O verilişə getməyim
ayıb olar...
Adalet.az xalq artisti Arif Quliyevlə
müsahibəni təqdim edir.
- Arif müəllim dolana bilirsinizmi,
aldığınız təqaüd özünüzə
çatırmı?
- Bəli
çatır.
- Nə qədər təqaüd
alırsınız?
- İki
yüz manat təqaüd, yüz manat xalq artisti adına
görə və bir də min manat Prezident təqaüdü
alıram.
- Bizim üçün maraqlıdır.
Siz dinamik adamsınız, elə rollarınızda da belə
olubdu. Bəs indi gününüzü necə
keçirirsiniz?
- Bir az evdə, bir az müalicəmlə, bir az nəvələrlə
oynamaqla. Qalanı da tədbirlər olur,
televiziyalar dəvət edir, filmlərə dəvət edirlər.
Son iki ildə səkkiz özəl filmə
çəkilmişəm. Adları ola
bilər ki, bəziləri yadımdan çıxar. Bir də
2015-ci ildə dövlət filminə çəkilmişəm:
dəyərli sənətkarlarımız Fikrət Əliyev və
Kənan Məmmədovun çəkdiyi
"Axırıncı dayanacaq” filminə. Fikrət
müəllim haqq dünyasına qovuşub. O filmdə
çox dəyərli sənətkarlar toplanıb. Və mən
də fəxr edirəm ki, o filmdə dəyərli sətənkarlarımız
Fuad Poladovla, Atabala Səfərovla, Tofiq Hüseynovla və
Qorxmaz Əlili üçümüz baş rolları ifa
etmişik.
- Bəs qonorar məsələsini
necə razılaşırsınız?
- Bir məsələ
var da. Atalar deyib, palaza bürün, elnən
sürün. Məsələn, deyirlər
ki, bu baş roldu və sənə yeddi min manat verəcəm.
Mən durub deyə bilmərəm ki, mənə
doqquz min ver.
- Sizin meneceriniz var?
- Yox. Yeganə adamam ki, telefonuma özüm cavab verirəm,
menecerə ehtiyac yoxdu. Çünki mən
elə bir işlə məşğul deyiləm ki, menecerə
ehtiyacım olsun. Heç əvvəllər
də onu heç özümə
sığışdırmamışam. Həmişə
öz işimi özüm görmüşəm. O
vaxtlar rayonlara konsertlər təşkil olunanda özüm
getmişəm, gecə saat on bir, on iki radələrində
afişaları da özüm vurmuşam. Mənim
indiyə kimi rəngili, təmtəraqlı afişam
olmayıb.
- Niyə?
- Adi olub
da. Çünki imkanım da olmayıb ona.
Musiqili Komediya Teatrında o vaxt belə bir
qanunlar var idi, yəni daxili qanunlar, Hacıbaba Bağırovun
iştirakı ilə böyük gülüş yumor gecəsi
və ya konserti. O şəxsin adı qırmızı
hərflərlə yazılardı. Sonradan mənim
də öz dəstəm oldu. Amma istəmirdim
mənlə gedənlərdən ayrılam. Elə adi yazırdılar.
- Söhbət qonorardan
düşmüşkən, mənə çox
maraqlıdı sizin indiyə qədər aldığınız
ən yüksək qonorar hansı filmdən olub və nə qədər?
- Ən yüksək qonorarım olub 2015-ci ildə bayaq
adını qeyd etdiyim filmdən yeddi min manat. O vaxt «Bəyin
oğurlanması» filmindən iki min dollar almışdım.
«Bəxt üzüyü» filmindən isə min beş
yüz dollar.
- Şükür Allaha pul
qazanırsınız da. Heç
adınıza banklarda pul varmı?
- Yox. Çünki qazandığım pul ailəmə
çatıt. Ona görə də nə banka
pul qoya bilməmişəm. Üç il
bundan qabaq bankdan kredit vasitəsilə maşın
götürmüşəm.
- «QAZ-31»i deyirsiniz?
