MARAL MƏŞƏDİLƏRİN HEKAYƏTİ, YAXUD NATAŞANIN MƏHƏBBƏTİ

 

 ("Ə.Haqverdiyevin obrazları" silsiləsindən)

 

Allahverdi Eminov

 

(əvvəli ötən sayımızda)

 

Ə.Haqverdiyev bədii tip anlayışına sadəcə, yazıçı vərdişilə yanaşmır, obrazına tipik situasiyadan müşahidə aparır və suya düşüb üst-başdan çıxan həmin qəhrəmanı qurudur, lazım gələrsə yeni paltarla ortaya çıxarır. Biz belə yanaşmanı Mirzə Səfərdə, Şeyx Şəbanda, Məşədi Qulamda və sairdə görürük.

"Qiraət" hekayəsi yazıçının maralları içərisində ən populyar obraza malik əsərdir. Ə.Haqverdiyevə məxsus mövzu tapıntısı, üslub axarı, oxucu psixologiyasını "əyləndirən" dükançı, tacir Məşədi Qulam. Bu adamın xarakterindəki qadına meyillilik, cavanlıq şövqü, əcnəbi millətin kişiyə olan ehtiraslı və təmənnalı ünsiyyəti - heç bir yazıçıda yoxdur. Məşədi Qulam fəndgir, işini ustalıqla görməyi bacaran adamdır.

"Qiraət"də müəllif yığcamlığın möcüzəsini yaratmış, içərisində gizlənmiş tacir tayfasının görünməyən simasını yaratmışdır. Əslində hekayə rus Nataşa surətinin lirik macəraları üzərində qurulmuş və müsəlman tacirinin hisslərini ram edən, bunu "hədiyyə" adı ilə həyata keçirməyi bacaran tipik surəti oxuculara təqdim etmişdir.

Hekayə lirik təsvirə başlayır; bu, təsadüfi deyil, kişi əhvalının oyanması üçün, ümidini itirməməsi naminə dükana "bağlanırıq": "Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməini qabağına qoyub, üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməklə məşğul idi". - Oxucuya elə gəlir ki, Məşədi Qulam alverindən kasadlıq çəkən bir fəqirdir. - Qarpızla pendir yeyir. Amma yada düşür ki, onun sələfi Hacı Qara da yeyib-içməyinə xəsislik edirdi. Fərqi odur, Məşədi Qulam səliqəlidir, heç də kasıb deyil. O, kəmali-ədəblə əyləşəndən sonra, hansı ki, papağını, çuxasını mismardan asmışdı, qollarını çirmələmişdi: "Qarpızın saplağı tərəfini dairə kəsib, sonra dördə bölüb yerə atdı. Qabıq parçalarının ikisi qara tərəfinə düşəndə məşədi sevindiyindən qarpızı və bıçağı yerə qoyub, iki şəhadət barmağını bir-birinə ilişdirib "oxay, yəqin barışacaq" deyib bərk şaqqıldatdı".

Artıq oxucu intizarı başlayır və istər-istəməz yazıçının yazmaq ovqatını duyursan. Onun Məşədi Qulamı hansı əməlin sahibidir ki, yazıçı bu sirri ötürmək istəmir, İsgəndəri-Zülqərneyinin başını qırxan dəlləyi suçlayır. Məşədi Qulamın "sirri" ondadır, halal arvadından savayı Nataşa adlı rus qadını ilə oturub-durur. İş elə gətirib ki, Nataşa üç gün əvvəl məşədilə davalaşıb və onu evindən qovubdur. Nataşa Məşədinin qadın görəndə hayıl-mayıl xasiyyətli olduğunu bilir, ondan qiymətli üzük qoparmağına əmindir. Məşədi Qulam qadın qarşısında iradəsiz vücuddur, qovulmağı belə özünə sığışdırır: Kişilərin dərin - lirik faciəsi! "Səbəbi də bu olub ki, Nataşa məşədidən brilyant üzük xahiş edb, məşədi də ona yaqut üzük alıb". Bu bəhanə Nataşaya imkan verib ki, məhz o deyən brilyantdan alsın... Məşədi Qulam üçün əsas nigarançılıq Nataşadan xoş sorağın gəlməsidir ki, bəlkə qarmız qabığının qoşa-qoşa düşməsi fəhmindən yanılmadığını reallaşdırdı və məşədi yanılmır. Bir müsəlan kişisinin bədəni uçunur, atılıb-düşür: "Məşədi başını aşağı salıb, qarpızın parçalarını bir-bir içəri ötürməkdə idi. Bir də başını qaldırıb gördü, Nataşanın nökəri balaca rus uşağı əlində kağız qapıda durub. Məşədinin gözləri məşəldar pişiyin gözləri kimi şəfəq verdi və dedi; soruşdu:

