ƏSRLƏR AŞAN İNANCLAR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

İmamzadələr

 

(əvvəli ötən sayımızda)

 

İmamzadələrlə bağlı fikirlərimizi diqqətə çatdırarkən istinad etdiyimiz mənbələrdən biri tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevdir. Onun məqalələrinin birində qeyd olunur ki, hələ "ötən əsrin 20-ci illərində Azərbaycan Tədqiq Tətəbbö" Cəmiyyətinin göndərişilə Naxçıvanda ezamiyyətdə olmuş epiqraf İ.Əzimbəyovun burada apardığı elmi işlərdən məlum olur ki, vaxtilə həmin daş kitabənin üzərində, yəni onun şimal-qərb tərəfindən nəsx xəttilə yazı olmuşdu. bu kitabəyə əsasən məlum olmuşdu ki, İmamzadə abidəsi səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722-1732-ci illərdə Hacı Fuad bəyin oğlu (Həzərət Rufai) tərəfindən inşa olunmuşdu.

Bux, bu bilginin özü ondan xəbər verir ki, Naxçıvanda ümumiyyətlə bu bölgənin ayrı-ayrı yerlərində tikilən İmamzadələrin hər birinin inşa olunmasında fərdi şəxslərin təşəbbüsü xidmətləri olubdur. Yəni tanınmış imkanlı şəxslər belə bir təşəbbüslər göstərmiş nəticədə Naxçıvan ərazisində xeyli sayda imamzadələr tikilmişdi.

O ki, qaldı Naxçıvan şəhər İmamzadə kompleksinə, burada ad diqqətçəkən məqamlar kifayət qədərdi. Həmin məqamlardan biri budur ki, bu türbəyə bitişik olan kompleksin dördbucaqlı formasında olan ilk salonu şimalda yerləşir. Həmin salonu türbədən təxminən 1,5 metr hündürlüyündə giriş qapısı var. Bir az da fikrimizi genişləndirsək deyə bilrik ki, türbənin giriş qapısı onun şimal tərəfindən yerləşir bu da yeganə giriş qapısıdır. Həmin birinci salonun şimalında ona bitişik həm uzunluğuna, həm eninə görə daha böyük olan ikinci bir salon da var, ilk salondan fərqli olaraq növbəti ikinci salonun ortasında, yəni mərkəz hissəsində gümbəz ucaldılıb. Tarixçi alim İlhami Əliyevin fikirlərinə görə, kompleksə giriş qapısının məhz bu salon tərəfindən olması özü müəyyən məqamlara xidmət edir. Görünür, bunun da müəyyən bir əhəmiyyəti olubdu. Əks halda, elə yeganə giriş qapısından istifadə etmək olardı.

Təbii ki, bütün bunlar həmin Naxçıvan şəhər İmamzadə kompleksinin özünün tikilməsi dövrüylə həmin tarixi şəraitlə bağlıdır. Ona görə bu kompleksin daxilində başqa bir qəbir yoxdur. Lakin bir məqam da elm adamlarının, araşdırmaçıların diqqətini çəkib. O da bundan ibarətdir ki, rus araşdırmaçı aliminin, yəni V.M.Sisoyevin yazdığına görə, məhz Naxçıvan şəhər İmamzadə kompleksinin giriş hissəsində Naxçıvan xanlarının məqbərəsi olubdu. Hətta rus alimi həmin dövrün Naxçıvan xanlarından olan Mustafa Qulu xan Naxçıvanskinin oğlu Abbasqulu xanın bu kompleksin daxilində dəfn edildiyini yazıbdır. Bu faktı qeyd edən Sisoyev əlavə olaraq onu da xatırladıb ki, kompleksin yan divarlarında taxcalar, eləcə bir buxarı tikilibmiş. Doğrudur, kompleksin şimal divarında buxarı olduğunu vurğalayan Sisoyevin dediklərini bu günümüzün reallığı bizə göstərmir. Yəni arxada qalan yüz illər həmin deyilənləri silib öz arxivinə atıbdı. Amma bugünkü vəziyyətdə kompleksin divarlarında taxçaların yeri qalır. Bu da rus aliminin fikirlərini dolayısı ilə olsa sübut edən bir gerçəklikdir.

