ƏSRLƏR
AŞAN İNANCLAR
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
İmamzadələr
(əvvəli
ötən saylarımızda)
Birmənalı şəkildə bəyan etmək olar ki, Azərbaycanın tarixi keçmişinin canlı "dili" olan abidələrin həm varlığı, həm də qorunması ölkə rəhbərliyi səviyyəsində diqqətdə saxlanılır və zaman-zaman bu sahənin aid olduğu mədəniyyət və turizm Nazirliyinin xətti ilə təmir-bərpa işləri aparılır və eləcə də həmin abidələr dünya çapında tanıtmaq üçün abidələrlə bağlı açıqlamalar çap olunur, abidələr yerləşən ərazilərə turist səfərləri təşkil edilir. Bax, bu istiqamətdə görülən işləri vurğulayarkən yadıma Naxçıvan səfəri zamanı müşahidə etdiyim, necə deyərlər, özüm şəxsən gördüyüm bir faktı qeyd etmək istəyirəm.
Deməli, ötən ilin payızında Naxçıvanda olarkən "Əshabi-Kəf"i, "Əlincə" qalasını ziyarət etdim və Nuh Peyğəmbərin dəfn olunduğu məqbərənin də qarşısında susub dayandım. Naxçıvan şəhərindəki İmamzadə kompleksini də və bütövlükdə bu ərazidə olan qədim abidələri böyük maraqla seyr edib eşitdiklərimi, gördüklərimi yaddaşıma yazdım. Xüsusilə Əlincəçay xanəngahı mənim üçün qəribə duyğuların ünvanı oldu. Məhz bu gördüklərimi, sonra da dostlardan eşitdiklərimi yaddaşıma köçürərkən daxili bir qürur hissiylə düşündüklərimi indi kağıza köçürürəm:
- Birmənalı şəkildə deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında tariximizə diqqət bütün bölgələrimizdən daha öndədir. Bunun gerçək nümunəsi həmin abidələrin ziyarətinə olan səfərlərin təşklidir. Əgər Muxtar Respublika Ali Məclisinin sədri cənab Vasif Talıbov özü, onun komandası vaxtaşırı bu qədim ünvanları ziyarət edirsə və hər həftənin istirahət günlərində müxtəlif qurumların həmin kompleksləri, ziyarətgahları gəzib görmək təşəbbüsünü reallaşdırırsa, deməli, bu tariximizə olan təkcə diqqət yox, həm də böyük sevgidir.
Bax, elə həmin o sevgidən çıxış edərək xatırlatmaq istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər İmamzadə kompleksindən başqa Babək rayon Nehrəm kəndində, həmçinin Şərur rayon, Xanlıqlar kəndində də İmamzadələr var. Bu İmamzadələrin də inşa edilmə dövrü demək olar ki, çox az fərqlə eyni əsrə düşür. Yəni aparılan araşdırmalar göstərir ki, bu abidələr VIII-XIX əsrin birləşməsində daha çox inşa olunmağa başlayıb. Alimlərimiz bunun səbəbini İslam dinin qəbulu ilə və müsəlman-islam mədəniyyətinin təsiriylə reallaşdığını xüsusi ştrixlərlə qeyd edirlər. Elə "Naxçıvan və abidələr ensiklopediyası" kitab-albomunu vərəqləyərkən də buradakı məlumatlardan söylədiklərimin şahidinə çevrilə bildim. Həmin ensiklopediyaya diqqət yetirərkən onu da öyrəndim ki, Babək rayonundakı Nehrəm İmamzadəsi məhz həmin kəndin ərazisində inşa olunub. Nehrəm İmamzadəsi ilə bağlı fikirlərini şərh edən AMEA-nın müxbir üzvü, tanınmış tədqiqatçı alim F.Səfərlinin fikirləri diqqətimi çəkdi. Onun gəldiyi qənaətə görə, məhz Nehrəm İmamzadəsi də Naxçıvan şəhər İmamzadə kompleksi ilə eyni dövrdə inşa olunubdu. Yəni hər iki İmamzadə səfəvi şahı II Təhmasibin dövründə çox böyük arxitektura nümunəsi kimi tariximizin səhifəsinə daxil edilib. Bu gün də Nehrəm kəndindəki qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbə, məscid, təkyə və digər yardımçı binalardan ibarət olmaqla çox böyük bir kompleks təşkil edir. İstinad etdiyimiz mənbədən məlum olur ki, həmin kompleksin əsasını məhz eni 8, uzunluğu 9,5, hündürlüyü 4,5 metr olan türbə və bundan əlavə 6 metr hündürlüyündə günbəz təşkil edir. Bu günbəzin içərisində bir qəbir var. Doğrudur, günbəzin içərisində olan qəbrin kimə aid oluduğunu müəyyən etmək mümkün olmayıb. Ona görə ki, həmin qəbrin nə sunduqəsində, nə də hansısa bir hissəsində yazı izlərinə rast gəlinməyib. Amma alimlərimizin Nehrəm sakinlərindən, eləcə də bu ətrafda yaşayanlardan əldə etdikləri bilgilərə görə, məzar VII İmam Museyi-Kazımın oğlu Seyid Əqilə məxsusdur. Mənbələrdən o da məlum olur ki, Seyid Əqil də Abbasilərin zülmündən canını qurtarmaq üçün doğulduğu ərazini tərk etmiş və Naxçıvana pənah gətirmişdi. Naxçıvan sakinləri də Seyid Əqili imamın övladı kimi çox böyük sayğı və sevgi ilə qarşılamış, onun bu ərazidə yaşaması üçün normal şərait yaratmışdılar. Seyid Əqil dünyasını dəyişəndə də onun dəfn olunduğu qəbrin üstündə türbə inşa olunmuşdur.
