"Hoş-Hoş-Hoş"
Ruhun şad olsun, Mirzə Cəlil!
(Esse)
İri,
az qala
at boyda Həmədan eşşəyinin belində
oturub arıq, sısqa, balacaboy, cübbəgöz, nəfəsini
çiynindən alan bir qoca. Yalançının
evinə od
düşsün, bəlkə
20 ildir dostudu bu heyvan onun.
Hara getsə, hardan gəlsə, "hoş-hoşu" eşidilir.
Zarafatcıl, baməzə
adamlar üzünə,
ya arxasınca qeybətini qırırlar
onun: "Əli arvadın tumanını qaldıranda da ağ eşşək yanında olur. Üstəlik utanıb qızarmadan söyləyirlər
ki, o, eşşəkbazdı...
Özünü tanıyandan,
beyninin qan vaxtı kənddən uzaqlarda, şor kanalların, arxların görünməz yerlərində
eşşəyin arxasına
keçirmiş... İnanılassı
deyil vallah, amma neyləyəsən...
Söz var - "acı həqiqət yüz şirin yalandan yaxşıdır". Başqa
bir fikir də mövcuddur: "Sən mənə yalan de, qoy neqativ
enerjidən, stresdən
canım qurtarsın".
...Budu, hələ səhərin açılmasına,
Günəşin üfüqləri
al-qırmızı rəngə
boyamasına xeyli var... Qoca öz dostunun
belindədir. Torpaq yolla
həftəbazarına gedir.
Tərkində də başı çadralı,
özü demişkən,
arvadağası... Tələsirlər, elə bil arxadan
qovan var onları. Qadın qucaqladığı kişinin
böyür-başını çimdikləyir, dümsükləyir:
- Səhər açılır,
yatma-yatma! Gecikirik... Keçən həftə
də yolda xorna çəkib yatdın, yubandıq, düşdüm istiyə,
başımın gici
qalxdı... Canımın dərdindən yağı,
şoru su qiymətinə satdım.
Qabaqda gedən
kimdi? Tanıdım onu! Uzun illər
şəhər qəbristanının
gözətçisi olan,
Qarabağla Qaradağı
səhv salan Qasıməlinin atası Qüdrət kişi!
O, məcbur idi həmişə eşşəyin
belində otursun, çünki müharibədə
sağ qıçını
qoyub gəlmişdi. Əli kimi eşşəyin üstündə yatmırdı,
papiros çəkirdi.
Qollu-budaqlı Şahbazovlar
tayfasının ağsaqqalı
idi, xeyir-şər məclislərinin yuxarı
başında əyləşdirirdilər
onu... Şərəfli döyüş yolu
keçmişdi. Pencəyinin
sağ və sol tərəflərini orden və medallar bəzəyirdi... İndi şəhər
qəbiristanlığında Q.Şahbazovun, oğlu Qasıməlinin məzarları
yanaşıdır.
***
Necə
oldu Əli kişi? Baxın, baxın,
gördüm onu.
Dümağ dostunun belində
yatıb. Hara gedir? Çox güman, Əbülhəsənin
mağazasına... Biz kənd uşaqları arxadan eşşəyin quyruğunu dartır, ora-burasına çöp
uzadırıq. Heyvan şıllaq
atır və Əli oyanır yuxudan, dönüb dala baxır, bizə yağlı ana söyüşü verir. Gülüşürük,
əl çalıb atılıb-düşürük...
Əl çatmaz, ün yetməz uşaqlıq dünyam canlanır göz önümdə yenə:
Hamil Cəfərovun
eşşək arabası
var idi. Biz mal-qara
saxlayan uşaqlar-mən,
Əzizov Niftula, kim, kim uzaqlara
gedib, pambıq, taxıl, qarğıdalı
əkinlərinin arxlarından,
əl dəyməyən
yol kənarlarından
ot yığıb doldururduq kisələrə,
yükləyirdik Hamilin
arabasına, gətirirdik
kəndə...
Sağ olsun Hamil!
