Üçrəngli göy
qurşağı
Ramiz Göyüşov
Tarixin müxtəlif dönəmlərində Azərbaycanda mövcud olmuş dövlətlərin əsas dövlət rəmzlərindən biri də bayraq olmuşdur.
Qüdrətli Azərbaycan Səfəvilər dövləti süqut etdikdən sonra Azərbaycanda Afşar, Qacar imperiyalarının, onlardan sonrakı dövrdə mövcud olmuş xanlıqların da bayraqları olmuş, onların təsvirləri bu günümüzə qədər gəlib çıxmış, həmin təsvirlərdən hazırlanmış reproduksiyalar Dövlət Bayrağı Muzeyində saxlanılır.
Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən Rusiya-İran müharibələrindən sonra iki yerə parçalanan istər Şimali, istərsə də Cənubi Azərbaycanın dövlət atributları, o cümlədən, bayrağı olmamışdır.
Azərbaycanda dövlətçilik ənənələrinin bərpası, müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar olmuşdur. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra onun əsas dövlət atributlarından, simvollarından biri olan bayrağın necə olması mühüm əhəmiyyət kəsb edirdi.
Azərbaycan Cümhuriyyəti ilk dəfə müstəqilliyini elan etdikdən sonra bayraq haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilmişdi. Həmin qərarda Azərbaycanın ilk dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdir. O zaman Əhməd Cavad bu bayrağı belə tərənnüm edirdi:
Gül rəngində bir yarpağın,
Ortasında
bir hilal,
Ey al
bayraq, sənin rəngin
Söylə neyçün böylə al?!
Ey sevimli
bayrağımın
O
dalğalı duruşu:
Sandım
salam rəsmi sənə
Buludların
yürüşü!
Hakim olub
bir torpağa,
Ona etmək böylə naz?
Səndən
başqa bir gözələ,
Söylə, neyçün yaramaz?
Bu sətirlər Əhməd Cavadın Cümhuriyyətə,
onun atributlarına, xüsusilə bayrağa ilahi bir sevgisindən
irəli gəlirdi.
Məncə, bu şeir ümumiyyətlə Azərbaycan
bayrağına yazılmış ilk şeirdir.
Böyük
xeyriyyəçi, maarifpərvər ziyalı, Bakı
milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyə
yardımı, Azərbaycanın ictimai fikrinin ən görkəmli
şəxsiyyətlərindən biri Əli bəy
Hüseynzadənin redaktorluğu ilə 1906-cı il
noyabrın 1-də ilk nömrəsi işıq üzü
görən, səhifələrində Azərbaycanın Məhəmməd
Hadi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla
Şaiq kimi görkəmli nümayəndələrinin
yazıları dərc edilən "Füyuzat"
jurnalının və füyuzatçıların Azərbaycanın
üçrəngli, ay-ulduzlu bayrağının dövlət
bayrağı kimi qəbul edilməsində müstəsna xidmətləri
olmuşdur.
Əli bəy
Hüseynzadə "Füyuzat" jurnalında dərc etdiyi
məqalələrinin birində yazırdı: "Bizə fədai
lazımdır! Türk hissiyyatlı, islam
etiqadlı, Avropa qiyafəli fədai". Sonradan bu fikir
təkmilləşdirilərək, aşağıdakı ifadə
formasını aldı: "Türkləşmək,
islamlaşmaq, müasirləşmək".
Əli bəy Hüseynzadənin bu ideyası Cümhuriyyəti
quranların timsalında öz hərarətli tərəfdarlarını
tapdı və Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət
bayrağında Azərbaycan vətəndaşının
ideya-mənəvi dəyəri kimi simvollaşdı. 1918-ci il
noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin
hökumət başçısı Fətəli xan Xoyskinin
məruzəsi əsasında Azərbaycanın üçrəngli,
ay-ulduzlu bayrağı dövlət bayrağı kimi təsdiq
edildi və 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq
Cümhuriyyətinin Parlamentinin açılışı
zamanı binanın üzərində dalğalanmağa
başladı. Elə o vaxtdan da
"üçrəngli göy qurşağımız"
şeirimizin mövzusuna, şairlərimizin ilham mənbəyinə
çevrildi.
