Gitara sənətinin kralı Rəmiş
Məşhur gitaraçı, Azərbaycan Respublikasının xalq artisti Rafiq Hüseyn oğlu Hüseynov (Rəmiş) 1944-cü il noyabr ayının 13-də Azərbaycanın "İsveçrəsi" adlandırılan Ağdamın Abdal-Gülablı kəndində doğulmuşdur. İndi erməni işğalçılarının tapdağı altında qalan Abdal-Gülablı Kəndi mədəniyyətimizə Aşıq Valeh, Qurban Pirimov, Sara Qədimova, Aşıq Xaspolad, Rəmiş, Səxavət Məmmədov, Feyruz Səxavət, Güllü Muradova, Abdal Qəhrəman kimi sənətkarlar bəxş etmişdir.
Hər insanın tanrı tərəfindən verilmiş bir ömür yolu, bir yaşam tərzi var. Bu ömür payları o qədər müxtəlifdir ki, onların hamısını təsvir etmək, hamısını qələmə almaq, onların haqqında danışmaq qeyri-mümkündür. Lakin öz ömür payında gitarası ilə musiqimizdə bənzərsiz çalğısı ilə xariqələr yaradan Rəmiş haqqında danışmamaq mümkünsüzdür. Allah-taala ona elə bir fitri istedad verib ki, o, qəlbləri fəth edən çalğısı ilə minlərlə-milyonlarla insanların sevimlisinə çevrilib. Mənim də bu yazıda məqsədim Rəmişi tərifləmək yox, (buna ehtiyac da yoxdur) sadəcə olaraq onun barəsində bildiklərimdən bəzilərini qısaca danışmaqdı.
Rafiq Hüseynov 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək Rəmiş deyə çağırmağa başladı. O vaxtdan bütün el-oba, qohum-əqrəba ona Rəmiş dedilər.
Rəmişin musiqiyə olan hədsiz həvəsini görən atası Hüseyn kişi onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə gətirir. Con müəllimin sinfində tar təhsili alan Rəmişin fitri istedad olması tezliklə üzə çıxır.
Sonralar Rəmiş Qarabağın musiqi beşiyi olan Ağdamda Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbini bitirir. Rəmişin musiqi şöhrəti bütün Qarabağa yayılmışdır.
Xosrov Fərəcovun rəhbərlik etdiyi Ağdamın "Şur" ansamblında Rəmiş konsertmeysterlik edirdi. O vaxtlar, SSRİ dövründə "Şur" ansamblı öz müvəffəqiyyətli çıxışlarına görə 15 qızıl medal almışdı.
Öz fitri istedadı ilə hamını valeh edən Rəmiş az bir müddətdə məşhurlaşdı və böyük sənətkara çevrildi. O vaxtlar Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən sonra onun çalğısını çox yüksək qiymətləndirdi və ona Bakıya gəlməsini məsləhət görmüşdü.
Bəs necə oldu ki, Rəmiş tarı gitara ilə dəyişdi? Ağdam rayonundan Rəmişin pərəstişkarı və həmyaşıdı olan Nizami Ələsgərov mənə bu barədə maraqlı bir əhvalat danışdı. O dedi ki, 60-cı illərin əvvəllərində biz yay vaxtı həmişə Çaybaxça deyilən yerə çimməyə gedərdik. Rəmiş də ora gələrdi. Təxminən 1962 və ya 1963-cü illər olardı. Ağdama lap yaxın, Ağdamkənd deyilən qəsəbədə möhtəşəm bir çimərlik saldılar. Bu çimərliyə azərbaycanlılarla yanaşı çoxlu ruslar da gəlirdi. Nizami Ələsgərov deyir ki, həmin çimərlikdə mən özüm dəfələrlə görmüşəm ki, Rəmiş rusların gitarasını alıb, elə gözəl Azərbaycan mahnıları və muğamları çalırdı ki, hamı heyran qalırdı. Rəmişin də gitaraya həvəsi elə həmin vaxtlardan başladı. Bu bir həqiqətdir ki, gitaranı ilk "azərbaycanlaşdıran" Rəmiş olmuşdu. Azərbaycan mahnıları və muğamları Rəmişin ifasında gitarada çox möhtəşəm səslənirdi və hamı tərəfindən sevilirdi.
Mən Rəmişi ilk dəfə 7-8 yaşlarımda Ağdam rayonunun Əhmədavar kəndində evimizdə görmüşəm. Qardaşım Eldar Kərimovla musiqi məktəbində bir oxumuşdular və dostluq edirdilər. Bu dostluq Eldar dünyasını dəyişənə qədər də davam etdi. Rəmiş ilk gitarasını Eldara bağışlamışdı. Azərbaycanda Rəmişdən sonra muğam və mahnılarımızı gitarada ikinci ifa edən Eldar Kərimov olmuşdu. O həmişə Rəmişi özünün müəllimi hesab edirdi.
Ağdamda ən sanballı möhtəşəm toylara Rəmişi dəvət edirdilər. Dəfələrlə mən Ağdamda o vaxtlar el şənliklərində Rəmişin Arif Babayevi Qədir Rüstəmovu, Yaqub Məmmədovu, Şahmalı Kürdoğlunu müşayiət elədiyini görmuşəm.
