Kitabla ucaldılan abidə
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Əslində bu yazını daha ciddi və elmi bir
üslubda yazmaq istəyirdim. Çünki əlimdə
tutduğum və mütaliə etdiyim, yazmaqda əsas məqsədim
olan bu dəyərli və poliqrafik cəhətdən gözəl,
səliqəli şəkildə, eyni zamanda savadlı tərtib
olunmuş sanballı kitab buna tam şəkildə imkan verirdi.
Ancaq müəllifə olan rəğbətim və
hörmətim məni daha sentimental notlara kökləyirdi.
Beynimdə iki böyük qüvvə
mübarizə aparırdı. Bu qüvvələrdən
biri müəllif, digəri isə kitab və kitabın həsr
olunduğu doğrudan da universal və istedadlı bir şəxsiyyət
idi. Birinci qüvvə daha ağır gəlirdi.
Çünki müəllif bu kitabla öz qəhrəmanına
elə bir mənəvi abidə ucaltmışdı ki, o,
yalnız ehtirama layiq idi.
Biz onunla
gözəl bir kitab təqdimatında tanış
olmuşduq. Mən
çıxışımı bitirdikdən sonra kitabxanada
işlədiyimi bildikdə yaxınlaşıb
özünü təqdim etdi. Qəribə
idi. Bu qadının gözlərində dərin
və həzin bir titrəyiş var idi. O titrəyişin
və kədər qarışıq qürurun səbəbini
mən bir müddət sonra biləcəkdim. Mənə
elə gəlirdi ki, sanki mən ona nəyi isə
xatırladırdım. Beləcə, mənimlə bir qədər
söhbət edib mütləq iş yerimə gələcəyini
söylədi. Bu hadisənin üstündən
bir müddət keçdi. Bir gün iş
otağının qapısı ehmallıca
açıldı. Gələn həmin
xanım idi. Flora xanım! Mən onun nəzakətli
və əsil duruşunu unutmamışdım. Son dərəcə mədəni şəkildə əlində
tutduğu qızılgülləri və sanballı bir
kitabı mənə təqdim etdi. Bundan gözəl nə
ola bilərdi. Dünyanın
ən dəyərli iki hədiyyəsi mənə təqdim
edilirdi. Bunlardan da gözəl hədiyyə onun kimi
insanla tanış olmağım idi. Sözün həqiqi mənasında gözəl
insanla - Flora xanım Tağıyeva ilə.
Flora xanım Tağıyevanın 2013-cü ildə
"Adiloğlu" nəşriyyatında çapdan
çıxan "Nurəddin Tağıyev - 75" adlı nəfis
və fundamental şəkildə tərtib etdiyi
kitabını görəndə doğrudan da heyrətləndim. İxtisasca
fizik olan, uzun illər pedaqoji fəaliyyətlə məşğul
olmasına baxmayaraq, nəşriyyat sahəsində heç
bir təcrübəsi olmayan bir insanın bu qədər
qüsursuz və dəqiq tərtib edilmiş kitab ərsəyə
gətirdiyinə inana bilmirdim. Ümumi həcmi
364 səhifədən ibarət, kifayət qədər
qalın olan bu kitabı vərəqlədikcə təəccübüm
daha da artırdı. Əvvəlcə
müəllifə qarşı yaranan müsbət fikrim yerini
kitabın qəhrəmanına verirdi. Bax
elə Flora xanımın da məqsədi bu idi. Müəllif
məqsədinə nail olmuşdu. Özünün mərhum
ömür-gün yoldaşı, ixtisasca
kitabxanaçı-biblioqraf olan, müxtəlif dövlət vəzifələrində
çalışan Nurəddin Tağıyevin xatirəsinə
ehtiram hissi, ruhuna rəhmət oxutmaq... Sanki
bundan sonra dincəlir və öz missiyasını bitmiş
hesab edirdi. O, doğrudan da bunu bacara bilmişdi. Öz qəhrəmanına ucaltdığı abidə
dünya durduqca duracaq və onu ölməzliyə
qovuşduracaqdı.
