"İLAHİ,
SƏN BİZİ SÖZƏ BAĞIŞLA"
Ədalət Salmana məktub
Bu günlərdə qapımı
döydülər və mənə bir kitab bağışladılar. Kitabı gətirən
adam bircə kəlmə dedi:
- Ədalət Salman göndərib...
Bəli, mən bu kitabı gözləyirdim. Xəbərim vardı onun mətbəədə olmasından. Və ondan da xəbərim vardı ki, Ədalət Salman 60 yaşın kürəyini yerə vurur. Necə deyərlər, 60 "ağ bayraq" qaldırmaq üzrədir...
Bax, bu ovqatla da mənə göndərilmiş kitabı gözdən keçirməyə başladım. Doğrudur, kitabın ilk yazısı, yəni ön sözü çalışdığım qəzetdə işıq üzü gördüyündən filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin fikirləri mənə tanış idi. Amma bu tanışlığa baxmadan Vaqif müəllimin fikirlərini bir də gözdən keçirdim. Və elə həmin anda hiss etdim ki, bizim üst-üstə düşmə nöqtələrimiz var. Bu nöqtələr də Ədalət Salmanın poeziyasına baxış bucağımızın altında birləşmişdi. Bir az da açıqlama versəm, deyə bilərəm ki, mən də çox dəyərli ədalətşünas alimimiz kimi, Ədalət Salmanı "halal söz adamı" sayıram. Onun misralarında halallıq bir işıq kimi özünə özül atıbdı. Hər dəfə də Ədalətin şeirlərinə üz tutanda mən o halallığın işığına düşürəm. Bax elə onun "İlahi, sən bizi sözə bağışla" şeirində olduğu kimi.
İlahi, sən bizi sözə bağışla,
Sözlə yediririk balamızı da.
İlahi, sən bizi bizə bağışla,
Onsuz da çəkirik bəlamızı da.
Yaqin ki, misranın ağırlığı, çəkisi sizi də bir balaca silkələdi, yerinizdən tərpətdi və siz də Ədalət Salmana qoşulub İlahidən bağışlanmağınızı istədiniz. Bu bağışlanma təkcə məcazi mənada deyil, bu həm də ürəyin hökmü, ürəyin diktəsidi. Ona görə də Ədalət yazır ki:
Əli sözə çatmayanlar,
Dili sözə yatmayanlar.
Sözü atdan saldılar,
Şeiri gözdən saldılar,
Taxtdan, urvatdan saldılar...
İndi söz yığınına
Şeir adı qoyurlar.
Elə bil Nizaminin
Gözlərini oyurlar.
Nəsmini təzədən
Diri-diri
soyurlar...
Yalandan sağlıq deyib
Özlərini öyürlər.
Elə bil üzümüzə
Ölümüzü söyürlər...
...Əl saxla söz
qatili
Söz canlıdı
öldürmə.
Şair
deyib, özünə
Bu milləti güldürmə.
Bax, bu halallıqdan, bu səmimiyyətdən söz
açmışdım mən
ilk cümlələrimdə. Və gəlib bu şeirə
çatanda düşündüm
ki, siz də
mütləq oxuyub sonra mənim nə demək istədiyimi dəyərləndirəcəksiniz...
Buradaca qeyd edim ki, bir
zaman gerçəyi var hər birimizin
içində. O da yaranan fikrin, kağıza köçən
yazının yaşamaq
haqqı, gerçəyi
göstərmək, yəni
təqdir və tərənnüm etmək
haqqıdı. Məsələn:
Dövran
başımızı sözlə
qatıbsa,
Bəs şair
neyləsin, bəxti yatıbsa?
Kredit paylayan banklar batıbsa,
Gör, borca özünü salan necədi?
Şairlər bu yurdun deyən dilidi
Döyünən nəbzidi, vuran əlidi.
Haqqı
söyləyənə demə
dəlidi,
Bir soruş,
Ədalət Salman necədi?
Yəqin ki, daha o sualı
Ədalət Salmana ünıvanlamağa ehtiyac
qalmayacaq. Çünki öz misralarından
onun hansı durumda olduğunu mən artıq öyrənib bildim. Və onu da özüm
üçün dəqiqləşdirdim
ki, demək Ədalət Salman da mənimlə eyni dərdin, eyni problemin daşıyıcısıdır. Üstəlik, o həm də
yaşadığı bölgənin,
aid olduğunu ailənin
də həyatını
həm yaşayır,
həm də misralara köçürür.