- Nə var, bala? Xeyir ola?

- Nataşa kağız göndərib.

Uşaq kağızı məşədiyə verdi. Məşədi kağızı alıb açanda ətir qoxusu dükanı başına götürdü. Sonra uşağı içəri çağırıb ona verdi və dedi:

- Yavaşcadan oxu, qulaq asım..."

Nataşa bic qadındır, hiss olunur kasıb-filan deyil, qulluqçusu da var. Məntiqlə müəllif sezdirir ki, Nataşalar müsəlmanlar üçün "sinoy" gedirlər və səbəblərindən biri də onların pullarını çəkmək, zəngin yaşamaqdır. Əlbəttə, Bakıda yaşayan rus qadınlarına hətta neft maqnatları da vurulmuşlar və faktlar var. Bütün bu proseslər Ə.Haqverdiyevə bəlliydi. Digər səbəb daha dərinə - mentalitetimizə gedib çıxır: azəri-türk kişilərinin qadın tayfasına olan aludəçiliyidir. Yazıçı hekayənin qəhrəmanını məhz dükançı simasında təsvir etməsində pıçıldamışdır ki, Nataşalar nəinki ziyalılarımızı, məşədi tipli intellektuallıqdan, savaddan uzaqları da ağuşlarına çəkib gətirirlər.

Nataşa məşədini evdən qovandan sonra peşmanlayır, Məşədi Qulam kimi qadın görəndə dodaqları dörd yerdən çatlayan kişini əldən buraxmaq olmaz və məktubunda yumşaqcasına heyfsiləndiyinə işarə vurur. Yazıçı kiçik həcmli məktubda tənqid hədəfini yumorla boyayır, aşiqinin sinirlərini hərəkətə gətirəcəyinə şübhə yeri qoymur: "Mənim əziz məşaduşqam, o gün mən səni incitmişəm. Hərçənd taqsır sənin özündədir. Amma yenə peşiman olub, səninlə barışmaq istəyirəm. Bu gecəni səni gözləyəcəyəm. Əlbəttə, gələrsən və əgər tapşırdığım üzüyü də gətirsən, sənin qırxıq başından üç dəfə öpüş alacağam". Bu sözlər Məşədi Qulam üçün həyatı deməkdi. Yazıçının özü də kinayəli şəkildə rəyini gizlətmir: "Məşədi qalxıb dükanın ortasında ətrafdan baxan olmasaydı bir "Uzundərə" oynayırdı" - deyir.

Məşədi Qulam obrazı təbii ki, satira-yumor paralelinin içərisində bir hədəfdir, lakin o, xaraktercə qadın (əcnəbi) düşkünüdür, amma son dərəcə bəsit icra edir bu rolunu. Onu yalnız intim münasibətin ani möcüzəsi maraqlandırır: Nataşaya hədiyyə vasitəsilə niyyətini ödəsin. Biz onu başqa bir situasiyada görmürük. Ə.Haqverdiyev təmənnalı ehtirasın əsiri olan bir kişinin yüngülxasiyyətli, məşuqunu ailəsindən üstün tutan zatın psixologiyasını ortaya atmaqla, gülüş hədəfinə çevirir. Və o, dərhal firuş Manqasarın dükanından Nataşanın sifarişini yerinə yetirir. Yenə udan Nataşadır, birini bəyənməyən rus qadını ikincisini əldə edir.