- Xeyr,
«Qaz-31»in vaxtı üç il əvvəl,
sentyabrda bitdi. Sonra onu aparıb maşın bazarında beş minə satdım.
- Alverçiyə satdınız?
- Yox mən
xoşlamıram alverçiyə maşın satım. Düzdü, onların da işi var, pulu ondan
qazanırlar. Həmin vaxt da «Nissan Sani»lərin
kompaniyası idi və on altı minə olan maşını
on iki min səkkiz yüzə satırdılar. Şirkət mənə səkkiz yüzü hədiyyə
etdi və on iki minə maşını aldım, üç
min də əvvəldən ödədim.
- O da mexanika idi?
- Yox
avtomat idi.
- Bəs mexanikadan avtomata necə
keçdiniz?
- Öyrəndim
də. Bir ay kursa getdim.
- Yol polisi hörmət edirmi sizə?
- Hörmət
o vaxt daha çox idi. Amma indi kameradı. Kamera yazır, efirə gedir və təsdiqlənir.
Onu mütləq ödəməlisən. Qanundu. Mən lizinqi qurtaranda mənim
min dörd yüz manat borcum olub amma xəbərim olmayıb.
Getdim xahiş elədim, onu elədilər səkküz
yüz əlli manat. Həmin vaxt onu ödəyə
bilmədim. Sonra ödədim. Hərənin bir işi var da. Sən
durub qayda pozuntusu eləyəcəksən ki, sənə
hörmət eləsinlər? Nə elə,
nə də ağız açma.
- Sizin dövrə sənətə gələnlərin
əksəriyyəti haqq dünyasına qovuşub. Maraqlıdır, onların qəbrini ziyarət
edirsinizmi?
- Bəli.
Adam gördüyü işi danışmaz.
Onu bir Allah bilər, bir də özün. Məcnun Hacıbəyov Qubada yaşayır
ağır xəstədir. Gedib baş
çəkmişəm ona. Ramiz Əzizbəyli,
Allah canını sağ eləsin. Ona da
baş çəkirəm. Mənimlə Nizami Mirsalayev
çıxış edirdi, Allah ona rəhmət elsin, bir
imkanlı adam ona kömək etdi. Adının çəkilməsini də istəmədi.
Mənim tərəf müqabilim Naibə
xanım xəstədi. Ona da baş çəkirəm.
Kim ki, mənə kömək edib, hörmət
edib, yaxşılıq edib, mən onun əvəzini Allah
qarşısında min dəfə çıxmışam.
- Komediya janrının ustalarından
Kamal Sunalla öz aranızda oxşarlıq
görürsünüzmü?
-
Bilirsinizmi, bir məsələ var: hər aktyorun, sənətkarın,
sənətçinin öz yolu var, istər zəif olsun, istər
güclü. Teatrda zəif də
olmalıdı, güclü də olmalıdı. Əgər o zəif olmasa, o biri aktyor güclü
olmaz. Nəyə görə? Tərəf müqabil zəifdisə, sən
özünü yekə tutmursan, onu da qaldırırsan ona
cavab verməklə. İndi böyük
problemlər var bizim sənətdə. Məsələn,
birini filmə çağırırlar deyir ki, mən onunla
oynamıram.
- Bu əsas
gənclərdədi, yoxsa...
- Bu
yaşlılar arasında da olur, gənclər arasında da
olur. Bu yaxınlarda adi bir film çəkirdilər.
Çağırdılar getdim. Müsahibə verdim, neçə dəfə şəkil
çəkdirdim. Deyir Arif müəllim,
sırağa gün bir gəncə demişdik. Dedi şəklim
var da sizdə, heç o bura gəlmədi. Yəni
neqativ hallar az-maz var. Amma deyirlər çağrılan yerə
ar eləmə, çağrılmayan yeri dar.
-Aktyorlar
arasında elə bir çevrə varmı ki,
yığılıb işlərinizi təhlil, tənqid
edirsinizmi?
