DƏRYADAN DAMLA

 

Tural Cəfərli

 

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ön sıralarında gedən, dilçi-alim, şair-yazıçı kimi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da tanınan, elmi və bədii əsərləri maraqla oxunan Kamal Abdullanın imzası tanış və doğmadır. Ötən əsrin 70-ci illərindən öz üslub fərdiliyilə nəzəri cəlb edən, ədəbi prosesdə etiraf olunan, həm də dilçi-alim, ədəbiyyatşünas-tənqidçi kimi görünən və seçilən Kamal Abdullanın yaradıcılığına diqqət dünən də böyük olub, bu gün də böyükdür.

Böyük alim, böyük yazıçı və böyük vətəndaş olmaq böyük xoşbəxtlikdir. Bu xoşbəxt taleli yazıçılardan biri də Kamal Abdulladır. Onun əsərləri rus, türk, qazax, fransız, yapon, alman, portuqal, ingilis və başqa dillərə tərcümə olunub və bütün dünyada sevilə-sevilə oxunur. Dünya şöhrətli bir nasir kimi onun çoxcəhətli və rəngarəng yaradıcılığından söhbət açmazdan öncə, vurğulamaq istəyirəm ki, çağdaş Azərbaycan ədəbiyyatında postmodernist ədəbiyyatın görkəmli nümayəndəsi Kamal Abdulla hesab olunur. Müasir dünya ədəbiyyatında postmodernist ədəbiyyatın və postmodernizm ədəbi cərəyanının patriarxı hesab olunan görkəmli italyan yazıçısı Umberto Eko kimi, Kamal Abdulla da həm ədəbiyyat, həm də dilçilik sahəsində tanınmış alimdir.

Kamal müəllimin elmi və bədii yaradıcılığı böyük bir dəryadır. Bu dəryadan bir damla götürmək üçün qəvvas kimi həmin o dəryaya baş vurmaq o qədər də asan məsələ deyil, çünki onun yazıçı dünyası ilə tanış olmaq üçün, öncə bu dünyanın ağappaq işıq selinə bürünmək, bu ağappaq işıqda yazıçının könül dünyasını görmək, könül dünyasından gələn səsləri eşitmək, hiss və həyəcanlarını duymaq lazımdır.

Kamal Abdulla sıradan bir yazıçı deyil, dünya şöhrətli yazıçıdır, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran ziyalıdır, həm də bədii və elmi əsərlərilə millətimizin imzasını imzalar içində tanıdan söz sahibidir, dəyərli İNSANDIR, böyük ZİYALIDIR.

O böyük sənətkar haqqında çox yazılıb, amma nə qədər çox yazılsa da bir o qədər azdır, çünki ərz elədiyim kimi o böyük yazıçının yaradıcılığı bir dəryadır, bu dəryadan isə hər kəsin gücü bir damla götürməyə çatar; görəsən bu dəryadan mən də bir damla götürə biləcəyəmmi? Bilmirəm. Ancaq onu bilirəm ki, Kamal Abdulla Azərbaycan ədəbiyyatının canlı klassikidir, milli, mədəni-ictimai təfəkkürümüzün inkişafında mühüm rol oynayan, elmi və ədəbi fəaliyyətində hamının dərin məhəbbətini qazanan, milli mədəniyyətin inkişafında öz böyük töhfələrini verən Turan dünyasının böyük yazıçısıdır.

Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan Kamal Abdulla çağdaş ədəbiyyatımızın qızıl fonduna daxil olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox..." romanları, eləcə də hekayə, povest və esseləri, pyesləri ilə ürəklərə yol tapıb, nüfuzlu və şöhrətli bir yazıçı kimi sinəsində şəfqətli, xeyirxah, qayğıkeş bir sənətkar ürəyi gəzdirir. O, bir yazıçı kimi hamını işığına çağırır, işığıyla çağırır. Onun işığına üz tutanlar çoxdu. O işıqlı, nurlu insanın xeyirxahlığından yararlananlar bir deyil, beş deyil, yüzlərlədi... Bəli, həm ədəbiyyatımızın, həm mənəviyyatımızın, həm də gənc yazarların üzərində bir Kamal qayğısı var, bir Kamal yaxşılığı, bir Kamal xeyirxahlığı var. Bu qayğını, bu yaxşılığı, bu xeyirxahlığı unutmaq mümkündürmü?