1938-ci ildə
Gəncə şəhərində anadan olan Nurəddin Həmid
oğlu Tağıyev 1961-1971-ci illərdə M.F.Axundov adına Respublika Kitabxanasında
çalışmışdır. Elə burada da hələ
o zamanlar tələbə olan, kitabxananın oxucusu Flora
xanımla tanış olmuş və ailə
qurmuşdur. Bura Flora xanıma o qədər
doğma və əziz idi ki. Mənə: "Bir zamanlar
bura oxucu kimi gəlirdim. İndi isə sizə görə gəlirəm"
deyəndə qəribə bir hiss keçirdim. Üstündən
uzun bir zaman keçməsinə baxmayaraq Flora xanım Nurəddin
müəllimi bir an belə unutmurdu. Mümkün idimi? Onun
üçün Nurəddin müəllimi əvəz edə
bilən bir kimsə yox idi. O, təsəllisini ancaq əzizlərindən,
həyat yoldaşının yadigar qoyub getdiyi
övladlarından və nəvələrindən
alırdı. Mən Nurəddin müəllimi
tanımasam da, haqqında yazılan bu kitab onun barəsində
tam təsəvvür formalaşdırırdı. Bununla
da Flora xanım hər kəsə Nurəddin Tağıyevin kim olduğunu, nə qədər geniş və
çoxşaxəli yaradıcılığa malik olan
istedadlı bir şəxsiyyət olduğunu bütün
dünyaya bəyan edirdi. Bəlkə də
kitabın belə uğurlu alınmasının ən əsas
səbəbi də elə bu idi.
Nurəddin müəllimin atası Həmid Tağıyev
institutu bitirdikdən sonra təyinatla Tovuz rayonunun
Aşağıquşçu kəndinə gəlmişdi. Nurəddin
müəllim də bu kənddə böyümüş, sadə
kənd uşağı olsa da həyatda özünə yer
tuta bilmiş, öz bacarığı və savadı ilə
şəxsiyyətini təsdiqləməyi
bacarmışdı. Cəmi 44 il
ömür sürən Nurəddin müəllim
yaşadığı bu qısa müddətdə çox
işlər görmüş, özü-özü
üçün çox insanın qəlbində möhtəşəm
abidə ucaltmışdı. Elə Flora
xanımın kitabın "Xatirələr" bölməsində
verdiyi yaxınlarının və tanışlarının
sözlərini oxuduqca hər şey aydın olur. Bu xatirələr elə həzin və kövrəkdir
ki, hamının qəlbindən çıxan o nisgil
aydınca hiss olunur. Burada Nurəddin müəllimin
qardaşı - Türk Dünyası Araşdırmaları
Akademiyasının professoru Albert Tağıyev, bacısı
Svetlana Tağıyeva, baldızları - Xalq artisti, YUNESKO-nun
"Sülh artisti", professor, Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
dosenti Züleyxa Məlikova, qaynı -
inşaatçı-mühəndis Vəfa Əlizadə,
bunlardan başqa tanışları və dostları -
"Qızıl qələm" media mükafatçısı
Natiq Səfiyev, Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyasında məsləhətçi Tofiqə
Rzayeva, sonda isə oğlu, uzun illər televiziya
ekranlarından yaxşı tanıdığımız Xəyal
Tağıyevin və Nurəddin müəllimin həyat
yoldaşı Flora Tağıyevanın xatirələri təqdim
olunub. Hər biri cəmiyyətdə
özünəməxsus yeri, sözünün xüsusi
çəkisi olan insanların onun haqqında ürək
dolusu söhbətlərindən bilmək olur ki, dünya necə
bir insanı itirib. Yaşasaydı...
Əmək
fəaliyyətinə 1958-ci ildə Tovuz Rayon Mədəniyyət
Evinin direktoru kimi başlamış, 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Respublika Kitabxanasında
davam etdirmişdir. Nurəddin müəllim 1971-ci ildə
köçürmə yolu ilə "Mədəni-maarif
işi" jurnalının məsul katibi, 1974-cü ildən
Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Mədəni-maarif
müəssisələri baş idarəsinin inspektoru kimi
çalışmış, 1977-ci ildən Abşeron Rayon Mədəniyyət
şöbəsinin müdiri olmuşdur. Burada
çalışarkən Xırdalanda Uşaq musiqi məktəbinin
açılmasına nail olmuş, Mədəniyyət evinin
tikilməsində, gözəl parkın salınmasında
böyük xidmətlər göstərmişdir. İlk dəfə
olaraq rayonda "Diyarşünaslıq Muzeyi"ni yaratmış, onun təşkili
üçün lazım olan eksponatların toplanmasında
müstəsna əmək sərf etmişdir. N.Tağıyev
keçmiş Sovetlər İttifaqında ənənəvi Məhsul
bayramlarının keçirilməsində mühüm
işlər görmüşdür. Tədbirlərin
təşkilatçısı və ssenari müəllifi
şəxsən özü olmuşdur. Bütün
bu və digər xidmətlərinə görə 1981-ci ildə
SSRİ Ali Sovetinin əmri ilə "Şərəf
nişanı" ordeni ilə təltif edilmiş, müxtəlif
Fəxri Fərmanlara layiq görülmüşdür.