-
Çox gözəl sualdı. Çevrə
yoxdu. Amma olsa yaxşı olar. Mən şəxsən həmişə tənqidi qəbul
eləmişəm. Sənətə gələndən,
tanınandan sonra insana çox iradlar tuturlar. Heç elə olur ki, Musiqili Komediya Teatrında
işləyən gedib Dramaya tamaşaya baxmır, və yaxud
da Dramadakı gəlib onlara baxmır. Amma
bu kontaktlı olmalıdı. Biz ora getməliyik,
onlar da bura gəlməlidilər. O istedadları görməliyik.
Bəzən istedadlıları görmürlər,
sonra da deyirlər istedadlılar yoxdu. Amma
var. Gərək gedəsən baxasan. Bir dəfə
televiziyada cavan aparıcı deyir, heç tamaşalara adam gəlmir. İstədim ona
sual verim ki, sən özün axırıncı dəfə
hansı tamaşalara gedib baxmısan? Bizim
dövrün aktyorlarından Atabala müəllim, Namiq Kamal, mən,
Çingiz Əhmədov hərdən
yığışıb işindən, səhvlərindən
danışırıq. İndikilər onu
qəbul etmirlər. Amma mən
bütün iradları qəbul etmişəm. Ona görə
ki, səni istəyən adam irad bildirir.
- Siz davamçı olaraq kimisə
görürsünüzmü?
- Bu ikitərəfli
sualdı. Niyə? Birinci, bəyənirəm,
qəbul edirəmmi və davamçı kimi görürəm?
Bir məsələ var ki, çox istedadlar – Rəfael
də, Coşğun da çox zəhmətkeş, cavan,
istedadlıdılar. Biz Rəfaellə bir
neçə tamaşada, məsələn, «Məşədi
İbad» tamaşasında oynamışıq. Böyük sənətkarımız Ramiz Əzizbəyli
Məşədi İbad rolunu, mən hambal, Rəfaellə
Coşqun Əsgərlə Vəli rolunu oynayıblar. Gözəl də alınıb. Yəni
onların öz rolu, öz yaradıcılığı var. Məsələn,
Fərda, Müşfiq nə qədər istedadlıdılar.
Ondan başqa var Elcan, Elşad, İslam. Mən tərəfdən bunlar hamısı qəbul
olunur. Hərəsinin öz
tamaşaçıları var. Ən zəifin də
tamaşaçıları var.
-Arif müəllim onlar sizi
güldürə bilir?
- Bəli,
güldürürlər.
- Bəs gülmədiyiniz
gülüş ustası var?
- Gülmədiyim
gülüş ustası yoxdu.
-Etiraf edək
ki, bunun ağını çıxarıblar.
-
Artıq bu tənqidçilərin, teatrşünasların işidi.
Mən aktyoram. Mən öz
işimə, öz roluma cavabdehəm. Mən
mənə verilən rolu bəyənməyə bilərəm.
Bir dəfə bizim ağsaqqal aktyorumuz gənc aktyor
haqqında bir söz dedi. Həmin o gənc də televiziyada
dedi ki, yaşlı nəsil bizə paxıllıq edir. Yenə də deyirəm mən tənqidi həmişə
qəbul etmişəm və etməyimdə də
uduzmamışam, həmişə udmuşam. Ona görədi ki, bu gün ayaqüstə
durmuşam. Əgər tənqidlərin ucundan tutub o
sözbazlığın dalınca getsəydim… İndi
elə jurnalistlərin özləri də qıraqda bucaqda
deyirlər, amma adıyla yazmağa hünərləri
çatmır. Mən televiziyada demişəm
bunu. Mənə deyirdilər ki, klounluq
edir. Mən sərxoşu oynayanda
üç dəfə dombalaq aşmışam. Belə etmişəm ki, belə etmək olmaz.
- Arif
müəllim, tamaşalardan hansındasa siz qadın
paltarı geyinmisiniz?