İstiqlal şairimiz Əhməd Cavadın
yaradıcılığına nəzər salarkən dərhal
aydın olur ki, bayraq mövzusu, bayraqlarımızın rəngləri,
ulduz və aypara onun yaradıcılığının ana xəttini
təşkil edir.
İndi
bütün xalqımızın hər bir vətəndaşının
- qocasının, gəncinin, aliminin, fəhləsinin, məktəblisinin
hər gün sevə-sevə oxuduğu Azərbaycanın
dövlət himninin sözlərində bayraq mübtəda
kimi səslənir, şeirdə əsas cümlə
üzvü kimi yer alır:
Namusunu
hifz etməyə,
Bayrağını
yüksəltməyə,
Cümlə gənclər müştaqdır.
Əhməd
Cavad içindən, damarından, qanından, nəfəsindən
gələn bayrağa məhəbbət hisslərini
aşağıdakı nümunələrdə görün
necə təsvir edir:
İncilər
tök gəl yoluna,
Sırmalar
düz sağ-soluna,
Fırtınalar
dursun yana,
Salam türkün bayrağına.
və
ya:
Köksümdə
tufanlar gəldim irəli,
Öpüm
kölgən düşən mübarək yeri,
Allahın
yıldızı o gözəl pəri,
Sığınmış
qoynunda Aya, bayrağım!
Bayrağımız
poeziyamızda özünün ən gözəl təcəssümünü
növbəti dəfə böyük Azərbaycan dramaturqu,
görkəmli ədəbiyyat adamı Cəfər
Cabbarlının "Azərbaycan bayrağı"
şeirində tapıb:
Mələklərin qanadımı üzərimə
kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun
yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl
otlar topasımı?
Xayır,
xayır! Çiçək solur, otlar yerdə tapdanır.
...Fəqət
bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan,
hilaldan da yüksəklərdə fırlanıyor...
Gövdəsində
ay əyilib bir gözəli qucmaqda,
Qucuşaraq sevdiyiylə yüksəklərə
uçmaqda.
Şu görünüş bir ananın şəfqətinə
oxşayor.
Düşündükcə zövqlərimi,
vicdanımı oxşayor.
Şeiri oxuduqca şairin bayrağa olan məhəbbətinə,
sevgisinə heyrət edirsən. Sanki şair sözlə
bayrağımızın şəklini çəkir, oxucunu
düşünməyə, fikrə dalmağa məcbur edir, xəyal
səni uzaqlara aparır. Sanki müəllif
bayrağa aid söz qoşmayıb, süjet yaradıb, bir film
çəkib.
Şairin poetik dühası qarşısında heyrətə
gəlirsən. Belə bir şeir bayrağa, həm də
təkcə bayrağa yox, Azərbaycana, onun dövlətinə,
xalqına, dilinə, adət-ənənəsinə sonsuz məhəbbətdən
yaranıb.
Lakin min təəssüf
ki, 1920-ci il aprelin 28-də Azərbaycan
Kommunistlər tərəfindən işğal edildi və Azərbaycan
Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanın
üçrəngli bayrağı da o zamandan yasaq edildi.
Zaman keçdi... Xalq onu ən qiymətli bir nemət
kimi qəlbinin ən dərin guşələrində əzizlədi,
saxladı. O zaman bayrağımız təkcə qəlblərdə
yaşamadı, həm də şeirlərimizdə,
bayatılarımızda, mahnılarımızda yaşadı.
