ÖZ YARADICILIQ İQLİMİ OLAN ŞAİR-YAZIÇI YUSİF HƏSƏNBƏY

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Yusif Həsənbəyin "Doğma iqlim" adında bir şeiri var və şeir bu misralarla bitir:

 

Yarpaq da, quş da,

Torpaq da,

Öz iqlimində

Yaşaya bilir ancaq.

 

Yusif Həsənbəy 85 yaşınıda olan bu qocaman şair, yazıçı, dramaturq, tərcüməçi doğrudan da, öz yaradıcılıq iqlimi olan sənətkardır... O, əvvəl, ilk başlanğıcdan əlinə qələm alanda şair idi, özü də uşaq şairi kimi tanınırdı... Yazdı-yazdı, yazdığına mahnılar bəstələndi, oldu nəğməkar şair... Sonra dinc durmadı, hekayə, povest, roman qələmə aldı, oldu nasir... Pyeslər yazdı, əsərləri səhnəyə çıxdı, dönüb adına dramaturq dedilər... Dünya poeziyasından seçmə sənətkarlardan seçmə şeirlər tərcümə elədi bu adlara bir tərcüməçi adı da qoşuldu...

Xülaseyi-kəlam, oldu şair, nasir, dramaturq, tərcüməçi... Amma bu qocaman yazar nə olur-olsun, harda olur-olsun, hansı janrda yazırsa-yazsın, bütün məqamlarda şair olaraq qaldı... Sinəsində həssas, zərif və kövrək, məhəbbət dolu bir şair ürəyi gəzdirə-gəzdirə ömrün pillələrində yuxarıda zirvə nöqtəsini göz altına alıb addımladı...

Bu qələm sahibi Şah dağın qoynunda qərar tutmuş, füsunkar Quba xanlığının mərkəzi şəhərində anadan olmuş, yaşın şah pərdəsinə - səksən beşə çatmış Yusif Həsənbəydir! Rəsmi sənədlərdə adı, soyadı belədir: Həsənbəyov Yusif Qonaq oğlu! 1932- ci ildə Qubada anadan olub. 1959-cu ildən = 57 ildir Yazıçılar birliyinin üzvüdür. 1954-cü ildən mətbuatda müntəzəm çıxış edir. "Təhsildən qayıdarkən" bu ilk şeiri "Azərbaycan" jurnalında dərc edilibdir. Populyar və tanınmış ədiblərimizdən biridir. Qubada pedaqoji texnikumu bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunda oxumuşdur (1975-1977). Bütün bunlar onun ədəbi dünyagörüşünün formalaşmasına böyük təsir etmişdir. İndi ədəbi mühitimizin avanqard ağsaqqallarındandır. Əməkdar İncəsənət Xadimidir, ziyalıya məxsus maraqlı, zəngin bir ömür yoluna malikdir...

Azərbaycan LKGİ Səbayel rayon komitəsində təlimatçı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olmuşdur (1956-1969). Beynəlxalq PEN təşkilatı Azərbaycan PEN klubunun məsul katibidir (1990-cı ildən), həmçinin 1994-2000 ci ilə qədər Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri olubdur.

1954-cü ildən sonra dövri mətbuatda müntəzəm çıxış etmiş, hazırda iyirmidən çox kitabın müəllifidir, tanınmış sənətkar, ədəbi nüfuz sahibidir. "İşığın istisi" şeirlər, "Sualtı döyüşlər", "Next" romanlar, "Sarı çalı", "Təkan" povestlər kitabları XXI əsr, müstəqillik dövrü ədəbiyyatımızın nümunələridir...

