QÜRBƏT
DUYĞULARI
ƏDƏBİ
HƏYAT
Nəsib Nəbioğlu. Moskvada
yaşayır. Şairdir. Azərbaycan Yazıçılar Birliyinin
Moskva filialının
rəhbəridir. Azərbaycan və rus dillərində neçə
şeir kitabı işıq üzü görüb. Şeirlərini mətbuatda izləsəm də, şəxsi tanışlığım yox
idi. Bu yaxınlarda
tanış olduq. Şeir kitablarını mənə
hədiyyə verdi. Əslən Kəlbəcərlidir və şeirlərində
Kəlbəcər həsrətini,
yurd yanğısını
görürəm. Oğlu
Nəbiyə yazdığı
şeirdə deyir ki:
Mənə divan tutur dərdi
dağların,
Qoy boğub
üzməsin bu qəhər səni.
Buralar bizlərin yurdu deyilmiş
Haraya çağırır
Kəlbəcər səni.
Yurdumuz-yuvamız qaldı yadlara,
Düşmən at oynadır belədən belə.
Yağılar əlində talanır
dağlar
Düşmən divan tutur çiçəyə-gülə.
Qan ilə sulandı ata yurdumuz,
Sinəmizi sipər edə bilmədik.
Qoruya bilmədik dağları, oğlum,
Dağlar harayına gedə bilmədik.
Bu şeirin ilk altı
bəndi beləcə
küskün, nostalji duyğularla iç-içə,
hətta sızıltılı
misralarla doludur. Amma sonra
şeirin ritmi, ahəngi dəyişir, nikbin misralar gəlir. Ümidsizliyi
ümid, inam çalarları əvəz
edir:
Dağlara birlikdə gedəsiyik
biz,
Ay oğul, sən mənim yaşıma baxma.
Qürbətin verdiyi hədiyyələrdi
Nisgildən ağarmış başıma
baxma.
Hələ təpərim var,
hələ gücüm
var,
Hələ canımdadır dağlar havası.
Çətində əlini üzmə
əlimdən,
Qalıb Kəlbəcərin qisas davası.
Qəlbində boy atdı Vətən
sevgisi
Öpüb əzizlədim bu səhər səni.
Qisas zəmanəsi gəlibdi, oğlum,
Haraya çağırır
Kəlbəcər səni.
Moskvada yaşayan
bir həmyerlimizin qürbət duyğuları
ilə yaşaması
təbiidir. Onun Məmməd İsmayıla
ünvanladığı bir
şeir də bu duyğuların poetik ifadəsi kimi diqqəti cəlb edir:
Nə işimiz var ki, qərib ölkədə,
Bizim ki qəlbimiz qəfəsə
sığmaz.
Qərib
şairlərin günü
boran, qar,
Başına bir sevinc yağışı
yağmaz.
Günü ayrı düşür
Günəş nurundan,
Qəm-kədər ələnər yolları
üstə.
Özü yola salar öz tabutunu,
Vətənə uzanan qolları üstə.
De, kimlərin ahı tutubdu bizi,
Kimin qarğışına
keçmişik, Məmməd?
Ağlımızmı çaşıb,
qərib ölkəni,
Özümüzə Vətən seçmişik,
Məmməd?
Əlbəttə, bu şeirə istinad edib onu
Moskvanı - dünyanın
ən gözəl şəhərlərindən birini
bəyənməmək kimi
anlamaq olmaz. Sadəcə, insan öz doğma
yurdundan, Vətənindən
ayrı düşəndə,
onda qəriblik duyğuları baş qaldırmaya bilməz.
("Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ"). Ümumiyyətlə, Kəlbəcər həsrəti
Nəsibin şeirlərində
ayrıca, müstəqil
bir xətt təşkil edir. "Analı kəndimiz
girir yuxuma", "Murov" və s. şeirlər DƏRDİN POEZİYASINI yaradan şeirlərdəndir.
Həsrətin əlində qovrulur
içim,
Amansız sədləri mən necə keçim?
Kədər yığın-yığın, dərd biçim-biçim,
Amarıb gedirəm şələmi,
dağlar.
Gözümdə yox olub şöhrət də, var da,
Arzularım donub boranda, qarda.
Necə
deyirsən ki, qürbət diyarda
Nəsib Kəlbəcərsiz öləmi,
dağlar?
Nəsibin sevgi şeirləri haqqında da ayrıca söz açmaq olar.
Bu şeirlər yaşanılan,
duyulan hisslərdən
yoğrulur. İlk gənclik xatirələrinin
nostaljisidir.
Əsl məhəbbətin, əsl
sevginin
Anladım həyatın mənası
nədir.
İllər ötüşsə də, ilər keçsə də,
Bir həsrət
qəlbimi hələ
göynədir.
Nəsib Nəbioğlu bütün
varlığı ilə
Azərbaycana bağlıdır
və şeirlərində
də Azərbaycançılıq,
yurdsevərlik duyğularını
tərənnüm edir. "Sənə
əhsən deyirəm,
Azərbaycan əsgəri",
"Azərbaycan bayrağı",
"Ayrılmasın könül
candan", "Vətən,
köynəyindən gəl
keçir bizi",
"Hələ ki, borcumu verə bilmirəm" və s. şeirlərində biz bunun
əyani şahidi oluruq.
Təkcə seçdiyi, müraciət
etdiyi mövzularda deyil, şeirlərində
də Vətən poeziyasının havası,
rayihəsi duyulur.
Bütün şeirləri heca vəzinindədir və bu şeirlərdə milli poeziyamızın ölçü-biçiləri, bədii təsvir arsenalı ilə qarşılaşırıq.
Onun "Murov"
şeiri ən gözəl qoşmalarından
biridir və bu şeirdə Murovun təbii gözəllikləri ilə
yanaşı, bir həsrət, bir nisgil də diqqəti cəlb edir.
Göz dikmişəm qüzeyinə
səhərdən,
Xəbərin yox sinəmdəki
qəhərdən,
Bir xəbər ver Dəlidağdan-şöhərdən,
Nisgilimi
qıyma-qıyma sök,
Murov!
İstəyirəm hava alam bir udum,
Kömək elə ağrıları
unudum,
Qürbət eldə bu həsrətdən qurudum,
Yollarımdan dumanını çək,
Murov!
Qoy dırmanım bu yoxuşu təzədən,
Nəzmə çəkim o baxışı
təzədən,
Seyr eyləyim Qızılquşu
təzədən,
Ətəyindən gəl daşını
tök, Murov!
Gətirmədi neynək baxtı
Nəsibin,
Qəmdən yeyib, gözü
toxdu Nəsibin,
Yeri-yurdu
daha yoxdu Nəsibin,
Zirvədəki ağ buludu bük, Murov!
Bu kiçik yazıda
mən Nəsib Nəbioğlunun çox şeirlərindən söz
aça bilmədim. Moskvada
"İnqilab" metrosunda
it heykəli ilə bağlı ictimai məzmunlu maraqlı bir şeiri, "Məni qoymadılar şair olmağa", Baloğlan Cəlilin "Bənövşə" şeirinə
yazdığı nəzirəni,
Vaqif Səmədoğluya
həsr etdiyi "Bu şair", "Evimizdə
bir xəncər var" kimi milli-mənəvi duyğuların
ifadəsi olan şeir haqqında söz aça bilərdim. Amma "görünən kəndə nə bələdlik" deyirəm
və Moskvada yaşayan həmyerlimizə-şair
qardaşımıza yaradıcılıq
uğurları, könül
xoşluğu arzulamaqla
sözümü bitirirəm.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət.-2017.-11 noyabr.-S.15.