Vəfalı bülbülüyəm, baği-gülşənimdir Vətənim...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

 (əvvəli ötən sayımızda)

 

Alim Qasımovla oxuduğu "Dəşti" muğamı da musiqisevərlər tərəfindən maraqla qarşılandı. Bu barədə Güllü xanım belə deyir:

"Alim Qasımov mənim kumirimdir. Mən onun sənətinin vurğunuyam, onun daxili dünyası, insanlarla ünsiyyət bacarığı və yüksək mənəviyyatlı insana xas gözəlliyinə heyranam. O həmişə xoş zarafat edən, rahat, çox həssas, dərin, zəngin daxili aləmi olan insandır.

Mən onun İctimai Televiziyada Adil Məlikovla apardığı ustad dərslərin birini də buraxmırdım.

Bilirsizmi, bəzən elə olur ki, oxumağın daşını birdəfəlik atmaq istəyirsən. Amma elə ki ekranda Ustadın tanış simasını görürsən, başa düşürsən ki, əgər o hər şeyə sinə gərə bilibsə, sən də bacaracaqsan. Daxilən yenidən doğulursan, yenə də muğama qərq olmaq istəyirsən, Odlar ölkəsinin sərvətini, əcdadlarımızın əsrlərlə qorunub saxlanmış bu böyük sənətini sən də yaşatmaq istəyirsən. Ustad Alim Qasımovla birgə ifama gəlincə, bu, mənimçün həyat iksiri, ilham çeşməsi, güc mənbəyidir".

Güllü xanımın Ehtiram Hüseynov, Səbuhi İbayev və başqa sənətçilərlə ifa etdiyi "Qarabağ şikəstəsi" (film-kompozisiya) də əsl sənət səviyyəsində ərsəyə gəlib. Kadrlarda Qarabağ didərginlərindən, onların doğma yurdlarına qayıtmaq arzularından danışılır. Və təbii ki, muğam notları xanəndənin nəfəsiylə birləşib həsrəti, dərdi bütün ağrı-acısıyla birgə göz önünə gətirir. Ümumiyyətlə, muğamda sevinc qəmdə, qəm-qüssədə əriyir və ortaya yeni bir mahiyyət çıxır. İnsan daşıdığı dərdin yüküylə üzbəsurat dayanır.

Onunla söhbətləşir, dərdləşir. İnsanın və dərdin kimliyi yeni fəlsəfi düşüncə çalarları ilə təfəkkürdə bir oyanışın və dirçəlişin yaranmasına səbəb olur. Muğamın böyüklüyü, onun dərin fəlsəfəsi tutumu da elə ən çox belə məqamlarda üzə çıxır. Təsadüfi deyil ki, Güllünün ikinci bir sevdiyi sənət də var - Fotoqrafiya. Xanəndə olmasaydım, peşəkar fotoqraf olardım - deyən xanəndənin bu istəyi həyatı, təbiəti, varlığı sevməyin təcəssümüdür. Fotoqrafiya, foto işi də bir rəssamlıqdır, texniki vasitələrlə həyata keçirilən rəssamlıq. Rəssamlıqla muğam sənəti bir-birinə qohum sənətdir. Sadəcə, birində həyat tabloları barmaqla cızılır, digərində insan nəfəsi, insan səsiylə.

Güllü Muradovanın seçdiyi şeirlər, qəzəllər də sanki onun öz boyuna biçilib. Onun ruhunun və ifa etdiyi muğamların ahənginə tabe olan şeirlər, qəzəllər seçimində xüsusi zövqə malikdir. Adamın ağlına gəlməzdi ki, həm ruhən, həm də zahirən bu qədər incə bir xanım Nəsiminin üsyankar misralarına müraciət edər. Zərifliklə üsyankarlığın, cəngavərliyin vəhdətini yaratmaq muğamın mayasındadır. Və xanəndə bunun öhdəsindən gəlirsə, demək, o özü də muğamın bir parçasına çevrilir. Füzulidən, Nəsimidən, Seyid Əzimdən, daha çox Əliağa Vahiddən, Seyid Mirhəmzə Nigaridən oxuduqca, Güllü xanıma daha çox diqqət kəsilirsən. Seyid Mirhəmzə Nigarinin Qarabağ həsrətiylə yazılmış "Dağlayıbdır məni bir laleyi-zarı Qrabağ" rədifli qəzəlini misilsiz bir yanğıyla oxuması, bu səsin ah-amanı bizi doğma diyarlarımızdan əsən meh kimi yaddaşımızı silkələyir.

Adama elə gəlir ki, sənətkar hər bir ifasında dinləyicini bir imtahan qarşısında qoymaqla, özü də çətin bir sınaqdan keçir. Məsələn, deyəndə ki, hər aşinaya söyləmək olmaz vəfası yox, çək imtahanə, bəlkə bir əhli-vəfasi var.