Tərcümə kitabları var. Azərbaycan mahnılarından ibarət kitabı da o tərtib-nəşr etdiribdir. İki televiziya tamaşasının, 3 pyesin müəllifidir. Pyesləri Mingəçevir və Ağdam Dövlət teatrlarında dəfələrlə tamaşaya qoyulmuşdur. "Sualtı döyüşlər" (2001) romanı məşhurdur. Bu roman Azərbaycan Gəmiçilik həyatından bəhs edən ilk romandır. Yusif Həsənbəy bu romanı yazmaqdan ötəri 6 il Azərbaycan okean gəmilərində üzmüş, Yazıçılar Birliyinin göndərişi ilə bu gəmilərdə işləmiş, romanı üçün faktik material toplamış, olduqca dəyərli bir əsər qələmə almışdır...

Yusif Həsənbəy bir qələm əhli kimi müxtəlif yaradıcılıq mərhələləri keçibdir. Keçən əsrin yetmişinci illərinin əvvəllərinə qədər onu ədəbi ictimaiyyət əsasən uşaqların həyatından alınmış mövzularda yazan bir lirik şair kimi tanıyıbdır. Və bu mərhələdə Yusif Həsənbəy Azərbaycan uşaq ədəbiyyatının, uşaq şerinin inkişafında xidmətləri olan, kövrək, uşaq təbiətli, uşaq məhəbbətli bir şair kimi "Ördəyin balaları" (1960), "Yağışda çimən cücə" (1962), "Qağayı" (1966) kitablarını kiçik balalara hədiyyə edibdir.

Həmçinin onun "Çay dənizə tələsir" (1963), "Unutmaram o günləri"(1966) lirik şeirlər məcmuəsi də o dövrdə maraqla qarşılanan kitablar sırasında idi.

Ümumiyyətlə, Yusif Həsənbəy həyat həqiqətlərinə sadiq bir qələm əhlidir. Olduqca sakit təbiətli, bir az astagəl, amma prinsipial, sözünü deməyi bacaran ədibdir. Uşaq təbiətli, həlim, müdrik sənətkardır. Uşaqlar üçün xeyli ədəbi nümunələrin müəllifidir. Poeziyasındakı lirizm onu oxucularına həmişə sevdirmiş, bəstəkar və müğənnilərin isə diqqət mərkəzində olmuşdur.

Arif Məlikov kimi dünya şöhrətli bəstəkardan tutmuş, demək olr ki, bütün məşhur Azərbaycan bəstəkarları məsələn, Xəyyam Mirzəzadə, Nəriman Məmmədov, Oqtay Zülfüqarov, Süleyman Ələsgərov, Ramiz Mirişli, Oqtay Kazımi, Elza İbrahimova, Ramiz Mustafayev və başqaları onun sözlərinə mahnılar bəstələmişlər... 300-ə qədər mahnı mətninin müəllifidir. Ən məşhur estrada və vokalist müğənnilər onun sözlərinə bəstələnmiş mahnıları həvəslə ifa etmiş və etməkdədirlər. İndinin özündə də, bu mahnılar repertuardan düşmür, vaxtaşırı ifa edilir...

Bu şeirlərdəki təbiilik, ilkinlik, uşaq qəlbinə və körpə dünyasına bələdlik, səmimi hisslər daha qabarıqdır və müəllifin incə, həssas müşahidələrinin poetik ifadəsidir.

Və yaxşı bir cəhət də odur ki, Yusif Həsənbəy uşaqlara məxsus saflıq və şirinliyi, gəncliyə məxsus enerji və həvəsi öz içində və yaradıcılığında ardıcıl qoruyub saxlaya bilmişdir...

Müstəqillik dövrü ədəbiyyatımızda Yusif Həsənbəy yeni yaradıcılıq enerjisi ilə qələminə sığınır, bir-birinin ardınca müxtəlif janrlarda yazdığı əsərləri ilə mətbuatda çıxış edir, bir-birindən maraqlı bədii nümunələr yaradır. "Onu çağırırlar" (2005), "Vicdan yol açır" (2006), "Sarı Çalı" povestləri, "Tanırımla söhbət" (2007), "Cənnətin bağlı yolları" (2007) poemaları, "Dəniz aclığı"- pyes, povest, hekayə və şeirlərdən ibarət kitabı(2013), "Təkan" kimi hekayələri, müxtəlif şeirləri, publisist yazıları bu mərhələnin dəyərli bədii məhsullarıdır.

