"Ocaq
daşı" - ocaq daşı
(esse
haqqında esse)
Ədəbiyyatşünas
Südabə Ağabalayevaya
Payızdı...
Sazaqdı...
Saralmış yarpaqlar budağından üzülür. Hələ yaşıllığını itirməmiş yarpaqların budağından üzüldüyünü görüncə ürəyim üzülür. Bu üzülmə, torpaqla belə ünsiyyət təbiətin bəşərə çatdırmaq istədiyi fəlsəfədimi? - budağından bərk yapışmayana geriyə dönüş yoxdu. El-obasına, yurduna bağlılar, ruhu ocağının, ocağının ocaq daşının - yurdunun pərvanəsi olanlar bu fəlsəfənin mahiyyətini ömür ülgüsü bilir...
Bu kövrək düşüncələrin cazibəsində "Azərbaycan" jurnalının 10-cu sayında dərc edilən "Ocaq daşı"nı oxuyuram. Mətləblərin doğmalığı, munisliyi könlümü telləndirməkdədi. Bayaqdan bəri gördüklərimin fəlsəfəsiylə "Ocaq daşı"nın fəlsəfəsi arasında bir ürək yaxınlığı görürəm və yarpaq ömrünün davamı olan torpaq ömrü ilahi bir təsəllim olur...
Hər daş ocaq daşı olmaq qüdrətində deyil; qürbətdə qalanları, işğal sıxılcımları yaşayanları, yağışdan islanan, qar altda qalan ocaq daşlarını "Ocaq daşı"nın işığında görürəm. Ocaq daşlarına can yandıranları, qəlbi vətənləşənləri, ocaq daşlarını duymayan qəlbi daşları, qəlbi daşlığa görə ağacların yarpaq gözlərindən axan yaşları da görürəm, ağaclardan üzülən yarpaqların ayaqlar altında xırçıldamasını da eşidirəm, ayaq saxlayanların qəlbindən keçənləri də gümanlayıram; paradokslar qəlbimi göynədir...
Payızdı...
Sazaqdı. Ağaclardan yarpaq üzən, üzüb də yola düzən, izə düzən, çölə düzən, düzə düzən yel əsir. Əsə-əsə haralarasa tələsir. "Ocaq daşı"nın işığı bu kövrəkliyin də üstündən görünməzlik pərdəsini götürüb. "Yurd sevgisi ocaq sevgisindən, ocaq daşına mehr-ülfətindən başlayır..." - düşünürəm.
Faxralının Qaraxaç yaylağı yamac-yamac dolaşdığım, dərə keçib yal aşdığım, çəmənlərində çiçəklərinə dolaşdığım - yaylaq düşür yadıma....
Hasan kişi yaylağa hamıdan əvvəl gedərdi. Ocağının daşını dəyişməzdi, ocağının daşları neçə illərdi yerindəydi. "Doqquz ay intizarımızı çəkib..." - deyərdi. Hasan kişinin bu sevgisi bizə yurdsevərlik (vətənsevərlik!) kitabıydı. Belə duyğulara yeni yaşam verməyə qadir olan "Ocaq daşı"nı ruhumuzdan düşən işığın bir zərrəsi bilməmək günahdı, suçdu...
1992-ci ilin payızı
düşür yadıma. Doğma
ocağından, isti bucağından çıxmağa
məcbur olub nəhayətsizliyə yol
alan zəngilanlılar
Araza üz tutmuşdu. Yollar bu qədər
insan yükünə
darlıq edirdi. Şüküratazdan qara yellər
əsirdi. Çılğınlıq
içində sönən,
sönməkdə olan
ocaqların - ocaq daşlarının harayını
eşidirdim elə bil: "Hara gedirsiniz, hara? Bəs biz? Bizi nəyin
ümidinə qoyub gedirsiniz, ay insansızlar, nəyin?..." "Ocaq daşı"nda
illərdi kəsilməyən
o ağrılı harayların
göynərtisini də
duyuram. Duyduqlarım
mətləblər içində
könlümüzdən iraq olmayan uzaq ulduz kimi
görünür. Və
duyumumun diktəsi:
Ocaq başına toplayaq
Yaxın daşı, uzaq daşı.
Yaz gəlincə təntiməsin
Ocaqlarda ocaq daşı.
Ocaq var, həniri hiss olunmur, ocaq var,
istisinə el qızınır
- "Ocaq daşı"
kimi; "Ocaq daşı"nın hər mətləbi könlümcədi...
Ocaq daşı
ocaq daşıdırsa,
ocağı sönməyə
qoymaz, sönməyinə
qıymaz - daş sinəsini gərər, ocağının üstünə
təpər, qətiyyət,
məhəbbət sipəri
sərər. "Ocaq daşı"nda bu qüdrət hiss ediləndi,
duyulandı...
"Ocaq daşı"nda dağlıq (dağ olmaq) bədii (poetik) simvol kimi oxuyana müqayisəyə-gəlməz
bir səmimiliklə təqdim edilir; "Vicdan rahatlığını
qulaq dincliyinə qurban verənlər"
"qar altında qalıb itən" dağlığın ağrılarını
yaşaya bilməz"
inamı deyir ki, dağın dağlığı gözlərinin
heyrətinə dönmürsə,
zirvəsinə düşən
qarı ucalıq tacı bilmirsənsə, möcüzə misallı
duruşunun əzəməti
gözlərindən könlünə
köçmürsə, onun
dağlığını duya bilməyəcəksən...
"İnsanlığın taleyinin
daha çox mənəvi dayaqlardan asılı olduğunu xatırladan" "Ocaq daşı" "cığırlarda
ayaq izləri seyrəlməsin deyə yollara çıxanların",
dağları "epitetsiz
dəyərləndirənlərin" ocaq daşıdı...
"Ocaq daşı"nda niyəsini bilmədiyim,
"Ocaq daşı"nın ocaq daşı olduğu dərk edilincəyədək
bilməyəcəyim bir
kövrəklik də
var. O vaxtacan yöndəmsiz
yelənli gümanlar düşüncələrimizi yoracaq...
Payızdı...
Sazaqdı...
"Ocaq daşı"nın rəngini gözlərimə, gözlərimdən
könlümə köçürməkdəyəm:
Ağ yol üstə ağ görünür,
Ağ nədi? - dümağ görünür...
Mətləbdə ocaq görünür,
Ruhumuzdu
"Ocaq daşı"!..
"Ocaq daşı" qəlbitəmizlər üçün
ocaq daşıdı...
...daş daşa,
Daş qaynaya daş daşa.
Qıymarıq "Ocaq daşı"
Daşa dönə, daşdaşa!..
Ədalət 2017.- 16 noyabr.- S.6.