Hər birimiz də öz içimizi saf-çürük edir, mənəvi təmizlənmədən, antik bilicilər demiş, katarsisdən keçirik.

Bu məqamda "Şuşanın dağları" mahnısını yada salmaq istərdim. Bu mahnının da Xandan üzübəri möhürünü vuranlar çox olub. Gülül Muradova da öz dəst-xəttilə, özünün bülbül səsiylə "Şuşanın dağları"nı öz ifasında vəsf edir. Yeri gəlmişkən, 2013-cü ildə təqdimatı keçirilən "Qarabağdı məkanım" adlı ilk albomunun təqdimatı oldu. Albomda müxtəlif kompozisiyalar yer alsa da, bu kompozisiyalar bütövlükdə, böyük bir vətənpərvər ruhu aşılayırdı. Seyid Nigaridən, Mirsədi Ağadan, Mirməhəmməd və Paşa ağanın qəzəllərindən istifadə olunan kompozisiyalar Əliağa Sədiyevin "Xarı bülbül" qrup ilə yazılmışdı. Güllü xanımın solo konserti də böyük sevgiylə qarşılandı. Beynəlxalq Muğam Mərkəzində "Axşamüstü Qarabağdan" layihəsi çərçivəsində baş tutan solo konsertinin uzun müddət yaddaşlardan silinməyəcəyinə əminəm.

Məncə, Güllü Muradovanı tamaşaçı, dinləyici gözündə daim ehtiram mərtəbəsində qoruyub-saxlayan bir məxsusi keyfiyyətinin də olmasıdır ki, əfsus ki, həmin keyfiyyət Güllünün bir çox həmkarında yoxdur. O, həm də mütaliəsevər bir yaradıcıdır. Ən sevimli müəlliflərindən biri də yaradıcılığı başdan-başa Qarabağ həsrətiylə süslənmiş İlyas Əfəndiyevdir. Görünür, elə onun Qarabağ sevgisi, Vətən məhəbbəti də İlyas Əfəndiyev yaradıcılığı ilə formalaşıb. Bu yaradıcılıq ona Qarabağın məişəti, mədəni həyatı, coğrafiyası barədə mükəmməl bilgilər verdiyi qədər də bir torpaq eşqi, yurd vəfası bəxş edib.

"Vəfalı bülbülüyəm, baği-gülşənimdir Vətənim". Bu misra Güllü xanımın oxuduğu qəzəllərdən bir qəlpə kimi qopub yaddaşımda qalıb. Həm də ona görə qalıb ki, Güllü Muradova doğrudan-doğruya gözəl Qarabağın vəfalı bülbülüdü. Onu susmağa qoymayan təkcə diyari-qarabağın gözəllikləri deyil, həm də bu xan, bəy, sultan yurdunun həsrəti, nisgilidir. Bu nisgili, bu dərdi bizim ürəyimizdən kim qoparacaq, gözlərimizdən kim siləcək bu ələmi? Elə bu sualın cavabını da Güllü xanımın oxuduğu muğamlarda və mahnılarda hər birimizə çatdırır. O öz ifa tərzi, səhnə mədəniyyətilə mübarizliyi, mətinliyi, mərdanəliyi tərənnüm edir. Yuxarıda qeyd etdiyim kimi, bu tərənnüm həm də bir imtahan təsiri bağışlayır. "Çək imtahanə, bəlkə bir əhli-vəfası var" - deyən xanəndənin ən böyük arzusu doğma kəndi Gülablıya qovuşmaq, yağı tapdağında qalmış babalarının, nənələrinin məzarını, o yerlərdə dolaşan ruhlarını ziyarət etməkdir.

Muğamı bir inci, mirvaritək, bir boğunbağıya düzsən və onun ən dəyərli ifaçılarını da bu boyunbağının əhatəsinə toplasan, orada Güllü Muradovanı da görərsən. Sənət və şəxsiyyət vəhdətinin nümunələrindən birini də Güllü Muradovanın timaslında görürəm. Düzdü, onu da deyirlər ki, o, hələ gəncdir, sənət yollarında kifayət qədər bərkiməyib. Amma unudurlar ki, xislətində, təbiətində sevgi, sədaqət, vəfa olan insanların ayaqları heç zaman büdrəmir. Onlar həyatdakı kimi, sənət yollarında da uğurla addımlayırlar.

Hər halda, muğam sənətinin bir Güllüsü olmalıydı. O da Güllü Muradovanın bəxtinə düşdü...

 

Fariz Çobanoğlu

 

Ədalət  2017.- 5 noyabr.- S.4.