- Deyim da
sizə. Azərbaycan Milli Dram Teatrında
«Qısqanc ürəklər» tamaşası olub. Mən orda geyinmişəm. Epizod
olaraq. Rəfael Dadaşov geyinib, Yaşar
müəllim geyinib. Ssenaristdən
asılıdı. Ssenari belə
yazılıb, sən də bunu oynamalısan. Mənim münasibətim normaldı. Amma teatrşünaslar maraqlanar ki, bu niyə
yazılıb? Həmişə olmur ki,
başqa variantlar da var orda. Aktyorun işi
ona verilən obrazı, rejissorun və
yazıçının məqsədini, məramını,
formasını, funksiyasını dolğun şəkildə
ifa etməkdən ibarətdir. Mən «Bəyin
oğurlanması»nda iki dəfə artıq söz işlətmişəm.
Vaqif müəllim onu saxlamayıb. Yaşar girir həyətə, uşağın əlindən
qaloşu alıb batır və şapalaq vurur ona və minir
maşına getməyə, görür mən
qaçıram. Deyir Miriş, gəl səni də
aparım. Gördüm əsəbidi mənə
də bir şapalaq vurar. Dedim yox, sən get, mən tələsirəm.
Biz aktyorların da bəzən müdaxilə
etməyə ixtiyarımız çatır. Çünki çox adamlar rollardan
çıxarılır. Aktyora rol verilir,
gəlib deyir ki, niyə qoymursan o sözü deyim? Rejissorun dediyinə, yazıçının fikrinə
əməl etməliyik.
-Müstəqil
teatrlara gedirsinizmi?
-
Çox üzr istəyirəm sözünüzü kəsirəm.
Getməliyəm. Amma dəvət
eləsinlər ki, gedim baxım.
-
Afişa yaradıblar…
- Mənə
«Maşın şou»da bu telefonu bağışlayıblar. İşlətməyi indi-indi öyrənirəm.
Amma 6 ildi ki, kitayski telefon işlədirdim.
Zəng gedir, gəlir, başqa şey bilmirəm.
İstəyirəm bunu öyrənim, hələ
də bunu öyrənə bilmirəm.
- Bəs hansı teatrlara çox
üstünlük verirsiniz, tamaşalarına gedib
baxırsınız?
- Mən
yaxşı tamaşası olan teatrlara üstünlük verirəm.
Musiqili Komediyada 20 il, İrəvan
teatrında 7 il işləmişəm və
hamısının da tamaşasına gedib baxıram. Rus
teatrının, Şuşa
teatrının, Pantomim teatrına, Uşaq teatrının
tamaşalarına gedib baxıram. Mənim sovet
dövründə yaratdığım özəl teatrım
var idi bağlandı, İlham müəllimin də var idi
işlətmir. Afaq xanımın teatrı
var hal-hazırda işlədir. İmkanı
olan işlədir, imkanı olmayan da işlətmir.
-İmkanlı şəxslər ədəbiyyata dəstək
dururlar. Onda belə çıxır ki, həmin imkanlı
şəxslərin teatra marağı olmadığı
üçün dəstək durmurlar. Heç
müraciət etmisiniz onlara?
- Xeyr
heç kimə müraciət etməmişəm. Amma iki dəfə efirdə demişəm ki, imkan
olsa öz həyatımdan bir film çəkərəm.
Amma heç kimdən reaksiya gəlmədi.
- Filminiz
tragikomedik janrda olardı yəqin…
- Bəli,
tragikomedik olacaq. Göz yaşlarından
başlayan bir həyatdı da. Uşaqlıqdan
qoyub getsinlər səni və ordan addım-addım gəlib
bu pilləyə çatmaq çox çətin məsələdi.
Birdən elə yaxşı insanlarla
qarşılaşırsan ki, hansısa periodda sənə əl
tuturlar. Yaxşı insanlar var, amma
adlarını çəkmək olmur. Onu
da Allah yetirir.
-Arif
müəllim həyatınızın o çətin
dövründən danışdınız. Yetimçiliklə
böyümüsünüz. Siz özünüzü nə
vaxt yetim hiss etmisiniz?
