O dünyanı görmüşəm...
Həftəsonu dostlarla futbol oynadıq. Oyunun
axırlarına yaxın bir oğlan diqqətimi çəkdi. Meydanın
kənarında səs-küy salır, əlindəki telefonla matçı video
lentə alırdı. Yaxınlaşıb soruşdum
ki:
- Qardaş
futbol oynamaq istəyirsən?
Burda niyə dayanmısan?
- Ayaqlarım protez olmasa oynayardım – bu sözləri kədərlə yox nikbin bir ədayla dedi.
- Bağışla qardaş, bilmədim
- Elə çox istəyərdim oynayım – təbəssümlə cavab verir.
Bu oğlan 4 il bundan əvvəl qəza keçirib ayaqlarını itirən İmran Lalayevdir. Onunla tanışlığımız da belə olmuşdu. İmranla ƏSA teatrında görüşdük. ƏSA-ya bir neçə ay olar ki qoşulub. İmranla həyatından, keçirdiyi qəzadan, ƏSA-ya gəlişindən söhbət etdik.
Adalet.az Əsa teatrının aktyoru İmran Lalayevlə
müsahibəni təqdim edir.
- İmran
uşaqlığından danışardın, özün
haqqında məlumat verərdin...
-1992-ci ildə Lənkəranda doğulmuşam. Uşaqlığım da doğuldum yerdə keçib. Oxuyan uşaq olmuşam. Amma kənd yerində uşaqların təhsilinə şəhərdəki kimi ciddi yanaşmırlar. Oxudu-oxumadı önəmli deyil. Atam Rusiyada işləyirdi. Sonra qərar verdi ki, Bakıya gedək. 7-ci sinifdə oxuyanda Bakıya gəldik. Burda Buzovnada 26 N-li məktəbdə 9-cu sinfə qədər təhsil aldım. Maddi cəhətdən sıxıntılar vardı deyə məktəbdən çıxmalı oldum, işləmək lazım idi. Atam bir ildən bir gəlirdi Rusiyadan, pul da göndərirdi. Amma yetmirdi, yenə də işləmək lazım idi. Ailədə məndən başqa bir qardaşım var. Qardaşım da eynən mənim kimi əmimin yanında fəhlə kimi işləməyə başladı. Atamla anam hal-hazırda ayrıdı. Biz anamla qalırıq. Atam rayonda, biz burda yaşayırıq. Sonra əsgərlik vaxtım yetişdi. Hərbi xidməti başa vurub gələndən sonra usta işləməyə başladım.
- Bildiyimə
görə, məktəb illərində KVN-də
çıxış etmisən ya necə?
- Kollecdə oxuyanda.
- Başqa
nəyə marağın olub?
- Musiqiyə marağım olub. Klarnet və skripka çalmaq istəmişəm. Dəstək olmayıb. Həmdə bir barmağımı uşaqlıqda itirmişəm deyə bu da mane olub. Ayaqlarımı itirməyimin səbəbi də musiqi olub.
- Necə itirmisən
barmağını?
- Uşaqlıqda qardaşım kəsib barmağımı. Kənd uşaqları qoyun otarır, həm də oxuyur. 4-cü sinifdə oxuyurdum. Evdəydik həmin gün. Evin aşağısında ağaclıq vardı. Qoyunlar üçün ot yığırdıq. Qardaşım balta ilə ağaca çıxdı ki, budağı qırsın. Mən də ağaca çıxmaq istədim. İnadkarlıq edirdim ki, mən də çıxacam, mən də çıxacam. Əlimi budağa atanda o da bilmədən balta ilə vurdu. İlk ağrımı onda yaşadım.
-
Ayaqlarını itirmənə səbəb olacaq
mahnı hansı idi ?
- Elə klarnet musiqisi idi. Hüsnü Şənləndirici.
Həmin
mahnını indi də dinləyirəm.
Musiqiyə çox xod
vermişdim, həyatdan
təcrid olunmuşdum.
Musiqiyə yüksək səs
tonunda qulaq asmağı xoşlayıram.
Həmin
an isə qatarın səsini eşitməmişdim.
- Hadisədən
artıq 4 il keçib, necə xatırlayırsan ?
- Koroğluda qapı-pəncərə
sexi vardı. Həmin sexdə işləyirdim.
Tək mən yox bir çox
insan oradakı qatar yolundan
gəlib keçir. Demirəm ki, məndə günah yox idi. Ayda, ildə bir dəfə
də ordan qatar keçirdi.