Azərbaycanımızın
böyük sənətkarı, təkrarsız səs və
ifa tərzinə malik, musiqimizi, mədəniyyətimizi
bütün dünyada təbliğ edən, həm şeir
yazan, həm də musiqi bəstələyən, indi xatirələrə
dönmüş Xan Şuşinskinin (İsfəndiyar Aslan
oğlu Cavanşirov) məşhur "Şuşanın
dağları" mahnısı (sözləri də, musiqisi
də onundur) bu qəbildən olan nəğmələrdəndir.
Qırmızı Sovet İmperiyası
dövründə xalqların milli-mənəvi dəyərlərini,
milli dövlətçilik tarixini məhv etməyə yönəlmiş
siyasət xalqa sırınanda Xan Şuşinski dövlətçilik
rəmzlərimizi mahnıda və şeirdə vəsf etdi.
Şuşanın
dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı.
Xan necə məharət və ustalıqla Azərbaycanın
üçrəngli milli sancağını Şuşanın
dağları ilə, Şuşalı bir gözəlin
timsalında vəsf etmişdir. Başı dumanlı
dedikdə Xan bayrağımızın mavi rənginə,
qırmızı qoftalı dedikdə qırmızı rənginə,
yaşıl tumanlı dedikdə yaşıl rənginə
işarə vururdu. Bəlkə də mahnının
ikinci misrasındakı qaş-göz işarəsi ayparaya və
ulduza, tel isə onun gözəlliyinə işarə idi:
Ay
qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm
dərdindən onu bil,
Bir
danışmasanda, barı gül.
Hətta bir zamanlar Xan Şuşinskini bu mahnının
sözlərinə görə təqib də etmişdilər
və Xan məcbur olub mahnının mətnində
"Şuşanın dağları deyil dumanlı" əvəzlənməsini
də etməyə məcbur olmuşdu.
Ötən
əsrin əvvəllərindən sonunadək əlifbası
kimi, bayrağı da dörd dəfə dəyişdirilən
Azərbaycan nəhayət 1991-ci il
noyabrın 18-də öz müstəqilliyininin bərpasını
bəyan etdi və ikinci dəfə öz sevimli, üçrəngli
bayrağına qovuşdu.
Həmin
tarixdə o zamankı Azərbaycan Parlamenti tərəfindən
qəbul edilən, Azərbaycanın Dövlət Müstəqilliyi
haqqında Konstitutsiya Aktında 1918-1920-ci illərdə
dövlət rəmzi kimi təsdiq edilmiş üçrəngli
bayrağımız yenidən dövlət bayrağı kimi
qəbul edildi və 1995-ci ildə Ümumxalq səsverməsi
- Referendum ilə qəbul edilmiş Azərbaycan
Konstitusiyasında öz təsdiqini əbədi olaraq
tapdı.
Lakin bu
tarixə hələ bir illik zaman kəsiyi qalmış bir
vaxtda, Qırmızı İmperiyanın qırmızı
şalvar vaxtında, xalqların milli azadlıq hərəkatlarının
qanla boğulduğu bir dönəmdə xalqımızın
böyük oğlu, misilsiz dövlət xadimi və xalq
adamı, Ümummilli liderimiz bir zamanlar xalqın mütərəqqi
ziyalılarının arzu və istəyindən doğan,
sonradan yasaq edilmiş üçrəngli
bayrağımızın yenidən dövlət rəmzi kimi
qəbul edilməsində misilsiz xidmət göstərdi.
1990-cı il noyabrın 17-də Ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisində, Heydər
Əliyevin sədrliyi ilə keçirilən sessiyada
üçrəngli, ay-ulduzlu bayrağımız
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi təsdiq edilmiş və Azərbaycan
Respublikasının Ali Məclisinə həmin bayrağın
dövlət bayrağı kimi qəbul edilməsi tövsiyə
edilmişdi.
Azərbaycan bayrağı haqqında daha bir yaddaqalan əsəri
Xalq şairi Bəxtiyar Vahabzadə yaratmışdır.
