ZAMANA ÇİYİN VERƏN SƏNƏTKAR

 

Öncə etiraf etmək lazımdır ki, hər bir söz adamına söz ömrü, yaşamaq, sözün fövqündə durmaq, sözü özü ilə həmahəng etmək nəsib olmur. Çünki bu elə bir missiyadır ki, onu daşımaq, onunla nəfəs almaq, hətta ona nəfəs verməyin özüböyük zəhmətlə yanaşı, Tanrı dərgahından gələn, Tanrı hədiyyəsi olan istedad da tələb edir. Elə bir zəhmət və elə bir istedad ki, onlar bir-biri ilə qovuşanda həqiqətən insanı, yəni oxucunu tərpədə bilən, düşündürə bilən, öz dairəsinə, əhatəsinə cəlb edə bilən, bir sözlə, oxucunu özününkü, sözünü oxucununku edə bilən bir mükəmməlliyə, bir tamlığa çevrilə bilsin. Bax, bu məqamda sözsözün sahibi, sənətkar və oxucu bütövlüyü yaranır. Təsadüfi deyil ki, hər söz yazana, hər qələm tutana Sənətkar, Ustad deyilmir. Xoşbəxt o söz sahibi, o qələm sahibidir ki, onun adının qarşısında özünün heç bir təmənnası, istəyi olmadan, ismarıcı olmadan oxucu, xalq, bütövlükdə cəmiyyət ona Ustad deyir, ona Sözün Xiridarı, Sözün Sahibi, Sözün Şahı da deyir.

 

Bütün bunlar bizim kəşfimiz və yaxud da söz xatirinə işlətdiyimiz epitetlər deyil. Çünki indi adını xatırladacağımız qələm sahibi bu haqqı öz sözü ilə, öz ustadlığı ilə qazanıb. Yəni bu ad onun üçün elə-belə hansısa bir sinidə hədiyyə edilməyib, gətirilməyib. Böyük zəhmətin, böyükşirin barını xalq yazıçısı İlyas Əfəndiyev xalqından və dövlətindən alıbdı. Onu buna xalqı və dövləti veribdi. Bu mənada İlyas Əfəndiyevin adı ilə yanaşı, Böyük Yazıçı, Ustad Yazıçı, Böyük Söz Xiridarı və digər titullar bütün hallarda qoşa çəkilmək hüququ qazanıb, möhürlənib bu hüquq onun adının, soyadının yanında...

 

Bizim nəsil ədəbi mühitdə böyük söz adamlarının, böyük söz sahiblərinin qələmindən dərs ala-ala, öyrənə-öyrənə, oxuya-oxuya auditoriyalardan kənarda, hər kəs öz içində bir məktəb keçib. Bu elə bir məktəb olub ki, bizi öyrədib və biz ondan öyrənməyə özümüz də daxilən bir ehtiyac hiss etmişik. Bu mənada ötən əsrin 50-70-cı illərinin insanları az qala İlyas Əfəndiyevin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mehdi Hüseynin, Rəsul Rzanın, Səməd Vurğunun, Məmməd Arazın və digərlərinin əsərlərini bir böyük sevgi ilə, böyük maraqla, hətta az qala əlimyandıda axtarıb-arayırdı. Çünki həmin dövrün insanları ədəbiyyatda özünü axtarırdı, özünü tapmağa çalışırdı. Biz ədəbiyyata sığınırdıq, ədəbiyyatdan həyata addım atmaq istəyirdik. Hər birimizin ədəbi qəhrəmanlar silsiləsində ideallarımız var idi. Maraqlı cəhət budur ki, adını xatırlatdığımız və hələ bir çoxlarını da xatırlamaq imkanı olduğumuz Azərbaycan ədəbiyyatının nəhəng simaları məhz oxucu dünyasını görürdü, oxucu tələbatını hiss edirdi, oxucu ilə yaşayırdı. Bəlkə də burada yerinə düşər, deyək ki, Azərbaycan ədəbiyyatının tanınan simaları özlərini yazmaqla yanaşı, həm də oxucu üçün, xalq üçün yazırdılar. Bu sırada İlyas Əfəndiyevin yeri daha əzəmətli, daha diqqət çəkən idi.

 

İnanmırıq ki, həmin dövrdə kimsə "Söyüdlü arx"ı oxumamış olsun. Bu roman, eləcə də "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan", "Xan çinar", "Körpü salanlar" və digər İlyas Əfəndiyev qələminin bəhrəsi olan ədəbi nümunələr ədəbiyyatda elə-belə sükutla, izsiz-tozsuz gəlib-getməyibdi. Bu əsərlərin hər biri böyük diskussiyaların, fikir mübadilələrinin, o cümlədən də ədəbi tənqidin həmişə diqqət mərkəzində olmaqla bir hadisəyə çevrilibdi. Təsəvvür edin ki, onda daha çox əyalət sayılan kəndlərimizdə bu romanları kitabxanalarda, kitab mağazalarında tapmaq az qala qeyri-mümkün idi. Hətta kənd kitabxanalarında bu romanları oxumaq üçün oxucu növbələrini də xatırlamaq mümkündü. Bilirsiniz bunun səbəbi nə idi? Təbii ki, müəllifin böyük istedadı, böyük söz dünyası və nəhayət, oxucunun dilində, oxucunun görmək istədiyi və yaxud da oxucunun görüb etiraf edə bilmədiklərini onun özünə çatdırmaq, təqdim etmək idi. Məhz İlyas Əfəndiyev qüdrəti oxucu ilə yazıçını birləşdirib onların vəhdətini yaratmış, onları bütövləşdirmişdi.