Xüsusən, "NEXT - özgə millət" romanı müasirliyi ilə fərqlənir. Roman son on illiklərdə, əsasən Şimali və Cənubi Qafqazda, ümumən dağılan İttiffaqda baş verən ictimai-siyasi kataklizmlərə həsr edilib. "Next" ingilis sözüdür, tərcüməsi də "özgə millət" deməkdir. Yazıçı bu adın mənasını romanının leytmotivinə çevirmişdir, ona yeni ictimai-sosial məna yükü aşılamışdır. "NEXT" adam əslində özgə millətdən olan adam deyil. Adını daşıdığı millətə, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu torpaqda geninə-boluna yaşayan, amma Vətəninə, torpağına, millətinə bir darı boyda xeyir verməyənlərdəndir. Adını azərbaycanlı qoyub, mən azərbaycanlıyam deyib, azərbaycanlıya aid heç bir mənəvi-əxlaqi yükü daşımayanların, Azərbaycanı talayanların, millətin, xalqın, dövlətçiliyin dərdlərinə biganələrin ümumiləşmiş tipik obrazıdır. Demək olar ki, bu əsərlərin hamısında müasirlik, ictimai problemlər, sosial mühitin sıxıntıları, milli-mənəvi, əxlaqi dəyərlər, bu dəyərlərə insani münasibətlər, ruhi məqamlar, intellekt sahibi olan xoş yazıçı niyyəti ilə qələmə alınmışdır.

Yaradıcılığının son dövrünə aid olsa da, mövzu cəhətdən səsləşdiyinə görə yazıçının "Sarı Çalı" (ilk dəfə "Kredo" qəzeti, 2006-cı il saylarında dərc edilibdir) povesti barəsində elə bu məqamda danışmaq istərdim. İş elə gətirmişdir ki, Yusif Həsənbəy gəncliyində bir müddət komsomol işində fəaliyyət göstərmiş, 50-ci illərin ortalarında çox nüfuzlu bir idarəetmə sahəsi olan bu təşkilatın Səbail rayon komitəsində təlimatçı olmuşdur. Bu sahədə işləmək ona böyük həyati təcrübə qazandırmış, gəncliyin və xüsusən Xəzər gəmiçiliyi sahəsində işləyən insanların həyatı ilə yaxından tanış olmaq imkanı yaratmışdır.

Bütün bunlar onun bədii təfəkküründə dərin izlər buraxmışdır. "Sualtı döyüşlər" (2001) romanı, bir çox povestləri, şeirləri öz mövzusunu buradan almışdır.

Mövzusu gənclərin həyatından alınmış "Sarı Çalı" povestində hadisələr kənddə cərəyan edir və kənd uşaqlarının, əvvəlki anlayışla desək, kəndli gənclərin həyatından, mübarizəsindən, hisslərindən, məhəbbətlərindən bəhs edir və mövzuya yanaşma tərzinin orijinallığı ilə fərqlənir. Əslində bu povestdə Avropa ədəbiyyatında məşhur olan "fiziki şikəstliklə" "mənəvi şikəstlik" problemi ("Notrdam qozbeli" - Kvazimodo effekti") (V.Hüqo. "Paris Notrdam kilsəsi" əsərinin qəhrəmanı) əksini tapıb. Povestdə təsvir olunan hadisələr Sarı Çalı obrazının ətrafında cərəyan edir. Orta məktəbi təzəcə başa vurmuş, həyatları hələ qabaqda olan Sarı Çalı, Rəcəb, Leyla aparıcı surətlərdir. Sarı Çalı həyatın ona bəxş etdiyi fiziki şikəstliyinə baxmayaraq bir gənc kimi işığın, xeyirin, Pir baba cəddinin nurunun, Pir bulağının şəfqətinin daşıyıcısıdır, mənəvi təmizliyin, mərdliyin, qorxmazlığın ifadəçisidir. Rəcəb isə fiziki cəhətdən sağlam, boy-buxunlu, gözəgəlimli olsa da, mənən, mənəviyyatca şikəst bir obrazdır. Leyla isə öz gözəlliyi ilə fərqlənir və mənəvi gözəlliyə meyl edir, Sarı Çalını sevir.