Hər insan ağlına qəza keçirməyi təbii ki, gələ bilər.
Mənim
də ağlıma gəlirdi. Amma qatarda qəza
keçirəcəyimi düşünməmişdim.
Allah insanın düşünə bilməyəcəyi
şeyləri qarşısına
çıxarır. Ayağımı atdım reysi keçim qulaqcıqda idim. Amma qatarın səsi
güclü olur, eşitdim. Siqnalı eşitməyimlə qatarın mənə dəyməsi bir oldu. Refleks oldu, özümü
tulladım geri. Amma ayaqlarım qaldı.
Qatar saxladı. Üzü üstə idim. Çevriləndə şoka düşdüm.
Gözlərim qaraldı. Kimsə sanki
məni silkələdi
ki, oyan, oyanmalısan. Oyanıb arxaya
baxdım ki, camaat toplaşıb.
Heç kim
də yaxın gəlmirdi. Elə bildilər keçinəcəm.
Mənim
də şokdan səsim çıxmırdı.
Əlimlə işarə edirdim
ki, gəlin kömək edin. Təmizlikçi işləyənlərdən biri hansı ki, hələ də əlaqə saxlayıram Gülməmməd
dayı cürət elədi, qaça-qaça
gələrək kəməri
ilə bağladı ayağımı. Huşum getməmişdi.
Kəlmeyi-şəhadətimi oxumuşdum artıq.
Düşündüm ki, öləcəm.
Sonra Sabunçu xəstəxanasına
çatdırdılar. Xəstəxanaya gedənəcən hələ ayıq idim. Hətta həkim soruşdu
ki, sənə nə olub? Gülə-gülə dedim ki, görmürsən nə olub? Sonra 8 gün komada
oldum. Komadan ayıldıqdan sonra
gülməli bir hadisə oldu. Gözlərim tor-tor görürdü. Dayım qızı namaz qılandı. Qap-qara geyinibmiş.
Oyanan kimi onu gördüm.
O da arxası mən tərəfə idi deyə üzünü
görmürdüm. Kimləsə söhbət edirdi. Elə bildim ki, o dünyadayam.
Artıq
hesab-kitab vaxtıdı.
Gözümü yumub bir də təzədən açdım. Dayım qızı
soruşdu İmran-İmran
ayılmısan. Onda ayıldım
ki, həyatdayam.
- Koma vəziyyətində yuxu görürdün?
- Yox, 8 gün heç nə xatırlamıram.
- Bu hadisələr, qatar
yolu, qulaqcıq, klarnet səndə travma, nifrət, qorxu yaratdımı?
- Olmayıb. Qatar yolundan
yenə istifadə edirəm. Yenə qulaqcıqdan istifadə
edirəm. Klarnet də
dinləyirəm. Heç nə
olmamış kimi.
Qatara da minirəm. Hadisədən bir il sonra
qatar görəndə
qəza anı yadıma düşürdü,
amma indi təsir etmir.
- 8 gün sonra kömək aksiyası oldu, protez taxıldı.
Şəhərə 1 il sonra çıxdın. Qəzadan sonra
nə dəyişdi?
İnsanların münasibətində,
dostların arasında…
- Hadisədən sonra həyatımda istər mənəvi, istər maddi çox şey dəyişdi. Həyata baxışım tam fərqli
oldu. Hadisədən qabaq başqa
İmran idim. İki İmranı müqayisə
etsək əvvəl mənfi qəbul etdiyim şeyləri indi müsbət qarşılayıram. İnsanların münasibətində də
dəyişiklik oldu.
Dostlarım dəyişdi. Kinim yoxdu heç kimə. Yanıma gəlməyən dostlarım oldu. Qəzadan əvvəl sevgilim yox idi. Sonra oldu. Çox insan, valideyn
düşünür ki,
fiziki məhdudiyyətli
insana qızımı
versəm xoşbəxt
olmayacaq. Amma demək
istəyirəm ki, elə bir şey
yoxdu. Sevdiyim qızla da indi
dost kimi qalmışıq.
Kalyaskada
olan vaxt həmin qız məni gəlib evdən götürür
kinoya aparır, gəzdirirdi. Öz işlərini
təxirə salırdı.
Sevgilidən çox
dost kimi yanımda idi. Tək buraxmamışdı.
- Metrodan istifadə edirsən, oturmaq istəyəndə nə reaksiyalar olur sənə qarşı?
- Hal-hazırda İnşaat kollecində oxuyuram. 4-cü kurs tələbəsiyəm.