Məşədi Qulam səliqəlidir - vurğuladığımız kimi - öz evinin səliqəsizliyini Nağaşanın təmizkarlığına qurban verir, axı, Nataşa "hərif" deyil, məşədiləri əlində saxlamağın bir üsulu da bundadır. Məşədi Qulamın dilindən: "Allah kəssin müsəlmanın evini-eşiyini, diriliyini-səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxarırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... Tfu! Gedirsən Nataşanın evinə, süfrə qardan , çəngəl-bıçağın şəfəqindən göz qamaşır... Nataşa özü paltarının ən lətifini geyib gəlir əyləşir üstülun başında: əl patiska ağı, sifət ay parçası, tüklərin qoxusundan adam bihuş olur".

Ə.Haqverdiyev üslubuna məxsus təsvirin yumşaqlığı, yad kişinin özünə çəkən əcnəbi qadının estetik təsiri. Xüsusilə, rus qadınlarına məxsus aşiqə qulluq səriştəsi: "Xülasə, hər kəsin rus aşnası yoxdur, canının rahatlığı yoxdur".

İncə bir nüans da maraq doğurur: ədib kişi tayfasına məxsus qadın ehtirasının xəyalda canlandırılmasından doğan "cinsi enerji"nin doğurduğu hədsiz nikbinlik, sağlamlıq və ruhi rahatlıq. Nataşanın görüşünü yaşayan Məşədi Qulamın gedəsi gün ayağı yerə dəymir, hər şey onda gözəllik oyadır, Manqasarla sağollaşır əhvalla, dükan qonşusu ilə "politika söhbəti" aparmaq arzusuna düşür. Hekayədə belə bir epizodun təsviri yerinə düşür. Əbdürrəhimbəy öncə savadlı, alim, dünyagörüşlü yazıçı idi və Z.Freydi oxumamış olmazdı. İsveç psixoloqunun "təhtəl-şüur" nəzəriyyəsinin kişilərdə, xüsusilə öz əksini tapması ideyası qoyulmuşdur. Və onun qəhrəmanı nə lazımsa edir; hamamı da unutmur. Belə hallarda kişi(lər) ən mürəkkəb vəziyyətlərdən çıxmaq yolunu eksprom tapır; necə ki, arvadı ilə kiçik dialoqundan:

"- A kişi, nə olub belə fikirdəsən?

- Nə olacaq, başıma daş düşüb, əməyim, zəhmətlərim, ibadətim hamısı zay olub getdi. Kişi evi dağılmış fikir eləməyib nə eləsin? Bu gün Molla Sadıq gəlmişdi dükana. Deyir: "Məşədi, qiraətini bilirsənmi?" Dedim: "Xeyr, bilmirəm". Dedi: "Bəs bu yaşa çatıbsan, hələ qiraətini də bilmirsən, ay bədbəxt? Vay sənin halına! Sən də behişt arzusundasan?.."

Ə.Haqverdiyev Məşədi Qulamın Molla Sadıqla söhbətinin ritmini elə təsvir edir, nəinki sadəlövh arvadı, hətta ərindən şübhələnən əzazil qadın belə inanar! Məşədi Qulam təcrübəli kişiyə oxşayır və bir güllə ilə iki dovşan vurur. Nataşagildə yemək üçün "bir qab yaxşı plov çək, çığırtmanı da qoy yanına, faytonda aparım axundun qulluğuna, orada bahəm yeyib, qiraətə məşğul olaq".

Son dərəcə həyati, bir qrup Məşədi Qulam xasiyyətli kişilərə məxsus yollardan biri.