- Həmişə
hiss etmişəm. Mən toya getmişəm,
toyu idarə etmişəm. Bəylə gəlinin
atası-anası onların qarşısında oynaya-oynaya ona
toy edib… amma… Amma mən onların
hamısını özüm təşkil etmişəm.
- Bir dəfə
hansısa verilişdə əhvalınız dəyişdi, təcili
yardım gəldi. Orda övladlarınızla
bağlı bir fikir işlətdiniz.
Övladlarınızın sizi çox istməyi ilə
bağlı…
- Yox, orda
söhbət məndən getmədi. Dedim ki, adam
var ana-ata axtarır. Məsələn, mən.
Amma o oğlanlar bu cür atanı atıblar.
Mən çox görmüşəm. Qocalar evinə gedirəm görürəm ki,
oğlu vəzifədədi, amma atansını gətirib qoyub
ora. Deyirlər ay Arif müəllim, mənə
baxmırlar. Mənə də çox
köməklik ediblər televizora alıblar və sairə.
İstəmişəm ki, mən də kiməsə
kömək əlimi uzadım. Amma mənim
imkanım o qədər deyil axı.
- Allah
övladınıza rəhmət eləsin. Bir
qız, bir oğlunuz var. Sizi çox istəyirlərmi?
- Bəli.
- Arif Quliyevi çox istəyirlər,
yoxsa xalq artistini çox istəyirlər?
- Arif
Quliyevi. O xalq artisti addı. Bilmirəm neçənci il idi, xalq artisti adı verilirdi. Sizin
qəzetdə Aqil müəllim yazmışdı ki,
hamıya xalq artisti adı verildi, mən də istədim.
Onda da mənə Ulu Öndərimiz xalq artisti adı verdi.
- Nazirliklə aranız necədi? Heç sizinlə maraqlanırlarmı?
-
Çox əla. Bəli maraqlanırlar.
- Arif
müəllim, bildiyimə görə, ədəbiyyata da
marağınız var, şeir də yazmısınız. Efirdə Xalqın Şairi telelayihəsi gedir. Ora dəvət etməyiblər ki, sizi? Çünki incəsənət adamları da gəlir
ora. Münsif kimi iştirak edirlər…
- Yox ora
getməyim ayıb olar. Bəli, münsif kimi dəvət
edə bilərlər. Əvvəllər mən
teatrda işləyəndə fikirldəşirdim ki, hər
şey yaxşıdı və mən toylara getməyim, qoy
başqaları getsin. Mən belə qəbul
edirdim. İndi verlişlərə də
çağıranda deyirəm ki, gəncləri
çağırın. Mən daha
sözümü demişəm.
- Bəs
maşın şouya niyə getmişdiniz? Düzü, sizi
orda görəndə türklər demiş,
şaşırdım…
- Deməli
məsələ nədi. Mən maşın
şouya niyə getdim? Murad çox gözəl
insandı, sadə, səmimi və də gözəl
şoumendi. Təklif etdi. Mən də
təklifini qəbul etdim, amma dedim ki, orda bir-birilərini təhqir
edirlər. O da dedi ki, sən heç kimə heç nə
etməyəcəksənsə, səninlə də heç
kimin işi olmayacaq.
- Maşını udmaq istəyərdiniz?
- Yox,
çünki orda çox dayana bilməzdim. Ayaqlarım
ağrayır. Bax, bu telefonu onlar mənə
bağışlayıblar. Heç vaxt belə
bahalı telefonum olmayıb. Bir də mənə
"Emilənd”dən bahalı kostyum tikdirdi və hədiyyə
etdi.
- İnformasiya vasitələrində ordakı hadisələrlə
bağlı neqativ fikirlər səsləndi. Orda ab-hava efirdə
göründüyü kimidi, yoxsa…
- Mən
sizə bir söz deyim. İnformasiya vasitələri
də gedişatı yaxşı işıqlandırır.
