MARAL
MƏŞƏDİLƏRİN HEKAYƏTİ, YAXUD
NATAŞANIN MƏHƏBBƏTİ
("Ə.Haqverdiyevin
obrazları" silsiləsindən)
Allahverdi Eminov
(əvvəli
ötən saylarımızda)
Ə.Haqverdiyev
özünə hesabat verən yazıçı idi və
özünü yaradıcılıq anlarında xoşbəxt
hiss edirdi, yəni psixoloji ovqatını nəzərdə
tuturdu. Əlbəttə, ruhdan düşmə,
narahatçılıq, yalqızlıq hissləri istisna
olunmurdu. Başlıcası: həyat və insanlar
haqqında mülahizələrində qalırdı, ali ədəbi düşüncələrini əsərlərində
əks etdirirdi. Amma obrazları onu
narahatçılığa gətirəndə əsəbləri
dözmürdü, yürütdüyü mühakimələrin
xalqa təsirini fikirləşirdi. "Şeyx Şəban",
"Mirzə Səfər", "Qoca tarzən",
"Ovçu Qasım" kimi hekayələrin obrazları
yazıçının obyektiv prinsipinin əsas aspektlərini
müəyyənləşdirirdi: həm həyatda, həm də
ədəbiyyatda insanın hüquqları, vəzifələri
təsdiqini tapmalıdır adi baxışdan və bu aspektdən
varlıqda baş verən hadisələri
işıqlandırmaq tələbidir; daha doğrusu, bədii
yaradıcılığın ideya-fəlsəfi əsasları
prinsipiydi. Hansı ki, Mirzə Cəlil bu "səddi"
keçmişdi. Ə.Haqverdiyev ədəbiyyatşünas
olduğundan, xüsusilə, yığcam hekayələrində
dərin mətləbləri həll etməklə nəsrin
poetikasının tələblərini gözləyirdi. Bədii strukturu nəzərdə tuturdu ki, müəllif
müdaxiləsinə - şərhinə üstünlük
verirdi. "Qiraət" hekayəsi haqqında qismən
danışdıq, onun qəhrəmanı Məşədi
Qulam sadə təbiətli obraz deyil və professor T.Mütəllimovun:
"Haqverdiyevin nəsrində Məşədi Qulam psixoloji dərinliyi
və komikliyilə bəlkə ən qüvvətli satirik
tipdir" - yazdığı obyektiv yanaşmadır.
Məşədi Qulam feodal mühitinin təzələndiyi
bir zamanın obrazıdır; bir dükançının
şəhərdə pis yaşamayan rus qadını ilə
eşq macərasını ifa etmək məharətini
görürük, əcnəbi qadınlar da sərvət, pul
qoparmaq niyyətini güdməzsə, ona yad kişilər sərf
etməz. Bu məsələdə Məşədi Qulam
üçün əxlaqi və hüquqi tənzimetmə
anlamı yoxdur, ailə-nikah qanunvericiliyi formaldır.
Nataşaların məşədilərdən zahiri həzz
almaları absurddursa, onlarla münasibətlər qurması - ali sosial əxlaqi sərvəti puldur, qiymətli
əşyalardır. Yazıçı sakit məcrada,
iqtisadi mühakimə yürütmədən fərdin -
Nataşanın (əcnəbi qadınların) əxlaqi
uyğunlaşmasını, onun əxlaqilik meyarını
göstərir. Məşədi Qulamın
davranışında cinsi fantaziyası ilə əxlaqilik dərəcəsi
bərabərləşir və ona qadın meyli həqiqi, real
keyfiyyətlərinə görə yox, sərvətinə,
puluna görədir. Məşədi Qulamların, eləcə
də tarixdən tanıdığımız milli
burjuaziyanın milyonçuları əcnəbi xanımlarla
oturub-durmağı fəzilət sayırdılar.