Bəli, biz Naxçıvan şəhər İmamzadə kompleksi ilə bağlı üz tutduğumuz mənbələrdən əldə etdiyimiz bilgilərə görə, maraqlı bir məqamla da qarşılaşdıq. Bu da onunla bağlıdır ki, bu kompleksdəki qəbri ziyarət etmək məqsədilə tikilibmiş salonlar. Yəni qəbri ziyarət zamanı kişilər birinci salonda, qadınlar isə ikinci salonda ibadət edirlərmiş. Demək olar ki, bu adət-ənənə müəyyən mənada son dövrlərə qədər gəlib çıxıbdır. Bu gün həm yerli sakinlərin, həm Naxçıvan şəhərinə gələn qonaqların, xüsusilə turistlərin diqqət mərkəzində olan Naxçıvan şəhər İmamzadə kompleksinin maraqlı məqamlarından biri bu kompleksdən şimaldan, yəni kompleksdən bir neçə metr yüksəkdə yerdən dördbucaqlı formada, həmin dördbucaqlının özünün üzərində isə altıbucaqlı formada olmaqla bir türbə tikilibdi. Təəssüf ki, bu türbənin heç bir kitabəsi yoxdur bəlkə zamınında olubsa da, bu günə gəlib çıxmayıbdı. Amma türbənin özü ikiqapılıdı. Bir az da dəqiq ifadə etsək, biz Naxçıvanda olarkən ziyarət etdiyimiz bu türbənin barəsində əldə etdiyimiz bilgilərdən məlum oldu ki, onun zirzəmi hissəsi daxil olmaq üçün qərb tərəfdəki girişdən istifadə etmək lazımdır. Amma türbənin üst hissəsinə isə giriş şimal tərəfdəndir. biz bu türbəni ziyarət edərkən onu da bildirdilər ki, burada heç bir qəbir yoxdur. Üstəlik, bizə məlumat verən əməkdaş vurğuladı ki, kompleksin ən salamat qalan hissəsi, yəni dövrümüzə daha baxımlı bir şəraitdə gəlib çıxan bu türbədi.

Təbii ki, bu gün Naxçıvanda aparılan adablıq-quruculuq işlərinin tərkib hissəsi olan abidələrə münasibət ürəkaçandır. Məhz Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, xüsusilə Ali Məclisin sədri cənab Vasif Talıbovun birbaşa qayğısıyla əhatə olunmuş Naxçıvan abidələri tez-tez yüksək səviyyədə təmir olunur, restabrasiya işləri aparılır bu da öz növbəsində abidələrin ömrünü uzadır. Biz Naxçıvan səfərimiz zamanı bunun canlı şahidi olduq. Gördük ki, Naxçıvan şəhər İmamzadə kompleksi özünün yeni dövrünü yaşayır.

Ümumiyyətlə, barəsində söhbət açıdığımız komplekslə bağlı Azərbaycan alimlərinin digər xarici ölkə alimlərinin fikirləri ilə baş-başa qalarkən bizə açılan min illiklərin sirləri həm heyrət doğurdu, həm bizdə qürur hissi yaratdı. Elə rus alimi Sisoyevin yazdıqlarına istinad etsək, bu heyrət qürurun hardan qaynaqlandığını bir daha duymuş olarıq. Sisoyev yazır ki, "İmamzadəyə yaxın ərazidə çox da böyük olmayan yarıaçıq vəziyyətdə bir məzarüstü tikili, onun içində isə üstün mumya çəkilimş bütöv bir cəsəd vardı". Alimin yerli əhalidən öyrəndiklərinə görə, guya əvvəllər bu cəsədi çıxarıb Kərbala yaxud Nəcəfə aparmaq istəyiblər. Lakin Rusiyanın tərkibində olan Azərbaycan da 1918-ci il inqilabını yaşadığından bu istəyi gerçəkləşdirmək mümkün olmayıb.

Bəli, barəsində müəyyən bilgilər verdiyimiz Naxçıvan şəhər İmamzadə kompleksi tariximizin inancalarımızı qoruyan ünvanlarından biridir. Onu ziyarət etməyə tələsin!

 

(ardı gələn sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

 

Ədalət 2017.- 2 noyabr.- S.7.