İndi sağ olmasına sağdı, amma onu görəndə ürəyim parçalanır. Zəhrimar şəkər
gün işığına
həsrət qoyub onu. Hər iki gözü
kordu. Şirin-şəkər
nəvələr əlindən
tutub gəzdirir...
...Hərdən orta məktəb yoldaşım
Ağarəhimlə görüşürük.
Başı balacadı, qulağı
boynunun dalında.
Çox nadinc idi, dərsdə danışır, ona-buna söz atırdı... Zarafatlaşır, gülüşürük
və Rauf müəllimə rəhmət
oxuyuruq...
...İa-ia-ia. Ağacan əminin
boz eşşəyidi.
Xotuğu uzaqda qalıb, onu "çağırır"... Balasını çox istəyir uzunqulaq.
...Əldən-dildən düşüb sarvan. Ölüm
kabusunu lap yaxında
hiss edir. Vaxt-vədədi, getməlidi. Əhli-əyaldan, qohum-qardaşdan halallıq alır. Və axırda çağırtdırır nəri:
-Çox incitmişəm səni. Sonu görünməyən qumlu
səhralar, su, yem yox... Dayanmayıb,
yük daşıyıbsan...
Zəhmətini halal eylə
mənə.
Qoca nər ağzındakı
biyan otunu kövşəyə-kövşəyə dillənir:
-Zəhmətimi halal eyləyərəm, ancaq bir günahından başqa. Dağa qalxanda eşşəyin
ovsarını da mənim kürəyimə
bağladın. Onu
sənə bağışlamaram
heç vaxt...
...İbrətamiz, həyat gerçəkliklərini əks
etdirən Molla Nəsrəddin lətifəsi:
Molla qış günü boz eşşəyi bağlayır tövlədə,
qabağına saman tökür və hər gün yemi azaldır... Heyvan quruyur, bir dəri,
bir sümük olur. Məəttəl
qalır Molla:
-Ay heyvan, gözüvü niyə bərəldirsən,
-deyərək samanı
artırır. Nə xeyri,
gecdi, acından ölür, eşşək.
***
Bir az uzağa
gedək, bizim əzəli və əbədi düşmənimiz
olan erməni hiyləgərliyini yada salaq.
Məlumdur ki, ABŞ-da demokratların totemi, simvolu uzunqulaqdı. Bir zamanlar
Barak Obama hakimiyyətə
demokrat kimi gələndə hər birimizin dərdi olan Qarabağ problemi ilə bilavasitə bağlı situasiya yaşandı.
Qondarma qurumun hiyləgər, məkrli erməniləri Xankəndində qəribə,
dünyada analoqu olmayan uzunqulaq sürənlərin yarışını
keçirdilər və
erməni lobbisi o qeyri-adi yarış-müsabiqəni
bütün internet şəbəkələrində
yaydı. Bu, ABŞ prezidentinə mesaj idi ki, bəs
biz də Allahın bu qanmaz heyvanını
sizin kimi çox sevirik. Təzə ildə qondarma quruma ayrılan maliyyə vəsaitini kəsmə, əksinə, bir az da artır, ay Obama qağa.
...Çox uzunçuluq elədim deyəsən, bəlkə ağlım çaşıb, başıma
soyuq dəyib, hə? Ruhu şad
olmuş Mirzə Cəlilin personajından əl çəkmək istəyirdim ki, könül dünyamdan bir səs eşitdim:
Əzizinəm incidi,
Mirvaridi,
incidi,
Qanmaza eşşək dedim,
Eşşək məndən incidi.
Vay, vay, vay, qatırı unutdum tamam. Atla eşşəyin
cütləşməsindən törəyən bu heyvancığaz lap məğmundu.
Nə at
kimi qaçır, nə də eşşək kimi anqırır.
İndi
bu iki heyvan
aran rayonlarında qırmızı kitaba düşüb... Bizim zəmanənin
cavanları, ələlxüsus,
uşaqlar eşşəyi,
qatırı ancaq telegüzgülərdə görə
bilirlər.
Əlibala Rəhimov,
publisist, "Qızıl qələm"
mükafatçısı
Ədalət.-2017.-26 may.-S.4.