bir şəxsin həyatında, dünyaya göz açan hər bir körpənin simasında yaşayırsan, təhsil alırsan, çalışırsan, çarpışırsan, qalib gəlirsən. Necə ki, Uca Allah-təala bizə nazil etdiyi müqəddəs Qurani-Kərimdə bu əbədi həyat barədə hökmünü bildirib, şəhidlər ölməyiblər, diridirlər Allah dərgahında, siz bilməzsiniz.

Allah-təala bütün şəhidlərə rəhmət etsin.

 

Nemət BƏXTİYAR

AJB-nin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

 

Ədalət  2017.- 25 may.- S.3.