Azərbaycan nəsrinin təəssübünü çəkən, müasir Azərbaycan ədəbiyyatını uzaq ölkələrdə də ləyaqətlə təmsil edən Kamal Abdulla yaradıcılıq zirvəsini fəth etməyə özündə güc tapan bir yazıçıdır. O, "Edam vaxtını dəyişmək olmaz" (Bakı, 2017) kitabıyla da milli-ictimai fikirdə özünəməxsus yeri olan əvəzolunmaz yazıçı olduğunu dönə-dönə bir daha təsdiqlədi.

"Edam vaxtını dəyişmək olmaz" kitabında yazıçının 14 hekayəsi toplanıb və bu hekayələrin hər birində o qədər tapıntılar var ki, onları geniş şəkildə araşdırmaq üçün qələmimin gücü çatmadı, məhz ona görə də bacardığımı yazmalı oldum. Öncədən onu deyim ki, Kamal Abdullanın ilhamlı və nikbin yaradıcılığı həyatın gözəlliyini, yaşamağın şirinliyini daha da artırır, insanı qurub-yaratmağa, sevib-sevilməyə, böyük idealar uğrunda mübarizəyə səsləyir... Kitabda yer almış hekayələri oxuduqca onun həm "insan qəlbinin mühəndisi" olduğunu, həm də bir psixoloq və filosof olduğunu hiss elədim. Hər birimizin hiss və həyəcanlarını, fikir və düşüncələrini, yaşantılarını, həyat tərzini, sosial problemləri... əsərlərində məharətlə əks etdirən Kamal müəllimi həm də hekayə ustası kimi tanıdım və bu tanışlıqdan məmnun oldum. Yazıçının bir-birindən maraqlı hekayələrini oxuyandan sonra gözəl düşüncələrə, şirin xəyallara daldım, həyəcanlar yaşadım və bu hekayələr məndə heyranlıq hissləri oyatdı. Bu heyranlığa, yaşadığım duyğulara, xoş həyəcanlara, ürəyimdə yaranan böyük təəssüratlara görə Sizə "çox sağ olun" deyirəm, Kamal müəllim!

"Edam vaxtını dəyişmək olmaz" kitabı "Qar" hekayəsilə açılır. Qar təmizlikdi, saflıqdı, halallıqdı, düzlükdü, ruzi-bərəkətdi... Həsən əmi işıqlı və təmiz adamdı. Bu işıqlı və təmiz adam istəyir ki, hamı saflığa, aydınlığa qovuşsun. Və ona görə də dəli bir istəklə qarın yağmasını gözləyir, amma beş ildir ki, şəhərə qar yağmır. Beş ildir ki, hamı soruşur:

- Qar yağacaq, Həsən əmi?

- Yağacaq, hökmən yağacaq. - Həsən əmi uşağa da, böyüyə də bu cavabı verir. Amma nə Qəddar Malik, nə Cin Şamil, nə Mirzə Kamran, nə də Hacı Həmdulla, bir sözlə heç kim qar yağacağına inanmır.

"Qar" hekayəsilə Kamal Abdulla dünya nizamının pozulmasını, ekologiyanın korlanmasını, insanların haqq yolundan azmasını, Şərin Xeyirə qələbə çalmasını, Şeytanın Mələkdən gözəl görünməsini, qaranlığın işıqdan intiqam almasını...göstərir, daha doğrusu, bütün bunlar hekayənin fonunda əks olunur, fiqur isə insanların beş ildən bəri gözlədikləri qardır. Qar isə yağmaq bilmir. Həsən əmi çox istəyir ki, qar yağsın, hər şey səhmana düşsün, insanların iç dünyası təmizlənsin, saf olsun, təmiz olsun.

Qar həm də bərəkətdi. Bərəkət göyə çəkilib.

Nəhayət, hər tərəf qara bürünür, ağappaq qar günün rəmzi kimi qəbul edilir. Yağan qar hətta Qəddar Maliki də duyğulandırır, onun zalımlığından, nifrətindən, qəzəb və hikkəsindən əsər-əlamət qalmır.