Məşədi Qulamın satirik hekayənin qəhrəmanı
olduğu istisna olunmur tərəfimizdən və sonra ibrətli
komik vəziyyətə düşür. Lakin bu
obrazı daha başqa aspektlərdə təhlil etməyə
ehtiyac vardır.
Ə.Haqverdiyev
süjet qurarkən səy edirdi ki, hadisələr
yazıçını həyəcanlandıran əxlaqi
problemi yetərincə aşkara çıxarsın, xarakterlərin
toqquşmasında özünü büruzə versin. Bədii ümumiləşdirmədə obrazların
fərdiliyi, təkrarsızlığı oxucunu yormasın, əyləndirsin,
əvvəlcə məntiqə varmadan gülsün, sonra kədərlənsin.
"Çeşmək" hekayəsində
fabula sadədir, ilk baxışda ciddi heç nə vəd
etmir. Məşhur advokat Mahmud bəy kefcil
adamdır və bütün şəhər adamları onun
nikbin lətifələrinə, lağlağına aludədir.
Bu mənada Mahmud bəyin mənzili dolu
olardı. Amma "iş vaxtında hər bir kənar
söhbəti atıb ciddi işlə məşğul
olardı". Bir sözlə, Mahmud bəy şəhərdə
qabil şəxsdi...
Oxucu əhvalatın məhz bu advokatla davam edəcəyini
gözləyir. Lakin hekayədə Mahmud bəyin səpdiyi
"toxum" çürümür, hətta Tiflisə,
Türküstana, Gəncəyə cücərə-cücərə
çıxır. Cəmiyyətdə məsləksiz,
sosial məqsədsiz, məzmunsuz həyata aşinaların
taleyini bir çeşmək həll edir.
Mirzə Əhməd Mahmud bəyin dostlarından
sayılır və bir gün qəzet oxumaq üçün
Mahmud bəygilə gəlir, bir-iki saat qəzet oxuyandan sonra
xudahafizləşib gedir. Mahmud bəy lağlağaçı,
şayiə buraxan olsa da, bu dəfə o, çeşməyi
masanın üstündə görməyib zənn edir ki,
Əhməd bəy çeşməyi səhvən
özü ilə aparıb, dərhal nökərini Əhməd
bəyin dalınca göndərir. Nökərin
gedişindən sonra çeşmək tapılır və əhvalatın
əxlaqi mahiyyəti - davranışın obyektivləşdirdiyi
münasibətlər müəllif ideyasını
açır. Yeni "aparıcı-icraçı"
personajlar hekayəyə daxil olur: Kosa Baxşalı, Nalbənd
Paşa, Səməd yüzbaşı, Karvansaraçı
Qurbanov, Dadaşın qardaşı Ələkbər.
Kiçik
bir haşiyə çıxaq: Yuxarıda
xatırlatdığım kimi, Z.Freydin nəzəriyyəsindən
- psixoanalizindən irəli gələrək elmdə belə
bir tapıntı mövcuddur ki, insanlar açar deşiyindən,
pərdə arxasından xəlvətcə tamaşa edəndə
ayrıca həzz alır və bundan xoşallanan həmin adam gördüyünü şayiə kimi ətrafına,
mühitə buraxır. Bu, "vuarizm"
adlanır. Vuarizmə görə, insan eyni
səhnəyə açıq-aşkar tamaşa edəndə
daha çox həzz alır. Şayiələri
dinləmək, qulaq asmaq geniş əks-səda verir, barəsindəki
geniş yayılan şayiə əsəbləri oynadır,
tarıma çəkir.
Mahmud bəyin
buraxdığı şayiə sürətlə
yayılır və hədəfi bir adamdır: Əhməd bəy!
Birinci
şayiə: "Qulu, mən ölüm, Əhməd bəyin
qapısından keçəndə onun darvazasını
taqqıldat! Deginən mənim çeşməyimi
səhvən aparıb. Onu göndərsin".
Bu,
Əhməd bəyin xətrinə dəyir və gəlir Mahmud
bəyin evinə: "Sabah gedirəm vağzala, oradan da oyana
gedirəm. Hər nə bilirsən bundan sonra elə".