Amma hər bir şeyi hamı qəbul etmir
axı. Həmişə bunu özümdə
misal çəkirəm. Arif Quliyevi
hamı bəyənə bilməz. Doqquz
milyondan bir ikisi, üçü Arifi istəyər. Murad
Dadaşov da o şoumenlər arasında bir az
görünən, hiss olunan, sevilən, sayılandı. Müsəlmançılıqdı da, kimsə nəsə
yaza, deyə bilər. Mən orda doğurdan
da təmizlik gördüm. SMS necə gəldisə.
Mən çox qorxurdum SMS-ə görə.
Düzdür, tamaşaçıdı səni
sevir, amma qonaqlıq verə bilmir. Fikirləşdim
SMS yığa bilmərəm pis olaram. Amma
bu dəfə insanlar səs verdilər, gözüm
yaşardı. Amma mən tərəf
müqabilimi çıxarmadım.
- Sizi
sevirlər Arif müəllim…
- Allah bir
tərəfdən alıb, o uşaqlıq çətinliklərini,
valideyn nəvazişini, amma böyük bir xalqın məhəbbətini
verib. Ona görə mən bu xalqın
qarşısında baş əyirəm. Nə
qazanmışıqsa, xalqın hesabına oulb. Bizə nə veriblərsə, o xalqın sevgisinin
müqabilində veriblər.
- Yutubda
bir videonuz yayılıb. Şamaxinkadan
üzü aşağı Ekologiyaya gedən tərəfdə
kimsə gəlib maşında sizə yaxınlaşanda siz də
bığ taxmısınız. Maşında
belə şeylər olur, o maraqlıdı?
- Olur
insandı da. Mən başqası kimi ona tərs
baxa bilmərəm. Çünki o mənim
daxilimdə yoxdu. Zarafat edənlə zarafat
edirəm. Hətta mənə bunu
nöqsan tutanlar da var. O tamaşçıdı da, onun
sevgisinin nəticəsidi.
- Aktyor olmasaydınız hansı
peşəni seçərdiniz və bir də aktyor
olmağınıza görə nə vaxtsa peşman
olmusunuzmu?
- Ancaq aktyor olardım və heç vaxt da peşman olmamışam. Situasiyanı sən özün yaratmasan, səni dolaşdırmazlar. Min dənə söz deyə bilərlər. O qədər deyiblər, o qədər badalaq vurublar, o qədər şər yıxıb roldan çıxarıblar. Amma dözmüşəm. O badalaq vurana hörmət eləmişəm, saymışam, salam vermişəm. Bir rejissor, adını çəkmirəm, mənə beş il rol vermədi. Sonda dedim ki, "axırda ölüb gedəcəksən ki…”
- Bəs nə
dedi?
- Heç nə, başını
aşağı salıb çıxıb getdi. Sonra o rolu mənə
verdilər. Teatr çox qəlizdi. Orda gərək
vəziyyətdən çıxmağa çalışasan.
Teatrda qəribə bir şey var. O hər yerdə
var. Nə qədər ki, səni tanımırlar, sevmirlər,
teatrda ən yaxşı aktyorsan, ən gözəl insansan.
Görən öpür, qucaqlayır. Vay o günə ki, tanıyalar, ondan sonra o aktyorlar
dedikləri olur heç nə. Ona gərək
dözəsən. Dözmüşəm
ki, bu vaxta qədər gəlib çıxmışam.
- Onlarca uğurlu aktyor obrazı
yaratmısınız. Elə olubmu ki, obrazın təsirinə
düşmüsünüz? Günlərcə
Arif Quliyevi unutmusunuz obrazla yaşamısınız?
- Yox, mən obrazın arxasınca düşməmişəm. Mənə rol ki, veriblər ha, o saat beynimdə həll eləmişəm. Hiss edirəm ki, mən ona hazıram. Bəzən mən mətni əzbərləyə bilmirəm, əzbərçi deyiləm. Bədahətən söz gəlir, söz yerinə düşürsə, deyirəm.
- Təşəkkür edirik.
Ədalət.-2017.-9 noyabr.-s.5.