Rəmişin ilahi istedadı onu bənzərsiz bir sənətkara çevirmişdi. 60-cı illərin ortalarında Bakıya gələn Rəmişlə bir çox xalq ansambllarının rəhbərləri maraqlanırdı. Rəmiş bu ansambllardan Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblını seçdi. Həmin ansamblda Süleyman Abdullayevin ifasında "Dəşti" muğamı Rəmişin müşayiəti ilə lentə alındı.
Musiqidə öz yolu, öz üslubu, təkrarsız çalğısı olan Rəmişlə artıq radio, televiziya və mətbuat maraqlanmağa başladı.
Rəmiş sənətinin böyüklüyü ondadır ki, o ifa etdiyi bir əsəri ikinci dəfə tamamilə başqa bir tərzdə, başqa bir formada ifa edir.
Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov Rəmişin ifasında öz yazdığı "Ana" mahnısını dinləyərək heyran qaldığını bildirmiş və heyrətlə demişdir ki, bu mənim yazdığım "Ana" mahnısı deyil, bu Rəmişin barmaqlarından süzülən daha möhtəşəm, tamamilə başqa bir əsərdir.
Azərbaycanın Xalq şairi, Prezident mükafatçısı Nəriman Həsənzadədən Rəmiş sənətinə münasibət bildirməsini xahiş etdim. Nəriman müəllim dedi ki, ayə o, dəryadır, o dahidir, Rəmiş Avropada olsaydı Paqanelidən də məşhur olardı. Rəmiş bir müddət SSRİ xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışmış və dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. Zeynəb xanım da həmişə Rəmişin sənətini yüksək qiymətləndirmişdi.
Rəmişin bənzərsiz heyrətamiz çalğısını vaxtilə karifey sənətkarlarımız Habil Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu da yüksək qiymətləndirmişlər.
Qarabağ müharibəsi dövründə Rəmiş gitarasını silahla əvəz etmiş və Ağdamda Fred Asifin dəstəsində döyüşürdü. Rəmişin döyüşçülər arasında olması onlarda ruh yüksəkliyi yaradırdı. Açığını deyim Fred Asif və onun döyüş yoldaşları Rəmişi həmişə qoruyurdular və onu çox vaxt ön xəttə buraxmırdılar.
Cavan vaxtlarında Rəmişin keçməkeşli, acılı-şirin həyatı, özünəməxsus ərköyünlükləri bir müddət onun həyat tərzinə çevrilmişdi. Hətta bu "dahi-dəli"ni bəzi ərkəsögün hərəkətlərinə görə həbs etmək istəmişdilər. Amma qıymamışdılar.
Rəmişin dolanışığı toylardan çıxırdı, amma o pulpərəst deyildi. Yaxın dostların, qohumların toylarından pul götürməzdi. Yaxşı yadımdadı, 2008-ci ilin noyabr ayı idi. Mən Məkkədə Cəbəllü-Nur dağını ziyarət edirdim. Yaxın bir qohumum zəng edib dedi ki, həmişə arzum olub ki, övladımın toyunu Rəmiş çalsın. Mən Rəmişə zəng edib bu barədə xahiş elədim. Sonralar mənə dedilər ki, Rəmiş gəlib həmin toyu çalıb və pul almadan çıxıb gedib. Rəhmətlik Qədir Rüstəmov deyərdi, Rəmişin barmaqları qızıldı, amma ağlı yoxdu, pul qədri bilən deyil.
Rəmiş həmişə dövlətimizdən, dövlət başçısından qayğı gördüyünü deyir və öz razılığını bildirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Rəmiş Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. Sənətinə verilən yüksək qiymət kimi o prezident tərəfindən mənzillə də təmin olunmuşdur.
İllər-illərin üstünə gəlir, yaş da öz işini görür, xəstəlik də öz fəsadını göstərir. Təngnəfəslik və boğulma Rəmişin səhhətinə pis təsir etdiyinə görə son vaxtlar o toylara getmir və ona həmişəlik sadiq olan gitarası və Gülüsü ilə evdə qalır. İnanıram ki, bu dahi sənətkarın qayğısına qalan tapılacaq.
Gözəl yaradıcılıq müvəffəqiyyətlərinə nail olan, efirlərin, el şənliklərinin yaraşığına çevrilən Rəmişin bu günlərdə 73 yaşı tamam olur. Bu "dahi dəli" yaşlansa da, onun gitarasının səsi həmişə cavan səslənir. Mən də onun sənətinin pərəstişkarı olan milyonlardan biri kimi ona sağlam ömür diləyirəm və arzu edirəm ki, Rəmişin gitarasının səsi tezliklə azad olunacaq Qarabağdan - Şuşamızdan, Xankəndindən, Ağdamımızdan, Rəmişi bizə bəxş edən Abdal-Gülablıdan gəlsin.
Şöhlət
Kərimov
MAA-nın
"Hüquqşünaslıq"
kafedrasının
dosenti, hüquq
üzrə fəlsəfə doktoru,
"Qızıl qələm"
mükafatı
laureatı
Ədalət.-2017.-15noyabr.-S.6.