- Bu, Mahmud bəyin şakəri üçün kifayət
etdi.
İkinci
şayiə: Kosa Baxşalı Əhməd bəylə
rastlaşır və sifarişi çatdırır:
"Heç, elə budur, mənə bir kağız
yazıbdır ki, guya siz onun çeşməyini
aparıbsınız. Yazır ki, sənin
dükanının qabağından ötəcək, əlbəttə,
mənim çeşməyimi ondan alıb göndərərsən".
Üçüncü
şayiə: Nalbənd Paşa Əhməd bəylə
qarşılaşır: "Bağışlayın, siz
Əhməd bəy deyilmisiniz?
- Mənəm,
necə?
- Mahmud bəy
kağız yazıb, onun səndə çeşməyi var,
zəhmət olmasa ver, gedən adam var,
göndərim".
Dördüncü
şayiə: Karvansaraçı Qurbanov vağzalda Əhməd
bəylə görüşür, salamlaşır və
Mahmud bəyin çeşməyini istəyir.
Beşinci
şayiə: Açıqkəndli Səməd
yüzbaşı gecə ikən Əhməd bəyin
başqa yerdə qapısını döyür,
açırlar:
"- Əhməd bəy buraya düşüb?
- Bəli.
- Ona deyin
ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan poçta salıb göndərim.
Əhməd bəy dəli kimi yerindən qalxır".
Bu, onun əsəb xəstəliyinə gedən əyani
vəziyyətidir.
Altıncı
şayiə: Sövdagər Məşədi Dadaşın
qardaşı Ələkbər qış gecələrinin
birində soyuqdan titrəyə-titrəyə Əhməd bəyə
sifarişi çatdırmaq istəyir:
"- Çe..., Çe..., çeşmək!"
Bu keyfiyyət Əhməd bəyin bilmərrə halətindən
çıxardır və otaqda başlayır əsəbi
halda gəzişməyə, öz-özünə deyinməyə.
Bu, onun dəliliyə növbəti addımıdır.
Ə.Haqverdiyevin özü danışmır, hərəkətdə
olanlar Mahmud bəyin nüfuzunu qəbul edib həqiqət kimi
qəbul edilən şayiəni - çeşmək məsələsini
ciddiləşdirirlər.
Personajlardan gələn təhkiyə üsulu
yazıçının gülüş hədəfinə
çevirdiyi Əhməd bəyin də, Mahmud bəyin də
amalını, dünyagörüşünü təyin edir. Müəllif
müdaxilə etmir, təsvir etdiyi hadisələrin dərkini
istəyir - məşhur advokat, hansı ki, insanların taleyinə
bir növ cavabdehlik daşıyır - bir insanı şayiəyə
büküb ləzzət alır. Çeşməyi
bədii fakt kimi götürən yazıçı ondan bədii
taxt kimi də istifadə edir, əhvalatların,
görüşlərin dəqiq duyumunu yaradır. Müəllif müdaxiləsi - təhkiyəsi olsa
idi bəlkə də hekayənin bədii
bütövlüyü pozulardı, oxucunu yorardı.
Ə.Haqverdiyev zavallı Əhməd bəyin
yaşamasını artıq hesab edir, hərçənd,
Mahmud bəyin - aşinasının əlində
giriftardır, başını götürüb uzaqlara
aparırsa da.
Ona sakit, səssiz ölümü rəva görür: xeyli
müddət evində "dustaq olur, heç yana
çıxmır, hətta şəhərdə başqa bir
şayiə gəzib-dolaşır ki, Əhməd bəyin
başına hava gəlib. Çox keçmir,
Əhməd bəy vəfat edir. Ən
çox ağlayan isə Mahmud ağa idi. Dostunun
dəfni üçün hətta yüz manat pul da verir.