Kollecə qəbul olmağımda
da dostlarım və həmin qız köməklik edib, hazırlaşdırıblar.
Qəzadan sonra oxumağı
düşündüm. Özümə qapanmadım. Hətta komadan ayılandan sonra ayağımın olmamasını mənə
demək istəyib çəkiniblər ki, qorxaram. Atam dedi ki, İmran
sənə bir söz demək istəyirəm. Mənim də az
yaşım yoxdu. Hiss
edirdim ki, ayağım yoxdu. Dedim ki, bilirəm,
hər şey yaxşıdır, narahat olma. Mən başladım ürək
dirək verməyə.
Oxumağa başladım. İkinci həyatın qapısı
açıldı üzümə.
Mənə köhnə protez
verilmişdi. Cəldliklə gəzirdim ki, kollecə gecikməyim.
Hətta
bir xanım mənə taksi də tutmuşdu kollecə gedib gəlməyimə görə.
Bəzən metrodan istifadə
edirdim. O vaxt metroda yalnız metropolitenin oturması üçün yer vardı, üzərində
yazılmışdı ki,
kənar şəxsin
oturması qadağandır.
Amma indi bir neçə oturacaq qoyulub, qatar gələnə
qədər oturmaq olur. Mən həmin işçidən
soruşdum ki, oturmaq olar? Dedi yox olmaz.
Mən ayağımın
protez olduğunu dedim. O da dedi
ki, inşallah protez olar. Mən güldüm.
Eləmədim tənbəllik şalvarımın
balağını qaldırdım.
Şoka düşdü, pis oldu. Dedi gəl otur. Mən də oturmadım. Sonra səhərisi gün metroda qabağıma çıxdı. Elə bil
ki, məni axtarırdı. "Bağışla,
məni yata bilmədim dünən, elə bildim zarafat edib sataşırsan”
dedi. Belə hadisələr çox
olub. Mənim protezim oturanda
qatlanmır deyə ayağımı uzadıram.
Bir dəfə də oturub ayağımı uzatmışam,
polkovnik qatara mindi və ayağıma
vurdu ki, ayağıvı çək,
mən də dedim protezdir. O da üzr istədi.
Şalvar geyinəndə bilinmir.
Şortikdə isə insanlar
qəribə baxır.
Dəmirdi də dəmir
görməyiblər sanki.
Qınamıram insanları da.
Tələbə dostlarımla isə
əlilliklə bağlı
zarafatlar edirik, heç bir problem olmur.
- Əsa teatrına
necə gəldin? Musiqini sevirdin və aktyorluğa başladın…
- Aktyorluq qabiliyyətim də olub. TGT-də olmuşam. KVN də fəaliyyət
göstərmişəm. Universitetlər arası ikinci
yerə çıxmışıq.
ƏSA-ya gəlişim
isə yaxın dostum Orxan Adıgözəlin
sayəsində olub.
Yay ayından tanış olduq rejissor Nihadla da. Beləliklə hazırda Əsadayam.
"Siçanlar və adamlar” əsərini səhnələşdirəcəyik.
Mən də bu tamaşada
yer almışam.
Bir aydan çoxdur ki, tamaşanın məşqlərinə başlamışıq.
Slim rolundayam. Fermanın sahibindən sonra ikinci adam obrazıdır. Tələbkar, səliqəli, işçiləri
ilə səmimi olan bir obraz.
- ƏSAdakı uşaqlarla
aran necədir? KVN-dən
ciddi yerə gəlmisən...
- Hər şey yaxşıdır. Səmimiyyət var. Teatr barədə əvvəlki tamaşalara baxanda dram janrının çətinliyi və məsuliyyəti var. Təhsilimi bitirəndən sonra universitetdə də oxumaq istəyirəm. Türkiyədə də ola bilər. Öz ixtisasım üzrə. İnşaat, tikinti, mühəndis kimi.
- Sonda
nə demək istəyirsən?
- Kompleksim, aqressiyam yoxdu, insanları sevirəm. Gülüb danışanam. Xoşbəxtlik iki ayağın olmaması ilə yaxud hər hansı bir bədən qüsurunun olmaması ilə bitmir. Xoşbəxtlik adamın içində olmalıdı. Özün yaratmalısan. Kimdənsə də ummamalısan. Həyat və yaşamaq gözəldi.
Söhbətləşdi:
Oğuz Ayvaz
Ədalət.-2017.-2 noyabr.-S.5.