Hekayədə ədib Məşədi Qulam və Nataşa - məşuqun münasibətlərini təbii təsvir etmişdir, sanki tanıdığımız Məşədi Qulamdır; ara oxuyanlara hamilik edən, bahalı minik maşını alan nazirdir, pulunu motellərdə sovuran biznesmen filankəsdir... Bəli, günümüzün "qəhrəmnalarıdır", Ə.Haqverdiyevin "qiraət"indən çıxmışlardır!

Məşədi Qulamın Nataşagilə yol almasında da kolorit var: rusca bilməyən, amma bir-birlərini anlayan bu tiplərin psixologiyası aşkarlanır. Məşədinin görüş üçün ürəyi atlanır, qapının zəngini basır. Qulluqçu cəld qapını açır: - Barina doma? - Sual edir: - Doma! - Cavabını alır.

Bu xoş xəbər lazımdır Məşədi Qulama Nataşanı isə ehtirasın səsindən daha lazımlısı düşündürür: "Nataşa məşədinin səsini eşidib yüyürdü qapıya, əlindən tutub, çəkdi bir baş yatacaq otağına... Nataşanın məşədiyə ilk sualı bu oldu:

- Gətirdin?

- Gətirdim!

- Ver buraya!

Üzük - qiymətli daş-qaş təbii ki, rus Nataşasının Məşədi Qulamın ehtirasına layiqli cavabı olacaqdı. Qadının atılıb-düşməsi, məşədinin üç dəfə başından öpməsi hər şeyi reallaşdıracaqdı və "Şamdan sonra məşədi əyləşmişdi divanın üstündə, Nataşa da uzanıb, başını onun dizinin üstünə qoyub, ona qirayət öyrədir:

- Deyinən lyublu!

Məşədi deyirdi:

- Loblu!" Və bu sözlər təkrarlanırdı...

Nataşa tərcümədə "sevirəm" sözünü Məşədi Qulama öyrədə bildimi?

Yazıçının qoyduğu sual birmənalı səslənmir. "Qiraət" hekayəsinin qəhrəmanına rişxənd edirik, içəridən gülürük, hirslənirik: rus aşnası onu bir kişi olaraq vücudu başına dolayır, fırladır və bu təşviqdən isə Məşədi Qulam qürurlanır, göndərdiyi etiraf kağızını ən qiymətli dəyər kimi qiymətləndirir.

Məşədi Qulam Nataşa ilə macərasını tamama yetirib evinə gəlir. Hekayə bununla qurtarardı, lakin dinin təmsilçisi "məşədi" titulunu qazanan bu mollanın arvadını aldatması bir yana, hələ də Nataşanın öyrətmək istədiyi "lyublu" sözünü qiraət edir ki, məşuqəsinin ən əziz kəlamıdır - onu əzbərlətməlidir. Məşədi Qulamın ən gülünc vəziyyəti yuxulu-yuxulu "loblu" sözünü təkrarlamasıdır. Oxucu belə məqamda, hansı ki, məşədi pis vəziyyətdə qalardı, "sirri" faş olardı. Arvadı onun "köməyinə" gəlir, səbəbi isə: "Arvadı məşədini güclə soyundurub yıxdı yerə, məşədi yerə girən kimi getdi yuxuya. Kişi yatandan sonra arvadın yadına düşdü ki, günortaya bişəsi xörəyi soruşmadı. Yavaşca gəldi ərinin yanına:

- Məşədi, məşədi!

- Hımm!..

- Günortaya nə bişəcək?

- Loblu, loblu...

- Nə deyirsən?

- Loblu, loblu..."

Və Məşədi Qulam yediyini yeyir, dəstəmaz alır, cümə günü olduğundan gedir məscidə...

Çox ciddi mövzu Ə.Haqverdiyevin nəsr yaradıcılığına məxsus hələ də xalq arasında ibrət nümunəsi kimi səslənən vəziyyətlə tamamlanır.

 

(ardı gələn sayımızda)

 

 

İmza:

Ədalət  2017.- 7 noyabr.- S.7.