Bunlara da diqqət yetirəndə, onda bir ziyalının, bir söz adamının
durumu gəlib dayanır göz önündə. Daha dəqiq
desəm, bizim dərdimizlə bir sırada.
Mən 176 səhifəlik
bu kitabı səhifə-səhifə oxuduqca
ovqatdan-ovqata köklənirdim. Ona görə
ki, bu şeirlərdə
həyat gerçəkliyi
poetik bir dilnən, özü də sadə formada oxucu qarşısına
çıxarılıb. Oxuduqca hiss edirsən ki, şair mövzunu
fəhm eləməyib,
onu öz içindən götürübdü.
Ona görə də onun "Tövbəyə
durmuşuq" deməyi
normal qaşılanır.
Gəlib
əfv diləsin öz günahına,
Naümud qaytarma suçlu bəndəni.
İlahi,
üz tutub haqq dərgahına,
Tövbəyə durmuşam, bağışla
məni.
İlahi,
hamımız günah
içində,
Hərənin nədəsə bir günahı var.
Xoşbəxt görünsə də
öz sevincində,
Günahkar bəndənin bir günahı var.
Bir anlıq
bu şeirin arxa planına diqqət yetirsəniz, onda mənim də, sizin də hardasa, nədəsə günahkar
olduğunuzu özünüz
üçün ürəyimizdən
keçirə bilərik. Bu fikri ona görə
yazıram ki, Ədalət Salman onu artıq misralayıb və tirajlayıbdı. Yəni gerçəyi
bizim də əvəzimizdən şeirə
çeviribdi. Bax, poeziyanın,
eləcə də o poeziyanı yaradanın uğuru da gerçəyi
hamının dilindən,
hamının gerçəyi
kimi deməyi bacarmasıdı. Şeirlən də göründüyü
kimi, Ədalət Salman həmin gerçəyi deməyi bacarıb. Hələ üstəlik onu
da deyib ki, "Sən mənim nəyimi sevirsən axı".
Özünə, sözünə sığal
verən qız,
Ay mənə sevgidən ağır verən qız,
Vurulub şeirimə, şairliyimə,
Sən Allah, "sevirəm,
səninəm" demə.
Ömrümü-günümü izləmə
mənim
Yollar ayrıcında
gözləmə məni.
Ömrün çiçiək çağı,
ömrün yaz çağı
Əlləri qoynunda dayanma elə.
Ağlaya-ağlaya boylanma elə,
İnsanam, ürəyim ağrıyır
axı -
Sən mənim
nəyimi sevirsən axı?!
... Maşallah sevməyə oğlanlar nə çox,
Vüsal həsrətiylə yananlar
nə çox.
Vallah, qeyri-adi məndə heç nə yox -
Sən mənim nəyimi sevirsən axı...
Bəli, bunu da Ədalət
Salman deyib. Və əslində
o, burda bir şair fəndgirliyindən
istifadə edərək
özündə olanları
olmayanlar kimi dilə gətirir. Sevgiyə layiq olduğunu birbaşa yox, dolayısıyla ona sevənə çatdırır.
Və bununla da sevilmək
haqqı olduğunu artıq necə deyərlər, faş edir. Yəni qəfəsdəki bülbülü açıb
bağa-bağçaya buraxır.
Deməli, ədəbi priyomun bu özünüinkar üsuluyla özünü
arxada saxlamaq məharətiylə Ədalət
Salman demək istəyir ki, "sən məni niyə sevmirsən axı?!"
Elə həmin
o duyğuların fonunda
da mən hələ mətbəə
qoxusu canından çəkilməmiş "İlahi,
sən bizi sözə bağışla"
kitabı haqqında balaca bir məktubu
yazıb Ədalətə
"kitabın mübarəkdir"
arzusuyla ünvanlayıram. Və bir daha deyirəm:
"kitabın da, yubileyin də mübarək, Ədalət
Salman!"
Ədalət.-2017.-3
noyabr.-S.8.