Barəsində öncədən xatırlatdığım ensiklopediyadan o da məlum olur ki, Seyid Əqilin qardaşı Səfi (Səffan) Ordubadın Düylün kəndində, İbrahim Şərurun Xanlıqlar (Parçı) kəndində, Əhməd Zəngəzurun Mehri rayonunun Bufçar kəndində, Qasım Təbriz şəhəri yaxınlığında Sofyan qəsəbəsində dəfn olunub. Qardaşların bir-birindən bu qədər uzaq düşmə talehini bacılar da yaşayıb. Yəni Seyid Əqilin qardaşları kimi, bacıları da, yəni Hökumə xanım Abşeron rayonunun Şıx kəndində, Rübubə xanım isə İraq ərazisində dəfn olunub. Bax, bütün bunları öz araşdırmalarında vurğulayan AMEA-nın müxbir üzvü, professor F.Səfərli onu da xatırladır ki, kompleksin divarlarında yazılmış yazılar öyrənilib və bu yazılardan məlum olub ki, Miladi tarixilə 1725-ci ildə Mehdi adlı xəttat bu yazı işlərini görübdü. Həmin yazılardan da müəyyən mənada zamanın reallıqlarını öyrənmək üçün bir mənbə kimi istifadə etmək mümkündür.
Yazımızın əvvəlində xatırlatdıq ki, Şərur rayonun Xanlıqlar kəndində də İmamzadə var. Bu İmamzadə Parçı kəndində yerləşdiyindən xalq arasında Parçı İmamzadəsi kimi tanınır. Bizim istinad etdiyimiz mənbələrdən məlum olub ki, Xanlıqlar kəndinə bitişik ərazidə tikilmiş Parçı İmamzadəsi böyük günbəzi və geniş həyəti olan bir pirdi. Və yerli sakinlər onu "Şahzadə İbrahim ibni Musa" ziyarətgahı adlandırır. Çünki burada olan qəbrin üzərində "İbrahim ibni Musa" yazılıbdı. Həmin yazıya istinad edən alimlərimiz yerli sakinlərin də fikirlərini diqqətdən kənarda saxlamayıb. Ərazidə yaşayların söylədiklərinə görə, bu qəbir Museyi Kazımın oğlanlarından birinə aiddir.
Bəli, bu gün Naxçıvan yeni dövrün, yeni əsrin həm elitar, həm də sürtəli inkişaf həyatını yaşayır. Hər gün abadlaşır, hər gün gözəlləşir. Bütün bunlar da kosmopolit bir səviyyədə yox, tarixə söykənməklə, ənənələrə dəyər verməklə milli mentaliteti, xalqın inancını nəzərə almaqla reallaşdırılır. Yəni istər mədəniyyətin, istərsə də bütövlükdə inkişafın özünün bütün tələbləri öncə kimliyimizə söykənməklə proqramlaşdırılır. Bax, bu mənada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovun birbaşa qayğısı, tapşırığı və tövsiyələri ilə abadlaşan Naxçıvanda tarixi abidələrimiz də özünün yeni dövrünü, yeni tarixini yaşayır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2017.-3 noyabr.-S.7.