Bir
zamanlar Azərbaycanımızın ikiyə bölünməsini
yana-yana poeziyamıza gətirən, elə bu poema ilə Sovet
İmperiyasının güdükçülərinin sinəsinə
dağ basan, dastan olub dillərdə gəzən
"Gülüstan" poemasını Bəxtiyar Vahabzadə
necə yaratmışdırsa, Azərbaycan bayrağına həsr
etdiyi şeiri də elə sənətkar qüdrəti ilə
qələmə almışdır:
Üçrəngli
bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər
güllərini dövri-qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
...Daim
ucalasan! Savaş günündə,
Əsgər silahıyla səni tən görüm.
Yalnız
zəfər çalmış şəhid önündə,
Səni alqış üçün əyilən
görüm.
Son zamanlar bayrağımıza həsr edilmiş, ən
çox populyarlıq qazanan şeirlərdən biri Ramiz
Qusarçaylının "Azərbaycanın
bayrağı" şeiridir.
Çağdaş Azərbaycan poeziyasının
ünlü nümayəndələrindən biri, müxtəlif
mövzularda insanı düşünməyə vadar edən,
dərin məna yüklü şeirlər yaradan Ramiz
Qusarçaylının bayrağımızın məna və
məzmununu açmağa, onu vəsf etməyə qüdrəti
çatıb.
Özü də necə:
Şənini
vəsf eləməyə yetər, qüdrətim yetər,
Ulduzunu,
ayını göydə mələklər ötər,
Hər rəngində
"ya qazi, ya şəhid" bir mən bitər,
Sən ey
İstiqlalımın əbədiyyət sancağı, -
Azərbaycan
bayrağı! Azərbaycan bayrağı!
Sənsən
Azadlıq eşqim, sənsən Hürr,-
deyəcəyəm,
Ən son
nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada
sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm
gözümə kölgən düşən torpağı
Azərbaycan
bayrağı! Azərbaycan bayrağı!
Qeyd etmək
yerinə düşər ki, gənc nəsilə (elə
yaşlı nəsilə də) bayraq sevgisinin
aşılanmasında dövlətə və onun
simvollarına məhəbbət və sevgi hisslərinin
formalaşmasında, belə möhtəşəm əsərlərin
yazılması ilə yanaşı, onların geniş əhali
kütləsinə çatdırılmasında incəsənət
ustalarının, bədii qiraətçilərin, həm də
məktəblərin, eləcə də sosial şəbəkələrin
rolu xüsusi əhəmiyyət kəsb edir.
Mənim fikrimcə, Azərbaycan bayrağına həsr
olunmuş, onu tərənnüm edən sonuncu maraqlı və
məzmunlu şeir Dayandur Sevginin "Azərbaycan
bayrağı" şeiridir.
Müasir
Azərbaycan oxucusuna (xüsusilə indiki oxucu
qıtlığı şəraitində) az
tanış olan, lakin ədəbi ictimaiyyətin yaxşı
tanıdığı, səmimi və bir az da kövrək
olan şeirləri ilə müasir tələbkar poeziya izləyicilərinin
rəğbətini qazanmış Dayandur Sevginin bayraq sevgisi
öz möhtəşəmliyi ilə sələflərinin ənənəsini
təkrar etməklə, həm də bütünlüklə
orijinaldır. Bayrağa həsr olunmuş şeirlər
içərisində Azərbaycan poeziyasının bu yazıda
adı çəkilən beş nümayəndəsinin
bayrağa həsr olunmuş şeirlərini xüsusi qeyd etməklə,
onların sırasında Dayandur Sevginin də yerini məmnuniyyətlə
qeyd edirəm.
Əslində bütün rənglərinin mənası
ölkənin hər bir vətəndaşına kifayət qədər
məlum olan, nəhəng ədəbiyyat adamlarının
adlarını qeyd etdiyim nümayəndələri fonunda yeni
nə söz demək olardı deyə düşünürsən. Dayandur Sevgin
bayrağı necə vəsf etməliydi ki, o, Əhməd
Cavad, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə səviyyəsinə
yüksələ bilsin.