Yuxarıda sadaladığımız xidmətləri
onun yalnız ictimai fəaliyyəti idi. O, təkcə
bacarıqlı təşkilatçı və peşəkar
işçi deyildi. O, yaradıcı insan idi. Bu
isə tamam başqa bir söhbətin mövzudur. Bu insanı başqalarından fərqləndirən
bir xüsusiyyətdir. Məni hər
şeydən çox heyrətə gətirən də bu idi.
Cəmi 44 il ömür sürən bu
insan nə qədər zəngin bir şəxs olubmuş. Flora xanım Tağıyeva öz kitabında onun
şəxsiyyətinin bu hissəsinə də işıq
tutmuş, bütün yaradıcılığını səliqəli
şəkildə qruplaşdıraraq sistemləşdirmiş
və oxucusuna təqdim etmişdir. Kitabın mündəricatına
nəzər salsaq görərik ki, müəllif ilk olaraq Nurəddin
müəllimin nəsr əsərlərini, daha sonra pyeslərini,
poeziyasını (rübailər və bayatılar),
mahnılarını, publisistik yazılarını, düşüncələrindən
sətirləri, tərcümələrini, elmi-metodiki, tənqidi
yazılarını çox mahir şəkildə arxivindən
seçərək bu kitabda toplamışdır. Siz də təəccübləndinizmi? Təəccüblənməmək
mümkündürmü? Əsla!
Həyat
yoldaşı, kitabın müəllifi Flora xanım öz
xatirələrində qeyd edir ki, hətta Nurəddin müəllim
o zamanlar Azərbaycan Dövlət Televiziyasında
nümayiş etdirilən məşhur "Səhər
görüşləri" verilişinə yumoristik səhnəciklər
də yazmış, "Gəl dolmanı ye..." adlı səhnəcikdə
isə Xalq artisti Nəsibə xanım Zeynalova iştirak
etmişdir.
1961-ci ildə
Bakıda nəşr edilən "Uğur olsun" şeirlər
və hekayələr kitabında hekayəsi çap
edilmiş, 1977-ci ildə "Gənclik" nəşriyyatı
tərəfindən Nurəddin Tağıyevin Firuz Qənizadə
ilə həmmüəllifi olduğu "Pribaltika
nağılları" adlı tərcümə kitabı nəşr
edilmişdir. Yazıları o zamankı dövri mətbuatda -
"Vışka", "Abşeron", "Ədəbiyyat
və incəsənət" qəzetlərində,
"Ulduz", "Mədəni-maarif işi"
jurnallarında dərc edilmiş, "İnsan qəribə məxluqdur"
hekayəsi bolqar dilinə, bir neçə hekayəsi isə
rus dilinə tərcümə edilərək dərc
edilmişdir.
İxtisasca kitabxanaçı-biblioqraf olan Nurəddin
müəllim bir metodist kimi dəyərli metodik vəsaitlər
işləyib hazırlamışdır. 1970-ci ildə M.F.Axundov adına Azərbaycan Respublika
Kitabxanasının Elmi-metodik kitabxanaşünaslıq
şöbəsinin baş metodisti kimi "Əlamətdar və
tarixi günlər təqvimi 1970 - Aprel-may-iyun"
buraxılışının, 1971-ci ildə isə "Rayon
kitabxanalarının işinin
planlaşdırılması" adlı metodik vəsaitin tərtibçisi
olmuşdur. Bundan əlavə "Rayon kitabxanalarında
ölkəşünaslıq işi" məqaləsi
("Mədəni-maarif işi" jurnalı, 1971-ci il, N2), "El gözü tərəzidir"
(Salyan rayonda Kənd sovetinin deputatı, kitabxanaçı Bəsti
İsmayılova haqqında. "Azərbaycan gəncləri"
qəzeti, 8 fevral, 1973-cü il), "Oxucu və
kitab müzakirəsi (Kitabxana işçilərinə kömək)"
("Abşeron" qəzeti, 4 mart, 1975-ci il), "Şərait
var, amma..." (Gəncə şəhərindəki 7 nömrəli
kitabxana haqqında tənqidi məqalə) ("Mədəni-maarif
işi" jurnalı, 1971-ci il, N.2) məqalələri
də son dərəcə maraqlıdır.