Milli-mənəvi düşüncələr, gəncliyə məxsus emosiyalar, hisslər, duyğular həyat fəlsəfəsinin çözələnməsinə, açılmasına xidmət edir, yazıçı sübut etməyə çalışır ki, fiziki şikəstlik Tanrı qismətidir, amma mənəvi şikəstlik ondan da əzablı və müdhişdir, qorxuludur, sosial bəlalar, faciələr mənbəini mənəvi şikəstlikdən alır... Povestin əvvəlində Hitlerin, Bethovenin və Homerin həyatlarından gətirilən epiqraflar da əsrin əsas ideyasının şərhinə açar olur və ibrətamizdir...

"Sarı Çalı" povestinin ideya-estetik qayəsinə yüksək qiymət verən xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazır: "Bu povestdə daim inkişaf edən həyatımızın rəngarəng bədii lövhələri, insanların mənəvi-psixoloji aləmləri, məhəbbət duyğuları, eləcə də yaşadıqları dövrün ictimai problemləri yüksək bədii-estetik səviyyədə qələmə alınıbdır. Yazıçı əsərində mənsub olduğu xalqın bənzərsiz mənəvi-əxlaqi zənginliklərini, adət-ənənələrini təsvir edibdir. Müəllifin bədii təsvirində Azərbaycan kəndinin mənzərəsi, koloriti, gözəllikləri aydın və qabarıq şəkildə verilir".

Yusif Həsənbəy ciddi, həyatsevər, yaradıcılıq zəhmətinə tablaşan, məhsuldar, ədəbiyyatın müxtəlif janrlarına cəsarətlə müraciət edən yazıçılarımızdandır. Moskvada təhsil illəri onun yaradıcılığının mühüm, məhsuldar dövrüdür.

O, bu mərhələdə ictimai-ədəbi mühitdə daha geniş tanınmağa başlayır, dövrün ən məşhur İttifaq mətbuatında - "Pravda", "İzvestiya" qəzetlərində, "Yunost", "Molodaya qvardiya", "Selskaya jizn", "Znamya", "Zvezda", "Neva" dərgilərində müntəzəm çap olunur, əsərləri tanınmış rus şairləri tərəfindən tərcümə edilir. Həmçinin, onun Moskvada uşaqlar üçün nəzərdə tutulan "Skvoroçniki dlya pesni" ("Mahnılar üçün quş yuvası"), "Detgiz", 1973, Alla Axundovanın tərcüməsində), "Melnisa" ("Dəyirman), "Sov.pisatel", 1971, Yakov Kozlovskinin və Nikolay Novikovun tərcümələrində), "Reka toropitsa k more" ("Çay dənizə tələsir"), "Sov.pisatel", 1975, Yakov Kozlovskinin və Eduard Balaşovun, Nikolay Novikovun tərcümələrində) böyük tirajla çap olunub, o vaxtkı İttifaq oxucularına çatdırılmışdı. İttifaq mətbuatındakı çıxışları onu digər bir arenaya çıxarır və onun şeirləri bolqar, macar, yuqoslav, alman dillərində səslənir, ittifaq məkanında yaşayan xalqların dillərinə çevrilərək yayılır.

 

(ardı gələn sayımızda)

 

Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2017.-17 noyabr.-S.3