Ancaq Dayandur Sevgin bunu bacardı. Özü də necə:
Tanrıdan
səda gələ, yazdığın haqqa yaza,
Mələklər
səcdə edə, bu aya, bu ulduza,
İgid
oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın
zərif çiyninə, versin nişan
bayrağı.
Üçrəngli
göy qurşağı, Azərbaycan bayrağı!
Könlümdə
göyərəni Qarabağda bitirsin,
Dalğalansın,
arzumu Savalana yetirsin,
Ucaldıqca
ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan
bayrağı.
Üçrəngli
göy qurşağı, Azərbaycan bayrağı!
Gözəldi
qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə
bilinər dadı-duzu Vətənin,
Uğrunda
şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək
qurban, qorusun can bayrağı.
Üçrəngli
göy qurşağı, Azərbaycan bayrağı!
Bu yazıda şeirlərindən nümunə gətirilən
şairlərin hamısı bayrağımızın rənglərini,
aypara və ulduzunu öz əsərlərində tərənnüm
etmişlər. Bu da təsadüfi deyil. Çünki həm rənglər, həm də
aypara və ulduz mənalar daşıyır.
Bayrağımızda rənglərin
düzülüşü, onların mənası, aypara və
səkkizguşəli ulduzun izahı kifayət qədər
şərh edilmişdir.
Aypara və səkkizguşəli ulduzun bayrağımızda
yer almasının mənası daha dərindir.
Ümumiyyətlə, insanlar yarandığı gündən
göy cisimlərini müqəddəsləşdirmişlər,
ətraf mühitdə baş verən hadisələri Günəşin,
Ayın, ulduzların düzülüşü ilə müəyyənləşdirmişlər.
Ona görə də Günəş də, Ay da, ulduzlar
da insanlar üçün müqəddəsləşib, mifləşib. Bu səbəbdən
onlar Ayı, Günəşi, ulduzu öz yazılarında,
daş kitabələrdə, abidələrdə, qəbir
daşlarında, pul kisələrində və nəhayət
bayraqlarında əks etdirmişlər. Bu
baxımdan Azərbaycanda mövcud olmuş müxtəlif
dövlətlərin bayraqlarında Ay, ulduz və Günəşə
rast gəlinir. Dünyanın ən qədim
yaşayış məskənlərindən olan Qobustan
qayalarının qayaüstü rəsmlərindən
insanların, heyvanların, müxtəlif ayinlərin rəsmləri
ilə yanaşı, Ay və səkkizguşəli ulduz rəsmlərinə
də rast gəlinir.
Ümumiyyətlə, aypara və səkkizguşəli
ulduzun abidələrdə və pul sikkələrində təsviri
antik dövrə gedib çıxır.
Maraqlıdır ki, xristianlarda aypara həm də Müqəddəs
Məryəmin simvolu kimi qəbul olunur.
Türklərdə ayparanın simvollaşması
Osmanlı İmperiyasının banisi Osman Qazinin yuxusu və qələbəsi
ilə bağlıdır.
Aypara və səkkizguşəli ulduzun İslamdan
çox qədimlərə getməsinə baxmayaraq, indi bu
simvolları daha çox İslamla bağlayırlar.
Ayparanın İslamda müqəddəsləşməsi
Məhəmməd Peyğəmbər tərəfindən edilən
"Şəqqül-Qəmər" möcüzəsi ilə
bağlıdır. Aya baxanda salavat çevrilməsi Peyğəmbərin
ruhunu şad etmək və onun çöhrəsini gözəllik
simvolu kimi bədirlənmiş Aya bənzətməklə
bağlıdır.
Deyilənlərdən belə nəticəyə gəlmək
olur ki, bayrağımızdakı Ay və səkkizguşəli
ulduz təsvirləri türkçülük və
islamçılıqla əlaqədardır və bu simvollar
bir də bayrağımızla birlikdə bir daha müqəddəsləşmişdir.
