Elə bil, qəlbini görürəm sənin...

 

Yəhya

Paşazadə

 

Tikan

 

Bu yerlər, elə bil, tikan bitirir,

yaman çoxalıb, artır bu tikan...

Sənin əllərinə deyil, ay oğul,

Mənim ürəyimə batır bu tikan.

 

Qalmışam dərdlərin dənizlərində,

Xəyalım qırılmış sükan kimidir.

Tənəli baxış da, acı bir söz

Hər an mənim üçün tikan kimidir...

 

Heç kəs ayranına turş deməz, atam,

Yaxşını, yamanı vaxt özü seçir.

Həyatda tək elə qanqalın deyil,

Güllərin ömrü tikandan keçir.

 

Titrəyir, deyəsən, dövran yenə ,

Duyuram zamanın təkanlarını.

Elə dincələrəm, çıxara bilsən,

Qəlbimdən sözlərin tikanlarını.

Boğulur beşiyində

 

Əcəl vaxtsız-vədəsiz,

Hər addımda can alar.

Bu torpaqda, elə bil,

Ölüm doğur analar...

 

Göz yaşıyla yuyulan,

Küçələr qan qoxuyur.

Fəlakətin kabusu,

Hər an meydan oxuyur.

Döngəsi xəyanətdən,

Yolu ölümdən keçir.

Bağdadın ağrıları

 

Dərdli könlümdən keçir...

 

Ruhu fəryad eləyir,

Haqq itir zaman ki...

Diksinir məzarından

Babam Füzuli, sanki...

 

Babillilər əsirdir,

Evində, eşiyində.

Qədim bir mədəniyyət

Boğulur beşiyində...

 

Əcəl vaxtsız-vədəsiz

Hər addımda can alar.

Bu torpaqda ,elə bil,

Ölüm doğur analar.

 

Gərək elə unudum...

 

Gərək unudum səni,

Çeşid-çeşid,növbənöv,

Döngə-döngə,evbəev.

Küçə-küçə unudum...

Cığır-cığır, yolbayol,

Dalan-dalan unudum...

Verdiyin vədələri

Sanıb yalan unudum.

Kəlmə-kəlmə,sözbəsöz

Dayansaq da üzbəüz,

Tamam unudum səni.

Tez yadımdan çıxarım,

Hərf-hərf,səsbəsəs

Öz adımdan çıxarım.

Yaddaşımdan biryolluq

Silim qoşa izləri.

Ayrılıqdan,həsrətdən,

Nigaran məhəbbətdən

Qəlbimi təmizləyim...

Səni elə unudum,

Elə unudum ki,mən,

Bir daha bu həyatda

Adımı tutmayasan.

Səni unutduğumu

Heç vaxt unutmayasan...

Tikanlı gül

 

Çox tez seçilirsən güllər içində,

Sən necə parlaqsan, canlı gülsən!..

Ətrini çəksəm ciyərlərimə,

Toxuna bilmirəm, tikanlı gülsən.

 

İstərəm, bağrıma basım mən səni,

Gözləyim sinəmin qanı çıxınca.

Kollarla qarışıq sıxım köküsümə,

Saxlayım hicranın canı çıxınca...

 

Bir addım yaxına getmək olmayır,

Tikanla çəkilib, tamam yanların.

Təki əzizləyib oxşayım səni,

Batsın əllərimə qoy tikanların...

 

Elə incimişəm...

 

Elə incimişəm ki,

Cismim donubdur tamam,

İçindən canım çıxmaz.

Barmağımı kəssələr,

Yerindən qanım çıxmaz...

Elə incimişəm ki,

Lal olub baxışlarım,

Sözümə baxa bilmir.

Ruhum elə yıxılıb,

Bir daha qalxa bilmir.

Elə incimişəm ki,

Desəm, heç kim inciməz.

Ömrüm boyu tikanlı

Dillərdən incimişəm.

Əzab yüklü aylardan.

İllərdən incimişəm.

İncimişəm ünvansız

Əsən yeldən, küləkdən,

Gözlərimin önündə

Vaxtsız açan çiçəkdən...

Tökülən yarpaqdan da,

Quruyan bulaqdan da.

Cığırları bağlayan,

Kollardan incimişəm.

Məni yada salmayan

Yollardan incimişəm.

Həyatda hədər keçən

Gecədən, gündüzdən ,

Ləpələri sahilə,

Yalvaran dənizdən

Elə incimişəm ki!..

 

Özündən razı...

 

Qəlblərə ayrılıq yarası salar,

Hər dəfə araya Arazı salar...

Hamını özündən narazı salar,

Özündən həmişə razı adamlar.

 

Yalanın üstündən tərif yayırlar,

Səhv edir, ən doğru addım sayırlar.

Burnunun ucunda addımlayırlar,

Özündən həmişə razı adamlar.

 

Quruda qalmaqçin yaşdan keçərlər,

Bir anda torpaqdan, daşdan keçərlər.

Başda durmaq üçün başdan keçərlər,

Özündən həmişə razı adamlar.

 

Qırpmazlar nahaqqa gözlərini ,

Danarlar bir anda sözlərini .

Çox vaxt bəyənmirlər özlərini

Özündən həmişə razı adamlar.

 

Dalğalar

 

Kükrəyib göylərə qatır dənizi,

Alıb arxasınca dartır dənizi.

Haraya gəlirsə, atır dənizi,

Bütün sərhədləri pozur dalğalar.

 

Ləpələr köksünü çəkir dərindən,

Damcılar dağılır pətəklərindən.

Küləklər tutduqca ətəklərdən

Fikrini yüz yerə yozur dalğalar.

 

Ünvanı həsrətdən heç ayrı deyil,

Tələsir sahilə, yol yarı deyil.

Bir anda, elə bil,suları deyil,

Zamanı daşdırır bu zor dalğalar...

 

 

Səni düşünürəm

 

Şəhərli balası, sən ay eloğlu,

İllərlə sahillər qoynunda gəzdin.

Böyüdün dənizdə, çapdın dalğanı,

Dəvə qayaların boynunda gəzdin...

 

Coşdu duyğuların ləpələr kimi,

Bir ümman çağladı mahiyyətində.

Döndü qağayıya düşüncələrin,

Küləklər kükrədi xasiyyətində.

 

Elə bil, qəlbini görürəm sənin,

Hər dəfə dənizi təmiz görəndə.

Enirəm xatirə sahillərinə,

Səni düşünürəm dəniz görəndə...

 

 

Adam kölgəsi

 

Gəzib dolaşırsan nə vaxtdan bəri,

Sükuttək nə səsin, nə səmirin var.

Kim verib bu qədər ixtiyar sənə,

bir sərəncəmın, nə əmirin var.

Nəyin kölgəsisən, bilmirəm nəyin,

Adi bir kolunmu, bir ağacınmı?

Yoxsa ki, bir parça daşın, kəsəyin,

Xallı göbələyin, balığın, bəlkə,

Dönüb kölgəsinə varlığın bəlkə..?

İtir cığırlrada hər addım, ləpir,

Döyünmür, elə bil, qəlbin, nəbzin də.

Xəzəl xışıldayır, sankı, izində...

Xəyalın qaranlıq içindən baxır,

Yağış da islatmır, gün də yandırmır,

Külək də aparmır, kölgəsən ,axı...

Bəxtinə hər dəfə işıq düşsə də,

Yenə sayılırsan dərdin köləsi.

Nahaqdan can atma kölgə salmağa,

Sənin kölgən olmaz, adam kölgəsi!..

 

 

Ədalət  2017.- 8 noyabr.- S.6.