 

İlyas Əfəndiyevin "Üçatılan" və "Geriyə baxma, qoca" romanları əyalətlərdə xüsusi bir sevgiyə səbəb olmuşdu. Bu romanların dili, təhkiyəsi, onun yazı manerası o qədər sadə, amma o qədər də orijinal idi ki, adamlar sanki müəlliflə həmsöhbət olurdular. Romanları oxuduqca elə bir təsəvvür yaranırdı ki, müəllif səninlə birlikdə hansısa bir məclisdə, hansısa bir söyüd kölgəsində, hansısa bir yığnaq yerində üz-üzə dayanıb yazdığı əsərin ilk sözünü dilə gətirir və bununla da əsərdə obrazları yaradılmış insanlar özləri başlayır oxucu ilə söhbət etməyə. Arada bir müəllif bir sözlə, bir işarə ilə söhbəti bir az da canlandırır, bir az da şirinləşdirir. Yaddaşa söykənib həmin o romanlardakı elat adamlarını, tərəkəmələri, Haramı düzünü, Araz boyunu göz önünə gətirəndə şəxsən indinin özündə də özümüzü həmin o romanların qəhrəmanları ilə bir yerdə sayırıq. Zənnimizcə, söz adamı üçün bundan böyük uğur, bundan böyük qələbə ola bilməz.

 

İlyas Əfəndiyevin əsərlərində dövrlə, zamanla barışmamaq, sovet cəmiyyətinin içərisində yaşayıb müxtəlif fikirlərlə, müxtəlif qəhrəmanların dili ilə cəmiyyətə mesaj göndərmək, etiraz səsini ucaltmaq da var. Bir anlıq "Üçatılan" romanındakı məqamların bəzilərini xatırlayaq, təbii ki, yaddaşın gücünə. Əsərin qəhrəmanı Ərşaddan soruşanda bildirir ki, "bizkolxoz olmuşuq. Amma... Naçannik Veysəl, "nə amma?" deyə soruşur. Olmazdır ki, kolxoz olmayaq? Yox, olmazdı. Niyə axı? Çünki kolxoz istismarı ortadan götürür" - bu xatırlamada əslində quruluşa bir etiraz var, amma bu etirazın ardınca gələn etiraz isə artıq sərt formada quruluşu qamçılamaqdı. Ərşad deyir ki, "Elə indinaçannik naçannikdi, milisəner, milisəner..."

 

Buyurun, xatırladağımız və sizə təqdim etdiyimiz bu qısa dialoqda hər şey göz qabağındadı. Cəmiyyətdəki quruluşdan asılı olmayaraq, səlahiyyət, imkan sahibləri həmişə daha yüksək ranqda, yüksək elitarlıqda olublar. Fəhlə, qara camaat öz güzəranını, öz gününü torpaqla, ağır zəhmətlə yola verib. Elə həmin əsərdə Ərşad onu da vurğulayıb ki, "Allah versin ala yaylaqlara". Bəlkə də bu, İlyas Əfəndiyevin uzaqgörənliyinin daha bir məqamıdı. Bu gün elat camaatı tərəkəmə dediklərimiz məhz həmin o yaylaqların niskilini bizlərdən daha çox çəkir. Çünki həmin o yaylaqlar düşmən tapdağı altındadır.

 

Eləcə də "Geriyə baxma, qoca" romanında bir müəllif obrazı da bütün əsər boyu oxucuyla yol yoldaşlığı edir. İlyas Əfəndiyev özü oxucusunun əlindən tutub bir nəslin, bir səcərənin keçdiyi yolu addım-addım, qarış-qarış keçib gəlir və romanın hər yarımbaşlığında bir yeni səhnə açılır, bir yeni dünyadan xəbər verilir. Yenə bu da qələmin qüdrətdir, yenə bu da İlyas Əfəndiyev yaradıcılığının böyük imkanlarının bariz nümunəsidi. Bir məqama da toxunmaq lazımdır ki, Xalq yazıçısı İlyas Əfəndiyevin həqiqətən xalq dilindən, xalq məişətindən, mətbəxindən, bütövlükdə xalq dünyasından böyük məlumatları, böyük bilgiləri var idi. Ona görə də müəllif hər obrazı mənsub olduğu bölgənin, əyalətin, şəhərin dilində, hətta ləhcəsində belə danışdıra bilirdi. Bu da böyük ədəbi bir kompozisiya yaradırdı. Oxucu özünü ədəbi qəhrəmanın yanında, doğulduğu ünvanda görürdü.