Bizim
müstəqilliyimizin cəmi 26 yaşı var. Üçrəngli
bayrağımızın 100 yaşı isə gələn il tamam olacaq. Əslində tarix
üçün o qədər də çox olmayan bu zaman kəsiyində
100 il bayraq ömrü üçün
sanballı bir ömürdür.
Müstəqil Azərbaycanımızın üçrəngli,
ay-ulduzlu bayrağının keşməkeşli tarixinin
bugünkü möhtəşəm səhifəsini
Prezidentimiz İlham Əliyev yazır. Ulu Öndərimizin 2003-cü ildə
dahiyanə, uzaqgörənliklə söylədiyi
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm" fikirlərini
15-ci ildir ki, Prezidentimiz öz əməli fəaliyyəti və
qələbələri ilə əyani şəkildə
nümayiş etdirir. Hər sahədə
olduğu kimi, dövlətçilik sahəsində də,
dövlət rəmzlərimizə, bayrağımıza
münasibətdə də.
2004-cü
il 8 iyun tarixdə "Azərbaycan Respublikası Dövlət
Bayrağından istifadə qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanununun qəbul olunması, "Bakı
şəhərində Dövlət Bayrağı
Meydanının salınması haqqında" 2007-ci il 17
noyabr tarixdə Sərəncam imzalanması, 2007-ci il
dekabrın 30-u Bakının Bayıl qəsəbəsində
Dövlət Bayrağı Meydanının təməlinin
qoyulması, 2009-cu il noyabrın 17-sində "Azərbaycan
Respublikasının Dövlət Bayrağı
Gününün təsis edilməsi haqqında" Sərəncamın
hazırlanması və 9 noyabrın "Dövlət
Bayrağı Günü" kimi qeyd edilməsi, 2010-cu il
sentyabrın 1-də Dövlət Bayrağı
Meydanının təntənəli
açılışı və nəhayət, 2010-cu il
noyabrın 9-da Dövlət Bayrağı Muzeyinin
yaradılması deyilənlərin əyani sübutudur.
Bu gün ölkəmizin elə bir bölgəsi, rayonu
yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə
və vüqarla dalğalanmasın.
Ulu
Öndərimiz Heydər Əliyev deyirdi: "Azərbaycanın
dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir." Bayrağımızın
vüqarla dalğalanması Ümummilli liderimizin bu kəlamlarının
göstəricisidir.
Prezidentimiz
İlham Əliyev deyir: "Azərbaycan tarixin müxtəlif
dönəmlərində heç zaman indiki kimi qüdrətli
və güclü olmamışdır".
Azərbaycan güclü olduqca, onun dövlət
bayrağı daha möhkəm dayaqlar üzərində
dayanaraq, daha yüksəklərə, Aya, ulduza, Günəşə
yüksələcəkdir.
Onu Azərbaycan Prezidenti İlham Əliyev daha yüksəklərə
qaldıracaqdır.
Necə
ki, dünyada ən böyük bayrağı ən yüksək
dayaq üzərinə qaldıraraq, Ginnesin Rekordlar Kitabına
yeni səhifə yazdı!
Necə
ki, bu gün Azərbaycan Avropanın yeni nəqliyyat və enerji
xəritəsini cızır!
Necə ki, Azərbaycan bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının binası üzərində, dünyanın 150-dək çox ölkəsindəki Azərbaycan səfirliklərinin və nümayəndəliklərinin binası üzərində qürurla dalğalanır, idmançılarımız dünyanın məşhur idman meydanlarında, Azərbaycanın Dövlət Himninin sədaları altında ən yüksək zirvəyə qalxmaqla bərabər yüz minlərlə insanı özü ilə bərabər ayağa qaldırır, Azərbaycanın kosmik fəzadakı süni peykləri ilə birlikdə dövrə vurur!
Prezidentimiz İlham Əliyevin sözləri
yada düşür: "Bizim bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır,
qanımızdır".
Ədalət.-2017.-9 noyabr.-S.6.