Qar yağandan sonra Həsən əmi dünyasını dəyişir və onun ölümünü biləndə "Qəddar Malik qapının kandarına çöküb hönkür-hönkür ağlayır". - Hekayədə təsvir olunan personajların obrazını bir rəssam kimi gözlərimizin önündə canlandıran Kamal Abdullanın "Uçuş" hekayəsi isə azadlıq kimi, qurtuluş kimi dəyərləndirilir. Uçuş azadlığa, mənəvi kamilliyə qovuşmaq üçün bir çarədir. Aladağ kənd camaatına Dərviş Dərdəçarə uçmağı öyrədib. "Hər ayın axırıncı cüməsi Aladağ kənd camaatı bir nəfər kimi böyüklü və kiçikli, qocalı və uşaqlı axşam düşənə və zil qaranlıq ətrafı bürüyənə yaxın kəndin çiyin söykədiyi Ala dağın başına qalxar, buradakı sıldırım qayanın ucuna gəlib bir-birinin ardınca boşluğa tullanar, havadaykən hər biri kürəyindən ağappaq iki qanad çıxarar və quş kimi uçardı" ("Uçuş"). - Qanad açıb uçmaq Tanrıya qovuşmaq deməkdi. Aladağ kənd camaatının uçmağının səbəblərindən biri sirri-xudadır. Bu sirri kənd camaatından başqa bilən yoxdur.

Uçmaq mifdir. Uçmaq nağıllardan, dastanlardan gələn əlamətdir, çünki adam uça bilməz, adam uçmaq üçün yaradılmayıb. Aydın Talıbzadənin yazdığı kimi "...amma neyləyəsən ki, yer üzü insan üçün darısqaldır. O, yer üzünün darısqallığından darıxır. Uçmaq darısqal dünya darıxqanlığından qurtulub genişliyə, asudəliyə, azadlığa qovuşmaq deməkdir, bədənə qalib gəlib çəkisiz olmaq, ruh olmaq deməkdir".

Söz sənətinin gücü ilə hadisənin canlı mənzərəsini yaradan, hər hekayəsində fərdi üslubu aydın görünən, mənəvi paklığın təntənəsinə inanan, tapındığı, inandığı və arxalandığı ideallara möhkəm sədaqətilə tanınan, bədii nəsrə yeni bədii vasitələr gətirən Kamal Abdullanın yaratdığı obrazlar həm aktuallıq, həm də diqqəti cəlb etmək baxımından digər yazıçıların yaratdığı obrazlardan seçilir. Digər yazıçılardan fərqli olaraq Kamal Abdullanın hekayələri, eləcə də povest və romanları öz epikliyi, qloballığı ilə diqqəti cəlb edir. "Uçuş" hekayəsi real hadisələr üzərində qurulmasa da Aladağ kəndinin adamları, onların dünyası, qanad çıxarıb uçması, kənd adamlarının bir-birinə münasibəti, kəndə qəzet müxbirinin gəlişi, sonra da həmin o müxbir Həlimənin Məşdəli dadaşın oğlu məktəbli Məmişi özüylə aparması... Məmişin kəndə geri qayıtması...hekayənin epik çəkisini artırır və romana sığmayan hadisələr hekayə janrında oxuculara çatdırılır.

Kamal Abdulla həyatı, insanları bədii boyalarla, özü də təbii və inandırıcı şəkildə təsvir edir, hadisələrin psixoloji motivlərini açıb göstərir və əsərə mənalı bir fəlsəfə də gətirir.

Yazıçının "Göyəzən dağının ilahəsi" (hekayə mərhum rejissor, tanınmış incəsənət xadimi Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub), "Kölgə", "Sağlıq" və başqa hekayələri də bu qəbildəndir.

"Sağlıq" hekayəsində yazıçı son dərəcə həssas bir mövzuya toxunub. Bu hekayədə Kamal müəllim məktəb illərinin yaddan çıxmaz anlarını elə həzin, elə kövrək təsvir eləyir ki, xəyalən o illərə qayıdırsan, məktəb illərinin həsrətini çəkirsən, sinif yoldaşların bir-bir gözlərin önündə gəlib canlanır.

Məktəb dünyası başqa bir dünyadır. Məktəb dünyasının elə macəraları var ki, insan onu ömrünün son gününə, son anına kimi yaddan çıxara bilmir, həmişə həsrətlə xatırlayır.

"Sağlıq"da 8 "b" sinfinin köhnə şagirdləri Etimad, Zakir, Hənifə, Vahid, Malik, Kamran... ayda bir dəfə, iki dəfə görüşüb bir süfrə arxasında əyləşib olub-keçənləri xatırlayırlar. Bu ənənə qırx ildir ki, davam eləyir. Hekayə kövrək sonluqla nəticələnir. Kamranın sağlığına heç kim içmək istəmir, axırda qalacaq adamın sağlığına içməkdən hamı boyun qaçırır. Axıra qalmaq - o biri sinif yoldaşlarını itirmək deməkdi və heç kim sinif yoldaşını, qırx ilə yaxın tanıyıb isnişdiyi adamın ölümünü istəmir...