Sual
fikrimdən keçdi: Ağır itkinin baiskarı olduğunu
anlayan advokat Mahmud bəy haqqında cəza tədbiri görmək
mümkünmü? Mümkün! Belə təqdirdə
başqa bir advokat Mahmud bəyi müdafiə edərmi?
Ə.Haqverdiyev qəhrəmanlarının həyatda mənasız yaşamalarından əzab çəkirdi; onlar kəndbəkənd, şəhərbəşəhər, məhəllə-məhəllə çoxalırlar. Onlar özlərini qəribə, əcaib, başı havalı kimi aparırlar. Belələri "dəli oynatmaqdan" zövq alırlar: "Məşğuliyyətlərin ən birincisi dəli oynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi olsun ki, onu oynatmaqla camaat vaxtını keçirsin" - bu müəllif "şərhi"ni "Uca dağ başında" hekayəsindən götürmüşük. Yazıçı bu ideya-niyyətinin təcəssümü üçün bədii vasitə tapmışdı, amma bəzi hekayələrində olduğu lokal məişət səhnəsi deyildi. Bədii təsvir istirahət istəyən şəhər əhalisinin əyləncə obyekti tapması idi.
Ə.Haqverdiyev təsvir məkanını təsadüfən mənzərəli, səfalı yerdə seçməmişdir. Belə guşələrdə yaşayanlar bədəncə də, ruhca da, xasiyyətcə də sağlam olurlar. Çün, təbiət o adamların başını yaxşı şeylər üçün qarışdırır: "Uca dağ başında, mədəniyyət məkrəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər... Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məşum uşaq qəlbi kimi pak..." Lakin bu şəhər necə ki, payızlaşdı, bar-bəhrə - məhsul sovruldu, qaynar həyat tükənir, camaat bikarlaşır və özlərinə məşğuliyyət axtarıb tapırlar. Bəs bu məşğuliyyətin adı və özü nədir: dəli oynatmaq. Və ilk qurbanı - divanəni tovlayıb şəhərə gətirirlər. Həmən divanəyə deyirlər: "İndi get özünə çörək tap!"
Bəlli olur ki, şəhərin dəlilərinin hamısının tərcümeyi-halı, tarixi, dəliliyinin vəziyyəti, hansı sözdən köklənib türd, təlx olmaları tamam əhaliyə məlumdur". Və Ə.Haqverdiyev içərisində heyfsilənərək, millətinin sırasında belə məşğuliyyətdən feyziyab olan və uşaqları bu işə qoşan soydaşlarını oxuculara təqdim edir. Sual edirəm: camaatdan marallar hansılardır - ağıllı dəlilərdir, yoxsu bu dəlilərdən zövq alanlardır, bunu özlərinə əyləncə seçənlərdir?
Ə.Haqverdiyev istəmir sağlamları dəli
kimi təsvir etsin, ifşaya tuş gətirsin.
Yazıçı gülüşü "dəlilərini"
yaxınına buraxmır, daxilindən püskürən
etiraz ifşa ruhunu sakitləşdirir, onlar məhəbbət
ideyasının təsirinə düşür. Yazıçı bu hekayəsini qələmə
alanda da həyata baxışlarını yoxlamaq istəyirdi,
yaradıcılıq əzabını personajlarla
paylaşırdı. O, faciəli bir həyatın fəlsəfəsini
təsvir etdiyini başa düşürdü. Onu da unutmurdu
ki, dəli oynatmaq ayrı-ayrı adamların xarakterinə
düşməmişdir, bütün şəhər əhalisi
bu mənəvi-sosial ağrıya yoluxmuşdur. Və ilk
qurbanları dəllək - Hacı kişi olur. Bu adam
xeyirxahdı: qan alır, həcəmət qoyur, diş çəkir,
zəli salır - o dövrün müalicə üsulları
bunlardı. Hacı kişi az-maz rusca da danışardı.
Onun sadəlövhlüyü kifayət edir ki, "dəlilik
statusuna" nail olsun.
(ardı gələn
sayımızda)
Ədalət.-2017.-8 noyabr.-S.7.