 

İlyas Əfəndiyev öz əsərlərində sözün ciddiliyi ilə yanaşı, onun yumşaq çalarlarını da, hətta yumorlarını da, ironiyasını da elə ustalıqla ortaya qoyurdu ki, bir bütövlük yaranırdı. Təsəvvür edin ki, ucqar bir dağ kəndinə yenicə təyinat alıb gəlmiş zootexnik qız ("Dağlar arxasında üç dost") özünün biliyini, dünya görüşünü, kənd adamına, ömrü-günü mal-heyvan saxlamaqla keçən insanlara kitabdan öyrəndiklərini diktə etməyə çalışır. Buradakı obrazlardan biri həm bu yeniliyi qəbul edir, həm də öz kəndli psixologiyasına sadiq qalaraq sadəlöv şəkildə olsa da bu şəhərli qızı sancmaqdan da çəkinmir. Onu fermaya gətirən oğlana deyir ki, "bu qəşəng qızın dediklərini eşitdik, bu heç. Sən mana de görüm, bu qəşəng qızı necə rahatlamısan, narazılığı-zadı yoxdur ki?"

 

Burada çox mətləblər var. Bir psixoloji səhnədən tutmuş, kənddən şəhərə gələnlərin bəzən gülünc yeri olmasının qarşılığı kimi, şəhərdən kəndə gələnə də "öz dilin"də sancmağa qədər... Ümumiyyətlə, İlyas Əfəndiyevin istər romanlarında, istər "Kənddən məktublar", "Aydınlıq gecələr", "Qaçaq Süleymanın ölümü", "Sadıqcanın nağılı", "Torpağın sahibi" və digər povestlərində, həmçinin, çoxsaylı səhnə əsərlərində Azərbaycanın bütün mənzərəsi öz əksini tapır. Xalq yazıçısı nədən yazır yazsın, orada mütləq milli dəyərləri xüsusi bir sevgi ilə təqdim edir. Onun yaradıcılığında xalqa, klassik ədəbiyyatımıza, folklora bağlılıq birmənalıdı. Dünyanın harasında nəşr olunmağından asılı olmayaraq İlyas Əfəndiyevin qələmindən bir azərbaycançılıq, bir türkçülük tökülür.

 

Xalq yazıçısı İlyas Əfəndiyevin çoxsaylı səhnə əsərlərində də gecə və gündüz, mənfi və müsbət, xeyir və şər bütün əsər boyu qarşı-qarşıya gəlir. Həmişə də ədalət, işıq zəfər çalır. Digər tərəfdən bu pyeslərdə istər "Mahnı dağlarda qaldı", "Sən həmişə mənimləsən", "Məhv olan gündəliklər", "Xurşidbanu Natavan", "Hökmdar və qızı", "Atayevlər ailəsi", "Sevgililərin cəhənnəmdə vüsalı", "Unuda bilmirəm", "Tənha iydə ağacı", "Şeyx Xiyabani" və digər əsərlərində həmin o əvvəldə vurğuladığımız Azərbaycan mentalitetimizə, tariximizə, böyük şəxsiyyətlərimizə, xüsusi bir sevgi, diqqət var. Bütün bunlar isə onu göstərir ki, qələminin və sözünün qüdrətinə güvənən, kökü bütünlüklə xalqına, torpağına bağlı olan İlyas Əfəndiyev bütün zamanlar üçün ədəbiyyata çiyin verməyi bacaranbu haqqı qazanan yazıçıdır.

 

Sonda bir məqamı da xatırlatmaq yerinə düşər. Etiraf etmək lazımdır ki, Azərbycan səhnəsi məhz İlyas Əfəndiyevin pyesləri ilə daha böyük tamaşaçı auditoriyası qazanmışdı. Məhz həmin tamaşaçılar İlyas Əfəndiyevin pyesləri ilə özü-özünü tərbiyə məktəbi keçmişdi, zəngiləşmişdi. Yaxşı ki, bu gün də rejissorlarımız həmin o həmişə bizimlə olan, bizi düşündürən, zamanla səsləşən pyesləri ara-sıra xatırlayır, yenidən bizlərə yeni təqdimatda çatdırırlar. Bu həm böyük yazıçıya ölməz sevginin, həm də bizcə səhnəmizin dəyərli əsərlərə ehtiyacının nəticəsidir. Birmənalı olaraq etiraf etmək lazımdır ki, Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan sovet ədəbiyyatı məktəbinin nümayəndəsi olsa da o, bütün quruluşlar, bütün zamanlar üçün yazmağı bacarmış və yazmış yazıçıdı. Onun üçün, onun yaradıcılığı üçün sərhəd yoxdur.

 

Ədalət.-2017.-26 may.-S.3.