Flora xanım Tağıyevanın tərtib etdiyi bu
kitabın daha bir özəlliyi sonda tərtib etdiyi biblioqrafik
göstəricidir. O, bu işin də öhdəsindən məharətlə
gəlib. İxtisasca fizika müəlliməsi
olan bu xanım qəribə bir fəhmlə Nurəddin müəllimin
əsərlərini xronoloji prinsip əsasında sistemləşdirərək
qruplaşdırmışdır. Əlbəttə
ki, bibloqrafik təsvir qaydası nəzərə
alınmamışdır. Bundan əlavə
hekayələrinin adlar göstəricisini də
hazırlamış, Nurəddin müəllimin işlədiyi
dövlət müəssisələrinin siyahısını
vermişdir.
Kitabda maraqlı fotoşəkillər öz əksini
tapmışdır. Burada Nurəddin müəllimin
özünün və ailəsinin fotoları çox səliqə
ilə düzülmüşdür. Zamanın
müəyyən bir saniyəsində donaraq o illəri
özündə əks etdirən bu şəkillərə
baxarkən bu insanın zahirən də nə qədər
xoşsimalı olduğunu görürsən. Allah ondan heç bir şeyi əsirgəməyibmiş.
Zahiri ilə daxili eynilik təşkil edən
insanlar azdır.
İnsanın
ən ali xüsusiyyətlərindən
biri də vəfalı olmasıdır. Vəfa
hər insanda olmayan elə bir xüsusiyyətdir ki, ona malik
olanlar hörmətə layiqdirlər. Mən
Flora xanımı tanıdıqdan sonra ondakı aliliyə, xanımlığa
və alicənablığa qibtə etdim. Əlbəttə
ki, bunlar ona irsən, qanla ötürülən yüksək
keyfiyyətlərdir. Bu mənada,
haqqında danışdığım bu kitab onun öz
tanrısı kimi tapındığı, gəncliyini tam
şəkildə yaşaya bilmədiyi, yarı yolda qalan
sevgisinə və məhəbbətinə verə biləcəyi,
onun xatirəsinə ithaf edə biləcəyi ən gözəl
abidədir. Flora xanım
Tağıyevanın böyük sevgi ilə, ştrixlərini
çox mahir bir heykəltəraş kimi
cızdığı, kövrək materialdan deyil də,
qranitdən yaratdığı monumental əsəri öz qəhrəmanına
ucaltdığı möhtəşəm bir abidədir.
Kitabla ucaltdığı mənəvi abidə.
Flora
xanım mənə bağışladığı kitaba
avtoqraf yazıb: "Hörmətli, adı kimi mehriban, məlahətli
Mehriban xanıma müəllifdən... Ən
xoş arzularla... 25.02.2013". Belə bir
səmimi kitabın mənə də bağışlanmağına
çox sevinirəm. Və mən də
öz növbəmdə Nurəddin müəllimə Allahdan
rəhmət diləyirəm.
Mən onu kitabxananın foyesinədək ötürdüm. Bu bina, bu müəssisə ona o qədər doğma idi ki, mən bunu bütün dərinliyi ilə hiss edirdim. Onun gözləri par-par parıldayırdı. Bu həm göz yaşı həm də sevinc və qürur parıltısı idi. Axı onun ən gözəl çağları bu kitabxanada keçib, axı o öz taleyini burada yaşayıb. Birdən kənardan qəribə bir həyəcanlı səs eşitdim: "Flora müəllimə!" Bu kitabxananın əməkdaşı idi. Öz sevimli fizika müəlliməsini, sinif rəhbərini görüb sevincindən uçurdu. Mən o xanımın gözlərində səmimi bir uşaq sevinci gördüm. Belə hisslər, belə baxışlar fərqli olur. Dağ şəlaləsi kimi təmiz və güclü. Bu isə artıq Flora xanımın şəxsiyyətinin təsdiqi idi. Həyat boş yerə yaşanmamışdı. Şərəfli insanlar şərəfli həyat yaşayırlar.
Mehriban Cəfərova
Ədalət.-2017.-26 may.-S.3.