"Kölgə" hekayəsi də öz orijinal üslubu, mövzu yeniliyilə seçilir. Aydın Talıbzadə yazır: "...Kamal da "Kölgə" hekayəsində insanı sökməyə başlayır: sökür ki, onu təzədən yığsın, yırpanmış həqiqətlər fövqündə yığsın, onu doğrunun özü kimi yığsın, sehrbaz kimi yığsın. Yığa bilmir. Çünki bu "operasyona" tablamır və ovxalanıb torpağa tökülür".

"Kölgə" hekayəsində roman potensialı gizlənib. Yazıçı bu hekayəsilə çox mətləblərə toxunub, çox sirləri açmağa nail olub. Təəssüf ki, bir qəzet məqaləsində bu barədə geniş danışmaq, hekayələrin hamısından söz açmaq imkanımız xaricindədir.

...Təmizlik, saflıq, halallıq, qayğıkeşlik, fədakarlıq, humanizm, ailəyə məhəbbət, insana qayğı... Kamal Abdullanın hekayələrindən qırmızı xətlə gəlib keçir.

Kamal Abdullada bədii idrak duyğusu çox güclüdür, yaratdığı obrazların mənəvi aləminə nüfuz etməsi yazıçılıq məharətinin ən qüvvətli cəhətlərindən biridir. Onun qəhrəmanları mənəvi-əxlaqi keyfiyyətləri, arzuları, əməllərilə diqqəti çəkir, bir-birini tamamlayan bədii təsvir vasitələrindən istifadə edən, mifik obrazları belə əyaniləşdirməklə ustalıq göstərən yazıçı yaratdığı surətlərin mənəvi aləmini dərindən duyur və onların iç dünyasını olduğu kimi təsvir edir, ən gözəl mənəvi keyfiyyətləri estetik sərvətə çevirir.

Kamal müəllimin nəsri həm psixoloji, həm də fəlsəfi nəsr kimi çox dəyərlidir. Obrazların daxili dünyasını gözlərimiz önündə canlandıran, həqiqətlə xəyalı, real hadisələrlə nağılı, əfsanəni yanaşı təsvir edən yazıçının əsərlərində mənəvi saflığa çağırış var. Bu çağırışı "Qar", "Uçuş", "Göyəzən dağının ilahəsi" və başqa hekayələrində də eşitmək mümkündür.

Kamal Abdullanın "Edam vaxtını dəyişmək olmaz" kitabında yer alan hekayələri psixoloji dərinliyi, təsirli lirizmi ilə seçilir. Gözlənilməz süjet dönümləri, obraz çevrilməsi, əsərin söylənişi və bu söylənmədə oxucunu dərindən düşündürən məsələlər... özü bir tapıntıdır. Sanki Kamal müəllimin hekayələrini oxumuruq, onun könül söhbətini dinləyirik. Axı yazıçının hər bir hekayəsi oxucu ilə səmimi və maraqlı söhbətdir və bu "söhbət"in təəssüratından uzun müddət ayrılmaq olmur.

Hər hekayəsində böyük sənətkar, hər əsərində mükəmməl söz ustası olan, sənət məbədində öz yerini tutan, öz sənətini yüksək zirvələrə qaldıra bilən, bütün parlaq istedadı, ilhamı ilə gözəl əsərlər yaradan Kamal Abdulla heç kimə bənzəməyən, məhz özünə məxsus üslub sahibidir. Bədii kamilliyilə bir-birinə güzəştə getməyən hekayələrin hər biri ədəbiyyatımızda tapıntı sayılan sənət əsəridir. Məhz ona görə də yazıçının ədəbiyyatımızda tapıntı sayılan hər bir əsəri zamandan-zamana yaşayacaqdır.

Azərbaycan ədəbiyyatının çağdaş düşüncəsini dünyaya tanıdan, kitabları həmişə canlı polemika yaradan, böyük oxucu marağına səbəb olan, orijinal yazı üslubu ilə seçilən o, böyük yazıçının adı və sənəti əbədidir. Onun əsərlərinin gözəl dili, obrazlar silsiləsi, işıqlı fikirləri... gənc yazarlar üçün örnəkdir.

Bəli, həm miflərdən, həm əsatirlərdən, həm də reallıqlardan danışan Kamal Abdullanın hekayələrində o qədər tapıntılar var ki, onları gələcəkdə araşdırmaq, qələmə almaq, bədii dünyasının bir çox sirlərini, özəlliklərini, əsaslarını açıb göstərmək arzusundayam. Elə bu arzuyla da yazını tamama yetirirəm.

 

 

Ədalət  2017.- 1 noyabr.- S.5.